Ədalət.-2019.-23 fevral.-37.-S.4.

 

Gəncə quberniyasında azərbaycanlıların soyqırımı

 

Ə. Mədətoğlu

 

(əvvəli ötən sayımızda)

Şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyası Cavanşir qəzasında azəbaycanlılara qarşı vəhşiliklər törədilməsinə rəhbərlik etmiş ermənilərin bir qrupunun adları da müəyyənləşdirilmişdi.

Bunlar Yuxarı Qarxun kəndində torpaq sahibi mühəndis Konstantin Abramov, Avan Yüzbaşyevin malikanəsini idarə edən Baqrat bəy Məlik-Şahnazarov, Marağalı kənd icmasının kəndxudası Nerses Manukov, Gülyataq kəndinin sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artyom və Muku Sukiasovlar, Yevrem və Nikolay Şahbaqovlar, Bazarkənddən Nikolay Saruxanov, Vank kəndindən Tiqran Asan Cəlalov, Yuxarı və Aşağı Çaylı kəndlərindən Şamir Ağabekov, Setrak Usubbekov, Talış kəndindən Tyuni Atambekov, Ağdərə kəndindən Karapet Anastasov, Talış kəndindən İsaak və Minas Ter-Danielov qardaşları, həmin kənddən Rüstəm Babayev, Çardaxlı kəndindən Baxış Avanesov, Aşağı Çaylı kəndindən Akopcan Masesov, Nikolay Sokratov, Ağdərəli Markos bəy Ter-Astsaturov, Marqoşavan kəndindən Atakişi Xaçaturov və başqaları idi. Bu ermənilər Cavanşir qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin yalnız rəhbərləri deyil, həm də şəxsən onların öldürülməsində, onlara işgəncə və əzablar verilməsində iştirakçıları idilər.

Komissiya Cəbrayıl qəzası üzrə 10 qərar layihəsi hazırlamışdır. 1918-1919-cu illərdə erməni silahlı quldurları Cəbrayıl qəzasında törətdikləri vəhşilikləri haqqında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Mixaylovun məruzəsində geniş məlumatlar verilir.

Məruzədə 1918-1919-cu illərdə ermənilərin hərbi təcavüzü nəticəsində ziyan çəkmiş Cəbrayıl qəzasının kəndlərinin (26 kənd) siyahısı verilir: Düdükçü, Edilli, Ağbulağ, Qoqa, Çirakuz, Axullu, Arış, Qaragöllü, Doşulin, Toqo, Əfəndilər, Aşıq Məlikli, Xolaflı, Tatar, Şıxlar, Sirik, Ağcakənd, Dələnlər, Mülkədarlı, Qərvənd, Qaradağlı, Zərgər, Boliant, Eyvazlı, Əvətli, Məzrə.

Cəbrayıl qəzasında azərbaycanlı kəndlərinin qarət edilməsi və yandırılması həm də dinc insanların qətlə yetirilməsi və yaralanmaları ilə müşayiət olunurdu. Bununla bağlı həmin dövrdə Cəbrayıl qəza rəisinin, eləcə də qəzanın ayrı-ayrı sahə nəzarətçilərinin Cümhuriyyət rəhbərlərinə ardıcıl göndərdikləri geniş məlumatlar arxiv sənədlərində öz əksini tapıb. Onlardan bəzilərini nəzərdən keçirək. 1918-ci il dekabrın 7-də Cəbrayıl qəzasının Arış kəndinə erməni silahlı quldur dəstələri basqın etmiş, əhalinin qoyun sürülərini sürüb aparmışlar. Dekabrın 5-də isə silahlı ermənilər Qaragöllü kəndinə hücum edərək qoyun sürülərini aparmışlar. Dekabrın 2-də erməni silahlı quldur dəstələri Aşıq Məlikli kəndinə hücum edərək əmlaklarını talan etmiş, evlərini yandırmış, mal-heyvanlarını isə sürüb aparmışlar. Bu kənddə bir kişi öldürülmüşdür. Dekabrın 2-də ermənilər Xoflu, Tatar, Şıxlar kəndlərini talan etmiş, yandırmış, mal-heyvanlarının bir hissəsini məhv etmiş, bir hissəsini isə sürüb aparmışlar. 1919-cu il fevralın 27-də Ağcakənd Dələnlər və Mülkədarlı kəndlərinin erməniləri yenidən Sirik kəndinə hücum edərək yenə də bu kəndin bir hissəsini yandırmış, 11 kişi, 10 qadın, 14 uşaq qətlə yetirilmiş (cəmi 35 nəfər- V.Ş.) və 2 kişi yaralanmışdı. Axullu kəndinin qarət və yandırılması zamanı iki kişi, üç qadın və bir uşaq öldürülmüş (6 nəfər - V.Ş.), bir kişi yaralanmışdır. Məzrə kəndinə hücum zamanı altı kişi öldürülmüşdü (6 nəfər öldürülmüşdü - V.Ş.).

Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 20 sentyabr tarixli iclasında Cəbrayıl qəzasının Düdükçü kəndinin ermənilər tərəfindən dağıdılması haqqında verilən hesabata uyğun olaraq qərar qəbul etmişdir. 1920-ci il yanvar aynın 21-də Cəbrayıl qəzasının 3-cü sahə pristavı Cəmilbəyov Azərbaycan Respublikası Parlamentinə göndərdiyi teleqramda Qəzanın 8 kəndinin erməni hərbi hissələri tərəfindən məhv edilməsi haqqında məlumat verirdi. Komissiya Şuşa qəzası üzrə-11 qərar layihəsi hazırlamışdır. Gəncə quberniyasının ən çox ziyan çəkən qəzasının biri də Şuşadır. Komissiyanın məruzəsində şahidlərin ifadələri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanırdı. Şahidlərin ifadələrinə görə, 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə daxil olan Qoqa kəndinin azərbaycanlılar yaşayan 55 evdən ibarət malikanələr dağıdılaraq yandırılır. Mülkədar Cavanşirin malikanəsi də dağıdılıb yandırılmış, ailə başçısı Əsəd Ağa Cavanşiri, onun oğlu Soltan ağanı, qızı İranə Bəyimi, qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev qulluqçusu İncə İbad qızını, nökərləri Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli Kərbalayı Ələsgər oğlunu öldürmüş (8 nəfər - V.Ş.), ölüləri təhqir edərək onları soyundurub sonra da xəncərlə doğramışlar. 1919-cu ilin may ayına qədər Tuğ mülkədarı Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən ermənilər onu öldürüb, əmlakını müsadirə edirlər. Tuğ sakini Güldəstə xanım Nəcəf bəy qızını da döyə-döyə öldürürlər. Tuğ yolunda ermənilər Novruz Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu qarət edir və sonra isə döyərək öldürürlər (Tuğ kəndinin 4 nəfər sakini öldürülür - V.Ş.). 1919-cu il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şose yolunda 4 nəfər azərbaycanlı əsgəri soyunduraraq güllələmiş və 3 nəfərin ölüsünü isə gizlətmişlər (7 nəfər öldürülmüş - V.Ş.).

FTK şahid ifadələrini əsaslanaraq qeyd edirdi ki, yalnız Şuşa qəzasında dağıdılmış, yan-dırılmış, talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi. Öldürülənlər üzərində ağılagəlməz vəhşiliklər edilmişdir. Onlar süngülərlə dəlik-deşik edilir, başları kəsilir, kiçik yaşlı uşaqlar süngülərə taxılaraq vəhşiliklə öldürülür, qadınların döşü, kişilərin burun, qulaq və cinsiyyət üzvləri kəsilirdi. Ölüləri doğrayır, yandırır və hər cür təhqirlərə məruz qoyurdular.

Fövqəladə Təhqiqat Komissiyasının üzvi M. Mixaylovun məruzəsində Şuşa qəzası üzrə Abdal və Gülablı, Ətyeməzli, Xıdırlı, Quzanlı, Divonəmirqor, Qoqa, Kovşatlı, Koybaşkənd, Mərzəli-Muğanlı, Salakətin kəndlərinin (13 kənd) (bu kəndin vəziyyətilə bağlı məlumat FTK-in üzvi A. Novatsikinin məruzəsində yer alıb) ermənilər tərəfindən dağıdılması, əmlakların qarət olunması və dinc müsəlman əhalisinə qarşı törədilmiş vəhşiliklər haqqında geniş məlumat verilir. Həmin məlumatlar Dövlət Arxivinin 1061-ci fondunda saxlanılmaqdadır.

Gəncə quberniyası üzrə cəmi: 166 Azərbaycan kəndi dağıdılmış, qarət olunmuş, evlər yandırılmış və erməni silahlıları tərəfindən həmin kəndlərin əhalisinə qarşı insanlığa sığmayan zorakılıqlar törətmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu ilin yanvarında Azərbaycanın mübahisəsiz ayrılmaz hissəsi olan Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisində müvəqqəti general-qubernator yaradır. Yanvarın 29-da Xosrov bəy Sultanov oraya general-qubernator təyin edilir. Yalnız bundan sonra Azərbaycan ordusunun nəzarəti altında olan yerlərdə erməni vəhşiliklərinin qarşısını qismən almaq olur. Cümhuriyyət dövründə Gəncə quberniyasına daxil olan Zəngəzur, Cavanşir Cəbrayıl və Şuşa qəzaları Azərbaycanın ayrılmaz hissəsi olaraq qalırdı. Lakin Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra Sovet hökuməti Zəngəzuru ermənilərə verdi, Qarabağı iki hissəyə parçalayaraq (dağlıq və aran Qarabağ), gələcəkdə ermənilərə vermək üçün, onun dağlıq hissəsində erməni əhalisinin sayı süni olaraq artırıldı. Bu da sonralar Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına və 1988-1994-cü illərdə isə rus ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmasına gətirib çıxartdı.

Beləliklə, tarixin müəyyən vaxtlarında Rusiyanın maddi, siyasi və hərbi yardımına arxalanaraq xalqımıza qarşı dəhşətli qırğınlar törədən, onları doğma torpaqlarından didərgin salan, onların əmlaklarını qarət edən, mədəniyyətini məhv edən ermənilər, öz məkrli siyasətlərindən bu gün də əl çəkməmişlər.

Hazırda Rusiyanın yaxından köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon qaçqının acınacaqlı vəziyyətdə yaşamaları və bütün bu hadisələrə ABŞ və Qərb dövlətlərinin göz yummaları, yaxud xristian təəssübkeşliyi ilə erməni mövqeyinin müdafiə etmələri, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884) ermənilər tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir ki, dünyada xristian həmrəyliyi hələ də qalmaqda və Cənubi Qafqazda xristian Erməni dövləti haqsız olaraq müdafiə olunmaqdadır. Azərbaycan xalqı bu tarixi dərslərdən nəticə çıxartmalı, dostunu-düşmənini tanımalı və parçalanmış torpağının müdafiəsini gücləndirməli, şərait yetişən kimi işğal olunmuş ərazilərini azad etməlidir.

Xalqımız məkrli düşmənin və onların havadarlarının planlarını puça çıxartmaq üçün ayıq olmalı və gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq məqsədilə qüvvələrini birləşdirməlidir.