Xalq qəzeti. - 2019.- 15 yanvar. - ¹ 10. - S. 6.

 

Azərbaycan müstəqillik yolu ilə uğurla irəliləyir

 

Əliqismət Bədəlov

 

Hesab edirəm ki, keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan bu gün beynəlxalq aləmdə  öz mövqeyini  getdikcə gücləndirən, çox böyük nüfuza malik olan ölkələr sırasındadır. Nüfuzlu qurumlarla fəal əməkdaşlıq, bəzi beynəlxalq  təşkilatlara sədrlik etmək, Avropada enerji təhlükəsizliyinin  təminatında  əhəmiyyətli  ölkəyə çevrilmək, bölgədə sülhün və əmin –amanlığın təmin olunmasında mühüm rol oynamaq dövlətimizin dünya birliyindəki reytinqini daha da yüksəldib. Bütün bunlar respublikamızla əməkdaşlıq etmək istəyən  ölkələrin sayını getdikcə artırır.  Qısa müstəqillik tarixində  dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə, həmçinin BMT-dən sonra ikinci böyük təşkilata – Qoşulmama Hərəkatına sədrlik etmək postsovet ölkələrindən heç birinə nəsib olmayıb. Bu nailiyyətlər dövlət başçısının düzgün müəyyənləşdirdiyi strategiyanın qürurverici nəticəsidir.

 

Ölkəmizin digər aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı,  iri infrastruktur layihələrinin reallaşdırılmasında təcrübə qazanması  dünya birliyi tərəfindən  də  böyük hörmət və  rəğbətlə  qarşılanır. Bu uğurlar ölkəmizin  dünyanın siyasi xəritəsində yerini daha da möhkəmləndirir.

Əvvəlki illərdə başlanmış münaqişələrin, qanlı toqquşmaların davam etməsi, dünyanın müxtəlif ölkələrində  geniş vüsət almış  kütləvi etiraz aksiyaları, qarşıdurmalar və iqtisadi böhran Azərbaycana da  öz  təsirini göstərib.  Bütün bunlara baxmayaraq, ölkəmiz öz müstəqil yolu ilə uğurla  getmiş və bu gün də getməkdə davam edir. Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  bu barədə ətraflı məlumat verilmişdir. Xarici siyasət sahəsində əldə olunan uğurlardan danışan ölkə rəhbəri  ötən il xarici ölkələrə səfərləri, həmçinin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri barədə məlumat verdi. Ötən il xarici siyasətdə qazanılan uğurları diqqətə çatdıran Prezident İlham Əliyev dedi ki, keçən il xarici ölkələrə 16 səfər etmiş və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki,  həyata keçirilən  xarici siyasət çoxşaxəli olub. Bu da respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayının  gündən-günə artmasına öz təsirini göstərib. Dövlət başçısı  qonşu dövlətlərlə də  əlaqələrimizin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.

Göründüyü kimi, Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar özünü daha qabarıq şəkildə büruzə verir.  Faktlar da təsdiqləyir ki, ölkəmiz inkişaf, tərəqqi, sabitlik məkanıdır. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, respublikamız  öz yolu ilə inamla irəliləyir.

Dövlət başçısı  nitqində  ötən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri  olduğunu diqqətə çatdırdı. Dedi ki,  bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir:  “Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa, bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq, gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır”.

Ölkə başçısı Azərbaycanın müsəlman aləmində reytinqinin getdikcə artdığını da diqqətə çatdırdı.  Vurğuladı ki, respublikamız müsəlman  aləmində  çox böyük hörmət, nüfuz qazanıb.  İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir. Bu,  dövlət başçısının rəhbərliyi ilə həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən  siyasi kursun  uğurlu nəticəsidir. Bu strategiya İslam aləmində həmrəyliyi, əməkdaşlığı getdikcə  daha da möhkəmləndirir. Bu əməkdaşlığı yüksək qiymətləndirən respublikamızın başçısı  keçən il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin paytaxtı seçilməsinin təsadüfi olmadığını və  Naxçıvan şəhərinin  bu şərəfli adı çox böyük uğurla daşıdığını  bildirdi.  Müsəlman ölkələri ilə əlaqələrimizin müxtəlif istiqamətlərdə inkişaf etdiriləcəyinə əminliyini ifadə edən dövlət başçısı  bundan sonra da  müsəlman aləmində  nüfuzumuzun, çəkimizin, rolumuzun  daha da artacağını vurğuladı.

Bildirildi ki, ötən il Azərbaycanın  Avropa İttifaqı ilə  əməkdaşlığı dövlət siyasətinin prioritetini təşkil edib. Belə ki, bu istiqamətdə aparılan siyasət həmin qurumla yaranmış soyuq münasibətlərə son qoydu. Təsadüfi deyildir ki, ötən il Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində bir neçə mühüm, əhəmiyyətli qərar qəbul etdi. Bu qərarlar bir daha təsdiqlədi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyədə davam etdirmək  niyyətindədir. Möhtərəm Prezidentimiz də öz nitqində bu sənədlər barəsində məlumat verərək dedi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır: “Xüsusilə onu vurğulamalıyam ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır”.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman dövlətimizin diqqət mərkəzində olub və bu gün də xarici siyasətimizin prioritetini təşkil edir. Dövlətimizin başçısı öz nitqində bir daha bildirdi ki, münaqişənin nizamlanmasında  mövqeyimiz dəyişməz qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Qeyd olundu ki,  BMT Təhlükəsizlik Şurasının qətnamələrində  də məhz bu ifadələr öz əksini tapıb.

Prezident danışıqların davam etdirilməsi prosesinin başlandığı barədə də məlumat verdi:  “Baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir  cəfəng fikirlər də səslənirdi ki, guya, Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır. Münaqişənin həllinə zidd olan belə bir  cəhd dərhal  tərəfimizdən  rədd edildi.  Təbii ki,  münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür  qəbul edə və dəstəkləyə bilməzdilər.  Vasitəçilərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşdü.  Bundan sonra  danışıqlar prosesi bərpa edildi. Danışıqlar  Azərbaycan dövlətinin istədiyi kimi–Ermənistan ilə Azərbaycan arasında aparılır”.  Dövlət başçısı da bu formatın ən düzgün  yol olduğunu bildirdi.

Xarici siyasətimizin uğurlarından söhbət düşəndə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması  mütləq qeyd edilməlidir. Konvensiya ölkəmiz üçün mühüm və tarixi əhəmiyyət kəsb edən sənəddir, eyni zamanda, regionumuz  üçün  də mühüm addımdır.  Çünki  region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Ölkə rəhbəri də bunu yüksək dəyərləndirdi və dedi ki, imzalanmış konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır: “ Şadıq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir. Bu konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur”.

BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının Zirvə görüşünün  bu il Bakıda  keçirilməsi xarici siyasətimizin prioritetlərindəndir.  Qürurverici haldır ki, Azərbaycan bu böyük təşkilata sədrlik edəcək.  Dövlət başçısının da vurğuladığı kimi,  BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.

Xarici siyasətimizin ­uğurları Ermənistanın beynəlxalq aləmdə  rəsmən işğalçı ölkə kimi tanınmasında böyük əhəmiyyət kəsb edir. İşğalçı ölkəyə rəhbərlik edən  kriminal rejim artıq süquta uğradı. Belə də olmalı idi. Əlini həm qonşu, həm də öz xalqının qanına batırmış kriminal rejimin məntiqi  sonluğu belə acınacaqlı olmalı idi. Dövlət başçısının qeyd etdiyi kimi, bu acınacaqlı sonluqda, əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Diqqətə çatdırıldı ki, məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə,  Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Hazırda işğalçı ölkə çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni əhalinin azalması prosesi geniş vüsət alıbdır.  Möhtərəm Prezidentimiz bir daha bəyan etdi: “Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.

Ölkə rəhbərinin “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq, əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır” – qətiyyəti işğalçı ölkə üçün ibrət dərsi olmalıdır.