Xalq qəzeti. - 2019.- 10 yanvar. - ¹ 6. - S. 4.

 

Şəhidlər milyonlara fədakarlıq dərsi keçdilər

 

Mehdi Abdullayev,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq üzrə elmlər doktoru

 

Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, ­bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban ­vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Müstəqillik tariximizə qanla yazılmış 20 Yanvar faciəsindən 29 il keçsə də, xalqımızın başına gətirilmiş bu qətliam unudulmur və heç vaxt unudulmayacaq. Canlarını milli azadlıq, istiqlaliyyət yolunda qurban vermiş mərd oğul və qızlarımızın əziz xatirəsi hər il anılır, əhali axın-axın Şəhidlər xiyabanına gedir, milyonlara fədakarlıq dərsi keçmiş şəhidlərimizin məzarı üzərinə tər gül-çiçək dəstələri düzür, azadlıq fədailərini ehtiramla yad edir.

Hər il olduğu kimi, bu il də şəhidlərimizin xatirəsini yad etmək, anım mərasimləri keçirmək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.

Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcəkdir.

Sərəncamda, həmçinin paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti kimi dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

1990-cı ilin 20 Yanvarında Azərbaycanın xəritəsinə yeni bir ünvan yazıldı: Şəhidlər xiyabanı. Bu ünvan təkcə paytaxtımızda deyil, respublikamızın bütün bölgələrində mövcuddur. Artıq 29 ildir ki, Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Şəhidlik zirvəsinə ucalanlar milyonlara fədakarlıq dərsi keçdilər, istiqlaliyyət uğrunda canlarını qurban verərək, Vətənə hədsiz məhəbbət nümunəsi göstərdilər.

Hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələnlər, bir tərəfdən, xəyanət və fəlakətin səbəbkarlarını lənətləyir, digər tərəfdən, qürur hisslərini gizlətmirlər. Axı, şəhidlər təpədən-dırnağa qədər silahlanmış imperiya ordusu qabağından qaçmamış, Vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi bacarmış və ölümləri ilə ölümsüzlük qazanmışdılar.

 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqillik tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Qadağan olunmuş silahlarla silahlanmış keçmiş imperiya ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Ölkəmizin ən yeni tarixində istiqlal mücadiləsinin dönüş nöqtəsi olan bu gün tariximizin həm qanlı, həm də şanlı səhifəsidir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə və meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli cinayət hadisəsi kimi tarixə düşdü. Müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən misli görünməmiş cəza tədbiri BMT-nin İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi.

İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək adekvat beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Beynəlxalq hüquqa əsasən 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

Başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Bu qanlı cinayət azadlıq fədailərinin müstəqillik, suverenlik eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə nail oldu.

20 Yanvar hadisələrinin ertəsi gün həyatını riskə qoyaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut edirdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər ata bilərlər.

Əlamətdar haldır ki, 20 Yanvar faciəsi ilk dəfə Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində geniş müzakirə edilərək, ona siyasi-hüquqi qiymət verilmişdir. Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra isə bu dəhşətli cinayət hadisəsinə ölkə miqyasında obyektiv qiymət verildi. Məhz ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanlara “20 Yanvar şəhidi” adı verildi. Ümummilli lider Azərbaycanın mərd oğul və qızlarının bu igidliyini çox yüksək qiymətləndirərək demişdir: “1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı və şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir”.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, – deyən Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursuna öz sadiqliyini nümayiş etdirərək 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır.

Şəhidlərimizin arzuları bu gün həyata keçmişdir. Azərbaycan müstəqil dövlət kimi dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Bu, hər birimiz üçün fəxrdir. Xalqımız əmindir ki, Azərbaycanın ərazi bütövlüyü Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə bərpa ediləcək. 2016-cı ilin Aprel döyüşləri bu inamı daha da gücləndirdi. Həmin gün həm Ermənistana, həm də dünya ictimaiyyətinə bəlli oldu ki, bu gün Azərbaycan güclü, qüdrətli orduya malikdir. Bu ordu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Ali Baş Komandan Azərbaycan Ordusunun gücünü, hərbi qüdrətini daim yüksəldir. Düşmən tərəfi Azərbaycanın getdikcə artan qüdrətini və gücünü qovulduğu yüksəkliklərlə, uzun illər işğal altında saxladığı ərazilərimizi tərk etməklə, silah-sursatını atıb qaçmaqla və verdiyi tələfatlarla gördü. Bu mərdliyi, şücaəti göstərən Azərbaycan övladları 20 Yanvar şəhidlərinin apardığı şərəfli mübarizənin layiqli davamçılarıdırlar.