Azərbaycan. - 2019.- 15 yanvar. - ¹ 10. - S. 6.

 

Azadlıq və istiqlaliyyətdən keçən gün

 

Məhəmməd Nərimanoğlu

 

20 Yanvar - Bakının qan gölünə çevrilməsi zaman keçdikcə yaddaşlarda daha silinməz izlər salır. Günahsız insanların o müdhiş şənbə gecəsində qanlarına qəltan edilməsinə "fərman” verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri (yaşından asılı olmayaraq), ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər isə ehtiramla, məhəbbətlə anılır. Çünki onlar elə həmin yaşdaca daşlaşmış ömür sahibinə çevrildilər. Vətənin mamır bağlayan daşı olmağı şərəf bilənlərimizin müqəddəs məkanları - Şəhidlər xiyabanı məhz buna görə əbədi olaraq ziyarət yerinə çevriləcək...

Tarixi hadisələr, ictimai mahiyyətindən asılı olaraq, xalqın yaddaşına o zaman yazılır ki, sənət əsərlərinin də mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi yaradıcı övladları həmin hadisələri bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar.

 

Haqqın səsi

 

Xalqımızın qan yaddaşına yazılan belə hadisələr az olmayıb. 20 yanvar 1990-cı il tarixi də yaddaşlara məhz qanla yazıldı. Təbii ki, imperiya caynaqlarından qurtulmaq o qədər də asan deyildi. Azadlığın verilmədiyi və zorla, qan bahasına alındığını da bura əlavə etməklə deyə bilərik ki, 20 Yanvar xalqımızın yaşadığı müsibətlər və faciələr silsiləsindən biri olsa da, qürur və iftixar mənbəyi, haqqın hayqırtısı, milli oyanış, birlik, əsl həmrəylik günüdür!

Ulu öndər Heydər Əliyev 1995-ci il yanvar ayının 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən "Qanlı Yanvar” rəssamlıq sərgisində çıxışı zamanı demişdir: "20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər”.

 

Şənbə gecəsinin səssiz fəryadları

 

20 Yanvardan ötən 29 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilmədiyini görürsən. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir. Qanları ilə torpağa "Azadlıq” yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, bir sözlə, antiinsani, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın mübarizliyini və əzmkarlığını təsdiqlədilər. Şəhidlər xiyabanının hər vaxt ziyarət yerinə çevrilməsi də məhz buradan irəli gəlir.

20 Yanvar bədii sənət nümunələrində də öz əksini tapdı. Sözün ifadə edə bilmədiyini rəssamların qan daman fırçaları cızdı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu şəhidlərimizə matəm və hüzn dolu "layla çaldı”. O gecədən şəhidlərimizin anası obrazına çevrilən xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar, göylərə sovrulmuş ağ saçları bu fəryada qoşuldu: "Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək.

Həmin o müdhiş gecə xalqımızın poeziya dilli Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, Fikrət Qoca və digər vətənpərvər söz və qələm adamlarının misralarında boy verdi, boylandı, dağ-daşı yandırdı...

 

Ağla, qərənfil, ağla...

 

Şəhidlər xiyabanını al-qırmızıya bələyən qərənfillər Məmməd Aslanın qələmində ağladı. Qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına qarışdı:

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara,

Ağla, qərənfil, ağla.

Bəxtiyar Vahabzadənin Meydanda, düşmənə nifrət nidalı misraları xiyabanda fəryad qoparırdı:

Şəhidlərin hamısı bənzəyir bir-birinə,

Bir bax qəbirlərinə!

Hamısı qıpqırımızı qərənfilə bələnmiş,

Hamısı bir biçimdə,

bir boyda cərgələnmiş,

Səbəb birdir, əməl bir,

hədəf birdir, hədə bir!

Məhz bundan sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təsdiq edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr və ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıq sahəsində bu şərəfli tariximiz bəlkə də daha canlı, qanlı və obrazlı təsvir edildi.

Təsviri incəsənətin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, "İstiqlal” ordenli xalq rəssamı Mikayıl Abdullayev 1992-ci ildə yaratdığı "Nakamların dəfni” əsəri ilə bir daha 20 Yanvarın zaman-zaman unudulmayacağını göstərdi. Hər il, bir qayda olaraq, istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgiləri keçirilir. Həmin sərgilərin birində Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov belə dedi: "Xalq yaxşı günləri yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də bu əsərlərdir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq bir o qədər mümkünləşər və asanlaşar”.

 

Azadlığın şəfəq saçdığı gün...

 

20 Yanvar yalnız Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı təcavüzdür. Bununla yanaşı, unutmamalıyıq ki, Şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq saçdığı günə çevrildi: imperiya cəlladlarının vəhşi simaları xalqımızın məğrurluğu altında əriyib yoxa çıxdı.

Oğul və qızlarımız tankların, ağır texnikanın, cəlladların təpikləri altında xıncım-xıncım olsalar da, qəhrəmanlıq obrazı yaratdılar. Bu hadisə Azərbaycan xalqının iradəsini və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tariximizin bu səhifəsi incəsənət əsərlərində öz əksini tapdıqca o, yaddaşlarda daha dərin izlər buraxdı: tarixləşdi, heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi.

Qrafika ustası Arif Hüseynovun "Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin "Qara Yanvar” və Arif Ələsgərovun "20 Yanvar”, həmçinin Koreyada keçirilən, 68 ölkədən 587 rəssamın qatıldığı 1760-dan artıq əsərin nümayiş etdirildiyi XIX Beynəlxalq Karikatura Sərgisinin mükafatçısı (birinci yerin qalibi), "Kirpi” satirik jurnalının baş rəssamı Hafiz Nəsiroğlunun əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, yaddaşımızı silkələdi və daim ayıq-sayıq olmağa səslədi.

Kirman Abdinin 20 Yanvarla bağlı çəkdiyi plakatlar da diqqətçəkəndir. Tariximizin qan yaddaşını plakatlarda əks etdirən rəssamın bədii təxəyyülü ilə sənətkarlığı üst-üstə düşərək o gecənin dəhşətlərinin səbəbkarını, cəllad və qatillərini nifrətlə xatırladır.

20 Yanvar faciəsi, təbii ki, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz əksini tapır. Bakı şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdlərindən Lalə Babayevanın, Fatimə Əbilovanın, Sevinc Məmmədovanın, Elvin Şahməmmədovun, Ülkər Əmirovanın, Ülkər Əliyevanın və onlarca digər azyaşlı rəssamların əsərləri bir daha onların vətənpərvər hisslərlə yaşadığını və bu mövzunun onlar üçün müqəddəs olduğunu təsdiqləyir.

Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş bədii sənət əsərlərində, o cümlədən incəsənət nümunələrində isə həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.