Azərbaycan.-2019.-29 mart.-№66.-S.3.

 

“İslam ölkələri işğalçı Ermənistanla ikitərəfli münasibətləri məhdudlaşdırsın”

 

İƏT Parlament İttifaqı XIV sessiyasında Azərbaycanın mənafeyini əks etdirən iki qətnamə qəbul olunub

 

Rəşad Baxşəliyev

 

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilən XIV sessiyasında və digər illik tədbirlərində Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımının tanınması, islamofobiya, ksenofobiya, qeyri-tolerantlığa qarşı mübarizə, müsəlman ölkələri arasında viza prosesinin sadələşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Yekun kommunikeyə iki bənd salınıb

 

Milli Məclisin deputatı, İƏT Pİ-də Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri, akademik Gövhər Baxşəliyeva qəzetimizə açıqlamasında bildirib ki, nümayəndə heyəti öncə qurumun İcraiyyə Komitəsinin 41-ci iclasında iştirak edib. Təşkilatın Siyasi məsələlər və xarici əlaqələr daimi komitəsinin iclasında Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş iki qətnamə layihəsi - "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” və "1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması” barədə qətnamə layihələri müzakirə edilib. Hər iki qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, komitə iclasında qəbul olunub və İƏT Pİ Konfransının 12-ci sessiyasına təqdim edilib.

Yekun kommunikenin hazırlanması üçün keçirilən açıq iclasda isə sənədin mətni müzakirələrdən sonra qəbul olunub. Yekun kommunikeyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən iki bənd salınıb.

Gövhər Baxşəliyevanın sözlərinə görə, təşkilatın İnsan hüquqları, qadın və ailə məsələləri üzrə komitəsinin iclasında Myanmada Rohinca müsəlmanlarına qarşı davam edən insan haqları pozuntuları, Cammu və Kəşmirdə davam edən insan hüquqları pozuntuları, İƏT Pİ-na üzv dövlətlərdəki bütün inkişaf istiqamətlərində qadınların rolunun artırılması, İƏT Pİ konfranslarında nümayəndə heyətlərinin tərkibində qadınların iştirakı, İslam aləmində gənclərin statusunun artırılması, Avropada müsəlman miqrant ailələrinin vəziyyəti və s. məsələlərə baxılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbərinin də qatıldığı müsəlman qadın parlamentarilərin 8-ci konfransında müsəlman qadınlarının hüquq və vəzifələrinə dair bır sıra çıxışlar olub. Yerli və regional problemlərin və münaqişələrin həllində qadınların rolu, müsəlman qadın və uşaqların işğal altında olan ərazilərdə qarşıdurmalardan qorunması kimi mövzularda müzakirələr aparılıb və müsəlman qadın parlament üzvlərinin növbəti konfransının tarixi və yeri müəyyənləşdirilib.

 

Bütün müsəlman aləminə qarşı böyük cinayət

 

İƏT Pİ-nin XIV sessiyasında isə təşkilata üzv dövlətlərin (BƏƏ, Uqanda, Küveyt, Burkina-Faso, Liviya, Qatar, Mavritaniya, Oman, Səudiyyə Ərəbistanı, Seneqal və s.) spikerləri, o cümlədən Türkiyənin Böyük Millət Məclisinin yeni seçilmiş sədri Mustafa Şentop geniş nitq söyləyib.

Sessiyada iştirak edən üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinin də çıxışı olub. Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva çıxış edərək öncə Prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq müzakirə edilən məsələlərə münasibətini bildirib. Fələstin və müqəddəs Qüds əl-Şərif, Suriya, Somali, Əfqanıstan, Mali, Kıprıs, Camu və Kəşmir, Qərbi Trakiya və Dodekanesdə müsəlman azlıqlarının problemlərinə toxunub, Myanmada Rohinca müsəlmanlarının vəziyyətinə dair Azərbaycanın mövqeyini açıqlayıb. Gövhər Baxşəliyeva bizimlə söhbətində dedi: "Həmçinin Xocalı faciəsi haqqında məlumat verərək, insanlığa qarşı yönəlmiş bu cinayətin səbəblərindən və ağır nəticələrindən danışdım. Bildirdim ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədilib, 613 dinc sakin qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, mindən çox insan əlil olub”.

Öyrəndik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarını məlumatlandıran nümayəndə heyətinin rəhbəri Ermənistanın ölkəmizə hərbi təcavüz etdiyini, ərazimizin 20 faizindən artıq hissəsinin işğal olunduğunu və bu təcavüz nəticəsində bir milyondan çox insanın ev-eşiyindən didərgin düşdüyünü söyləyib. Bütün parlamentarilərin diqqətinə çatdırılıb ki, bu təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 150 min nəfər yaralanıb və ya müxtəlif dərəcəli xəsarət alıb, 4 mindən çox insan itkin düşüb. Ermənistan tərəfindən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon işğal olunub, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, həmçinin islam abidələri, müqəddəs yerlər və məscidlər, mədəni irs nümunələri yerlə-yeksan edilib. Bu isə təkcə Azərbaycana qarşı yox, həm də bütün müsəlman aləminə qarşı böyük cinayətdir.

"Sonda bütün müsəlmanları bu cinayətlərə biganə qalmamağa çağırdım. BMT və digər beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının və onun Parlament İttifaqının qəbul etdiyi çoxsaylı qətnamələri xatırladaraq, Ermənistan Respublikasının hələ də onlara əməl etmədiyini bildirdim”, deyən Gövhər Baxşəliyeva üzv dövlətlərin təmsilçilərini Azərbaycan nümayəndə heyətinin, təşkilatın Rabat sessiyasına təqdim etdiyi haqq işini dəstəkləyən iki qətnamə layihəsinə səs verməyə çağırıb və qətnamələr yekdilliklə qəbul edilib.

 

Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşundan imtina edilməlidir

 

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul edilən qətnamədə göstərilir ki, İƏT Pİ bu təcavüzü qəti şəkildə pisləyir və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Həmçinin işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi qiymətləndirir və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini qeyd edir. Eyni zamanda təcavüzkarı münaqişənin gələcək eskalasiyası imkanından və Azərbaycan ərazilərini işğal altında saxlamağa davam etməkdən məhrum etmək üçün bütün dövlətləri Ermənistanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırır.

Qeyd edilir ki, Dağlıq Qarabağ və digər işğal olunmuş Azərbaycan ərazilərinə İƏT üzv dövlətlərinin fiziki və hüquqi şəxslərinin hər hansı səfərləri və orada fəaliyyəti qadağan olunmalıdır.

Qətnamədə üzv dövlətlərə Ermənistanla ikitərəfli münasibətlərin, eləcə də diplomatik nümayəndəliyin səviyyəsinin endirilməsi yolu ilə məhdudlaşdırılması, işğalçı ölkə ilə iqtisadi əməkdaşlıqdan, onun iqtisadiyyatına sərmayə qoyuluşundan imtina etmək çağırışı edilir.

İƏT Pİ üzv dövlətləri bu istiqamətdə göstərilən səylərin gücləndirilməsi və yuxarıda qeyd edilən məsələlərin daha effektiv həlli üçün zəruri qanunvericilik aktlarını və onların tətbiqi mexanizmlərini qəbul etməyə çağırır.

 

İƏT üzvləri "Xocalıya ədalət!” kampaniyasına dəstək verməlidir

 

Xocalı soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair qətnamədə isə Parlament İttifaqının Nizamnaməsindən və İslam Əməkdaşlıq Təşkilatının Xartiyasından irəli gələn prinsip və məqsədlərindən çıxış edərək, İslam Sammiti Xocalıda mülki vətəndaşlara qarşı törədilmiş kütləvi qətliamı insanlığa qarşı cinayət və soyqırımı kimi şiddətlə qınayaraq İƏT üzv parlamentləri törədilmiş cinayətin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması üçün bütün səylərini əsirgəməməyə çağırılır. Həmçinin qeyd edilir ki, İƏT Pİ üzv parlamentləri Xocalı şəhərində və münaqişə zamanı Azərbaycanın işğal edilmiş digər ərazilərində baş vermiş qətliamı insanlığa və bəşəriyyətə qarşı cinayət kimi milli və beynəlxalq müstəviyə qaldırmaq üçün səy göstərməlidirlər.

Təşkilat "İƏT Anım günü proqramı” çərçivəsində təşviq edilən və Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı tarixi həqiqətlərinin üzə çıxarılması məqsədi daşıyan "Xocalıya ədalət!” beynəlxalq vətəndaş maarifləndirilməsi kampaniyasını alqışlayır və bütün İƏT üzv parlamentləri bu kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində iştirak etməyə çağırır.

Gövhər Baxşəliyevanın sözlərinə görə, sessiya Rabat deklorasiyasını qəbul etməklə işini tamamlayıb. Azərbaycan nümayəndə heyətinin Mərakeşə apardığı əyani vəsaitlər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamı haqqında AMEA Şərqşünaslıq İnstitutunun ərəb dilində nəşr etdiyi broşür və bukletlər bütün iştirakçılara paylanıb və onlar tərəfindən böyük diqqətlə qarşılanıb.