Bakı Xəbər. - 2019.- 20 mart. - ¹ 53. - S. 10.

 

Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb

 

İradə Sarıyeva

 

Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistan Azərbaycan torpaqları üzərində qurulub. Məlum olduğu kimi, 1813-cü ildə Gülüstan və 1828-ci ildə isə Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürüldükdən sonra Azərbaycanın müstəqil dövlətləri - xanlıqlar ləğv edildi.

Bu da Çar Rusiyasına şərait yaratdı ki, Azərbaycan torpaqlarını istədiyi kimi bölüşdürsün, hətta burada Ermənistan adlı qondarma bir dövlət yaratmaq niyyətini gerçəkləşdirsin. Çar Rusiyası Azərbaycan xalqına qarşı cinayətə əl ataraq bizim torpaqlarımızı bütün dünyanın gözləri qarşısında ermənilərə verdi. Tarixçilərin yazdığına görə, Azərbaycan torpaqlarında, daha dəqiq desək, Naxçıvan və İrəvan xanlıqlarının əraziləri əsasında “Erməni vilayəti” adlı qondarma inzibati idarə vahidi yaratdı.

Akademik Yaqub Mahmudovun qeyd etdiyinə görə, çar I Nikolay “Erməni vilayəti”nin yaradılması haqqındakı sərəncamı 1828-ci il martın 21-də Azərbaycan xalqının Novruz bayramı günü imzaladı. O vurğulayır ki, məhz Novruz bayramı günü Azərbaycan xanlığının ləğv edilib, bu torpaqlara köçürülüb gətirilmiş ermənilər üçün xüsusi bir vilayət yaradılması xalqımıza qarşı mənəvi təhqir idi. Tarixçi-alimin yazdığına görə, “Erməni vilayəti”nin nə qədər qondarma bir qurum olduğunu belə bir fakt da sübut edir ki, Çar Rusiyası o zaman İran və Türkiyədən nə qədər erməni köçürüb gətirsə də, yenə də bu vilayətin əhalisinin 76,24%-i azərbaycanlı idi. “Erməni vilayəti”ndə 1125 kənd vardı. Onlardan 1111-i Azərbaycan kəndi idi və bu kəndlərdə ancaq azərbaycanlılar yaşayırdılar. “Vilayətin qalan 14 kəndində isə azərbaycanlılarla qarışıq şəkildə köçürülüb gətirilmə ermənilər yaşayırdılar. Həmin kəndlərin bir çoxunun adı Azərbaycan-türk mənşəli idi.

Bununla belə, “Erməni vilayəti”ni yaratmaqla Çar Rusiyası yenicə işğal etdiyi Azərbaycan torpaqları ilə Osmanlı imperiyası arasında bir “xristian səddi” çəkdi. Eyni zamanda, tarixi Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsasını qoydu.

1836-cı ildə erməni Qriqorian kilsəsinin təhriki ilə müstəqil alban kilsəsi ləğv olundu. Çar Rusiyası tərəfindən himayə və müdafiə olunan ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlara başladılar.

“Böyük Ermənistan” “doktrinası” ilə zəhərlənmiş erməni millətçiləri 19-cu əsrin sonlarında Qriqorian kilsəsinin “xeyir-duası” ilə daha mütəşəkkil fəaliyyətə başladılar. Çar Rusiyasının silahlandırdığı və digər böyük dövlətlər tərəfindən müdafiə olunan erməni-daşnak quldur dəstələri Şərqi Anadoluda və Azərbaycanda (həm şimalda, həm də cənubda) türk-müsəlman əhalini kütləvi surətdə qırmağa başladılar. Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ, Urmiya, Salmas, Xoy, Maku və digər yaşayış məntəqələrində yüz minlərlə Azərbaycan türkü, o cümlədən uşaqlar, qadınlar, qocalar məhv edildi. Bakıda hakimiyyəti ələ keçirən daşnak S.Şaumyan Birinci Dünya Müharibəsi cəbhələrindən qayıdan erməni zabit və əsgərlərini səfərbərliyə alaraq Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından birini törətdi. Birinci Dünya Müharibəsinin başa çatması və Atatürkün Türkiyəni xilas etməsi ilə erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq niyyəti iflasa uğradı. Bununla belə, o zamankı mürəkkəb tarixi şəraitdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti xoş məram nümayiş etdirdi. 1918-ci il mayın 29-da Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş Azərbaycan dövlətlərindən olan İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhərini ermənilərin “bir siyasi mərkəzləri olması” xatirinə onlara güzəştə getdi.

Ermənilərə 100 il bundan əvvəl öz torpağında yer verən Azərbaycan bu dəfə onlara paytaxt şəhəri də bağışladı. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda – tarixi Azərbaycan ərazisində erməni dövləti yaradıldı.

Lakin daşnaklar bununla da kifayətlənmədilər. Növbəti xəyanət və növbəti dəfə torpaq qoparmaq üçün məqam gözlədilər. Azərbaycana Denikinin hücum təhlükəsi yarandıqda ermənilər dərhal onun tərəfinə keçdilər və ağ qvardiyaçı generalı Azərbaycana dəvət etdilər. Bu “siyasət” iflasa uğradıqdan sonra da Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları qaldırdılar”.

Məlum olduğu kimi, ermənilər əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkü olan indiki Ermənistan Respublikasının ərazisində etnik təmzləmə siyasəti həyata keçirərək soydaşlarımızı öz tarixi yurdlarından, vətənlərindən didərgin saldılar. Hazırda Azərbaycan torpaqları üzərində yaradılan indiki Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, azərbaycanlılara məxsus olan bütün tarixi abidələr məhv edilib, yer adları, toponimlər dəyişdirilib.

Tarixçilər qeyd edirlər ki, erməni şovinistləri Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməkdə davam edirlər. İkili standartlar dünyasında erməni terrorçularının Azərbaycan və Türkiyə ərazisində 200 ildən artıq bir müddət ərzində törətdikləri soyqırımlar, deportasiyalar, vəhşiliklər, tarixi abidələrin, yaşayış məskənlərinin yerlə-yeksan olunması faktlarını görməzdən gəlirlər. 

Tarixçilərin verdiyi bilgilərə görə, hazırkı Ermənistan deyilən dövlətin ərazisinin əzəli Azərbaycan torpaqları olduğunu bütün dünya alimləri təsdiqləyir. Heç bir tarixçi, obyektiv tədqiqatçı bunu inkar etmir. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə, Cənubi Qafqaza gəlmə olduqlarını, Çar Rusiyasının Qafqazda istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə ermənilərin dövlət qurumunun olmaması tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib.

Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, ermənilərin Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülməsi və onlara Azərbaycan ərazilərində dövlət qurulması faktdır. O vurğuladı ki, Azərbaycan tarixçilərinin ortaya çıxardığı dəlillər də indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu sübut edir. Alimin sözlərinə görə, ermənilər Balkan yarımadasından Kiçik Asiyaya, oradan isə Şərqi Anadoluya miqrasiya ediblər. Onun bildirdiyinə görə, ermənilərin son miqrasiyası e.ə. VI və IV əsrlərdə baş verib. Ermənilər tarix boyu heç bir vaxt davamlı və müstəqil dövlətə malik olmayıblar. Alimin dediyinə görə, erməni krallıqları və bəylikləri ərazidəki böyük dövlətlərdən asılı və ya yarımasılı halında yaşayıblar. F.Ələkbərlinin sözlərinə görə, bütün sonrakı əsrlərdə, ta 1918-ci ilə qədər ermənilər digər dövlətlərdən – İran, Roma, Osmanlı, Rusiya imperiyalarından ya vassal kimi, ya da tam asılı olublar.

Akademik İsmayıl Hacıyev isə yazır ki, qriqorian kilsəsi Azərbaycan dövlətlərinə və Osmanlı imperiyasına sığınıb və zaman keçdikcə, ermənilər Osmanlı imperiyasından, Ağqoyunlu və Səfəvi hökmdarlarından geniş imtiyazlar qazanıblar və mövqelər ələ keçiriblər. “Ermənilər XV əsrin ortalarınadək Cənubi Qafqazda, demək olar ki, yaşamırdılar. 1441-ci ildə Qaraqoyunlu türk-Azərbaycan dövlətinin hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzini əhalisi tamamilə türklər olan İrəvan yaxınlığındakı qədim alban monastrı olmuş Üçmüəzzinə köçürdü. XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna təkan verdi. 1605-ci ildə I Şah Abbasın fərmanı ilə Səfəvi dövlətinin ərazisində ermənilər üçün ərazilər ayrıldı. Ermənilər varlandıqca, onların dövlət yaratmaq iştahaları güclənirdi. Bunun üçün onlar özlərinə himayəçi axtarırdılar. Ermənilərin bir sıra Avropa ölkələrinə etdikləri müraciətlər nəticəsiz qalmışdı. XVII əsrin ortalarında rus dövlətinin öz mövqelərini möhkəmləndirməsi erməni kilsəsinin diqqətini cəlb etməyə başladı. Ermənilər gələcəkdə Rusiyanın hərtərəfli himayəsini qazanmaqdan ötrü 1659-cu ildə çar Aleksey Mixayloviçə qızıldan işlənmiş taxt hədiyyə etdilər. Ermənilərin Rusiya ilə yaxınlaşması I Pyotrun dövründə daha da sistemli şəkil aldı. Rusiya regionda başlıca rəqibləri olan Osmanlı və Səfəvi imperiyalarını daxildən zəiflətmək üçün erməni kartından istifadə etdi. İlk növbədə erməniləri Azərbaycan ərazilərində yerləşdirmək üçün göstəriş verdi. I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında 1726-cı il fevralın 22-də fərman verdi. II Yekaterina Eçmiədzin katolikosu Arqutinskinin hazırladığı “Ararat krallığı” ideya-layihəsini dəstəklədi. Rus məmurları və Dunaydakı rus qoşunlarının komandanı Q. Potyomkinlə görüşən Arqutinski təkliflərinin reallaşdırılması istiqamətində fəaliyyətə keçdi, “erməni dövləti” yaratmaq üçün əməli addımlar atdı. Lakin müxtəlif səbəblərdən Azərbaycan ərazisində “erməni dövləti” yaratmaq mümkün olmadı.

Ermənilər öz məkrli niyyətlərindən əl çəkməmiş və XIX əsr boyu öz xidmətlərini Çar Rusiyasına təqdim etmişlər. Onlar Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsində fəal rol oynamışlar. Ermənilərin bu xidmətləri müqabilində Rusiya imperatoru I Nikolay İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” yaratdı. Bu, müstəqil dövlət qurumu olmasa da, ermənilərin gələcəkdə səfərbər olmalarına, təşkilatlanmalarına, iqtisadi-mədəni tərəqqiyə yetişmələrinə ciddi təsir etdi. İkinci bir tərəfdən, Çar Rusiyası işğal etdiyi Şimali Azərbaycanın strateji bölgələrində (Qarabağ, İrəvan, Naxçıvan, Zəngəzur) erməniləri yerləşdirdi. Bununla, Rusiya Qacarlar İranı və Osmanlı dövlətinin sərhədləri boyunca “xristian kəməri” yaratdı. Nəticədə Cənubi Qafqazın sürətlə erməniləşdirilməsinə təkan verildi. N.Şavrovun məlumatına görə, XX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu Rusiya tərəfindən buraya köçürülüb”.

Alim qeyd edir ki, 1920-ci ilin ortalarında Ararat Respublikasının adını Erməni Respublikasına dəyişən daşnaklar bununla da Kiçik Asiyada “vətənlərini” itirmələri ilə faktiki olaraq barışaraq Qafqazda – Azərbaycan xanlıqlarının ərazisində uydurma “qədim erməni tarixini” yazmağa başladılar. İ.Hacıyev qeyd edir ki, məhz bu dövrdə ermənilərin “Qafqazın qədim yerli əhalisi” olması barədə tarixi konsepsiya uyduruldu və bunun ardınca Ermənistandakı Azərbaycan və bir çox digər müsəlman tarixi abidələrinin kütləvi şəkildə məhvinə başlandı.

“Beləliklə, 1918-ci ilin may ayında qədim Azərbaycan ərazisində erməni daşnak dövləti, 1920-ci il noyabrın 29-da isə bolşeviklərin zor-gücü ilə “Ermənistan SSR” yaradıldı. Amerika alimi Samuel Vimzin göstərdiyi kimi, “üç min ildən artıq bir müddətdə dövlətçiliyi olmayan, indi isə erməni reallıqlarına deyil, yalnız erməni iddialarına əsaslanaraq ermənilərin dövlət yaratmağa çalışması nəticəsində müttəfiqlərin müstəqil Ermənistan yaratmaq qərarı qəribə görünürdü”.

Yaradıldığı gündən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan havadarlarının köməyi ilə ərazilərini xeyli genişləndirdi. Erməni daşnakları Azərbaycan torpaqlarının hesabına ərazilərini 1920-ci ildə 29,8 min kv.km-ə çatdırdılar. Torpaq iştahası, onu müntəzəm qamarlama hərisliyi ermənilərin gözlərini elə örtmüşdü ki, daşnaklar tarixin hər bir anından bu məkrli siyasəti həyata keçirmək üçün çox hiyləgərliklə istifadə edirdilər. Belə ki, 1920-ci ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı və Gəncə quberniyasının Zəngəzur qəzası Ermənistana verildi. Bununla yanaşı, 1920-ci ilin əvvəlində Qazax qəzasının cənub hissəsi də Ermənistana bağışlandı və burada Dilican qəzası yaradıldı. 1920-1923-cü illərdə Qazax qəzasından 379.984 desyatin, Zəngəzur qəzasından 405 min desyatin, Zəngəzur, Cavanşir və Qazax qəzalarının sərhədlərində olan 150 min desyatin torpaq və otlaq sahələri Ermənistana verildi. 1929-cu ildə Naxçıvan MSSR-in on yaşayış məntəqəsini əhatə edən 657 kv.km ərazi Ermənistan SSR-ə verildi. Yenə həmin ildə Zəngilan rayonunun üç kəndi Ermənistana verildi və burada Mehri rayonu təşkil olundu, nəticədə Naxçıvanı Azərbaycandan ayıran dəhliz yarandı. 1929-cu ildə Qazaxın 5 min hektar torpaq sahəsi, Cəbrayıl qəzasının Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermənistana verildi. Ərazi məsələlərinin birtərəfli, daşnak-bolşevik “həlli” nəticəsində bir sıra ərazilər ermənilərə verildi və bundan əlavə, 11 min kv.km ərazimiz Ermənistana bağışlandı. Buraya əsasən Zəngəzur qəzası, Şərur-Dərələyəz qəzası və Göycə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27,6 min kv. km. ərazisi itirildi.

Sonrakı illərdə də ermənilərin torpaq iddiaları davam etdi. Azərbaycan ərazisinə Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizi itirildi. Erməni millətçiləri bu gün də yeni ərazi iddiaları xülyası ilə yaşayırlar.

Qədim Azərbaycan torpaqlarında dövlətlərini yaradan ermənilər bu ərazilərin köklü sakinlərini – azərbaycanlıları öz tarixi ərazilərindən çıxarmış, onları 1918-1920, 1948-1953 və 1988-1992-ci illərdə deportasiya etmişlər” - deyə alim qeyd edir.