Respublika.-2018.-25 fevral.-¹44-S.5.

 

Xocalı soyqırımı: tarixin qanlı səhifəsi

 

Ataş Cəbrayılov

 

Sabir Surxay oğlu Məmmədov 1945-ci il dekabr ayının 28-də Ağdam rayonu Göytəpə sovetliyinin Kəngərli kəndində anadan olub. Dağlıq Qarabağda təcavüzkar separatizm başlayanda o, Özbəkistan Daxili İşlər Nazirliyinin əməkdaşı idi, milis (indi polis) mayoru rütbəsini almışdı. Sabirin Azərbaycana gəlməsi, Xocalı şəhər Milis Bölməsinə rəhbər təyin olunması da Vətən harayı ilə bağlıdır. S.Məmmədovun çıxışlarının leytmotivini həmişə “Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur!”, “Qarabağ həm dünənki, həm bugünkü, həm də sabahkı tariximizdir”, “Tarixi saxtalaşdırmaq cinayətdir” devizi təşkil edir. O, nümunəvi xidmətinə görə daxili işlər naziri Məhəmməd Əsədovun əmrilə “Əla xidmətə görə”, “Milis əlaçısı” döş nişanlarına, Xocalının ərazi bütövlüyü və mülki sakinlərin mühafizə və müdafiəsinə görə Xocalı şəhər ZDS İcraiyyə Komitəsinin fəxri fərmanlarına (1990-1992), Azərbaycan Veteranlar Təşkilatının “General Cəmşid Naxçıvanski”, “General Əliağa Şıxlinski”, “General Həzi Aslanov” yubiley medallarına və bir sıra digər təltiflərə layiq görülmüşdür. S.Məmmədov I Qarabağ müharibəsi veteranı, “Qızıl qələm” media mükafatı laureatıdır, bundan başqa, “Xocalı yaddaşı” diplomu, və “Veteran həmrəyliyi” medalı ilə təltif olunmuşdur, Xocalı soyqırımının anım günü ilə əlaqədar Sabir Məmmədovun müsahibəsini oxuculara təqdim edirik:

-XX əsrin əvvəllərində ermənilərin törətdikləri və 1988-ci ildən yenidən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan soyqırımı-Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermişdir. Bu kütləvi qırğın XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Vurğulamaq lazımdır ki, erməni yaraqlılarına nə xaricdən, daha sonra nə də Ermənistanın strateji müttəfiqi Rusiyadan təpki yox idi. Separatçıların arxasında Ermənistan, onun da arxasında Sovet imperiyası, xarici erməni lobbisi və diasporu dururdu. İdarə olunan kütləvi qırğın, etnik təmizləmə, qeyri-insani qəddarlıqla və terrorla müşahidə olunan, torpaqlarımızın ilhaqına hədəflənmiş bu separatizm hərəkatında nə insanlıq, nə beynəlxalq, nə də İttifaq qanunlarına əməl olunurdu. Azərbaycan Respublikası səviyyəsində tədbirlər görmək tələb olunurdu ki, bu azğınlıq və vəhşiliyin qarşısı alınsın. Beləliklə, 1990-cı ilin mayında Əsgəran rayon Daxili İşlər Şöbəsinin tabeliyində Xocalı Milis Bölməsi yaradılandan sonra erməni quldurlarının azğınlığının qarşısı xeyli alınır. Bölmədə xocalılılardan təşkil olunmuş 64 nəfərlik heyət toplanmışdı. Qeyd etmək lazımdır ki, bu tədbirə qədər gün ərzində Yerevandan Stepanakertə 32-40 reys “Yak-40” təyyarəsi gəlir, bunlarla silah-sursat daşınırdı. Xocalı Milis Bölməsi şöbə olduqdan sonra onun müdaxiləsi sayəsində həmin reyslərin sayı gün ərzində 4-ə, sonra 1-ə, nəhayət, həftədə 1-2 dəfəyə endirildi. Xocalı Milis Şöbəsinin rəisi Sabir Məmmədov Xocalı aeroportunun mərhum rəisi Milli Qəhrəman Əlif Hacıyevlə birlikdə erməni separatizminin, soyqırımı təşkilatçı və icraçılarından, milli nifrət ideolqlarndan biri, irqçi yazıçı və qatil həkim Zori Balayanı təyyarədən enməyə qoymamışdılar. O, ermənilərin qabaqda gedən təxribatçılarından, soyqırımı cinayətinin törədilməsində ən fəal iştirak edənlərdən biri, Azərbaycan ərazisinə iddia ilə məlum tarixi yalan və qondarma “erməni soyqırmı” məzmunlu Moskva şəhərində buraxdığı “Ocaq” kitabı ilə “şöhrət” qazanmış barbar və vandal, türk dünyasının qatı düşməni idi. Zori 1996-cı ildə yazdığı və “Voskreşeniye” (“Dirilmə”) kitabında heyvandan da qat-qat aşağı xislətini apaydın ortalığa qoyur: “Biz Xaçaturla zirzəmiyə girdikdə artıq bizim əsgərlər uşağı aynanın çərçivəsinə mıxlamışdılar. O, çox səs-küy salmasın deyə, Xaçatur onun öldürülmüş anasının döşünü kəsdi və uşağın ağzına dürtdü. Sonra mən onun skalpını (başın tükü ilə birlikdə dərisi) çıxartdım, sinəsinin və qarnının dərisini soydum. O, yeddi dəqiqədən sonra qanaxmadan öldü. Xaçatur onu doğradı və itlərə atdı. Axşam biz eyni şeyi daha üç türk uşağı ilə etdik. Mən erməni patriot və vətəndaş borcumu yerinə yetirdim. Səhəri günü biz kilsəyə gedib 1915-ci ildə ölənlərin ruhuna dua oxuduq və dünən etdiklərimizə görə bağışlanmağımızı dilədik... Amma biz XOCALINI — bizim vətənimizin bir hissəsini zəbt etmiş digər 30 minlik murdarlardan təmizlədik”. Diqqət edin, bu, Ermənistanın sevimli yazıçısı insan simasında yırtıcı, günahsız uşaq qatili, heyvani xislətli neofaşist, irqçi mənəviyyati dərsi verənidir.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan qoşunları tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı törədilmiş Xocalı qətliamının əsas təqsirkarlarından biri də beynəlxalq terrorçu Monte Melkonyan olub və döyüşlərdə öldürülüb. O, Ermənistanın milli qəhrəmanıdır. Beləlikllə, Ermənistan terrorçu dövlətdir. 2016-cı ildə Ermənistan prezidentinin, hökumət nazirlərinin, hakim partiya rəhbərlərinin və parlamentarilərin iştirakı ilə Yerevanda Qaregin Njdenin - erməni millətçisinin və nasistinin abidəsi açılıb. Beləliklə, bu süni dövlət həm də faşizm yuvasıdır.

DQMV-də vəziyyət get-gedə pisləşirdi. Artıq ermənilər müasir silaha, “Qrad”a, topa əl atmışdılar. Biz, milis əməkdaşları Əsgərana, Stepanakertə iclaslara gedəndə və gələndə şəhərin içərisindəki, svetaforların yaşıl işığına düşməyə çalışırdıq, belə ki, əgər svetaforun qırmızı işığına düşüb dayansaq, ermənilər qapını açıb maşına minə bilərdilər və maşını saxladardılar. O vaxt belə yolla çox adamı oğurlayıb girov götürürdülər. Həsənabad, Malıbəyli, Quşçular kəndləri yandırılıb dağıdıldığı üçün artıq nə vaxtsa Xocalının da işğal ediləcəyi hiss olunurdu. Artıq yaralıları nəinki müalicə etmək və hətta Xocalıdan çıxarmaq belə çox çətin idi. Ərazi döyüşlərinin birində Xocalı sakini Felmarın aldığı güllə yarası qılçasında qanqrena (çürümə) verirdi. O vaxt Xocalıda dava-dərmanın və şəraitin olmaması ucbatından onu müalicə etmək mümkün deylidi. Nəhayət ki, 1992-ci il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26, üç ədəd qoruyucu “Krakodil” vertolyotları gətirildi. “Krakodil”lərlə Felmarı və başqa yaralıları Bakıya yola sala bildik. Mİ-26 vertolyotuyla 300 nəfər Xocalının dinc sakinini Gəncəyə gətirə bildim.

Xocalı soyqırımı — yüzlərlə etnik Azərbaycan dinc əhalisinin qəddarlıqla kütləvi qırğını Ermənistanın sözdə əmrlərə tabe olmayan erməni silahlı qüvvələri və Rusiyaya tabe keçmiş sovet 366-cı motoatıcı piyada alayının ağır texnikası və heyəti tərəfindən törədilmişdir. Əvvəlcə şəhər dörd tərəfdən bu qoşunlar tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. 25 fevral axşamdan qırğına başlanmış, baş verən yanğınlar nəticəsində səhər saat 5-ə kimi bütün şəhər alova bürünmüşdür. Şəhərdə yaşayan əhali - təxminən 2500 nəfər ən yaxın yer və bölgə mərkəzi olan Ağdama yol tapmağı ümid edərək öz evlərini tərk etməyə məcbur olmuşlar. Lakin vəhşiləşmiş soyqırımı icraçıları yolları kəsmiş, pusqu qurmuş, silahsız olan günahsız dinc mülki əhalini ölümlə üzbəüz qoymuşlar. Bir neçə saat ərzində - fevralın 26-na keçən gecə saat 5-ə qədər Xocalı zəbt edimiş, 613 nəfər Xocalı sakini öldürülmüşdür. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdir. 27 ailənin yalnız bir üzvü qalıb. 56 insan işgəncə ilə öldürülüb. 25 uşaq hər iki, 130 uşaq bir valideynini, 230 ailə öz başçısını itirib. 487 adam şikəst edilb, onlardan 76-sı hədd-büluğa çatmayıb. 1275 nəfər girov götürülüb. 150 nəfər isə itkin düşüb. Qədim və doğma yurd yerlərindən qovulan Xocalı sakinləri Azərbaycanın 48 rayonunda sığınacaq tapıb.

Ermənilərin qeyri-insani xisləti onların, terrorçularının iştirakını, törətdikləri qəddarlıq, qaniçənlik, barbarlıq və soyqırımını adi, haqlı əməl kimi dünya ictimaiyyətinə təqdim etmələrində də çox aydın büruzə verir. Ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin soyqırımı olması Livanın paytaxtı Beyrutda yaşayan bir erməni jurnalistin yazısı ilə də təsdiqini tapır. “Əş-Şərq” agentliyi tərəfindən nəşr olunmuş bu qanlı hadisələri təsvir edən kitabın adı “Xaç naminə...”dir. Müəllif Daud Xeyriyan kitabın 19-76-cı səhifələrini Xocalı hadisələrinə həsr etmişdir. Soyqırımı iştirakçısı yazır: “Bəzən biz ölülərin üzərindən yürüməli olurduq. Daşbulaq yaxınlığındakı bataqlığı keçmək üçün cəsədlər döşənmiş yol düzəltdik. Mən ölülər üzərindən yürüməyə etiraz etdim. Sonra, polkovnik Ohanyan mənə qorxmamaq əmri verdi. Bu, hərbi qanunlardan biridir. Mən ayağımı 9 və ya 10 yaşlarında bir qızın sinəsinə basaraq yürüməyə başladım... Mənim ayaqlarım və mənim fotokameram qan içərisində idi...”. O deyir ki, “Xaç “Qaflan” erməni qrupu (cəsədlərin yandırılması ilə məşğul olan) martın 2-də türkün (azərbaycanlının) 100 nəfərinin cəsədini toplamış və Xocalıdan bir kilometr qərbdə olan bir yerdə onları yandırmışdır... Mən 10 yaşında əlindən və başından yaralanmış bir qızın avtomobil yolunda yerdə uzandığını gördüm. Onun üzü artıq mavi rəngə çalırdı. Lakin aclıq, soyuqluq və yaralarına baxmayaraq, hələ sağ idi. O, çətinliklə nəfəs alırdı. Onu da ölənlənlərin içinə atdılar və yandırdılar. Yanan meyitlərin içindən ağlamaq və imdad səsi gəlirdi.

Bu terrorçuların törətdikləri vəhşiliyi biz hər addımda gürürdük. Lakin vurğulamaq gərəkdir ki, bu qeyri-insani qəddarlıq və günahsız insanların soyqırımı dünya birliyinin susması, erməni terrorunu qınamaması, və hüquqi-siyasi qiymət verməməsi nəticəsində baş verirdi. Günahsız insanların qanını tökməkdən doymayan erməni vandalları sentyabrın 26-da Əsgəran qalasının 50 metrliyində Xocalı milisinin Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları Natiq Əhmədovu və Əli Vəliyevi səhər sübh çağı Ağdamdan Xocalıya gələrkən sonuncunun şəxsi 06 markalı “Jiquli”sində vəhşicəsinə qətlə yetirmişdilər. Hadisə yerini gəlib müayinə etmək üçün Şuşada yerləşən istintaq qrupuna məlumat verildi. Müayinəni Xocalı milisinin baş əməliyyat müvəkkili Hafis Adilov etdi. Onların necə qəddarcasına güllələnməsi indi də gözlərimin önündədir və bu vəhşilik məni dəhşətə gətirir. Rəhmətlik Əlinin dişlərini də güllələyib tökmüşdülər. Asfaltın ortasında və kənarlarında patron gilizlərindən barmaq basmağa yer də yox idi. Bu barbarlığı görməyən heç cür hadisəni olduğu kimi təsvir edə bilməz. Hadisəni olduğu kimi sənədləşdirdiyimizə görə hər ikisinə ölümündən sonra Milli Qəhrəman adı verilmişdir.

DQMV-nin bütün ərazisi od tutub yanırdı, gediş-gəlişin özü igidlik, cəsarət və qorxmazlıq tələb edirdi. Yeri gəlmişkən onu da deyim ki, bu bölgənin yolunu tanımayan şəxslər, bəziləri tanısalar belə, baş verənlərdən xəbərsiz olduqları halda, özlərindən uydurma hadisələr düzəldirlər. Yazanlar da az deyil. 1988-ci ildən 1993-cü ilə qədər orada işləmiş və yaşamış adamlar, baş verənləri gözləri ilə görüblər və o günləri olduğu kimi düzgün, dəqiq təsvir edə bilərlər. Hazırda elə adamlara rast gəlirsən ki, heç DQMV-də, Xocalıda, Şuşa və s. yerlərdə olmaya-olmaya kitablar yazır, qəzetlərdə, televiziya verilişlərində “operativ” çıxışlar edirlər. Quramalarla da elə bəhs edirlər, yalanı elə deyirlər, ağızdan-ağıza, havadan eşitdiklərini də hay-küylə xalqa elə çatdırırlar ki, o hadisələri görməyən, xəbəri belə olmayanlar doğru, iştirakçılar isə yalan olur, ictimaiyyəti çaş-baş salır, ictimai rəyi çaşdırmaq bir yana, tarixi də saxtalaşdırır, gələcək nəsli səhv səmtə yönəldirlər.

Soyqırımı cinayəti beynəlxalq cinayət olub, fövqəladə xarakter daşıyaraq daha geniş, əhatəlidir. Bu cinayətin nəticəsinə görə bir ayrıca dövlətin məsuliyyətindən başqa fərdi şəxslərin də cinayət məsuliyyəti vardır. Yuxarıda qeyd edildiyi kimi, ayrı-ayrı erməni millətçiləri, eləcə də Azərbaycan ərazisində Ermənistan dövləti yaratmış beynəlxalq siyasi qüvvələr və dövlətlər azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərində iştirakçı sayılırlar. Bu gün dünyada tarixi sənədlərə əsaslanmadan erməni soyqırımını tanıyan dövlətlər vardır. Bu dövlətlər vaxtında tarixi həqiqətləri araşdırsaydılar, qondarma “erməni soyqırımına” məsuliyyətlə, ədalət mövqeyindən yanaşsaydılar, nə 1990-cı il 20 Yanvar hadisəsi, nə 1990-cı il 27 martda Qazax rayonunun Bağanis-Ayrım kəndində və başqa yerlərdə törədilmiş, nə də ki, 1992-ci il 26 fevralda Xocalı soyqırımı cinayəti baş verərdi.

Beynəxalq Konvensiyanın 3-cü maddəsində dövlətin cinayət məsuliyyətinin elementi haqqında məsələ özünə yer tapmışdır. Sülh və insanlıq əleyhinə cinayətlər təsadüfən törədilə bilməz. Bu cinayətləri təşkil edən və həyata keçirən, təhrik edən şəxslər isə bir qayda olaraq idaəretmə mexanizmində ali rəhbər, məsul postlar tutur və öz fəaliyyətlərinin məcmusu ilə dövlətin iradəsini ifadə edir, onun siyasətini formalaşdırırlar. 4-cü maddədə “və yaxud 3-cü maddədə sadalanmış əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq, cəzalandırılmalıdır” hökmü təsbit olunmuşdur. Törətdikləri cinayətə görə həmin şəxslərin fəaliyyətləri dövlətin təqsirini inkar etmir, əksinə onu bu və ya başqa şəkildə təsdiq edir. Tarixdə olmuş cinayətlərə görə alman faşizminin Avropada törətdiyi əməllər Nürnberq (1945) tribunalında, keçmiş Yuqoslaviya ərazisində olan Bosniya münaqişəsi zamanı (1992-1995) kiçik Srebrenitsada serb qoşunları tərəfindən 7800 nəfər kişi və oğlan uşağının öldürülməsi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 827-ci qətnaməsi ilə Haaqada Yuqoslaviya üzrə Beynəlxalq Tribunalda,1994-cü ildə Ruandada Tutsi xalqının 800 min əhalisinin məhvi iə bağlı, 1998-ci ildə Tanzaniyanın Aruşa şəhərində Beynəlxalq Hərbi Tribunalda həmin törədilənlər soyqırımı kimi ittiham edilmişdir. Beynəlxalq tribunalların qərara aldığı kimi, dövlətin məsuliyyəti törətdikləri hərəkətlərə görə törədilən cinayətin məsuliyyətindən fərdi azad etmir. Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan (işğal edilmiş Dağlıq Qarabağda Ermənistanın yaratdığı oyuncaq qurumun “müdafiə naziri”), Yevgeni Nabokix, Valeri Citcyan rəhbərlik etmişlər. Soyqırımının törədilməsində indiki Ermənistan prezidenti Serj Sarkisyan, keçmiş prezident Robert Köçəryan və hazırda işğalçı respublikada vəzifədə olan onlarca şəxs birbaşa məsuldurlar.

Faşist SS generalları erməni Dro və Njdenin məhz Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan kimi varisləri XX əsrin sonlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədiblər. Bu baxımdan Serj Sarkisyanın təkcə “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq - biz bu stereotipi qıra bildik” fikirlərini xatırlamaq kifayətdir.

Xocalı və digər soyqırımları xalqımızın qan yaddaşıdır. Daim bizə torpağımızı azad etməyə, işğalçı və qaniçənlərə layiqli cavab verməyə haraylayan faciələrdir. 1997-ci ilin fevral ayının 25-də ümummmilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən hər il respublika ərazisində fevralın 26-sı saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Sərəncamda deyilir ki, “1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımı törətmişlər. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır”. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və erməni dezinformasiyasını ifşa etmək üçün hər bir azərbaycanlıya informatik döyüş əmri verib. Ona görə də hər bir həqiqət aşkarlanmalı, bizə qarşı ermənilərin törətdikləri soyqırımı siyasətini, terror, vandallıq, qaniçənlik və s. qeyri-insani faktları daim ölkə və dünya ictimaiyyətinə çatdırılmalıdır. Vurğulamaq vacibdir ki, ulu öndərimiz Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu istiqamətdə müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası beynəlxalq miqyasda bu faciənin tanıdılması, həqiqətlərə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində çox effektli və mühüm tədbir olmuşdur. Hazırda bu tədbir 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.