Xalq qəzeti.-2019.-22 fevral.-№43.-S.9.

 

Müstəqil siyasət Azərbaycanı dünyada mötəbər söz sahibinə çevirmişdir

 

Azər Həsrət,

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri

 

Müstəqillik epoxasının 27-ci ili də uğurla tarixə qovuşdu. 2019-cu ilin ikinci ayı intensiv irəliləyir. Siyasi gündəm öz adəti üzrə qazan kimi qaynayır. Babaların əmanəti, nəvələrin dəyanəti Azərbaycan da, sanki, bu qazanın ən isti bucağında yerləşib. İstər ölkə içində, istərsə də xaricdə Azərbaycanla bağlı müzakirələr aparılır, müxtəlif səviyyələrdə ölkəmizin adı hallandırılır. Bundan başqa, xarici dövlətlərin yüksək rütbəli təmsilçiləri də Azərbaycana gəlir, telefonla zəng edir, ölkəmizlə müxtəlif məsələləri müzakirə edirlər. Bu isə ondan xəbər verir ki, Azərbaycana bu il maraq daha da artıb, dünyanın hər tərəfindən gözlər bizə dikilib, hər kəs bizimlə yaxın olmaq, masa arxasına oturmaq istəyir.

 

Yaxşı göstəricidir bu. Azərbaycan artıq bir zamanların ehtiyac içində olan, özgələrdən borc alan ölkəsindən indi ona ehtiyac duyulan, başqalarına borc verən bir dövlətə çevrilib. Bizim hər birimiz müstəqilliyin ilk illərində, özəlliklə də qarışıqlıq dönəmində ələbaxan, hər yerdən yardıma ehtiyac duyan bir məmləkət olduğumuzu xatırlayırıq. İndi isə bunun tam əksidir. Bu gün Azərbaycana nəinki qonşu dövlətlər, yaxın-uzaq Avrasiya, hətta lap uzaq Amerika və Afrika qitəsi ölkələri belə ehtiyac duyur, bizimlə bərabərhüquqlu münasibətlərə can atırlar.

Belə bir duruma gəlməyimiz nədən qaynaqlanır və ümumiyyətlə, bu əlverişli durum Ermənistan–Azərbaycan münaqişəsinin həllində bizə nə verə bilər?

Azərbaycanın ehtiyac içində olan ölkədən ona ehtiyac duyulan dövlətə çevrilməsi, heç şübhəsiz ki, təməllərini ulu öndər Heydər Əliyevin yaratdığı, sonrakı mərhələdə Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi uzaqgörən strategiyaya söykənir. Bu strategiya elə dəqiqliklə işlənib hazırlanmışdır ki, gərək duyularsa, onun hər hansı bir məkana və zamana uyğunlaşdırılması və həyata keçirilməsi istənilən ölkənin uğuruna açar ola bilər. ­Prezident İlham Əliyevin öz sələfi, dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin mahir davamçısı olması, uzaqgörən, böyük siyasəti vaxtında və dərindən mənimsəməsi, eyni zamanda, başçılıq etdiyi ölkənin ləyaqətini və yalnız öz xalqının iradəsini hər şeydən uca tutması bugünkü əlverişli duruma gəlməyimizin əsas şərtlərinin önündə gedir.

Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyət və uzaqgörənliyi hesabına bu gün sayılıb-seçilən, iradəsilə hesablaşılan dövlətə çevrilib. Bizim dövlətimiz dünyanın ən böyük gücləri ilə də bərabərhüquqlu tərəf kimi masa arxasında oturanda sıxıntı hiss etmir, özünü ikinci kateqoriyada görmür. İstər ABŞ, istərsə də Rusiya kimi qlobal güclərin təmsilçiləri Prezident İlham Əliyevlə masa arxasında, ayaqüstü görüşlərində mütləq yüksək sayğı göstərir, onunla qısamüddətli də olsa kəlmə kəsməyə can atırlar.

Ölkəmizə bədxah münasibətini cidd-cəhdlə pərdələməyə çalışan Avropa İttifaqının rəsmiləri, eləcə də Azərbaycanla bağlı maraqlarını bir-birinə güzəştə getməyən Avropanın ən aparıcı dövlətləri – Almaniya, Fransa, Böyük Britaniya təmsilçiləri ölkəmizlə, onun lideri ilə işbirliyinə hər zaman önəm verir, müstəqil dövlətimizi özünün əvəzolunmaz tərəfdaşı kimi görür. Bütün bunlarsa, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın hər şeydən öncə özünə və sözünə hörmət edən dövlət olmasından, həmçinin ölkə başçısı İlham Əliyevin şəxsi xarizmasından qaynaqlanır.

Dövlətimiz dünyanın bu qarışıq vaxtında da qarşı duran, münaqişədə olan tərəflərin hər biri ilə münasibətlərinin yüksək səviyyəsini qoruyub-saxlamağı bacarmaqdadır. ABŞ və Avropa İttifaqının üstünə davamlı olaraq gəldiyi, sanksiyalar tətbiq etdiyi qonşu Rusiya ilə münasibətlərimiz bütün bu proseslərdə zərrə qədər də zədə görməyib. Yaxud da Qərbin uzun illərdən bəri küncə sıxdığı güney qonşumuz İranla münasibətlər də ən yaxşı səviyyədədir. Eləcə də qardaş Türkiyə ilə münasibətlərimizə heç bir qüvvə sərinlik və kölgə gətirə bilmir. Ulu öndər Heydər Əliyevin “Bir millət– iki dövlət” uzaqgörənliyi tam gücü ilə dünyaya öz dərsini verir.

Azərbaycan Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bir çox uzunmüddətli demokratiya və müstəqillik təcrübəsi olan dövlətlərin başçılarının bəzən bacarmadığı balanslı siyasətilə dünyada artıq bir modelə çevrilib. Dünyanın hər tərəfində siyasi texnoloqlar, ayrı-ayrı fikir mərkəzləri dövlətimizin bu yöndə əldə etdiyi uğurları diqqətlə öyrənir, təhlil edir. Doğrudan da, ABŞ və Avropa Birliyinin timsalında Qərblə uzunmüddətli qarşıdurma şəraitində olan Rusiya, İran və qardaş Türkiyə ilə münasibətlərin yüksək səviyyəsini qoruyaraq birincilərlə də eyni səviyyədə işbirliyini davam etdirmək çox fərqli dövlətçilik--liderlik təcrübəsi tələb edir.

Bu gün Azərbaycan ABŞ-la Avropa İttifaqının Rusiya, İran və Türkiyə ilə gərgin münasibətlərində tərəf tutmur, öz müstəqil siyasətini yürütməyi bacarır. Düzdür, ABŞ və Avropa ittifaqı istəyər ki, Azərbaycan qonşu Gürcüstan və Ukrayna kimi məhz onların diktəsi il oturub-dursun. Yaxud da Rusiya istəyər ki, Azərbaycan da onun bədnam vassallığını etmiş Ermənistan kimi olsun. Lakin Prezident İlham Əliyevin düzgün taktikası bizə münasibətdə bütün tərəfləri zərərsizləşdirmiş, rəqibdən dosta çevirməyi şərtləndirmişdir.

Söz Ermənistandan düşmüşkən, Azərbaycanın yürütdüyü balanslı və bərabərhüquqlu siyasət, eləcə də işğalçı dövlətlə bağlı apardığı ifşaedici siyasət də öz bəhrəsini vermişdir. Prezident İlham Əliyevin illərdən bəri Ermənistanı idarə edənlərin kriminal ünsürlər olması haqqında səsləndirdiyi fikirlər yola saldığımız 2018-ci ildə məhz həmin ölkəyə hazırda başçılıq edən siyasi qüvvə tərəfindən rəsmən dilə gətirildi, təsdiqini tapdı. Bu isə ona səbəb oldu ki, Azərbaycanın haqlı mövqeyinə az-çox şübhə edənlər də bizə sayğılı yanaşmağa məcbur oldular. Elə o səbəbdən də Avropa İttifaqı ötən ilin dekabrında qəbul etdiyi hesabatda Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe sərgiləməli oldu.

Azərbaycanın düzgün taktikası Ermənistanı təkcə bu məsələdə deyil, üzvü olduğu bir sıra beynəlxalq qurumlarda da əlverişsiz duruma salıb. Hətta Azərbaycan üzv olmadığı təşkilatlara tamhüquqlu üzv olan Ermənistanı o qurumlarda küncə sıxa bildi. Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bu yaxınlarda Ermənistanın başına gələnlər bu örnəklərdən biridir. Yaxud da Avrasiya İqtisadi Birliyində Ermənistanın arxa plana itələnməsi daha bir üzüqaralıq nümunəsidir. Azərbaycan o qurumlardan heç birinin üzvü deyil. Lakin hər iki qurumda Ermənistanın deyil, bizim sözümüz keçir. Bu, Prezident İlham Əliyevin şəxsi münasibətləri, ciddiyyəti, ləyaqətli dövlət başçısı olması hesabınadır.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz 2019-cu ildə Ermənistanla münaqişənin həllində daha üstün mövqeyə yüksəlib. Dünyanın, özəlliklə də Azərbaycanla yeni işbirliyinə can atan beynəlxalq güclərin mövqeyi bizim xeyrimizə dəyişib. Yuxarıda da qeyd etdiyimiz kimi, ehtiyac içində olan ölkədən ona ehtiyac duyulan ölkəyə çevrilməyimiz bizə münasibəti və baxışları da kökündən dəyişib. Bu isə istənilən məsələnin həllində xeyrimizə olan çox ciddi amildir. İndi Azərbaycan Rusiyanın, İranın heç cür və heç nəyin hesabına vaz keçmək istəmədiyi bir dövlət olmaqla bərabər, Avropanın, ABŞ-ın daha sıx münasibətlər qurmağa, onu öz yanında görməyə can atdığı ölkədir. Belə bir statusu qazanmaq çətin olsa da, ölkəmiz buna Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ilə nail olmuşdur.

 Biz bura Azərbaycanın yaxın coğrafiyadakı qanlı münaqişələrdən kənarda qalmasını, eyni zamanda, ölkə içində dayanıqlı sabitliyin daha da möhkəmləndirilməsini də əlavə edə bilərik. Bir sözlə, Azərbaycan lideri istər daxili, istərsə də xarici siyasətində 2018-ci ili böyük uğurlarla başa vurmağı bacarmış, 2019-cu ili də çox dinamik və nüfuzlu bir güclə başlamağa nail olmuşdur.