Paralel. - 2019.- 5 mart. - ¹ 42. - S. 10.

 

Azərbaycan- Qafqazda atəşpərəstliyin və xristianlığın ilk məskəni, İslam dininin geniş yayıldığı unikal məkan

 

Ölkəmizdə dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulub

 

 Bu gün Azərbaycanın tarixən tolerantlığı, eləcə də etnik və mədəni rəngarəngliyi ilə seçilən bir ölkə, atəşpərəstliyin vətəni, Qafqazda xristianlığın ilk məskəni, İslam dininin yayıldığı və müxtəlif etnik qrupların sülh şəraitində birlikdə yaşadıqları məkan olduğunu dünyanın bir çox elm və din xadimləri də etiraf edirlər. Bunun nəticəsidir ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və  xalqın həyat tərzinə çevrilib. Bu siyasəti həyata keçirməklə  Azərbaycan tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə də mühüm töhfə verir. Eyni zamanda, multikulturalizm Şərqin və Qərbin qovşağında, müxtəlif dinlərin və xalqların birgə yaşadığı Azərbaycan Respublikasında xarici siyasətin mühüm strateji amilinə çevrilib. Azərbaycan qonşu Ermənistanla münaqişə şəraitində olmasına baxmayaraq, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi üçün zəruri siyasi və sosial şərait formalaşdırılıb.

Qədim tarixi köklərə malik Azərbaycanda bir çox etnik və dini qrupların nümayəndələri Səfəvilər dövründən başlayaraq, XIX-XX əsrlərdə, eyni zamanda Sovet Sosialist Respublikalar İttifaqı illərində də birgə yaşayıblar və onların arasında heç bir narazılıq qeydə alınmayıb.

Onu da xüsusi qeyd etmək lazımdır ki, müasir Azərbaycan 1918-ci ildə müsəlman ölkələri arasında ilk demokratik Respublika, 1919-cu ildə isə qadınlara ilk səsvermə hüququ verən və müxtəlif mədəniyyətlər arasında birgəyaşayışın modeli olan dövlətdir. Dünyanın ən qədim dini məbədlərinin ölkəmizin ərazisində yerləşməsi də, onun qədim tarixindən xəbər verir. 743-cü

ilə aid dünyanın ən qədim məscidlərindən birinin Şamaxı şəhərində yerləşməsi, Qafqaz Albaniyasının ən qədim kilsəsinin Şəkidə olması, Bakının yaxınlığında yerləşən Zərdüştlük məbədi də onu deməyə əsas verir ki, ölkəmiz tarixin bütün dönəmlərində öz dözümlülüyü və tolerantlığı ilə hamının diqqətini cəlb edib. Məhz bunun nəticəsidir ki, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri tarixən Azərbaycanda məskunlaşıblar və bu, müxtəlif dinlər arasında birgəyaşayış modeli kimi qəbul olunur.

Keçən əsrin sonlarında dünyada baş verən qlobal siyasi hadisələr, dünyanın güc mərkəzlərindən biri sayılan sovetlər birliyinin çökməsi, çox mühüm proseslərin başlanğıcına səbəb oldu. Bu da postsovet məkanında, o cümlədən, Cənubi Qafqaz respublikalarında multikulturalizmin yeni modelini formalaşdırdı. Azərbaycanlıların və digər etnik azlıqların Ermənistandan kütləvi deportasiyası, bu respublikanı faktiki olaraq monoetnik dövlətə çevirdi. Bunun tam əksi olaraq Azərbaycan Respublikası ölkənin dağılma tendensiyasının qarşısını alan, müxtəlif mədəniyyətləri və dinləri birləşdirən dövlət olaraq qalmağı bacardı.

Həmin dövrdə bu heç də asan məsələ deyildi. Lakin Azərbaycan dövlətinin və xalqının multikulturalizmə, tolerantlığa və bəşəri birgəyaşayışa verdiyi böyük önəm sayəsində ölkəmizdə bu dəyərlərin qorunması mümkün oldu.

Məlumdur ki, multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc-, yanaşı yaşama prinsipidir. Bu baxımdan ölkəmizdə fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük təbii haldır. Çünki müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetindən irəli gəlir.

Qeyd edək ki, Azərbaycan polietnik dövlətdir. Burada xalq dövləti təşkil edən etnosdan -Azərbaycan türklərindən və milli azlıqlardan təşkil olunub. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmayıb və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan millətinin nümayəndələri hesab olunurlar. Onlardan başqa ölkəmizdə ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar ki, bu milli azlıqların hər birinin müvafiq olaraq tarixi vətəni var və bununla belə Azərbaycan ərazisində yaşayan milli azlıqlara aiddirlər. Onlar da Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları olaraq bütün hüquqlardan istifadə edirlər. Ölkəmizin ərazisində yaşayan azsaylı xalqlar və etnik qruplar, eləcə də dini konfessiya nümayəndələri müxtəlif təşkilatlar, icmalar yaradaraq özlərinin özünəməxsusluqlarını qorumaq imkanlarına malikdirlər. Buna görə də, təkcə Bakı şəhərində iyirmidən çox müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların arasında rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri daha fəaldır. Bu gün ölkəmizin istənilən bölgəsində, etnik azlıqların kompakt şəkildə yaşadıqları ərazilərdə belə icmalar fəaliyyət göstərir.

Onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Onlara misal olaraq Azərbaycanda  dağ yəhudilərinin məskəni Qırmızı Sloboda, rus-Molokanların yaşadığı İvanovka, udinlərin Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur Xınalıq kəndini və eləcə də başqa milli azlıqların yaşadığı onlarla belə məskənləri göstərmək olar ki, onların hamısı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilib.

Bu hüquq etnik azlıqlara imkan verir ki, kompakt yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində doğma dillərində təhsil alsınlar. Bunun üçün dövlət tərəfindən müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir məcmuələri, bədii ədəbiyyat nəşr olunur. Ölkəmizdə etnik azlıqların dillərində qəzet və jurnallar çıxır, milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Ölkəmizdə mövcud olan multikultural mühit imkan verir ki, azsaylı xalqlar və etnik qruplar adət -ənənələrini, maddi və mənəvi mədəniyyətlərini də qoruyaraq inkişaf etdirsinlər. Maddi mədəniyyət abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və digər rayonların tarix-ölkəşünaslıq muzeylərində həmin ərazilərdə yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən ekspozisiyaların nümayiş olunması da, həmin xalqların mədəniyyətlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahədə kitabxanaların da səmərəli fəaliyyət göstərdiyini qeyd etmək lazımdır.

Eyni zamanda, ölkə daxilində, eləcə də beynəlxalq arenada mədəniyyətlərarası ünsiyyətin qurulmasında, üç dini dövrdən - zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunları həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşı vacib rol oynayır. Çünki, artıq Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulub. Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində, bütün dinlər qanun qarşısında bərabər statusa malikdirlər. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət həm də respublikamızın ərazisində məskunlaşan bütün ənənəvi dinlərə böyük qayğı və diqqət göstərir. Eyni zamanda, öz tarixi ənənələrinə söykənən Azərbaycanda vətəndaşların mədəni, o cümlədən dini tələbatlarının təmin edilməsinə nümünə kimi aşağıdakıları göstərə bilərik:

-sovet ateizmində boşluq dövründən sonra Bakıda "Müqəddəs qadınlar" kilsəsi açıldı. Qeyd edək ki, bu kilsə XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fəal dəstəyi ilə tikilib, XXI əsrin əvvəllərində isə digər azərbaycanlı xeyriyyəçinin səyləri ilə yenidən bərpa olunub;

-pontifik II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisinə xeyir-dua verdiyi yeni katolik kostyolu (polyak kilsəsi) açılıb. Bu kilsə 1930-cu illərdə dağıdılan məbədin ənənələrini davam etdirəcək;

-Bakıda, hətta sovet dövründə belə dağıdılmaqdan xilas olan sinaqoq yenidən bərpa edilib və genişləndirilib.

Respublikada millətlərarası münasibətlərdən danışarkən aşağıdakıları da qeyd etmək vacibdir:

Etnik dinindən və mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında göstərilib. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır:

- BMT-nin "İnsan haqları ümumi deklarasiyası",

- Avropa Şurasının "Əsas azadlıqların və hüquqların qorunmasına dair  konvensiyası",

-BMT-nin "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı", -"Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə İclasın Yekun Aktı",

-"ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi",

-Avropa Şurasının "Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası", -Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilən "Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi üzrə konvensiya". Həmçinin Azərbaycan Respublikasının milli siyasətinə həsr olunan dövlət sənədi - "Azərbaycan Respublikasında yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dilinin və mədəniyyətinin inkişafına dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının qəbul edilməsi.

Bütün bunlar onu deməyə əsas verir ki, milli azlıqların qorunması Azərbaycan rəhbərliyinin apardığı siyasətin əsas istiqamətlərindən biridir.  Və bunun nəticəsidir ki, Azərbaycanda Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli töhfələr verirlər. Milli azlıqlar həm də Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında təmsil olunurlar. Respublikanın milli parlamenti - Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları, o cümlədən, rus, ləzgi, tat, talış və b. öz nümayəndələri ilə təmsil olunublar. Təkcə bir faktı qeyd etmək yetər ki, ölkəmizdə mövcud olan multikultural mühit və burada yaşayan azsaylı xalqların yaşam tərzi barədə dolğun məlumat əldə edəsən. Belə ki, 2010-cu il parlament seçkiləri zamanı ATƏT-in demokratik institutlar və insan haqları üzrə bürosu və müşahidə komissiyası öz məruzəsində qeyd edib ki, Azərbaycanda, dövlət ərazisində yaşayan etnik azlıqların seçkilərdə iştirakı məsələsində heç bir problem yoxdur. Respublikada müxtəlif etnik qrupların dinc yanaşı yaşamaları üçün bütün şərait yaradılıb.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub