Azərbaycan.-2019.-29 mart.-№66.-S.1.

 

Azərbaycanın yeni rekordları

 

İqtisadi-sosial islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir

 

Rəşad Cəfərli

 

3 il əvvəl başlanmış islahatların nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yenidən artım nümayiş etdirir. Hər rübün və ilin iqtisadi yekunları görülən işlərin və yeni təşəbbüslərin hədər getmədiyini göstərir. Bu mərhələdə qarşıya qoyulan əsas məqsəd isə qeyri-neft sektorunun inkişafıdır. 2015-ci ilin sonu və 2016-cı ilin əvvəllərindən Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar məhz bu məqsədə xidmət edib.

 

ÜDM-də artım davam edir

 

Ümumiyyətlə, iqtisadiyyatın neftdən asılı olmayaraq inkişafı, sənayeləşmə, bundan irəli gələrək əhalinin sosial rifahının yüksəldilməsi, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin inkişaf strategiyasının hədəfləridir. Məhz bu strategiyanın uğurla həyata keçirilməsi son 3 ildə Azərbaycanda iqtisadi inkişafı yeni mərhələyə qaldırıb, o cümlədən sənayeləşməni gücləndirib. Aparılan islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qısa müddətdə bu sahədə nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənib. Bununla da neftin qiymətlərinin hələ də nisbətən aşağı olduğu bir şəraitdə beynəlxalq iqtisadi böhranın yaratdığı çətinliklər dəf edilib. Bir sözlə, həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlığı təmin olunub, inkişafına yeni təkan verilməsi üçün möhkəm əsaslar yaranıb.

Təsadüfi deyil ki, 2018-ci il Azərbaycan üçün növbəti uğurlu dövr kimi tarixə düşdü. 2019-cu ilin isə hələlik bir rübü başa çatmaq üzrədir. Lakin görünən odur ki, bu il Azərbaycanda növbəti iqtisadi inkişaf dövrü kimi yadda qalacaq. Bunu təkcə yanvar-fevral aylarında ümumi daxili məhsul istehsalında olan artım da təsdiqləyir. Belə ki, bu ilin ilk iki ayında ölkədə 11 milyard 484,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşüb. Əhalinin hər nəfərinə düşən ÜDM 1163,8 manata bərabər olub.

 

Sənayenin qeyri-neft sektorunda 15,5 faiz artım var

 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqa təbrikində diqqəti buna yönəldərək sənayenin qeyri-neft sektorundakı 15,5 faiz artımın dünya rekordu olduğunu bildirib: "Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir”.

 

2019-cu il dinamik sosial-iqtisadi inkişaf dövrü olacaq

 

İslahatların tərkib hissəsi olaraq 2019-cu ilin ilk iki ayında əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb. Minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi məhz əvvəlki illərdə, xüsusən 2018-ci ildə həyata keçirilən tədbirlər nəticəsində mümkün olub. Təbii ki, sosial sahədə qəbul edilən mühüm qərarlar Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır.

Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndiriblər. Dünya Bankının "Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında isə Azərbaycan liderlik mövqeyinə yüksəlmişdir. Ölkəmizin kredit reytinqinə görə də mövqeyi xeyli möhkəmlənib. "Doing Business-2019” hesabatının əhatə etdiyi 10 indikatordan 8-i üzrə öz mövqelərini yaxşılaşdıran Azərbaycan həmçinin dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir. 2019-cu il isə daha sürətli iqtisadi artım və sosial yüksəliş dövrü kimi yadda qalacaq. Bunun üçün qarşıda duran əsas hədəflər aparılan çoxşaxəli və sistemli sosial-iqtisadi islahatların daha da dərinləşdirilməsinə nail olmaqdır. Qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlərin davam etdirilməsi, biznes-investisiya mühitinin daha da təkmilləşdirilməsi, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin diqqət mərkəzində saxlanılması aparılan islahatların uğurlu nəticə verməsini təmin edəcək.