Azərbaycan.-2018.-24 fevral.-¹43.-S.4.

 

“Azərbaycan” cümhuriyyət dövrü tarixinin öyrənilməsində qiymətli mənbədir

 

AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi

 

Azərbaycan Prezidentinin sərəncamına əsasən elan olunmuş “Cümhuriyyət ili” çərçivəsində fevralın 21-də AMEA-nın Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi.

Milli Məclisin deputatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov elmi konfransı açaraq bildirdi ki, cümhuriyyət tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların mənbə kimi əhəmiyyəti çox böyükdür. İlk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilən qəzetin Azərbaycan dilində buraxılmış səhifələrinin yuxarısında adı ilə yanaşı, “Türk və islamçılığa aid məqalələrə “Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verilib. Xatırladıldı ki, həmin dövrdə ölkənin tanınmış ziyalıları - Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahimin müxtəlif dövrlərdə baş redaktoru olduqları “Azərbaycan” qəzeti 1918-1920-ci illər ərzində Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirməklə yanaşı, erməni-müsəlman məsələsinə də biganə qalmayıb.

Elmi konfransda Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzeti müstəqilliyimizin atributu kimi”, institutun şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Natiq Məmmədzadənin “Azərbaycan” qəzeti cümhuriyyət dövründəki ictimai-siyasi həyatın aynasıdır”, şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Bağırovanın “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı” və institutun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılovun “Cümhuriyyət dövründə dövlət quruculuğu məsələləri “Azərbaycan” qəzetinin səhifələrində” mövzuları ilə etdiyi çıxışlar maraqla qarşılandı.

Əvvəlcə Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru akademik Yaqub MAHMUDOV konfrans iştirakçılarını salamlayaraq dedi:

- Bu gün ölkəmizin həyatında olduqca mühüm toplantılardan biri - dövlət qəzetimizin - baş mətbu orqanımızın - “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçiririk. Bu konfrans AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə qeyd olunur və bunu tarixçi alimlərimiz milli məfkurə borcu hesab edir. Çünki bizim “Azərbaycan” qəzeti adi mətbu orqanlardan biri deyil. Qəzet Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdıdır! AXC-nin yaratdığı dövlət orqanıdır! AXC-nin qurucuları Şərqdə ilk müstəqil respublikanı yaradarkən ölkəmizin şimal torpaqlarının adına Azərbaycan sözünü yazdı. Həm də bu dövləti Azərbaycan Xalq Cümhuriyyəti adlandırdı! Son dərəcə ağır mübarizə şəraitində, kəskin narazılıqlara, qonşularımızdan olan etirazlara əhəmiyyət verməyərək vətənimizin bu hissəsinə, haqlı olaraq, tarixi elmi ad qoydu. Qədim İrəvanda, bugünkü Ermənistan deyilən işğalçı rejimin və bəzi qonşu ölkələrin paytaxtlarında, ayrı-ayrı şəhərlərində keçirilən elmi toplantılarda bizim bu ərazimizin adının Azərbaycan olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Hələ eramızın III əsrindən başlayaraq bu yerlərin Azərbaycan torpaqları olması ilk mənbələrdən sübut edilir. Amma dünyanın ən demokratik cümhuriyyəti öz dövlətinin, xalqının adını seçməklə millətimizin qarşısında böyük xidmət göstərmiş oldu: qəzetin adını da “Azərbaycan” qoydu. Bu, son dərəcə böyük prinsipiallıq nümunəsi və görk idi ki, siz dövlətin adına Azərbaycan sözünün daxil edilməsinə dözümsüzlük göstərirsiniz, biz isə onun mətbu orqanının da adını “Azərbaycan” qoyduq! Bax buna görə də AXC tərəfindən qəbul edilən həmin qərarın, atılan addımın bizim üçün çox mühüm əhəmiyyəti vardı. “Azərbaycan” qəzetinin isə böyük rolu ondan ibarətdir ki, cümhuriyyət dövründə çıxan sayları ölkəmizin ozamankı tarixini olduğu kimi öyrənməkdən ötrü qiymətli ilk mənbədir. Biz bu qəzeti tarix elmində xüsusi qiymətləndiririk. Bu baxımdan bizim üçün son dərəcə xoşdur ki, onun səhifələrini vərəqləyəndə nələri görürük. Şəfi bəy Rüstəmbəyli, ondan öncə Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli və digərlərinin redaktorluğu ilə buraxılan “Azərbaycan” qəzetinin səhifələrində erməni faşizminin Qarabağda, İrəvan ellərində, Naxçıvan və Zəngəzurdakı qırğınları, Bakıda, eləcə də Qubada, ümumiyyətlə, bütünlüklə Azərbaycan ərazilərində törədilən soyqırımları, millətimizi məhv etmək siyasətinin mahiyyəti, həmçinin xalqımızın mübarizəsi, ağır taleyi, dövlətini, millətini yaşatmaq hüququ bu qəzetin səhifələrində öz əksini tapıb. Ona görə də onun səhifələri o zamanı öyrənməyimiz üçün misilsiz bir mənbədir. Bu baxımdan bugünkü konfransın böyük əhəmiyyəti var. Amma konfransın əhmiyyətindən söz açarkən bir də onu xüsusi vurğulamaq istəyirəm ki, qəzetin ünvanında, o dövrün tarixində Azərbaycan xalqının dahi oğlu Üzeyir bəy Hacıbəylinin adı var. Bu sözləri həyəcansız söyləmək mümkün deyil! Üzeyir bəy sadəcə olaraq bizim peşəkar musiqimizin, jurnalistikamızın dahisi deyil, o, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixinin misilsiz ictimai, siyasi və dövlət xadimidir. Yeri gəlmişkən deyim ki, bu il buraxdığımız təqvim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, onun hər vərəqi isə cümhuriyyəti quran siyasi və dövlət xadimlərinə həsr edilib. Üzeyir bəyin nə qədər dahi, bizim xalqımıza, vətəninə bağlı olduğunu bir də onda görürəm ki, cümhuriyyət tarixinin bəzi xadimləri ağır təqiblər şəraitində ölkəni tərk etsələr də, Üzeyir bəy onu nələr gözlədiyini bildiyi halda heç yana getmədi. Yəni vətən yolunda şəhid olmağı şərəf sayaraq, ölümün gözünə dik baxıb burada yaşadı.

“Azərbaycan” qəzeti hazırda özünün inkişaf dövrünü yaşayır. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin baş mətbu orqanı olan bu qəzet indi də rəsmi dövlət qəzetidir. Mən bu qəzetin kollektivini, əlbəttə, Milli Məclisin deputatı, baş redaktor Bəxtiyar Sadıqov başda olmaqla, ürəkdən təbrik edir və alqışlayıram. Kollektiv bu gün qəzetin bütün ənənələrini yaşadır, çox əmək sərf edir. Bu gün bizim mənəvi dünyamıza, milli dəyərlərimizə sel kimi basqı var. Bu basqılar xaricdən olanlardır. Məqsəd də budur ki, milli-mənəvi dəyərlərimizdən məhrum edilək, məfkurəmiz korşalsın, “müasir insan” olaq, vətənkeşlik, milliyyətçilik, torpağa bağlılıq hislərimiz azalsın və üzümüzü çevirək Qərbə doğru, oradan nə gəlirsə, kor-koranə qəbul edək! Bunu vaxtilə bir dövlət bizə qarşı yeridirdi, təəssüf ki, bu gün Şərq xalqlarına, xüsusən bizə informasiya vasitəsilə yenə də yeridilir.

Burada bir balaca, tarixçi olaraq, müqayisə aparmaq istəyirəm. Fikrimizcə, tarixin inkişaf dövrlərinə təzə birini də daxil etmək lazımdır. Bunu ironiya ilə yox, həqiqət olaraq deyirəm: tarixdə bilirlər ki, bizim bir neçə - Paliolit, Neolit, Eneolit, Dəmir dövrümüz var. Bugünkü isə informasiya texnologiyaları dövrüdür. Fikrimcə, dünyada gedən proseslərin hansı məcraya yönəlməsi informasiyadan çox asılıdır. Əgər o informasiya həqiqəti, millətlərin, xalqların mənafeyini əks etdirən olarsa, böyük, güclü dövlət başçılarının, diplomatların beyninə düzgün informasiya çatarsa, siyasət humanistləşər, insanpərvərləşər, bəşəriyyət dinc nəfəs alar, haqsızlıqlardan xilas olar. Amma bu, təəssüf ki, belə deyil! Azərbaycan xalqı təcrübəsindən bilir ki, bu torpaqların ən qədim aborigen xalqı bizik. Bizim adımızı dünənə-srağagünə kimi “gəlmə” qoymuşdular. Guya, haradansa bura gəlmişik, kökümüz bilinmir, türkə dəxlimiz yoxdur və s. Nə bilim, irq olaraq aparıb Əfqanıstana çıxarırdılar. Stalin də deyirdi ki, İranın haradansa içərilərindən gəliblər… Buraların ən qədim aborigenləri kim olsa yaxşıdır? Erməniləri Qafqazın ən qədim aborigenləri sayırdılar! Bax bu cür cəfəng informasiyalar bizim beynimizə yeridilmişdi. Gənclikdən tutmuş yaşlı nəslədək, hamı düşünürdü ki, biz elə, yəqin, gəlməyik də. Çox təəssüf ki, saç-saqqalı ağarmışlar belə kəndə gedəndə sual verirdilər: “Biz bura haradansa gəlmişik?” Yəni beyinlərə bu yeridilmişdi. Amma Tarix İnstitutunun əməkdaşları Prezidentimizin birbaşa qayğısı ilə bu buzu sındırdı, əsl həqiqəti üzə çıxartdı. Ona görə də cənab Prezident cəbhə bölgələrində, konfranslarda bizdən danışır. YAP-ın bu yaxınlarda keçirilən VI qurultayında da ölkə başçısı əməyimizə yüksək qiymət verdi. Tarix İnstitutunun əməkdaşları sübut etdilər ki, Qafqazın aborigen əhalisi bizik. Bura köçürülüb gətirilmə əhali isə ermənilərdir. Onların burada dövləti olmayıb. Son 10 ildə Tarix İnstitutunda 400-dən çox əsər çap olunub. Tariximizin bütün dövrlərini xalqımıza yenidən təqdim edirik.

Biz bilirik ki, “Azərbaycan” qəzeti bu millət üçün nələr edib! Qəzetin rəhbərliyi bizdən tələb edib ki, siyahıları verin, soyqırımlarını qəzetdə dərc edək, cümhuriyyət tarixinə aid prinsipial məqalələr çap olunsun. Hamısı da çap edilib. Bu millətə, vətənə nə kimi prinsipial söz demişiksə, onların hamısı bu qəzetin səhifələrində dərc edilib, geniş oxuculara çatdırılıb. Bizə heç bir məhdudiyyət qoyulmayıb.

Ulu öndər Heydər Əliyev bu qəzetin arxasında durdu, yubileylərini keçirdi. Bu qəzeti qorudu. Prezidentimiz “Azərbaycan” qəzetinə qayğını həmişə diqqət mərkəzində saxlayıb, lazımi köməyini göstərib. Bir anlığa düşünək bugünkü mətbuatın vəziyyətini: “Azərbaycan” qəzeti olmasaydı, necə görünərdi? Düşünürəm: bizim mətbuatımızda internet şəbəkəsindəki ayrı-ayrı saytlarda necə gedir tariximiz? Böhtan da var, içərisində şər də, əlbəttə, ara-sıra yaxşı yazanlar istisna olunmaqla. Amma milli mənəviyyatımızın, mədəniyyətimizin yaşamasında “Azərbaycan” qəzetinin bir ali mətbu orqanı olaraq xüsusi rolu danılmazdır. Ona görə də hesab edirəm ki, AMEA-da keçirilən bu tədbir Tarix İnstitutunun ən sanballı, millətimiz üçün dəyərli elmi konfranslarından biridir!

Milli Məclisin deputatı,”Azərbaycan” qəzetinin Baş redaktoru Bəxtiyar SADIQOV konfrans iştirakçılarını salamlayaraq dedi:

- Hörmətli konfrans iştirakçıları, tarixçi alimlərimiz, bildiyiniz kimi, dövlət başçısı 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi. Eyni zamanda, Prezidentimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam da imzaladı. Buna görə cənab Prezidentə təşəkkür edirik. Çox şadıq ki, ilk tədbirimizi hörmətli Yaqub müəllimin təklifi ilə siz tarixçi alimlərlə, ziyalılarla birlikdə keçiririk.

“Azərbaycan” həm xoşbəxt qəzetdir, həm də talesiz! Xoşbəxt qəzetdir, ona görə ki, Azərbaycan adını ilk dəfə o daşıdı! Qəzet kimi bu adın legitimləşməsinə töhfəsini verdi. Bizim ilk müstəqil dövlətimizin rəsmi dövlət və akademik qəzeti oldu. Müstəqil dövlət quruculuğu prosesini öz səhifələrinə yazdı, qoruyub saxladı!

Biz jurnalistlər günün tarixini yazırıq, siz tarixçilər isə illərin. Biz ancaq sizinlə daim əməkdaşlıqda obyektiv, düzgün, baş verənləri olduğu kimi yaza bilərik. Mən niyə talesiz qəzet deyirəm? “Azərbaycan” qəzeti eyni zamanda müstəqilliyimizin qeyri-rəsmi atributudur, rəmzidir. Azərbaycan dövlət müstəqilliyini, “Azərbaycan” isə rəsmi qəzet statusunu qazandı. Azərbaycan dövlət müstəqilliyini itirdi, “Azərbaycan” qəzetinin də nəşri dayandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları kimi, qəzetin də üzərinə qadağa, “düşmən” qrifi qoyuldu. Hətta BDU-nun Jurnalistika fakültəsində bu qəzetlə bağlı nəinki 5 dəqiqə, ümumiyyətlə, heç söhbət getmirdi. “Müsavat təmayüllü qəzet” deyib susurdular.

Şükürlər olsun ki, yenidən dövlət müstəqilliyi qazandıq. “Azərbaycan” qəzeti də nəşrə başladı. Bu mətbu orqanın 4 redaktoru olub: Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahim. Onlar çox faciəli bir həyat yaşadılar. Ömürlərinin sonunu qürbətdə, böyük ehtiyac içərisində keçirdilər. Vətən həsrəti ilə dünyalarını dəyişdilər. Öz şəxsi həyatlarında da faciələr oldu: övlad dağı gördülər. Yeganə olaraq Üzeyir bəy Hacıbəyli ölkəni tərk etmədi. Onu musiqi dühası xilas etdi. Xəlil İbrahimin qızı Solmaz xanım redaksiyaya gəlmişdi. 93 yaşı var, Moskvada yaşayır. Təsəvvür edirsinizmi, bu insanın, atası Xəlil İbrahimin məzarı da yoxdur! Bizdən xahiş etdi ki, heç olmasa, Bakıdakı evinin fasadına bir xatirə lövhəsi vurulsun. AYB-nin sədri, xalq yazıçısı Anar müəllimə, xalq şairi Fikrət Qocaya müraciət etdik, sağ olsunlar, dərhal Mədəniyyət və Turizm Nazirliyinə məktub yazdılar və yəqin ki, həmin xatirə lövhəsi vurulacaq. Bu insan bacardığı qədər vətənə, xalqa xidmət etdi. Maarif Nazirliyində işlədi, kitablar yazdı, amma yenə də repressiyadan xilas ola bilmədi. Eyni zamanda, bu qəzetin yazarları - Məhəmməd Hadi, Seyid Hüseyn, Umgülsüm, Əhməd Cavad… hamısı çox ağır bir ömür sürdü. Sonda da ya repressiya, ya həbsxana, ya güllələnmə, ya da ki, qürbətdə ömürlərini başa vurdular.

Dəhşət odur ki, “Azərbaycan” qəzetinin həmin dövrdə çap olunan nüsxələrinin toplusunu tapa bilmirik ki, onları bərpa edək, kitab şəklində buraxaq. Orada dərc edilən məsələləri, odövrkü fəaliyyətini oxuculara çatdıraq…

Tarixçi alimlər inciməsinlər, bu gün onları 3 qrupa ayırmaq olar. Birinci qrup tarixçilər arxivlərdə sənədlərlə işləyirlər, böyük əziyyət çəkirlər. Çünki arxivlərdə işləmək üçün ilk növbədə əski əlifbanı bilmək lazımdır, on və ya yüz illərlə toz basmış qovluqları vərəqlədikcə onların tozunu udmağı bacarmalısan, müəyyən səriştə lazımdır. İkinci qrup tarixçilər isə artıq bu mərhələni keçməyən, kitablar əsasında əsərlər yazanlardır. Onlar da, insafla, müəyyən iş görürlər. Heç olmasa arxivlərdən çıxarılmış sənədlərin, əsərlərin tirajını çoxaldırlar. 3-cü qrup tarixçilər isə “internet alimləri”mizdir. Çox şadam ki, Tarix İnstitutunun alimləri, elmi əməkdaşları arxivlərdə əziyyətlə işləyirlər. Hətta dünyanın hər yerini gəzib arxivlərimizi tapıb gətirir, müstəqil dövlətimizə ərməğan edirlər. Yəni tariximizin obyektiv yazılmasına böyük səy göstərirlər. Ulu öndər Heydər Əliyevin çox mühüm tövsiyəsi var: tariximizi ağ ləkələrdən təmizləmək… Bu, “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda bir vəzifə kimi qarşımıza qoyulub!

“Azərbaycan” qəzetinin AXC dövründə cəmi 443 nömrəsi işıq üzü görüb. İlk rəsmi dövlət qəzeti status daşıyıb. Qəzetin 4 nömrəsi Gəncədə çıxıb. 15 sentyabr 1918-ci il tarixində ilk nömrəsi çap edilib.

Demək, acınacaqlı hal odur ki, qəzetin o dövrdə çıxan 443 nömrəsinin heç də hamısını əldə edə bilməmişik! Nə bunların tam həcmdə elektron variantını, nə də kserosurətini əldə etmək mümkün olmayıb. Çox çalışdıq! Müxtəlif yerlərə müraciət etdik. Hətta Moskvadakı əlaqələrimizdən də istifadə etməyə çalışdıq. Sankt-Peterburqda olan Lenin Kitabxanasına da müraciət etdik ki, heç olmasa surətini çıxarıb bizə versinlər. Bizimlə əməkdaşlıq qurmuş Rusiyadakı diaspor üzvləri də heç bir kömək edə bilmədilər. Sonra burada arxivləri axtardıq. Heç birində tam variant yox idi! Milli Kttabxanada da bir neçə nömrə çatmır. Məqsədimiz heç olmasa ilkin variant olaraq, hətta elektron formada olsa belə, nüsxələri bərpa edib yenidən çapına nail olmaqdır. Mütəxəssislərin hesablamasına görə, təxminən səkkiz cild edir. Qəzetin bütün nömrələrini əldə etdikdən sonrakı mərhələ onu araşdırmaq, bu barədə yazmaq, həmin dövrü öyrənmək və s. məsələlərlə məşğul olmaqdır. Təəssüf hissi ilə deməliyəm ki, hələ buna nail ola bilməmişik!

Biz qəzetin əldə olan nüsxələrini disk, yəni elektron formada AMEA-nın Tarix İnstitutuna hədiyyə edəcəyik. Bu qəzet hamımızın - dövlətin, xalqın, millətindir! Azərbaycan tarixinin fədailəri, dövlətini, xalqını, millətini sevən insanlar bu qəzeti ortaya çıxarıb! O binəsib insanların həqiqi qiymətini vermək bizim borcumuzdur! 71 il qadağa qrifi altında saxlanan, xalqdan gizlədilənləri, taleyinə işıq salınmayanları üzə çıxarmağa nail olacağıq. Tarix İnstitutu bu yolda çox doğru yol tutub.

Bayaq alimlər haqqında danışdıq. Yenidən mən o fikirə qayıdıram, sizin qiymətiniz verilir. Əslində, alimə iki cür qiymət verilir: birini xalq, digərini dövlət! Xalqın verdiyi qiymət hörmət və ehtiramdır. Dövlət isə alimə başqa cür qiymət verir: elmi adlar, təltiflər formasında. Yaqub müəllim, siz başda olmaqla, alimlərə yazdığınız əsərlərə görə ən yüksək mükafat - Dövlət mükafatı verilib! Heç təsadüfi deyil ki, alimlərə mükafatı cənab Prezident özü təqdim edir!

Azərbaycan Prezidenti AMEA-nın yubiley yığıncağında sizin zəhmətinizi xüsusi vurğuladı. YAP-ın VI qurultayında cənab Prezident bildirdi ki, bu gün tarixçi alimlərimiz tərəfindən sanballı əsərlər ortaya qoyulur. Bu gün əgər Prezidentimiz deyəndə ki biz İrəvana, Zəngəzura - qədim Azərbaycan torpaqlarına qayıdacağıq, buna görə də ermənilərin içərisinə bir çaxnaşma düşür - bunun tarixi, elmi əsasını siz yaratmısınız. Bu fikir həmin elmi əsərlərə istinadən deyilir.

Bir-iki vacib nüans var ki, istərdim onları tarixçi alimlərimizin nəzərinə çatdırım. Çünki “Azərbaycan” qəzetinin yaranması və fəaliyyəti araşdırma və dissertasiya mövzusuna çevriləndə bu mühüm amillər hökmən nəzərə alınmalıdır. İlk nüans ondan ibarətdir ki, biz istəyirik ki, siz tarixçilər bizim redaksiyanın əməkdaşlarının - azərbaycançıların fikirlərini biləsiniz. 1991-ci il yanvarın 1-dən “Həyat” adlı “rəsmi dövlət qəzeti” nəşr olunmağa başladı. O zaman, bildiyiniz kimi, SSRİ laxlayırdı, Kommunist Partiyasının taleyini hər kəs bilməsə də, ulu öndər bilmiş və öz qiymətini vermişdi. Həmin vaxt biz “Kommunist” qəzetində işləyirdik. Oradan bir qrup jurnalist yeni yaradılan qəzetin redaksiyasına köçürüldü. “Həyat” qəzeti Əfqan Əsgərovun redaktorluğu ilə nəşr edilməyə başladı. 1991-ci il yanvar ayının 1-dən “Həyat” qəzetinin ilk nömrəsi çıxdı. O dövrdə “Azərbaycan” adını qəzetə verə bilmədik. “Azərbaycan” adında Qarabağa Xalq Yardımı Komitəsinin qəzeti çıxırdı. Sovet qanunlarına görə, eyni adda iki qəzet ola bilməzdi. Ona görə də biz istəyimizə nail ola bilmədik. Sonradan dövr, zaman dəyişdi. “Həyat” qəzetinin 440 nömrəsi işıq üzü gördü. Lakin çox şükürlər olsun ki, 1992-ci il sentyabrın 23-də “Azərbaycan” qəzetinin qanuni adı özünə qaytarıldı! “Azərbaycan” qəzeti ilə “Həyat” birləşdirildi, Milli Məclisin orqanı “Həyat” isə dayandırıldı. 444-cü nömrədən “Azərbaycan” qəzeti çap olunmağa başladı! “Həyat” qəzeti isə arada itib-batdı. Təəssüf, itməli deyildi. Rəsmi dövlət qəzeti statusu daşıyıb, Milli Məclisin orqanı olub, o dövrdə “Azərbaycan” qəzeti nə ilə məşğul olubsa, o işləri də görüb… “Həyat” - rəsmi sənədləri dərc edib, parlamentin fəaliyyətini geniş işıqlandırıb. Mən istərdim ki, tarixçilər bilsin və gələcəkdə çalışacağıq ki, “Həyat” qəzetinin həmin 440 nömrəsi də “Azərbaycan”ın sıralarına əlavə olunsun.

İkinici nüansı da burada qeyd etmək istəyirəm. Həmin o komitə qəzeti - “Azərbaycan” 1989-cu ildə çıxdı. Onun redaktoru da bizim ziyalılarımızdan biridir. Bir neçə dəfə, hətta qəzetimizin 90 illiyini keçirəndə ictimai şəkildə də söhbətimiz oldu. O qəzetdəkilər hesab edirdilər ki, “Azərbaycan” qəzetinin xələfləri sırasına daxil olmalıdırlar, amma biz bununla razılaşmırıq: bir neçə məqama görə. Bayaq qeyd etdik ki, “Azərbaycan” qəzeti AXC dövründə “rəsmi dövlət qəzeti” statusunda olub. Amma digər “Azərbaycan” şərti olaraq komitə qəzeti olub. İkincisi, “Azərbaycan” qəzeti AXC hökumətinin maliyyəsi əsasında çıxıb, onun bütün tapşırıqlarını yerinə yetirib. Komitə qəzeti isə dövlətdən maliyyələşmirdi, müstəqil idi. AXC-nin qəzeti “Azərbaycan” hökumətin bütün qərarlarını dərc edir, parlamentin hesabatlarını verirdi. Amma həmin komitənin “Azərbaycan”ı isə heç bir rəsmi sənəd dərc etməyib. Ən əsası: AXC-nin “Azərbaycan”ı iqtidar mövqeyində durub, onun gördüyü işləri işıqlandırıb, komitə “Azərbaycan”ı isə iqtidara müxalif mövqedə olub. Həmin “Azərbaycan”ın 2014-cü ildə birinci nömrəsinin çıxmasının 25 illiyi qeyd olundu. Orada çıxışımda bu məqamları dedim və eyni zamanda qeyd etdim ki, biz “Azərbaycan” qəzetinin keçən il - 2013-cü ildə 95 yaşını, siz isə indi öz qəzetinizin 25 illiyini qeyd edirsiniz. Elə bu, özünüzün etirafınızdır ki, bu qəzet AXC dövründə buraxılan “Azərbaycan” deyil! Əgər söhbət ada görədirsə, onda Azərbaycan adında jurnal da çıxıb, İran azərbaycanlılarının Tudə Partiyasının “Azərbaycan” qəzeti çap edilib. Ceyhun bəy Hacıbəyli Münxendə “Azərbaycan” adlı dərgi də buraxıb. Onların heç biri rəsmi dövlət qəzetinin xələfi, yaxud davamına iddialı olmayıb! Ona görə də istərdim ki, bu məsələdə mövqeyimizi biləsiniz! Həm də burada qaranlıq məqamlar olmasın.

Biz nə istəyirik sizdən, umacaqlarımız nədir? Biz istəıyirik ki, “Azərbaycan” qəzetinin 443 nömrəsinin həm surəti və həm də elektron variantı bizdə olsun. 12-13 ildir ki, çalışır, çabalayırıq ki, onu əldə edək! Hələ ki buna tam nail olmamışıq, amma çox yaxınlaşmışıq. Əski əlifbanı, o zaman baş verən hadisələri oxuya bilən, həmin dövrdəki məsələlərə şərh yazmağı bacaran alimlərimiz var. Qəzetin oxunmayan, əldən düşmüş nüsxələri bərpa edilsin. Mövzuları araşdırılaraq elmi əsərlərə, dissertasiyalara çevrilsin. “Həyat” qəzetinin əldə olan 440 nömrəsi də “Azərbaycan”ın sıralarına əlavə edilsin.

“Azərbaycan” iki dövrdə çıxıb - birinci müstəqillik dövrü - 23 ay, təxminən 443 nömrə, bir də 1991-ci ildən bəri - indiki dövr. Əgər söhbət 100 illikdən gedirsə, “Azərbaycan” qəzetinin bütün dövrlərdə fəaliyyəti nəzərə alınmalıdır.

Bizim problemlərimiz və sizdən umacaqlarımız budur. O vaxtlar Gəncədə çıxan “Azərbaycan” qəzetinin 4 nömrəsinin elektron variantını müxtəlif yerlərdən əldə edə bilmişik. 1992-2017-ci illərdə 7284, 2003-2017-ci illər ərzində isə 4410 nömrə çıxıb. Biz onları bağlama şəklində Tarix İnstitutuna hədiyyə etmişik. Düşünürük ki, onlar burada daha gərəklidir. 2003-2017-ci illər ərzində buraxılan 31 cilddən ibarət, 4410 nömrəni eyni zamanda Milli Kitabxanaya da verdik. Biz indi 24 illik tariximizi əhatə edən qəzetin elekton versiyasının yazıldığı konpakt-diski institutun direktoru Yaqub Mahmudova təqdim edirik. Çünki bu elə bir diskdir ki, o, qədirbilən tarixçilərimizə hədiyyə edilməlidir!

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Natiq MƏMMƏDZADƏ çıxışında bildirdi ki, “Azərbaycan” qəzeti mətbuat tariximizdə, xalqın milli şüurunun, istiqlal ruhunun formalaşmasında həqiqətən böyük rol oynamışdır: “Biz tədqiqatçılar üçün 1918-ci ildə yaradılan bu qəzetin əhəmiyyətini dəyərləndirmək olduqca çətindir. Çünki “Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi həyatının sözün əsl mənasında aynası idi. Qəzetin səhifələrində ölkə həyatının bütün sahələrinə toxunulurdu. Dövlət quruculuğu, hökumətin siyasəti, Azərbaycan qəzalarındakı vəziyyət, iqisadi və sosial problemlər, mədəniyyət, ədəbiyyat, incəsənətin inkişafı, siyasi qüvvələr arasında mübarizə, mühüm beynəlxalq hadisələr və onlara Azərbaycanın münasibəti kimi məsələləri “Azərbaycan” qəzetinin səhifələrində izləmək mümkündür. Yəni tarix elmi baxımından “Azərbaycan” qəzeti cümhuriyyət tarixi üzrə mühüm, dəyərli bir mənbədir, cümhuriyyət tarixinin salnaməsidir”.

İnstitutun “Qafqaz tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru İradə BAĞIROVA isə çıxışına “Azərbaycan” qəzetinin milli mətbuat tarixindəki missiyasından başladı. O, qeyd etdi ki, Azərbaycan mətbuatının iki əsrə yaxın tarixinin mövcud olmasına baxmayaraq, biz bu il müstəqil Azərbaycan mətbuatının 100 illiyini qeyd edirik: “Mətbuatımızın təməli hələ XIX əsrin 30-cu illərindən, yəni “Tiflisskoye vedomosti” qəzetinin “Tatar xəbərləri” (1831-1833) həftəlik əlavəsi və “Qafqazın o tayının əxbarı” (1841-1843) qəzetləri ilə qoyulmuşdu. Lakin ilk Azərbaycan qəzeti, şübhəsiz ki, H.Zərdabinin 1875-ci ildə nəşr etdiyi “Əkinci” qəzeti oldu. Az vaxtdan sonra bağlanmış “Əkinçi” qəzetinin ənənələrini Ünsizadə qardaşları “Ziya”, “Ziyai-Qafqaziyə”, “Kəşkül”, M.Şahtaxtlı “Şərqi-Rus”, H.Z.Tağıyev və Ə.Topçubaşov “Kaspi” (1881-1919) qəzetləri ilə davam etdirdilər”.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İSMAYILOVun fikrincə, tarixçilər tədqiq etdikləri problemlərə dair mənbələri təsnif edərkən, bir qayda olaraq, onları mötəbərliyinə görə bölürlər: “Bu zaman, adətən, mətbuat materiallarını onların mənsub olduqları siyasi subyektlərin maraq və baxışlarından çıxış etdiyini nəzərə alaraq onları son sıralarda sərgiləyirlər. Lakin mətbuat materiallarına bu cür yanaşma Xalq Cümhuriyyətu dövrü mətbuatına münasibətdə özünü doğrultmur. Bunun ən bariz nümunəsini biz “Azərbaycan” qəzetinin fəaliyyətində görürük. Cəmi iyirmi aya yaxın fəaliyyəti dövründə “Azərbaycan” qəzeti Azərbaycanda milli dövlət quruculuğunun salnaməsini yazmaqla yanaşı, azərbaycançılıq, türkçülük, cümhuriyyətçilik məfkurəsinin xalqın şüurunda yer taparaq möhkəmlənməsində əsas vəsilə oldu”.

Yaqub Mahmudov konfransa yekun vuraraq dedi:

- Biz həmişə elmi konfranslarda deyirik ki, bəlkə də digər məruzəçilərə ehtiyac yoxdur. Amma bu gün deyərdim ki, var. Bəxtiyar müəllim, sizin çox səmimi çıxışınız tarixçi alimlər üçün çox gərəkli oldu. Bizimlə açıq söhbət etdiniz.

Bu gün Azərbaycanda ən zəngin elmi arxiv Tarix İnstitutundadır. Mən bunu cəsarətlə deyirəm. Biz onu nümunəvi bir qaydaya salmışıq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə oradan istifadəni də asanlaşdırmışıq. Bu yaxınlarda açılışı da ediləcək. Bəxtiyar müəllim, Sizin verdiyiniz həmin bu qiymətli hədiyyənizi - qəzet bağlamalarını gətirib yığmışıq arxivə. Bunlar bizdən ötrü “Azərbaycan” qəzetinin tarixidir. Əslində isə “Azərbaycan” qəzetinin səhifələrində əks etdirilən bizim milli tariximizdir! Bizə qiymətli bir töhfə elədiniz. Buna görə dərin minnətdarlığımızı bildirirəm.

AXC-nin tarixi fəaliyyəti ilə bağlı bizim institutun ayrıca şöbəsi var, orada çox böyük işlər görülür. İki cilddən ibarət “AXC-nin ensklopediyası”nı yaratdıq. Ulu öndər Heydər Əliyev cümhuriyyət dövrünə xüsusi qiymət verirdi. Azərbaycan Demokratik Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti kimi adlandırılması da ulu öndərin yadigarıdır bizə. O zaman bu məsələni Milli Arxivin direktoru Ataxan Paşayevlə qaldırdıq, “İstiqlal bəyannaməsi”ndə də açıq-aydın yazılıb ki, bizim yaratdığımız dövlətin adı AXC-dir. Bundan sonra ulu öndər Heydər Əliyev göstəriş verdi, dövlətimizin ozamankı qanuni adı bərpa edildi - AXC kimi. Ulu öndərə səfər zamanı demişdilər ki, AXC ilə bağlı lüğət hazırlanmalıdır. Demişdi ki, Yaqub Mahmudova mənim adımdan deyin, məşğul olsunlar, həm də ciddi şəkildə! Bu ikicildliyi çox çətin şəraitdə yaratdıq. Biz bunun 2014-cü ildə ikicildliyinin mükəmməl şəkildə nəşrinə nail olduq. Onu da deyim ki, ensiklopediyada “Azərbaycan” qəzetindən də məlumat vermişik. Biz bu konfrans üçün nəşr etdiyimiz kitablardan ibarət sərgi də təşkil etdik. Həmin kitabların bəzilərini gündəlik qəzet üçün lazım bilir və “AXC ensiklopediyası” ilə birlikdə tarixçilərimizin “Azərbaycan” qəzetinə hədiyyəsi kimi tədqim etmək istəyirik. “AXC-nin mətbuat tarixi” adlı bir kitabımız da nəşrə hazırlanır.

Yeri gəlmişkən, sizin “Azərbaycan” qəzetinin 100 illiyi ilə bağlı hazırladığınız tematik planla, oradakı mövzularla tanış olduq. Qaldırdığınız məsələlərlə tamamilə şərikəm. Mən hesab edirəm ki, biz “Azərbaycan” qəzetinin də tarixini araşdıracağıq. Ora “Həyat” da düşə bilər. Çox dəyərli, səmimi məsələlər qaldırdığınıza görə minnətdarlığımı bildirirəm.