Respublika.-2018.-25 fevral.-44-S.7.

 

Qərbi azərbaycanlıların son deportasiyasından 30 il keçir

 

Qədir Aslan,

Əməkdar jurnalist

 

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə, məşəqqətlərə məruz qalmışdır.

Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərzisindəki ata-baba yurdlarından kütləvi surətdə və zorakılıqla qovulmuşdur. Hüquq normalarına zidd olan bu qərarların icrası zamanı totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək dünyasını dəyişmişdir. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az olmamışdır.

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən müddətdə lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

Ermənipərəst Qorbaçovun və digər qüvvələrin dəstəyi ilə 1988-ci ildə Qərbi Azərbaycandakı həmvətənlərimiz erməni xəyanəti nəticəsində son deportasiyaya məruz qalmış, Viktor Halibartsumyan, Sero Xanzadyan, Silva Kaputikyan və bir çox qəddar daşnakların dirijorluğu ilə 200 mindən çox azərbaycanlı min bir işgəncə ilə qədim Oğuz ellərini məcburən tərk etmiş, köç karvanları şaxtalı-boranlı qış günlərində uçurumlu dağ yolları ilə Azərbaycan torpağına üz tutmuşlar. Bu haqda Qızıl Moskvaya minlərlə teleqramlar vurulsa da heç bir nəticə hasil olmadı. Çünki ermənipərəst qüvvələr buna imkan vermirdi.

Qərbi Azərbaycandakı soydaşlarımızın Göyçə mahalı, Vedibasar, Zəngibasar, Ağababa Zəngəzur və digər ata-baba torpaqlarından qovulmasından 30 il keçir (1988-2018). Bağ-bağatlı evlərdə, dumanlı-çiskinli dağlarda bu gün saqqallı erməni dığaları dolaşır, qədim yurd yerləri azərbaycanlılar üçün yaman darıxır, boz atlar kişnəmir, telli-sazlar ötmür, oğul-qızlar yallı getmir, başı dumanlı dağlarda Koroğlu nərəsi səslənmir...

Otuz il az vaxt deyil, günlər ötür, insanlar qocalır, yurd yerləri taleyinə qaçqınlıq yazılmış insanları göyüm-göyüm göynədir, hər qarış torpaqda azərbaycanlıların ayaq izləri görünür, hamının səbri tükənib, xüsusilə yaşlı nəslin nümayəndələri Vətən, yurd eşqilə yaşayır, inanırlar ki, günlərin bir günündə Prezident İlham Əliyevin titanik səyi nəticəsində Qərbi Azərbaycan torpaqlarına dönəcəklər.

Bu günlərdə Bakının Nərimanov rayonunun ərazisindəki Tural mərasim evində Qərbi azərbaycanlıların son deportasiyasının 30 illiyinə həsr olunmuş geniş anım mərasimi keçirildi. Tədbirdə Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan yurd həsrətli insanlar, KİV nümayəndələri iştirak edirdi.

Tədqiqatçı jurnalist Qabil Zimistanoğlu və tanınmış jurnalist, Göyçə mahalının yetirməsi Mürvət Yusifovun dəstəyi ilə keçirilən tədbirdə ilk öncə 1988-ci ildə erməni xəyanəti nəticəsində dünyasını dəyişən, Qarabağ uğrunda şəhidlik zirvəsinə yüksələn Qərbi Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Daha sonra ekranda ulu öndər, dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zaman-zaman Qərbi Azərbaycanda erməni daşnaklarının törətdikləri vəhşiliklərlə bağlı fikirləri göz önünə gətirildi.

Anım mərasimində jurnalist Mürvət Yusifovun geniş, tarixi faktlara söykənən məruzəsi mərasim iştirakçıları tərəfindən razılıqla qarşılandı. Ermənilərin İrəvan xanlığı ərazisinə kütləvi surətdə köçürülməsi və azərbaycanlıların mərhələli deportasiyasından söhbət açdı. Vurğuladı ki, Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında Erməni vilayəti adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. Böyük Ermənistan ideyaları təbliğ olunmağa başlandı.

İllər keçdikcə erməni xəyanəti hər an hiss olundu, onlar həmişə havadarlarının köməyi ilə Qərbi Azərbaycanda öz mərkli niyyətlərini həyata keçirməyə başladı, xalqımıza qarşı xəyanət toru hazırlandı, kütləvi qırğınlar baş verdi.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası oldu. Buna köçürmə yox, repressiya demək daha düzgün olardı. Hələ 1943-cü ildə üç dövlətin (SSRİ, ABŞ və İngiltərə) Tehran Konfransında sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ xarici işlər naziri V.Molotova müraciətində xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçməsinə icazə versinlər. İ.V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra ermənilərin köçürülməsinə razılıq vermişdir. Q.Harutyunov bu fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların ata-baba torpaqlarından zorla köçürülməsi barədə qərar verilməsinə nail olur.

Xaricdə yaşayan erməniləri Ermənistana köçürmək üçün azərbaycanlıların zorla köçürülməsi haqqında ilk qərar Qolos Armeniya qəzetinin verdiyi məlumata görə M.Bağırov və Q.Harutyunovun 3 dekabr 1947-ci il tarixli məktubu ilə əlaqədar verilmişdir. Bu müraciətə cavab olaraq SSRİ Nazirlər Soveti iki qərar qəbul etmişdir. Birinci 29 dekabr 1947-ci il tarixli Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında 4085 nömrəli qərar idi. İ.Stalinin imzaladığı həmin qərar azərbaycanlılar üçün gözlənilməz zərbə idi, ağır repressiya idi. Bu qərarda heç bir arqument göstərilmədən nəyin bahasına olursa-olsun, azərbaycanlıların Ermənistandan köçürülməsi tələb olunurdu.

SSRİ Nazirlər Sovetinin 10 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-1950-ci illərdə könüllülük prinsipləri əsasında Ermənistan SSR-də yaşayan 100 min azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüldü. Qərara görə 1948-ci ildə 10 min nəfərin, 1949-cu ildə 40 min nəfərin, 1950-ci ildə isə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu.

Vurğulamaq lazımdır ki, İ.Stalinin ölümündən sonra Ermənistandan azərbaycanlıların köçürülməsi dayandırıldı. Müəyyən vaxt keçdikdən sonra isti iqlim şəraitinə dözməyən bir çox insanlar yenidən Qərbi Azərbaycana - Zəngibasara, Basarkeçərə və digər əzəli torpaqlarına qayıtdılar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında fərman imzalamışdır. Nəzərdə tutulmuşdur ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi surətdə deportasiyası hərtərəfli tədqiq edilsin. Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilsin və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə dövlət komissiyası yaradılsın.

1988-ci ildə ermənilər M.Qorbaçov və digər ermənipərəst qüvvələrin dəstəyi ilə Ermənistanda yaşayan 200 mindən çox soydaşımızın son deportasiyasının reallaşmasına nail oldular. Azərbaycanlılar qarlı-çovğunlu günlərdə qədim Oğuz ellərindən, ata-baba yurdlarından zorla qovuldular, başlarına nə müsibətlər gətirilmədi? Ermənilər neçə-neçə dinc insanları amansızlıqla qətlə yetirdilər, hətta körpə uşaqlar borulara doldurulub öldürüldü, kömək olmasın deyə boruların çıxışları qaynaq edildi. Əlbəttə, bu dünyada analoqu olmayan bir cinayət idi. Bu amansız hadisəni 1988-ci ildə Ermənistanda zəlzələ olarkən buraya səfər edən xarici jurnalistlər də olduğu kimi, ürəkağırısı ilə qələmə almışlar.

Mürvət Yusifov çıxışının sonunda qeyd etdi ki, 1988-ci ildə erməni millətçiləri tərəfindən başlanılan milli zəmində qarşıdurma nəticəsində Qərbi Azərbaycan torpaqlarındakı 185 kənddən 230 min nəfər azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü, 1200 nəfər yaralandı, 31 min ev, 165 kolxoz və sovxoz əmlakı talandı. Qızıl Moskva isə buna göz yumdu. 1991-ci il avqust ayının 8-də Qərbi Azərbaycanda sonuncu Azərbaycan kəndi olan Nüvədi (Mehri rayonu) rus əsgərlərinin köməyi ilə boşaldıldı.

Bu gün azərbaycanlıların Ermənistan ərazisindən deportasiya olunmasından 30 il keçir. 30 bahar, 30 qışdır ki, talelərinə qaçqınlıq yazılmış insanlar Vətən, yurd həsrəti ilə yaşayırlar. Hamının qəlbində bir arzu, istək var: Qürbətdə qalan nisgilli Göyçəm, Vedibasarım, Zəngəzurum, Zəngibasarım, Göyçə gölüm, darıxma, biz sizə dönəcəyik, özü də Koroğlu qılıncı əlimizdə!

Bakıda keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyev demişdir: Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır. Necə ki, bu gün bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İravan xanlığıdır. Zəngəzur, Göyçə mahalıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.

Ermənistan ərazisindən azərbaycanlıların son deportasiyasının 30 illiyinə həsr olunmuş toplantıda professor İbrahim Bayramov, tədqiqatçı Sabutay Hacıyev, şair, publisist Qəhrəman Cəfərov, şair Pərvanə Zəngəzurlu, tədqiqatçı Telman Hacıyev, Aşıq Ələsgər muzeyinin direktoru Hüseyn Hacıqulu oğlu, Xətai Ələsgərli, tədqiqatçı Şahlar Hacıyev və başqaları çıxış etdilər.

Tədbirdə incəsənət ustaları, aşıqlardan Göyçə Ömürlü, İqrar Əliyev, Bəhmən Göyçəli və başqaları maraqlı proqramla çıxış etdi.