Xalq qəzeti.-2018.-25 fevral.-44.-S.9.

 

Xocalı soyqırımı erməni faşizminin insanlığa qarşı misilsiz cinayətidir

 

Vüqar Rəhimzadə

 

Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamında qeyd edilir ki, bütün tarixi həqiqətlər işıq üzü görməli, ölkə və dünya ictimaiyyətinə çatdırılmalıdır. Erməni millətçilərinin ayrı-ayrı dövrlərdə həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat çox olduğunu bir daha dünyaya təqdim edən bu sənəd, eyni zamanda, tariximizi unutmamağa bir çağırışdır. O çağırış ki, ermənilər daim havadarlarının dəstəyinə arxalanaraq, özlərini beynəlxalq ictimaiyyətə  yazıq, məzlum, döyülən və əzilən xalq kimi təqdim edib, dünya bu yalanları həqiqət kimi qəbul edərək, onları ərköyün uşaq kimi əzizləməkdən, sanki, zövq alıb.

 

Amma unudulub ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə yol açır. Necə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı yaşandı. Tarixi vərəqləməklə bu soyqırımına qədər azərbaycanlıların və türklərin müxtəlif zamanlarda ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qaldıqlarının şahidi olur, bu günə qədər vəhşiliyi, insanlığa qarşı terroru özləri üçün bir məqsədə çevirən ermənilərə gözün üstə qaşın var deyilməməsindən təəssüf hissi keçiririk.

 

Erməni vəhşilikləri tarixi faktların dili ilə

 

Son 20 ildə aparılan araşdırmalar nəticəsində erməni vəhşiliyini təsdiqləyən çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Saxta tarix yazıb, dünya ictimaiyyətini özlərinin də inanmadıqları yalanlarına inandırmağa çalışan ermənilərin hər zaman fakt qarşısında aciz qaldıqları göz önündədir. Ermənilər və onlara havadarlıq edən dövlətlər unudurlar ki, tarix yazılmır, yaradılır. Tarixin öyrənilməsi, araşdırılması isə siyasətçilərin deyil, tarixiçilərin missiyasıdır. Baxmayaraq ki, türklərə qarşı əsassız erməni soyqırımı iddiası ilə çıxış edən ermənilərə dünya arxivlərinin tarixçilərin üzünə açılması təklifi irəli sürüləndə dərhal bundan yayınır,  bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olur söyləməklə vəziyyətdən çıxmağa cəhd edirlər.

Təbii ki, onlar üçün məsələnin tarixçilərə, yaxud siyasətçilərə aid olması fərq etməz. Məsələn, Rusiya Ensiklopediyasında ölkə rəsmilərinin  təsadüf kimi təqdim etdiyi bu məqam Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstəriləndə aparılan araşdırmalardan sonra bəlli oldu ki, bu  ideyanın müəllifi erməni tarixçisidir. Görünür,  tarix bu ölkənin bəzi tarixçiləri üçün də mənbə yox, qələmlə yazılan bir kağız parçasıdır.

Araşdırmalar təsdiqləyir ki, XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri böyük Ermənistan yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə, onun ardınca 1918-1920-ci illərdə Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində, habelə Tiflisdə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır.

O da məlumdur ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdikləri soyqırımı qurbanlarına aid olduğu təsdiqləndi. 30 dekabr 2009-cu ildə ölkə Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzaladı. 2013-cü ilin sentyabrında həmin kompleksin açılışı oldu.

Memorial kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb. Kompleksin açılış mərasimində iştirak edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı.

Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir .

 

Tarixin saxtalaşdırılmasına yol verməməliyik

 

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması təsadüfü deyildi. Ümummilli lider tarixçilərin qarşısında tarixin saxtalaşdırılmasına yol verməməyi əsas vəzifə kimi qoymuşdu. Araşdırmaların miqyasının genişləndirilməsi, tarixi faktların dili ilə kitabların çap olunması, müxtəlif dillərə tərcümə olunması 1993-cü ildən bu günə əsas çağırışlardandır. Ulu öndər Heydər Əliyevin, eyni zamanda, son 14 ildə bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin çağırışına uyğun olaraq tarixçilərimiz xeyli sayda araşdırmalar aparmış, zəngin faktlar ortaya çıxarmış və onlara istinadən kitablar çap olunmuş və dünya ictimaiyyətinə çatdırılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ildə keçirilən ümumi illik yığıncağında  Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi:  Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Düzdür, biz siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə, - mən TÜRKSOY-un fəaliyyətini də qeyd etməliyəm, - çalışırıq və çalışacağıq ki, bütün türk dünyasını birləşdirək, siyasi maraqları birləşdirək, iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq aparılsın. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıbdır. Yəni, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması artıq ermənilərin və erməni diasporunun yalanlarının ayaq tutsa da yeriməməsini şərtləndirdi. Faktlara istinadən bu reallıqlar da beynəlxalq təşkilatların tribunasından bəyan edilir ki, bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəlidir. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür.  Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır söyləyən cənab İlham Əliyev bildirir ki, biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir:  Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik. Bu məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin üzvləri də internet vasitəsilə fəal qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün də lazımdır, gələcək üçün də .

Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq, erməni vəhşiliklərini bütün mövcud imkanlardan istifadə edərək dünyaya çatdırmalıyıq. Ümid edək ki, nə zamansa dünyanın gözü həqiqəti görəcək, qulaqları isə həqiqəti eşidəcək.

 

Cinayət cəzasız qalanda

 

Ermənilərin başına çəkilən sığal 1988-ci ildə əsassız torpaq iddialarının baş qaldırmasına yol açdı. Bunun nəticəsi olaraq ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi yarandı. Nəticədə, ərazilərimizin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, bu qədər də dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 5 minədək  adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sayı bir milyondan çoxdur.

Azərbaycanın müstəqillik tarixinin ilk illərində 1991-1993-cü illərdə yaşadığı durumu xarakterizə edərkən informasiya blokadasında olması xüsusi qeyd olunur. Ölkəmiz haqqında məlumatsızlıq ermənilərin və erməni lobbisinin yalan təbliğatının həqiqət kimi qəbul olunmasına yol açırdı. Məhz bu yalan təbliğata uyğun olaraq 1992-ci ildə ABŞ Konqresi Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etdi. Ermənilərin təbliğatında Azərbaycan işğalçı dövlət kimi təqdim olunurdu.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsinə geniş yol açdı. Ümummilli lider hər bir ölkəyə səfəri çərçivəsində keçirdiyi görüşlərdə əsas diqqəti ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi, erməni yalanlarını faktlar əsasında ifşa etdi. Ən əsası münaqişənin ermənilərin əsassız torpaq iddiasına dəstək verən ölkələrin himayədarlağı ilə yaradıldığı və beynəlxalq münaqişəyə çevrildiyi üçün həllinin uzandığını ən yüksək tribunalardan bəyan etdi.

İllərdir ki,ermənilərə bu himayədarlıqların davamlı olmasının nəticəsidir ki, onlar daha böyük iddialarla yaşayır, törətdikləri vəhşiliklərin miqyası daha da genişlənir. Bu vəhşiliyin, cinayətin növbəti təzahürü Xocalı soyqırımı oldu.

 

Xocalı harayı dünyaya səs salır

 

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Dövlətimizin başçısı İlham Əliyevin bununla bağlı söylədiyi fikirləri xatırlatmaq istərdik:  Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu erməni soyqırımı mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə, bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər.

Əlbəttə ki, bunun səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Əgər burada uyuyan soydaşlarımız soyuq silahlarla və küt alətlərlə öldürülmüşlərsə, Xocalıda artıq soydaşlarımız avtomatlarla, qumbaralarla öldürülmüşdür. Yüzlərlə insan itkin düşmüşdür. Xocalıda ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürülmüşdür. Bu, misli görünməmiş vəhşilikdir .

Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. Xocalı soyqırımının statistikası belədir: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənilərin bu vəhşiliyi hərtərəfli planlaşdırılmış və məqsədi bəlli olan addım idi dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa əsasən, bu kimi vəhşiliklər, cinayətlər, insanlığa qarşı terrorlar soyqırımı kimi dəyərləndirilsə də, dünya hələ də ədaləti məkrli  maraqlar arxasında əritmək missiyasını yerinə yetirir.

Azərbaycan dövləti 26 ildir ki, faciənin Ermənistanın törətdiyi soyqırımı kimi tanınması istiqamətində ciddi səylər göstərir, addımlar atır. Bu sahədə məqsədyönlü fəaliyyətə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qaydışından sonra başlanılıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Son 14 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həqiqətlərimizin, o cümlədən Xocalı faciəsinin dünyaya çatdırılması istiqamətində atdığı addımların uğurlu nəticələri göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Xocalı faciəsinin 20 və 25 illiklərində paytaxtın mərkəzi meydanından Xətai rayonunun ərazisində ucaldılmış  Xocalı soyqırımı abidəsinə doğru yürüşün təşkili təbliğatımızın əsas tərkib hissələrindəndir.

Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan on minlərlə insanın iştirak etdiyi izdihamlı yürüşlər sübut edir ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmur. Bu yürüşlər həm də Azərbaycan xalqının sıx birliyini, şəhidlərinin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini ortaya qoyur.

Həqiqətlərimizin təbliğində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış Xocalıya ədalət! beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da genişləndirir. Faciə ilə əlaqədar faktlar bu kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə çatdırılır, erməni millətçilərinin əsl siması açıqlanır.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti kimi ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qətiyyətlə pisləyiblər.

Artıq göründüyü kimi, həqiqətə həqiqət gözü ilə baxan dövlətlər, təşkilatlar var. Ümid edək ki, bu sıralama daha da genişlənəcək, Xocalı harayını dünya ədalətli cavablandıracaq. Məlumdur ki, qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün erməni millətçiləri, guya, 1915-ci ildə türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara rəvac vermişlər. Maraqlıdır, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verir, beynəlxalq ictimaiyyətdən dəstək gözləyir. Çox təəssüflər olsun ki, bu dəstəyə müəyyən səviyyədə nail olublar. Əgər dünyanın iri dövləti--Fransa heç bir araşdırma aparmadan qondarma  erməni soyqırımı nı qəbul edib, digər ölkələri də bu addımı atmağa çağırış edirsə, artıq ədalət deyilən prinsipdən danışmaq mümkünsüzdür. Unutmayaq ki, Fransada, hətta  erməni soyqırımı nı tanımayanlara qarşı cəzanın tətbiq olunması məsələsi gündəmə gətirildi.

Xocalı faciəsi kimi real soyqırımına göz yuman dövlətlərin parlamentləri saxta  erməni soyqırımı nı müzakirə edir, hətta qərar qəbul olunur. O da məlumdur ki, Ermənistanda  erməni soyqırımı abidəsi ucaldılaraq, bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Bu ölkəyə səfər edən hansısa dövlət rəsmisinin abidəni ziyarət etməsi  erməni soyqırımı nın tanıdılması kimi təqdim edilir. Təbii ki, bu məsələdə də dünyanın ikili siyasəti ciddi problemlər yaratmaqdadır. Ermənilərin belə əsassız təbliğatlarına tutarlı cavab ulu öndər Heydər Əliyevin  Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Fərmanı oldu. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar faktlar əsasında qeyd olunmuş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır.

Artıq o zamandan 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Milli Məclis də dəfələrlə bu məsələ ilə əlaqədar xüsusi qərarlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Onu da qeyd edək ki, Milli Məclisin müvafiq qərarına əsasən, 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.

 

Təbliğat gündəlik işimiz olmalıdır

 

Dövlətimizin başçısı İlham Əliyev həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri önə çəkərək, əminliklə qeyd edir ki, gün gələcək soyqırımı törədən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycanın işğal altındakı bütün bölgələri azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Bu əminliyi yaradan əsas amil isə müstəqil Azərbaycanın günbəgün güclənməsi, iqtisadi və siyasi qüdrətinin artmasıdır. Hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin Aprel döyüşləri, Cocuq Mərcanlıya qayıdış bu inamımızı daha da artırır.

Bu gün dünya haqqın, ədalətin kimin tərəfində olduğunu görür və mövqeyini açıqlayır.  XXI əsr informasiya mübarizəsi əsridir söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, internetin mövcudluğu bu mübarizəni daha da kəskinləşdirir:  Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada, əlbəttə ki, əsas vəzifəni, ilk növbədə, dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimiz dünya birliyinə çatdırılsın. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır.

Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq.

Faktlara əsaslanan tarix saxtakarlığı sevmədiyi kimi, baş verən hansısa bir cinayəti də silib-pozmaq imkanında deyil. Cənab İlham Əliyev bütün çıxışlarında dünyanın ikili siyasətinə diqqət yönəldərək, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qırğınını böyük dövlətlərin nə üçün soyqırımı kimi tanımamasıının səbəbini açıqlayır:  Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırımı deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər.

Bu yalan təbliğata qarşı daim öz siyasətimizi, həqiqətlərimizi, ən əsası gücümüzü ortaya qoymağın vacibliyini bildirən ölkə Prezidenti bəyan edir:  Gücümüz birliyimizdədir. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının gündəlik işi olmalıdır. Diplomatik mübarizədə qələbə, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda hərbi qüdrətinin artması ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdıran başlıca amillərdəndir. Azərbaycanın bugünkü uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir. Prezident
İlham Əliyev bu əminliyi də ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı bütün bölgələri azad olunacaq və soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın hər bir uğuru Ermənistanın məyusluğudur.

Yeni Azərbaycan Partiyasının VI qurultayında bir daha diqqəti yeganə problemimiz olan ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən cənab İlham Əliyev bəyan etmşdir ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq:  Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin ölkəmizdə  Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunması, həmçinin  1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı zəngin tariximizin, həqiqətlərimizin bir daha ölkə və dünya ictimaiyyətinə çatdırılmasında yardımçı olacaq. Bu gün dünyaya edilən  həqiqətə həqiqət gözü ilə baxaq çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, hər halda dünyanı idarə edən prinsiplər, normalar mövcuddur. Beynəlxalq hüququn əsas prinsiplərindən biri də Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır.

Artıq dünya ikili siyasətin hansı problemlərə yol açdığının fərqində olmaq məcburiyyətindədir. Qərar və qətnamələrin, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid prinsip olmalıdır. Dövlətimizin başçısı İlham Əliyev bu bəyanatla ötən il BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış etmişdir. Beynəlxalq hüquq və ədalət münasibətlərin tənzimlənməsində, münaqişəli məsələlərin həllində, həqiqətlərin düzgün dəyərləndirilməsində əsasdır. Dünyaya səs salan Xocalının harayına ədalətə söykənib səs vermək zamanıdır.