Xalq qəzeti.-2019.-17 mart.-62.-S.14.

 

Sağalmayan yaramız

 

Eldar Əhmədov,

Respublika Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri

 

Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin
26 mart 1998-ci il tarixli fərmanından.

 

Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamından.

 

Bu, bir xəstəlikdir. Hamıya qarşı düşmənçilik etmək, bütün qonşuların torpaqlarına göz dikmək, ətraf ölkələrə qarşı ərazi iddialarından əl çəkməmək, terror, təxribat və separatçılığı dövlət siyasəti səviyyəsinə qaldırmaq xəstəliyi. Çox təəssüf ki, ermənilərin bu bölgəyə gətirildikləri ilk illərdən etibarən davam edən həmin xəstəliyin müalicəsi tapılmayıb. Amma ermənilərin öz aralarından çıxmış ziyalılar da bu davranışın sonu olmadığını söyləyiblər. Məsələn, bu ölkənin tanınmış siyasi xadimi Suren Zolyan yazmışdır: Hamıya düşmən gözü ilə baxmaq özünün hamıya düşmən olmağın deməkdir. Bu, yol deyil, dibi görünməyən uçurumdur.

 

Bəli, mifik böyük Ermənistan ideyasını ortaya atanlar bu insanların beynini elə zəhərləyiblər ki, elə bilirlər həqiqətən elə bir ölkə olub. Məhz həmin zəhərlənmələrin nəticəsidir ki, erməni xalqı bu gün Suren Zolyanın dediyi uçurumun içərisindədir. Çünki onlar bütün türk xalqlarına da düşmən kimi baxırlar, erməni kimi düşünməyən hər kəsə də.

Onlar heç bir əsası olmayan böyük Ermənistan xülyasını dilə gətirəndə də dünya ictimaiyyətindən, xüsusən, tarixçi alimlərdən utanmadılar, türk dövlətinə qarşı nümayiş etdirdiyi xəyanətə görə haqlı olaraq cəzalandırılmış bir neçə min satqın erməninin ölməsini soyqırımı adlandırmaqdan da. Onlar 1918-ci ildə Bakıda misli görünməmiş qırğınlar törədərkən öz əməllərinə əks-inqilabi ünsürlərlə mübarizə adı verəndə də dünya ictimaiyyətinin gözünə kül üfürürdülər, 1948-53-cü illərdə yüz minlərlə azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin salanda da. Azərbaycanlılara qarşı 20 Yanvar və Xocalı faciələri törədiləndə də, digər çoxsaylı xəyanətlər ortaya qoyulanda da dünya ictimaiyyətinin gözü ermənilərin çoxdan üfürdüyü küldən təmizlənməmişdi.

Amma indi zaman başqadır. Heydər Əliyev siyasi müdrikliyinin yaratdığı qüdrətli Azərbaycan dövləti, xüsusən, son 16 ildə Azərbaycan diplomatiyasını hücum taktikasına istiqamətləndirmiş Prezident İlham Əliyev ermənilərin bütün yalanlarının ifşasına nail olur. İndi artıq ermənilər regiondakı bütün iqtisadi layihələrdən kənarda qalıblar, bütün beynəlxalq tədbirlərdə təklənirlər və çıxış yolu kimi hakimiyyətə gətirdikləri yeni baş nazirləri də istənilən səfərdən əliboş qayıtmalı olur.

Mən böyük fəxrlə, həm də peşə təəssübkeşliyi ilə deyə bilərəm ki, erməni yalanlarının ifşa edilməsində Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının da az-çox köməyi olmuşdur. Bu proses böyük səylə və uğurla davam etdirilir. Erməni xəyanətlərinə qarşı imzalanan istənilən rəsmi dövlət sənədi bizim məsuliyyətimizi qat-qat artırır.

1918-ci ilin mart soyqırımı erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik böyük Ermənistan ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımlarının ən qanlı səhifələrindəndir. Çox təəssüf ki, sovet dönəmində tariximizin digər qanlı səhifələri kimi Mart soyqırımı da nəinki öz həqiqi qiymətini almamış, hətta bizi sovet dönəmində o faktları unutmağa məcbur etmişlər. Ancaq Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir.

Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmış, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almışdır. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdu. Sonra isə xalqımızın bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanmışdı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilmişdi.

Bu gün hamıya gün kimi aydındır ki, Mart soyqırımı torpaqlarımızın işğalının ayrılmaz bir hissəsinə çevrilmişdi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşdular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuşdu.

Ermənilərin özləri və onların himayədarları törədilmiş faciələrin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törətmək məqsədilə azərbaycanlıların mənfi obrazını yaratmağa çalışmış, özlərinin avantürist torpaq iddialarını riyakarcasına pərdələmişdilər. Mart soyqırımı günlərində on minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.

Adı çəkilən ərazilərin hamısında dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra 1918-ci ilin Mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdı.

Dünyanın ən qədim və mədəni xalqlarından birinin başına gətirilən bu müsibətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919-cu və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalamışdır. Həmin sənəddə deyilirdi ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik böyük Ermənistan ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl -- 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır: Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Cənab İlham Əliyev də xatırladırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdü: Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra -- 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bəli, sonrakı dövrlərdə ermənilərin azərbaycanlılara qarşı apardığı xəyanətkar siyasət bilavasitə onların öz əlləri ilə reallaşdırılmasa da, Sovet rejimi həmin işləri böyük ustalıqla həyata keçirmişdi. Həm də ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün yerli sakinləri qırırdısa, Kreml rəsmiləri həmin siyasəti deportasiyalarla -- əhalinin kütləvi şəkildə və məcburən köçürülmələri ilə reallaşdırırdı. Bu isə ermənilərə daha böyük fürsətlər verirdi.

Əvvəlki xəyanətkar əməllərinə görə tamamilə cəzasız qalan ermənilər Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edərək, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atırdılar. Belə ki, onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Dünyanın hər yerində özünü "yazıq, məzlum xalq" kimi tanıda bilmiş erməni millətçiləri öz havadarlarının köməyi ilə ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlamışdılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi.

Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur, azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəz olunması prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı.

Burada xüsusilə qeyd edilməli bir məqam da vardır. Belə ki, Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci ildə imzalanmış 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında fərman tarixə məhz Azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verən tarixi sənəd kimi düşmüşdür. Həmin tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmasını nəzərdə tuturdu.

Ulu öndərin imzaladığı həmin sənəddə oxuyuruq: SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək, həlak olmuşlar Təəssüf ki, 1948-- 1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

Bütün bunların hamısına görə kimlərsə cavab verəcəklər. Faktlar, tarixi sənədlər göz qabağındadır. Yeri gəlmişkən, Azərbaycanın hüquq-mühafizə orqanları beynəlxalq aləmdəki erməni terror təşkilatlarının adlarını da ictimailəşdiriblər. Çünki terror təşkilatlarının xalqımıza yaşatdığı bəlalar müharibə və münaqişədə yaşadıqlarımızdan az deyil. Həmin terror təşkilatlarından bəzilərinin adını hörmətli oxuculara təqdim etmək istərdik.

Beynəlxalq aləmdə aparılan araşdırmalar sübut edir ki, erməni terrorunun tarixinin 100 ildən çox yaşı var. Belə ki, böyük Ermənistan dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları -- 1887-ci ildə yaradılmış Armenakan, sonradan Hnçak və Daşnaksütyun partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tuturdular.

Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən Armenakan partiyası İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edib.

Hnçak partiyası Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, Rus və İran Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə Böyük Ermənistan dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir.

Daşnaksütyun erməni federativ inqilab partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında Böyük Ermənistan dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən Daşnaksütyun türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra Daşnaksütyun Türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al! əmrini vermişdir. Daşnaksütyun partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış Erməni soyqırımının intiqamçıları qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Məxfi terror qrupu olan DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir.

Erməni gizli azadlıq ordusu (ASOA) 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu (ASALA) 1975-ci ildə yaradılıb və qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində böyük Ermənistan qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın Əbu Nidal, Qara sentyabr kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş Akop Akopyan 1980-ci il avqustun 1-də Nyu-York Tayms qəzetinə verdiyi müsahibədə bildirmişdir: Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir. A.Akopyanın tərəfdarları 1980-ci ilin aprelində Livanda ASALA ilə birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. ASALA 1993-cü il avqustun 28-də Beyrut şəhərində açıqlanan bəyanatında pantürkist neft borusu (Bakı-Tbilisi-Ceyhan) layihəsinin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.

Geqaron 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.

Erməni azadlıq hərəkatı 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

Erməni azadlıq cəbhəsi 1979-cu ildə yaradılan bir terrror təşkilatı olsa da, ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

Orli qrupu 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış terror təşkilatıdır. O, 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

Bu siyahı çox geniş olsa da, həmin təşkilatların məram və məqsədləri adını çəkdiyimiz bir neçə qurumun təqdimatından da aydın olur.

Təbii ki, bu iki fakt ermənilərin azərbaycanlılara qarşı törətdiyi Mart soyqırımı və kütləvi surətdə reallaşdırdıqları deportasiya siyasəti düşmənin bizim xalqa qarşı törətdiyi qanlı cinayətlərin cüzi bir hissəsidir. Azərbaycanın hüquq-mühafizə, istintaq və təhlükəsizlik orqanlarına 1990-cı ilin 20 Yanvarında Bakıya yeridilmiş tankların üstündə oturaraq kimə gəldi atəş açan cinayətkarların arasında çoxsaylı erməninin də olduğu məlumdur. Xocalı faciəsinin törədilməsində bilavasitə iştirak etmiş Serj Sarkisyanın günahsız azərbaycanlıları necə qətlə yetirməsi barədə etirafları da əlimizdədir, Dağlıq Qarabağ münaşiqəsinin ideoloqu Zori Balayanın şəxsən iştirak etdiyi qırğınlardan ruhlanaraq, şərəfsizcəsinə qələmə aldığı sətirlər də.

Amma bu gün bizim diplomatiyamız hücum taktikası üzərində fəaliyyət göstərir. Törədilmiş cinayətlər barədə faktların, dəlil və sübutların, audio-video qeydlərinin hücuma keçəcəyi, dil açıb danışacağı vaxt isə uzaqda deyil. Ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük ustalıqla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı siyasət nəticəsində mənim peşə yoldaşlarımın da hücuma keçəcəyi gün uzaqda deyil. Məhz həmin günün tezliklə gələcəyini xalqımıza qarşı cinayət törətmiş hər bir şəxsin ədalət mühakiməsinə çəkiləcəyini yaxşı bildiyimizə görədir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu hər gün, hər saat, hər an daha ayıq və daha məsuliyyətlidir.