Paralel.-2018.-20 fevral.-¹33.-S.10.

 

İslam həmrəyliyi iki milyarda yaxın insanı birləşdirməyə cəhddir

 

Multikulturalizm öz-özlüyündə dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi hamımız üçün istinad nöqtəsi olmalıdır

 

Bildiyiniz kimi, keçən il ölkəmizdə "İslam Həmrəyliyi ili" kimi yadda qaldı. Bununla bağı bir çox tədbirlər, görüşlər keçirildi. İslam dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük səylər göstərildi və bu da nəticəsiz qalmadı.

Onu da diqqətinizə çatdıraq ki, ondan bir il əvvəl, yəni 2016-cı il də prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə "Multikulturalizm ili" elan olunmuşdu və bu təşəbbüs də bütün sivil dövlətlər tərəfindən rəğbətlə qarşılanmışdı. Çünki multikulturalizm öz-özlüyündə dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi hamımız üçün istinad nöqtəsi olmalıdır və bunu da, bu gün bütün dünya dərk etməlidir. İslam həmrəyliyi isə onun tərkib hissələrindən biri kimi çıxış edir. Ona görə də bugünkü beynəlxalq ictimai-siyasi vəziyyət, müsəlman ölkələrinin daxilində gedən proseslər bizi bu məsələni daim diqqət mərkəzində saxlamağa sövq edir. Digər tərəfdən, hesab edirik ki, bu gün İslam ölkələrinə yönəlik qəsdlərin ölkəmizdən yan keçəcəyini düşünmək, səhv olardı. Bu mənada Azərbaycanı da öz maraqlarına uyğun idarə etmək üçün canfəşanlıq göstərən müəyyən qüvvələrin qeyri-sağlam niyyətlərinə tutarlı cavab olaraq, belə bir mühüm təşəbbüsün irəli sürülməsini hamımız üçün real olan təcavüzkar çağırışların önlənməsi, İslam dininə sitayiş edən ölkələr və xalqlar üçün ortaq dəyərlərin qorunub saxlanması, həmçinin bizə qarşı baş qaldıra biləcək təhlükələrdən sığortalanmaq yolunda mühüm addım kimi qəbul etmək lazımdır.

Ancaq yaddan çıxarmaq olmaz ki, bu gün bizim həmrəylik çağırışımızı dünyanın digər hissəsinə qarşı çağırış kimi də qəbul edənlər ola bilər. Buna görə də, biz bu ideya ətrafında təkcə xaos, ziddiyyət, müharibələr və məzhəb qarşıdurmasına sürüklənən İslam dünyasının yox, dünyadakı vəziyyəti dəyişmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyəti olan dövlətlərin, xalqların, müxtəlif dinlərin nümayəndələrini cəlb etməliyik. Onların özünü İslam dünyasının içərisindən gələn təşəbbüsə dəstək vermək və ona yönəlik qəsdlərin qarşısının alınması istiqamətində bir yerdə olmağa təşviq etməliyik.

Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs hər zaman olduğu kimi, bu dəfə də özünün hədəflərinə çatacağına heç bir şübhəmiz yoxdur. Bununla da Azərbaycan İslam dünyasını birləşdirmək, ona qarşı yönəlik qəsdləri zərərsizləşdirmək və bütövlükdə özünü dünyaya sülh və əmin-amanlıq carçısı olan ölkə kimi təqdim etmək imkanlarını bir daha ortaya qoyacaq.

Ümummilli lider Heydər Əliyev tərəfindən böyük peşəkarlıq, həssaslıq və üzaqgörənliklə hazırlanan mükəmməl dövlət-din modeli sayəsində ölkəmizdə milli-mənəvi dəyərlərə qayıdışın əsası qoyuldu, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başladı, ölkədə etiqad, inanc azadlığı tam təmin olundu. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə sabitliyin əldə olunması ilə yanaşı, ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində əməli addımlar atıldı. Bu addımlar sırasında ölkəmizin regionlarında, bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində mühüm işlər görüldü, dini maarifləndirmə tədbirlərinin miqyası genişləndirildi. Çünki dini radikalizmlə mübarizədə gənclərin maarifləndirilməsi təbliğatın əsas hədəfi kimi qəbul olunmalıdır. Ona görə ki, dini icmaların həyata keçirdiyi maarifləndirmə tədbirlərinin cəmiyyətin, xüsusilə gənclərin sağlam dini biliklərlə təmin edilməsində mühüm rol oynayır.

O da məlumdur ki, müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühiti yeni bir dövrə qədəm qoyub, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb. Buna görə də ölkəmizdə mövcud olan tolerantlığın, sabitliyin qorunub-saxlanılmasında milli-mənəvi, dini dəyərlərin təbliğinin, xüsusilə gənclər arasında maarifləndirmə işinin düzgün aparılması böyük əhəmiyyətə daşıyır.

Bildiyiniz kimi, bu dəyərlərdən uzaq düşən bir çox ərəb dövlətlərində təkcə sabit siyasi sistem deyil, iqtisadiyyatı da dağıdılıb, ərazi bütövlüyü pozulub, milli sərvətləri talan edilib. Yaxın Şərq və Şimali Afrika ölkələrinə süni şəkildə hərbi-siyasi problemlər yaşadan Qərbin özü də bu gün çətinliklər məngənəsindən qurtula bilmir. Qərbin özünün avantürasının nəticəsi olaraq yaranan miqrasiya problemi Avropa ölkələrinin özlərinin təhlükəsizliyinə təhdidlər yaradır.

Azərbaycana hər baxımdan daha yaxın olan Türkiyədə daxili sabitliyin pozulmasına gətirib çıxaran hadisələrin nəticələri göz qabağındadır. Qanlı terror aktları bu ölkələrdəki sabitliyə çox böyük zərbə vurur.

Göründüyü kimi, çağdaş dünyamız olduqca gərgin günlərini yaşayır. Lakin qürur hissi ilə deməliyik ki, qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan dövlətinin həyata keçirdiyi multikulturalizm siyasəti yerləşdiyi coğrafiyanın "sabitlik adası" olaraq qalmasına xidmət edir. Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti hakimiyyətin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində həm bölgənin liderinə, həm də sabitlik və əməkdaşlıq məkanına çevrilib. Biz bu əmin-amanlığa hansı qanlı-qadalı günlərdən keçərək gəldiyimizi hamımız çox gözəl bilirik. Buna görə də, hansısa xarici çevrələrin Azərbaycanda öz məkrli planlarını həyata keçirmələri qeyri-mümkündür. Milli maraqlarımıza qarşı olan istənilən siyasi oyun və çirkin planlar güclü Azərbaycan dövləti qarşısında iflasa məhkumdur!

Bu da danılmaz həqiqətdir və təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrini əhatə edir. Əgər bunun bir səbəbi məlum xarici dairələrin öz maraqlarını müsəlman cəmiyyətlərində həyata keçirmələridirsə, digər səbəbi İslam dininə sitayiş edənlər arasında sürətli parçalanmanın mövcudluğudur. Çox təəssüflər olsun ki, məzhəb ayrı-seçkiliyi bu gün İslamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq, məzhəb kimliklərini önə çəkirlər. Ən ağrılısı odur ki, bu problem daim xarici dairələr tərəfindən qızışdırılır, nəticə etibarilə qanlı qarşıdurmalar baş verir, terrorçuluq baş alıb gedir.

Bütün bunların fonunda bir daha aydın olur ki, əhalinin əksəriyyəti müsəlman olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edir. Bu mənada, prezident İlham Əliyevin 2016-sı ili "Multikutluralizm ili", 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsi də təsadüfi deyil. Bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə gercəkləşən "Baki Prosesi"nin 10 ili tamam olur. Bu da o deməkdir ki, bütün bu təşəbbüslər, təkliflər təkcə ölkəmizdə deyil, bütünlüklə dünyada tolerantlığın, dözümlülüyün, multikulturalizmin qorunmasına və inkişaf etdirilməsinə yönəlik tədbirlərdir.

Azərbaycanda bu cür sağlam dövlət-din münasibətlərinin, tolerantlığın, multikulturalizm dəyərlərinə yüksək münasibətlərin əsası isə müstəqillik dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyub.

Etiraf etməliyik ki, müstəqillik illərində zərərli, məzhəb ayrı-seçkiliyi üzərində formalaşan təriqətlər də Azərbaycanda möhkəmlənməyə çalışıblar. Hətta ayrı-ayrı vaxtlarda dini ekstremizmə cəhdlər olunub. Lakin dinimizlə ayaqlaşmayan zərərli dini baxışların heç biri Azərbaycanda öz istəyinə çata bilməyib. Cəmiyyətimizdə xurafatdan, cəhalətdən, radikalizmdən uzaq sağlam dini münasibətlərin formalaşmasının nəticəsidir ki, Azərbaycan bu gün dünyada vəhdət namazının qılındığı nadir ölkədir.

Azərbaycan üçün əsas xüsusiyyətlər həm də ondan ibarətdir ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri, həm də ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır. Burada tarixin heç bir dövründə dinlərarası qarşıdurma baş verməyib. Hazırda Azərbaycanda bütün digər dinlərin təmsilçiləri kilsələrə, sinaqoqlara gedərək öz dini ayinlərini sərbəst icra edirlər. Bakıda həm pravoslav, həm katolik kilsəsi fəaliyyət göstərir. Ona görə də, bu gün respublikamızın dinlərarası dialoq mərkəzi statusunu daşıması tamamilə qanunauyğun bir haldır. Azərbaycan xalqının tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib.

 

“Paralel”in Araşdırma Qrupu