Xalq qəzeti. - 2019.- 11 yanvar. - ¹ 7. - S. 3.

 

                                                                                                                           20 Yanvara aparan yol

 

Sadir Məmmədov,

Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, istefada olan polis polkovniki,

hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan xalqının həyatında elə böyük faciələr var ki, onlar haqqında hələ də gənc nəslin, dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur. Xalqımız, eləcə də dünya ictimaiyyəti bilməlidir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin dərin kökləri vardır.

Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və sovet hakimiyyəti dövründə ardıcıl olaraq davam etmişdir. Nəticədə soydaşlarımız doğma torpaqlarından qovulmuş, qaçqın və köçkünə çevrilmişlər.

İki əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər təkcə Sumqayıt hadisələri, 20 Yanvar, Xocalı soyqırımı ilə məhdudlaşmır. Bu proses 1905-1906, 1918-1920, 1947-1953 və 1988-1994-cü illərdə də davam etdirilmişdir.

Süquta uğradığını hiss edən sovet rejimi özünün son günlərində 70 il ərzində törətmiş olduğu cinayətlər sırasına daha bir faciəni əlavə etdi. 29 il bundan əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi qüvvələri fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridildi və Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış günahsız xalqa divan tutuldu.

Nə qədər ki, ümummilli lider Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunurdu, bədnam ermənilər niyyətlərinə nail ola bilmirdilər. Ulu öndər Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosunda olması M.Qorbaçov və ermənilər üçün bir sipər idi. Ulu öndərin 1987-ci il oktyabrın 21-də Siyasi Bürodan istefa verməsindən bir neçə gün keçməmiş Qarabağ məsələsi ortaya atıldı. 1987-ci il oktyabrın 27-də Yerevanda təşkil olunmuş mitinqdə “Heydər Əliyev Siyasi Bürodan getdiyinə görə Dağlıq Qarabağın Ermənistana birləşməsinə mane ola bilməyəcək” – kimi şüarlar səsləndirildi.

O vaxt M.Qorbaçovun ən yaxın adamlarından biri, iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini bəyan etmişdi. Eyni zamanda, “Humanite” qəzetində bu məsələyə Moskvanın razı olduğu barədə məlumat da dərc edilmişdi.

1988-ci ilin əvvəllərində M.Qorbaçov Silva Kaputikyan başda olmaqla erməni ekstremist nümayəndəliyini qəbul edərkən məsələ öz təsdiqini tapdı. Elə həmin vaxtdan – 1988-ci il fevralın əvvəllərindən Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər başlandı. Bundan dərhal sonra erməni “Qarabağ Komitəsi” DQ MV-dəki “Krunk” təşkilatı gizli fəaliyyətdən birbaşa açıq fəaliyyətə keçdi və ermənilər tərəfindən “Miatsum” adlanan hərəkat formalaşdırıldı.

Azğınlaşmış ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etməsi və 1989-cu il dekabrın 1-də “Ermənistan SSR-lə Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” qərarına Azərbaycan xalqı öz etiraz səsini ucaltdı.

Azərbaycan rəhbərliyi isə yalnız Kremldən gələn əmrləri yerinə yetirməklə məşğul olurdu. Gördükləri tədbir isə B.Gevorkovun yerinə daşnak Henrix Poqosiyanı təyin etmək oldu.

Moskvadan gələn emissarlar isə Azərbaycana qarşı daha məkrli ssenarilər hazırlamağa davam edirdilər. Respublika ərazisində – Bakıda, Sumqayıtda, digər rayon və şəhərlərdə erməni təxribatçıları hazırlanmışdı.

Dağlıq Qarabağda gərginləşən vəziyyətin qarşısının alınması əvəzinə SSRİ rəhbərliyi vilayətin sosial-iqtisadi inkişafına 400 min rubl vəsait ayırmaqla dünya ictimaiyyətinin diqqətini əsas məsələdən yayındırdı.

Düşmənlər bundan daha da ruhlandılar. 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. 1988-ci ilin iyul ayında SSRİ Ali Soveti Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə edilən zaman M.Qorbaçov Azərbaycan deputatları ilə yanaşı, Ermənistan deputatlarının da eyni hüquqda iştirakını tələb etdi. Bu isə M. Qorbaçovun Ermənistan üçün yaratdığı növbəti şərait idi.

İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı növbəti xəyanəti 1989-cu ilin yanvarın 12-də DQMV-də xüsusi idarəçilik forması yaradılması haqqında SSRİ Ali Sovetinin qərar qəbul etməsi və ermənipərəst Arkadi Volskinin komitəyə sədr təyin edilməsi oldu.

Arkadi Volskinin təşəbbüsü və səyi nəticəsində 50 min nəfər azərbaycanlı DQ MV-dən müxtəlif üsullarla deportasiya edildi.

Ümumiyyətlə, 20 Yanvar hadisəsinə qədər SSRİ və respublika rəhbərliyinin imzaladığı qərar və fərmanlarda Azərbaycanın xeyrinə bir dənə də maddə olmadı. DQMV-nin Azərbaycanın tərkibindən çıxarılması siyasəti mərhələ-mərhələ həyata keçirilirdi.

1989-cu ilin noyabrında səbr kasası dolmuş Azərbaycan xalqı Bakının mərkəzi meydanında mitinqlərə başladı.

1990-cı il yanvarın 18-də Bakıda və Azərbaycanın digər rayonlarında keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan edildi. Bundan yararlanan M.Qorbaçov xalq hərəkatını boğmaq üçün müxtəlif vasitələr axtardı. Yerli hakimiyyət isə çox aciz vəziyyətə düşdü. Bakıda və rayonlarda aylarla davam edən mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb ­olunurdu.

1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi və qarşıdurma daha da dərinləşdi. Bakıda milis tərksilah olundu, SSRİ DİN-nin daxili qoşun hissələri Bakıya gətirildi. 1990-cı il yanvarın 13-də Bakıda bir erməninin 2 nəfər azərbaycanlını öldürməsi fitnəkarlığın əsasını qoydu. Süni şəkildə erməni talanları təşkil edildi. Əməliyyat şəraiti daha da mürəkkəbləşdi, ictimai asayiş pozulmağa başladı. Lakin bunların qarşısını almağa cəhd belə göstərilmədi. Halbuki, Bakıda SSRİ DİN-in 12 min nəfərlik silahlı qüvvəsi var idi.

Yanvarın 15-də SSRİ Ali ­Soveti Rəyasət Heyəti “DQMV-də və bəzi başqa regionlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. Gəncə və digər şəhərlərdə qadağan (komendant) saatı tətbiq edildi.

Bakıya hərbi texnikalar gətirilməsi prosesi davam edirdi. O vaxtlar xalq hərəkatına rəhbərlik edənlər və xalq cəbhəsi təmsilçiləri buna cavab olaraq Bakı ətrafında və Bakıda hərbi hissələrə yaxın ərazilərdə sədlər, yük və minik maşınlarından, avtobus və trolleybuslardan ibarət barrikadalar yaratmağa başladılar. Piketlər təşkil olundu ki, bu da yanvarın 20-də çoxlu sayda dinc əhalinin həlak olmasına və yaralanmasına səbəb oldu.

Artıq 1990-cı il yanvarın 16-da Moskva rəhbərliyi SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y. Primakovu və Sov. İKP MK-nin katibi A.Qirenkonu Bakıya göndərdi. Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında böyük mitinq başlandı və 3 gün davam etdi. Mitinqdə əsas tələblər bunlar idi:

– Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son ­qoyulsun;

– Bakı ətrafına yığılmış qoşunlar Dağlıq Qarabağa göndərilsin,

– Respublika rəhbərliyi istefaya getsin, qadağan saatları ləğv olunsun və s.

Sovet rəhbərliyi xalq hərəkatını boğmaq, xalqımızın müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, habelə digər respublikaları qorxutmaq üçün 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı.

Lakin fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər qətlə yetirilmiş, 20 nəfər ağır yaralamışdı. Yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyət olmayan rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi. Cəlilabadda çox gərgin vəziyyət yaranmışdı.

Həmin gecə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Serqey Kryuçkov, müdafiyə naziri Dimitri Yazov və daxili işlər naziri Vadim Bakatin hərbi əməliyyata rəhbərlik etmişdilər. Yalnız yanvarın 21-də onlar hərbi təyyarə ilə Moskvaya qayıtmışdılar.

Artıq 1990-cı il dekabrın 20-də SSRİ Baş Hərbi Prokurorluğu hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam vermiş, faciəyə siyasi və hüquqi qiymət verməkdən imtina edilmişdi. Halbuki, da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan Konstitusiyasının 71-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdu.

Eyni zamanda, törədilmiş faciə haqqında xəbərlərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq məqsədilə SSRİ DTK-in “Alfa” qrupu respublika televiziyasının enerji blokunu partlatdı. KİV-in nəşrinə qadağa qoydu. Əhali blokadaya düşərək baş verənlərdən məlumatsız qaldı. Hərbi texnikaların üzərində heç bir nömrə nişanı yox idi. Xəzər Hərbi Dəniz Donanmasından desant qrupları şəhərə girmişdi.

SSRİ MN-nin, DİN və DTK-nin həyata keçirdiyi “Udar” (zərbə) adlı əməliyyatda xüsusi təyinatlı təxribat qrupları mühüm rol oynayırdı. Sonradan isə məlum oldu ki, Bakıya hücum edənlərin çoxu əvvəllər məhkum olunmuş cinayətkarlardan və ermənilərdən ibarət imiş.

Beləliklə, sovet qoşunlarının təcavüzü nəticəsində təkcə Bakı şəhərində 133 nəfər qətlə yetirildi, 800 nəfərdən çox insan yaralandı, 100-ə yaxın avtomaşın məhv edildi. 841 nəfər etirazçı həbs edildi, 5 nəfər isə itkin düşdü.

Faciəyə etiraz səsini ən birinci ucaldan, ilk hüquqi-siyasi qiymət verən də ümummilli liderimiz Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək keçirdiyi brifinqdə 20 Yanvar hadisələrinin təşkilatçılarını, M.Qorbaçov başda olmaqla ifşa etdi. 1990-cı ilin noyabr ayında ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinə prinsipial qiymət verilməsi məsələsini yenidən gündəmə gətirdi. Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında 5 bənddən ibarət bəyannamə qəbul etdi. Lakin Azərbaycan hökuməti buna reaksiya vermədi.

Yalnız ümummilli lider Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. 1994-cü il martın 29-da isə Milli Məclis tərəfindən 1990-cı il 20 Yanvar faciəsinə əsl siyasi və hüquqi qiymət verildi.

31 mart 1998-ci il tarixli fərmanla “20 Yanvar şəhidi” adı təsis edildi. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” adı haqqında əsasnamə təsdiq olundu və

Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi yaradıldı.

Prezident İlham Əliyev isə 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman imzaladı. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparıldı.

Dövlətimiz mütəmadi olaraq şəhid ailələrinə öz qayğısını əsirgəmir və onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər görür.