Palitra.-2018.-20 fevral.-¹33.-S.11.

 

Xocalı faciəsi Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir

 

Fuad Hüseynzadə

 

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ölkədə və xaricdə tədbirlər keçirilir. Belə ki, ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Uşaqlar və müharibə” adlı sərgi ilə tanış olublar. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə azərbaycanlı və ölkəmizdə təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqlar xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatları iştirakçılara çatdıraraq, bu istiqamətdə mütəmadi şəkildə tədbirlərin keçirilməsini arzu etdiklərini diqqətə çatdırıblar.

“XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir”, - deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan xalqının son 200 ildə erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını vurğulayıb. O deyib: “Xalqımız dəfələrlə tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Beynəlxalq hüququn normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda istənilən cinayətə və vəhşiliyə hazır olduğunu nümayiş etdirir”.

Komitə sədri qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə həqiqi qiymətini tapması üçün yalnız dövlət qurumları deyil, bütün ictimai təşkilatlar, hər bir vətəndaş öz imkanları çərçivəsində fəaliyyət göstərməli, töhfəsini verməlidir. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Fondu artıq dünyanın 70-dən çox ölkəsində Xocalı faciəsinə həsr olunan tədbirlər keçirib.

 

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır”

Hicran Hüseynova rəhbərlik etdiyi qurum tərəfindən “Müharibə uşaqların gözü ilə” adlı kataloqun, Azərbaycan və ingilis dillərində “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının nəşr edildiyini vurğulayıb. “Bu kitabı hazırlayan zaman apardığımız dəqiq araşdırmalar nəticəsində bəlli oldu ki, Xocalı soyqırımı zamanı həlak olan uşaqların sayı altmış üç yox, yetmiş altıdır. Baxmayaraq ki, artıq iyirmi dörd ildir atəşkəs rejimi elan olunub, bu rejim Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə pozulur. Nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Bu, vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir”, - deyə komitə sədri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Bəxtiyar Əliyev və Nazirlər Kabinetinin əməkdaşı Musa Ələkbərov tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, heç bir rəhmli insan hər hansı bir uşağın, - istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi, - müharibədən əziyyət çəkməsini istəməz. Lakin təəssüflər olsun ki, atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb. Bu uşaqlardan ən balacası iki yaşlı Zəhra Quliyevadır.

 

Kuala Lumpurda Xocalı soyqırımına həsr olunan minifutbol üzrə yoldaşlıq görüşü keçirilib

Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə isə Kuala Lumpur şəhərində yerləşən “Sport Planet Ampang” idman mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan minifutbol üzrə yoldaşlıq görüşü keçirilib. Yoldaşlıq görüşündə səfirliyin əməkdaşları, Malayziyada təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, yerli futzal oyunçuları iştirak ediblər. Komandalar meydançaya üzərində ingilis dilində “Xocalıya Ədalət” sözləri yazılmış, Azərbaycan Dövlət bayrağının rənglərindən hazırlanan idman formalarında çıxıblar.

Tədbir zamanı səfirlik əməkdaşları tərəfindən iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib.

Oyundan əvvəl iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

“Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək

Fevralın 26-da isə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək. Mərkəzdən bildiriblər ki, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun “Xocalı 613” simfonik poeması təqdim olunacaq.

Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Qeyd edək ki, Pyer Tiloyun “Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə həsr olunub. Əsər qərb klassik musiqisi və “Laçın”, “Sarı gəlin” mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. “Xocalı 613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.

Əsərin premyerası 2013-cü il fevralın 21-də Parisdə keçirilib. Daha sonra London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin və Oslo şəhərlərində təqdim olunub. Heydər Əliyev Mərkəzindəki konsert proqramında, həmçinin görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravürlərindən “Səyahət” fraqmenti, amerikalı bəstəkar Samuel Barberin “Adajio” əsərləri səslənəcək.

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamentinə etiraz edilib

Yeri gəlmişkən, Avropa Parlamentində planlaşdırılan erməni yalanlarına və Dağlıq Qarabağ mövzusunda saxta tədbirlərə etirazla bağlı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) bəyanat yayıb. Bəyanatda bildirilib ki, Avropa Parlamentinin və onun erməni lobbi qruplarının əlində vasitəyə çevrilən bir neçə deputatının son qərəzli və birtərəfli addımları, Azərbaycanın vətəndaş cəmiyyəti sferasının, ADTGT-nin ciddi etirazına səbəb olub. Belə ki, 2018-ci ilin yanvar ayında Avropa Parlamentinin İsveçdən seçilən üzvü Lars Peter Adaktusson (Avropa Xalq Partiyasını təmsil edir) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməsi və işğal ərazilərimizdə qanunsuz yaradılmış və fəaliyyət göstərən qondarma rejimin təmsilçiləri ilə görüşlər keçirməsi bizlərdə təəssüf hisləri yaradır. Bu azmış kimi, 27 fevral 2018-ci ildə Adaktussonun Fransadan deputat seçilən həmkarı xanım Mişel Rivasi (Avropa Yaşıllarını təmsil edir) ilə birgə Avropa Parlamentində erməni diaspor və lobbi təşkilatlarının - ArmenianLegal CenterforJustice and Human Rights və European ArmenianFederationforJustice and Democracy-nin sponsorluğu ilə Dağlıq Qarabağla bağlı birtərəfli, həqiqətdən uzaq məlumatlarla tədbir keçirmək niyyətləri də Avropa dəyərlərinə, qarşılıqlı dialoq və fikir mübadiləsi prinsipinə tam ziddiyyət təşkil edir. Eləcədə 28 fevral 2018-ci ildə Avropa Parlamentinin binasında bu qurumun Lüksemburqdan olan üzvü Frank Engelin (Avropa Xalq Partiyasının üzvü olan bu tərəfli şəxs uydurma “erməni soyqırımı”na beynəlxalq səviyyədə dəstək verdiyinə görə Ermənistanın ali dövlət mükafatı olan MxtiarGoç ordeninə layiq görülüb) təşkilatçılığı ilə “Dağlıq Qarabağ və Avropa İttifaqı: 1988-2018” mövzusunda qərəzli bir tədbirin keçirilməsi də planlaşdırılır ki, bu tədbirə də erməni lobbi qrupları olan - The Armenian General Benevolent Union və European Friends of Armenia adlı təşkilatlar sponsorluq edirlər”.

Sənəddə qeyd olunur ki, erməni lobbi qurumları tərəfindən sponsorluq ediləcək bu tədbirlər Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə yenidən Avropa ictimaiyyətini və siyasi dairələrini aldatmaq, saxta məlumatlarla beynəlxalq və regional təşkilatların çağırışlarına qarşı çıxmaqdır: “Bu tədbirlərə cəhd etməklə, erməni lobbi və sponsor qruplarının dəstəyi ilə hərəkət edən Avropa Parlamentinin adıçəkilən üzvləri təmsil etdikləri bu mötəbər siyasi qurumun da adına ləkə gətirmiş olurlar və bütün Avropa qarşısında sadiq olacaqlarına and içdikləri prinsiplərə xəyanət etdiklərini ortaya qoyurlar.

Erməni yalanlarına, uydurma, saxta informasiyalarına meydan açan Avropa Parlamenti və onun üzvləri təəssüflər olsun ki, bu yaxınlarda 26-cı ildönümü qeyd olunacaq, 26 fevral - Xocalı soyqırımına hələ də biganə qalaraq, bu barədə nəinki hər hansı bir qərar qəbul etmiş, adi bir açıqlama ilə belə çıxış etməmişdir”.