Ədalət. - 2019.- 22 fevral. - 36. - S. 7.

 

Gəncə quberniyasında soyqırımı

 

Ə. Mədətoğlu

 

(əvvəli ötən sayımızda)

6) Pulkənd kəndi həmin dövrdə dağıdılmışdı: 19 nəfər öldürülmüş, 160 min manat zərər vurulmuşdur.

7) Ərikli kəndi həmin ilin aprel ayında dağıdılmışdır: 25 nəfər öldürülmüş, 128 min manat zərər vurulmuşdur.

8) Dəstəkert kəndi həmin ilin aprel ayında dağıdılmışdır: 100 min manat zərər vurulmuşdur.

9) Şıxlar kəndi həmin ilin iyun ayında dağıdılmışdır: 95 nəfər öldürülmüş, 500 min manat zərər vurulmuşdur.

10) Zabalzadur kəndi həmin dövrdə dağıdılmışdır: 90 min manat zərər vurulmuşdur.

11) Şəki kəndi avqust ayında dağıdılmışdır: 95 nəfər öldürülmüş, 16 milyon manat zərər vurulmuşdur.

12) Yaqublu kəndi həmin ilin avqust ayında dağıdılmışdır: 28 nəfər öldürülmüş, 6 milyon manat zərər vurulmuşdur.

13) Qızılcıq kəndi həmin ilin avqustunda dağıdılmışdır: 27 nəfər öldürülmüş, 5 milyon manat zərər vurulmuşdur.

14) Vağudi kəndi həmin ilin avqust ayında dağıdılmışdır: 96 nəfər öldürülmüş, 13 milyon manat zərər vurulmuşdur.

15) Sisyan kəndi həmin ilin sentyabrında dağıdılmışdır: 60 adam öldürülmüş, 800 min manat zərər vurulmuşdur.

Bu sənədlərdən göründüyü kimi Ermənistanın indiki inzibati ərazisinə daxil olan təkcə Sisyan rayonunda 9 ay müddətində dağıdılan 15 kənddə 625 nəfər öldürülmüş, 51.390.000 manat zərər vurulmuşdu. Zəngəzur qəza rəisinin 1918-ci il 12 sentyabrın tarixli məlumatına görə, Andranikin rəhbərliyi altında ermənilər Rut, Darabas, Ağadi, Vağudi, Ərikli, Şükürlü, Məlikli, Pulkənd, Şəki, Qizilciğ, Qara-Kilsə, İrlik, Paxlilu, Darabas, Kürtlər, Xotanan, Sisyan və Zabalzadur kəndlərini dağıtmış və yandırmışdılar. Həmin kəndlərdə 500 nəfər kişi, qadın və uşaq qətlə yetirilmişdi.

Zəngəzur Qəza rəisinin 26 noyabr 1918-ci il, 655 saylı teleqramında qeyd olunurdu ki, Sisyan mahalını məhv etdikdən sonra erməni silahlı dəstələri Mehri dərəsində müsəlman kəndləri olan Lehvaz - 70 ev, Tey (Acılı) - 75 ev, Mülk - 30 ev, Gül - 10 ev, Bənövşə-Puş - 5 ev, Tağamir - 25 ev, Vartanizor-I - 100 ev və Vartanizor-II-də - 60 ev dağıdmışdılar. Bu kəndlər üzrə 200 nəfəri amansızlıqla qətlə yetirmişdilər.

Gənc qubernatorunun ünvanına göndərilən 6 yanvar 1919-cu il, 152/10 saylı teleqramda isə Gorusa İngilis-fransız diplomatik heyətinin gəlməsinə baxmayaraq, ermənilərin qonşu müsəlman kəndlərinə hücumunun davam etdirildiyi göstərilirdi. Ermənilər dinc müsəlmanları qətlə yetirmiş, əmlaklarını qarət etmiş, evlərini yandırmışdı. Razdərə, Əsgərli, Vələlər kəndləri qarət olunmuş və yandırılmışdır.

Zəngəzur Qəza rəisinin Gəncə Qubernatoruna göndərdiyi 15 dekabr 1918-ci il tarixli, 745 saylı teleqramında verdiyi məlumatına görə, ermənilər tərəfindən qonşu müsəlman kəndləri - Əlidərə, Mərziğit, Tuğut kəndləri dağıdılmış, yandırılmışdı. Eyni zamanda Nüvədi və Eynazor mühasirə edilmiş və atəşə tutulmuşdur. Gəncə Qubernatorunun adına göndərilmiş 14 fevral 1919-cu il tarixli 394 saylı teleqramda deyilirdi: Zağalı kəndinin (Göyçə mahalı) 311 müsəlman əhalisinin adından bildirilirdi ki, 28 yanvar 1919-cu il tarixdə onların kəndləri erməni qoşun birləşmələri tərəfindən dağıdılmış, kəndin 15 müsəlman sakini öldürülmüş qalanları isə Azərbaycana qaçmışlar.

Gəncə quberniyasının qubernatoru Vəkilovun Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanladığı çoxsaylı teleqramlarında Zəngəzur, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarının azərbaycanlıların yaşadığı kəndlərdə ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verir və hökumətin təcili və ciddi tədbirlər görməsini xahiş edirdi.

1918-1920-ci illərdə ermənilərin ən çox vəhşiliklər törətdiyi Azərbaycan ərazilərindən biri də Qarabağ bölgəsi olmuşdur. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanıb Andranikin qüvvələri ilə birləşərək, Qarabağla Ermənistan arasındakı müsəlman kəndlərinin əhalisini silah gücünə qovaraq Qarabağı Ermənistana birləşdirmək fikirində idilər. Lakin onların məkrli planı azərbaycanlıların güclü müqaviməti nəticəsində baş tutmamışdır.

Əlimərdanbəy Topçubaşov "Azərbaycanın təşəkkülü" əsərində Andranikin Şuşa, Cavad, Cəbrayıl və Zəngəzur ərazilərində azərbaycanlıları qovub onların yerinə İrandan, ələlxüsus da, Türkiyədən gəlmə ermənilərin köçürməsindən yazmış və qeyd etmişdi ki, onun fikri Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməkdir.

Fövqəladə Təhqiqat Komissiyası Cavanşir qəzası üzrə bir qərar layihəsi hazırlamışdı. Ermənilərin hərbi təcavüzü nəticəsində Cavanşir qəzasının Kolanı kənd icmasına daxil olan kəndlərin əhalisi öz doğma yerlərini tərk etməyə məcbur olurlar. Lakin əhalinin çoxu, xüsusilə qadınlar və uşaqlar soyuqdan və acından yollarda məhv olurlar. Qaçqınların çoxu erməni quldur dəstələri tərəfindən amansızcasına qətlə yetirirdilər. Kəndlərdən qaça bilməyən xəstələrə və qocalara belə aman verməyən ermənilər onları son nəfərinə qədər qəddarcasına güllələmiş və ya xəncərlə doğramışlar.

Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi erməni təqiblərindən yaxa qurtarmaq üçün payız aylarında Murov dağın çətin və keçilməz yollarından böyk tələfatlarla aşaraq Cavanşir qəzasının aran kəndlərinə gəlir və həmin qəzanın müxtəlif kəndlərində özlərinə sığınacaq tapırdılar.

1918-ci ilin yaz və yay aylarında Cavanşir qəzasının düzənlik hissəsinin müslman əhalisinə qarşı da dağıdıcı basqınlar edirdilər. Aran kəndlərinin əhalisi 1918-ci ilin yayında öz mal-heyvanlarını yaylaqlara apara bilmədikləri üçün çoxu tələf olurdu.

N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərirdi ki, Cavanşir qəzasındakı ermənilər qəzada yaşayan azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasnın ərazisi elan edərək Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmirlər və əvvəlki kimi öz zorakılıq hərəkətlərini davam etdirirlər. N.Mixaylovun məruzəsində göstərilirdi ki, Cavanşir qəzasında 12 azərbaycanlı kəndi (Dəmirlər, İmarət-Qərvənd, Çarəktar, Umudlı, Qaralar, Şırxəvənd, Sırxavənd, Bruc, Əli-Ağalı, Xaçın-Dorvatlı, Çıraxlı, Hacı) tamamilə dağıtmaqla yanaşı, erməni quldur dəstələri tərəfindən ətrafdakı digər azərbaycanlı kəndlərinə də basqınlar edilir, adamlar qarət olunur və qətlə yetirilirlər. Azərbaycanlıların iribuynuzlu və xırdabuynuzlu mal-heyvan sürülərini zorla sürüb aparırlar.

Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara və hətta şikəstlərə belə aman vermədən azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törətmişdilər. Məsələn, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məhəmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirmiş, sonra isə onların cəsədlərini doğrayaraq hər hissəini bir yerdən asmışlar.

Hacı Qərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızının döşləri kəsilmişdir. Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruz oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu qəddarlıqla qətlə yetirilmiş və meyitləri yandırılmışdır. Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və yandırılmışdı. Güneyqala-Sırxavənd kəndinin skinləri Şərit İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyidləri tapılarkən ermənilər tərəfindən başlarının kəsildiyinin şahidi olmuşlar.

(ardı gələn sayımızda)