525-ci qəzet. - 2019.- 15 yanvar. - ¹ 8. - S. 4.

 

Türkiyə 2019-cu ilə dərin və əhatəli iqtisadi islahatlarla daxil olub

 

AKP hökuməti biznesin və milyonlarla insanın iqtisadi rifahını artıran siyasət yürütməkdədir

 

Aydın Ağazadə,

“525-ci qəzet”in Türkiyə müxbiri

 

Türkiyə hökuməti 2019-cu ildə iqtisadi islahatlara daha güc və inadla başlayaraq ilk ongünlükdə mühüm qərarlar qəbul edib.

Maliyyə sabitliyini möhkəmləndirən, xarici şokları minimuma endirən və iqtisadi aktivliyi canlandıran hökumət yanvar ayına olduqca nikbin addımlarla başlayıb. İslahatların müəllifi olan AKP-nin sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə hazırlanmış yeni iqtisadi və sosial paketin ana xəttini əhalinin sosial baxımdan ehtiyacı olan təbəqəsinə müxtəlif dövlət dəstəyi tədbirlərinin və güzəştlərin tətbiq olunması təşkil edir.

Hökumətin son bir həftədə ard-arda qəbul etdiyi qərarlar təqaüdçüdən tutmuş ən ucqar bölgədə çalışan əkinçiyə qədər hər kəsin sevincini birə-beş artırdı. Dövlətin elektrik enerjisinin istehlakında 2 milyondan artıq insanın aylıq xərclərinin təxminən yarısını üzərinə götürməsi Türkiyənin iqtisadi həyatında yeni bir sosial humanizmin təntənəsi oldu. Bu qərar əhalinin sosial rifahına təkan verməklə milyonlarla vətəndaşın üzünü güldürdü. Ardınca milyonlarla təqaüdçünün təqaüdlərinin, hərbi xidmətdə olan qulluqçuların, ticarətçilərin, müxtəlif peşə sahiblərinin, dövlət quluqçularının maaşlarının  artırılması son bir ildə inflyasiyadan əziyyət çəkən insanların narahatlığına son qoydu.

Türkiyədə ən geniş islahatlardan biri maliyyə-kredit bazarında güzəşt və faiz dərəcələrinin aşağı salınmasıdır. İqtisadi şərhçilərin "kredit amnistiyası" kimi dəyərləndirdiyi bu addımlar iqtisadiyyatda yaxın perspektivdə "ikinci inkişaf dalğasının" başlanmasında təkanverici rol oynayacaq. Bu prosesdə bankların sanki rəqabətə girərək səxavətini artırması isə iqtisadiyyatın bütün sahələrindəki işçilərin əhval-ruhiyyəsini çoşdurdu. "Xalq Bank", "Ziraət Bank" xüsusilə maliyyə dəstəyi ilə öndə dayanmaqdadır. Əhalinin kredit borclarını ödəməkdə çətinlik çəkən hissəsinin borclarının dövlət maliyyəsi hesabına ödənilməsi ilə bağlı qəbul edilən qərar yeni ilin başlanğısında mühüm iqtisadi hadisə oldu. Hökumət komandası Türkiyə Ziraat Bankının vəsaitləri hesabına kredit kartı borclarıın qaytarılması ilə bağlı icra işlərinə də başlayıb. Hökumət birbaşa istehsalla məşğul olan 100 minlərlə kənd təsərrüfatı və emal sahəsində çalışan insanların borclarını bağlamaqla onların biznes imkanlarının yenidən səfərbər edərək artırmasına stimul vermiş olacaq. "Xalq Bank" isə ticarət və sənətkarların kredit faizlərini endirməklə on minlərlə insanın bazarda daha yaxşı iş imkanı yaratmasını təmin etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan dünya iqtisadiyyatında baş verən mürəkkəb dəyişikliklərin davam etdiyi dövrdə milli istehsalın və ixracatçıların gücünün artmasını qürurverici hal kimi qiymətləndirib. Bildirib ki, Türkiyənin milli ixracatçıları lokomotiv rol oynamaqla ölkənin iqtisadi gücünü bütün dünyaya nümayiş etdirir: "Biz bütün iradəmizlə iş adaqmlarını dünyaya çıxışına geniş yol açırıq. Siyasətimiz xarici iqtisadi əlaqələri artırmağa yönəlmiş strategiyaya əsaslanır. Hökumət Türkiyənin iqtisadi uğurlarına uğur qatan iş dünyasının hər zaman yanında olacaq".

AKP hökumətinin həyata keçirdiyi ən optimist və biznesə dəstək islahatlarından biri sahibkarlığın maliyyə çıxışının “yaşıl dəhliz” prinsipi ilə təmin olunmasıdır. Bu islahatlar çərçivəsində bank və maliyyə təşkilatlarının daha aşağı faizlə və kredit müddətinin artırılması şərtilə yeni kredit proqramına başlamasını, ixracatçıların istehsal imkanlarının gücləndirilməsi məqsədilə maliyyə və texniki təminatının həlli, kiçik və orta biznesin (KOB) inkişafına yeni nəfəs vermək üçün güzəştli kredit xəttinin açılmasını xüsusilə qeyd etmək mümkündür.

Yanvarın 10-da iş dünyasının üzvləri ilə görüşən Türkiyənin Xəzinə və maliyyə naziri Bərat Albayraq biznes icmasına ard-arda gələn iqtisadi müjdələri verməklə milli sahibkarların yeni ilin ilk günlərində əhval-ruhiyyəsini və iş həvəsini artırdı. Cənab Albayraq 14 bankın maliyyə qaynağı əsasında qurulan 20 milyard lirəlik KOB-a dəstək proqramının detalları haqqında mesajlar verdi. 40 min kiçik biznes təmsilçisini əhatə edən bu proqram sahibkarlara veriləcək və bu maliyyənin dövlətin xəzinə ehtiyatları üçün ağırlığı olmayacaq. Birbaşa bank maliyyəsi əsasında 20 milyard TL dəstək təmin olunacaq.

Xəzinə və maliyyə naziri qeyd edib ki, AKP hökuməti geniş iqtisadi proqramlar üzrə tədbirləri həyata keçirməkdədir. "Biz böyük əmək sərf edərək 2018-ci il hədəflərimizi uğurla bitirdik, 2019-cu il motivasiyamızı daha yüksək səviyyəyə qaldırmaqla inamla yolumuza davam etməkdəyik. Türkiyə öz gücünü, iqtisadi potensialını nümayiş etdirir və atdığı hər addımını ölçüb-biçərək gələcəyə inamla baxır. Biz inandığımız hər bir məsələnin həllinə çalışırıq və bunun müsbət cəmiyyət üçün nəticələrini görürük. Türkiyənin güclü və sağlam bank sektoru vardır, hökumət banklarla birlikdə ortaya yeni strateji proqramları gerçəkləşdirmək üçün yeni iradə ortaya qoyubdur, bu işləri ən uğulu sonluqla başa çatdıracağımıza inanırıq”.

Ötən ilin ortalarında dollar ajiotajı artanda Türkiyə iqtisadiyyatının qan damarı hesab edilən bankların böhran nəticəsində iqtisadiyyatda aktivliyini azaldacağını və iqtisadiyyatın itkilərlə üzləşəcəyini proqnozlaşdıran, hətta bunu sevinclə şərh edən CHP-li iqtisadçıların bədbin gümanları indi alt-üst olmaqdadır. Türkiyə bankları böyük maliyyə axınlarının önündə gedərək iqtisadiyyata stimul verməkdədir. Türkiyə Banklar Birliyinin sədri Hüseyn Ziyanın vurğuladığı kimi, hazırda türk banklarının maliyyə qaynaqları çox güclüdür və iqtisadiyyatın kredit ehtiyaclarını qarşılamaq üçün potensialı daha da artıb. Hazırda bankların iqtisadi sektora yönəltdikləri kreditlərin həcmi 118 milyard lirəni ötüb. Bu gün bank sektorunun balansı 4 trilyon lirəyə bərabərdir.

AKP hökumətinin həyata keçirdiyi davamlı islahatların miqyasının artması xalqın hökumətə olan möhkəm inamı və etimadını da gücləndirir. İş dünyası, ticarətçi, sənətkar, əkinçi, məmur, bir sözlə xalqın hər bir təbəqəsi iqtisadi uğurların davamı naminə Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında daha sıx birləşməkdə qərarlıdır. Ərdoğanın bəyan etdiyi kimi, Türkiyə xalqın və millətin gücü ilə inkişafını artırır. "Biz birlikdə Türkiyə iqtisadiyyatını 2019-cu ildə daha  fərqli şəkildə irəliyə aparacağıq".