Azərbaycan.-2019.-26 fevral.-№46.-S.7.

 

Bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət

 

Emma Aslanova,

Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Heydər Əliyev

 

Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan, cinayətlər törədən ermənilər XX əsrin sonlarında növbəti tarixi cinayəti - Xocalı soyqırımı aktını həyata keçirdilər. Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdikləri etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə, onlar Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutdular. Hadisələrin gedişatını diqqətlə izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilib. 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-da avtomobil əlaqələri kəsilən Xocalıya yeganə gediş hava xətti ilə mümkün olurdu. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulmasından sonra bu əlaqə də kəsilmişdi. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşamışdır.

Xocalı həm də strateji mövqeyə malik idi. 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin necə canfəşanlıq etdiklərini aydın təsəvvür etmək olar.

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq, sonradan müxtəlif yollarla onu genişləndirərək "böyük Ermənistan” yaratmaqdan ibarət olmuşdur. 1813-1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanması, tarixi torpaqlarının bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti zaman-zaman davam etdirildi.

 

Ulu öndərin sayəsində Xocalı soyqırımı dünyaya tanıdıldı

 

Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 27 il ötür. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq, bu qanlı faciə haqqında düşündükcə istər-istəməz saysız-hesabsız suallarla rastlaşırıq. Azərbaycan xalqına qarşı uzun illər terror aktları həyata keçirən, müxtəlif tarixi dövrlərdə genosid siyasəti yürüdən ermənilər bu siyasətin tərkib hissəsi kimi Xocalı soyqırımını törətdilər. Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət verilməsi yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlığının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.

Ulu öndər Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzaladı. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdir: "...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi kimi elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Biz bunu qanunla qəbul etdik...”

 

Cinayətkarlar beynəlxalq səviyyədə ifşa olunmalıdır

 

Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətləri, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən vacib məsələ tərəflər arasında 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsi idi. Ulu öndər Heydər Əliyevin gərgin zəhməti və diplomatik səyləri nəticəsində əldə edilən bu razılıq, xarici təcavüz və daxili çəkişmələr nəticəsində çətin vəziyyətə düşmüş ölkəmizdə yeni itkilərin qarşısını aldı, işğalın miqyasını daraltdı, digər tərəfdən, müharibədə böyük itkilərə məruz qalan vətənimiz üçün ictimai-siyasi vəziyyətin sahmana salınması baxımından əlverişli mühit yaratdı.

1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq fevralın 26-da saat 17.00-da sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən fərman verilmişdir. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

1998-ci ildə Azərbaycanın Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, MDB ölkələrinə və digər beynəlxalq təşkilatlara, ölkələrin parlament və hökumətlərinə müraciət edərək azərbaycanlılara qarşı törədilmiş soyqırımına beynəlxalq hüquqi-siyasi qiymət verilməsini istəmişdir.

Azərbaycanda böyük quruculuq işlərini və ulu öndərin siyasi proqramlarını, dövlətçiliyimiz üçün vacib olan ideyaları cəsarətlə həyata keçirən Prezident İlham Əliyevin Xocalı hadisələrinə yanaşma metodu zamanın tələblərinə uyğun olaraq ardıcıl və kəskindir. Cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə deyib: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

 

"Xocalıya ədalət!”

 

Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətini davam etdirən Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın soyqırımı həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətindəki xidmətləri xüsusilə qeyd edilməlidir. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər də təqdirəlayiqdir. İlk gündən kampaniya uğurla davam edir və aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub. Həyata keçirilən bu cür mühüm işlərin nəticəsidir ki, Pakistan, Meksika və Kolumbiya parlamentləri, Çexiya parlamentinin Beynəlxalq əlaqələr komitəsi, Amerikanın Massaçusets, Texas, Nyu Cersi, Corciya, Men, Nyu Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virginia, Konnektikut və Florida ştatları Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər. Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.

Sonda fikirlərimi Prezident İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm. Dövlət başçısı çıxışlarının birində qəti şəkildə bəyan etdi ki, "Azərbaycan xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaq. Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq”.