İki sahil.-2018.-16 fevral.-¹31.-S.14.

 

İnsanlığa qarşı analoqu olmayan cinayət

 

Xuraman İsmayılqızı

 

Prezident İlham Əliyevin 1918-ci ildə azərbaycanlıların məruz qaldıqları soyqırımının 100 illiyi ilə bağlı imzaladığı Sərəncam erməni millətçilərinin müxtəlif illərdə törətdikləri soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir. Son iki əsrdə daşnakların həyata keçirdikləri soyqırımlarına siyasi qiyməti 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə verən ulu öndər Heydər Əliyev bununla da erməni vəhşiliklərinin aşkarlanması imkanlarını artırdı.

Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın zaman-zaman soydaşlarımıza qarşı apardığı qırğınların hələ də davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı öldürülmüş, diri-diri yandırılmış, əlil olmuşdur. İmperiyanın siyasəti nəticəsində Azərbaycanda məskunlaşdırılan, qanlı hadisələrin törədilməsində vasitə kimi istifadə olunan ermənilər hələ də də işğalçılıq əməllərini davam etdirir, radikal terrorçu qrupların üzvü kimi insanları dəhşətə gətirən soyqırımlar törədirlər. Soyqırımla bağlı dövlət başçımızın imzaladığ Sərəncam isə bu günümüzdən dünənimizə işıq salacaq.

...1721-ci ildə I Pyotr isveçlərlə Nişdat sülh müqaviləsini bağladıqdan sonra diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Bu regiona sahiblənmək üçün Bakıda, Gilanda, Mazandaranda, Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsi siyasəti başlandı və sonralar daha böyük miqyasda davam etdirildi. Satqın ermənilərə himayədarlıq edən II Yekaterina bu istiqamətdə aparılan yerdəyişmənin sürətləndirilməsi üçün 1768-ci ildə fərman imzaladı. Ənənəni davam etdirən I Aleksandrın 1802-ci ildə Qafqaz canişini N.D. Sisiyanova göndərdiyi məktubunda yerləşdirmə prosesinə xususi diqqət yetirilməsi tapşırılırdı: “ Hər vəchlə ermənilərdən Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir.”

Gülüstan və Türkmənçay müqavilələrindən sonra isə Azərbaycan xalqı daha böyük faciələrlə üzləşdi. İrəvan və Naxçıvan xanlıqları ərazisində “ erməni vilayətinin” yaradılması, bu ərazilərə erməni ailələrinin köçürülməsi kampaniyası başlandı. İmperiyanın onlara göstərdiyi dəstək və yardımdan istifadə edən daşnaklar “ Böyük Ermənistan” xülyalarının reallaşdırılması üçün fəallıqlarını artırdılar.

İ.L. Seqalın 1912-ci ildə Tiflisdə çap etdirdiyi “ Krestyanskoye zemlevladeniye v Zakavkazye” kitabında yazılır ki, Naxçıvanda hökmranlıq edən xəfiyyə yerli sakinlərin əllərindən xeyli torpaq sahəsini alıb Məlik Eynatyana, Karapet Adamoviçə, Saak Yeqizarova bağışladı. Faşizm ideologiyasını arxada qoyan ermənilərin etnik təmizləmə siyasətinin müəllifləri Şaumyan, Mikoyan, Aqanbekyan, Şahnazarov kimilərinin təbliğatı nəticəsində ötən əsrdə üç dəfə törədilən kütləvi qırğınlar əsl vəhşilik idi.

“Böyük Ermənistan” xülyasının “ideoloqları” Şaumyanın, qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın və bu kimi qaniçən daşnakların rəhbərliyi ilə Naxçıvanda, Bakıda, Şamaxıda, Quba qəzasında, Qarabağda... bir sözlə, Azərbaycanın bütün yaşayış məskənlərində kütləvi qırğınlar, talanlar törədildi. Eyni qırğınlar 1918-1920- ci illərdə daha geniş miqyasda təkrarlandı. 1918-ci ilin martın sonlarında Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyanın başçılıq etdiyi silahlı dəstə 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda 30 min soydaşımızı amasızcasına, xüsusi qəddarlıqla qətlə yetirdi.

Soydaşlarımızı diri-diri oda atan, divara mıxlayan Tatevos Əmiryan, Styopa Lalayan, Andranik Ozanyan minlərlə azərbaycanlını qılıncdan keçirmiş, qadınlara, uşaqlara, qocalara belə aman verilməmişdilər

Erməni vəhşiliyinin nümunəsi olan Quba məzarlığı daşnak siyasətinin qanla yazılmış bir səhifəsi kimi hər kəsi dəhşətə gətirir.

Tarixən azərbaycanlılara məxsus İrəvandan köçürülən, respublikamızın aran zonalarına yerləşdirilən, vətən həsrətinə və iqlim dəyişikliyinə dözməyərək həlak olan, deportasiya edilən soydaşlarımız da soyqırımı qurbanlarındandırlar. Daşnak ideologiyasından, monoetnik dövlət yaratmaq siyasətindən qaynaqlanan deportasiyalar da, ermənilərin azərbaycanlılara qarşı yeritdiyi mənəvi soyqırımı idi.

Ermənilərin soydaşlarımıza qarşı növbəti soyqırımı müasir dövrümüzdə, 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə davam etdirildi. Dağlıq Qarabağda azərbaycanlıların qonaqpərvərliyindən istifadə edərək özlərini o torpaqların sahibi görmək istəyən daşnaklar illərdən bəri arzusunda olduqları ideyalarının gerçəkləşməsi, yaranan fürsətdən ustalıqla istifadə etmək üçün fəallaşdılar. Dağılmaq ərəfəsində olan SSRİ-nin düşdüyü böhranlı vəziyyətdən ustalıqla istifadə edən daşnaklar Azərbaycanın gözəl güşələrindən olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını reallaşdırmağa çalışdılar. O vaxt Sovet İttifaqının ilk və sonuncu prezidenti, ermənipəst M.Qorbaçovun məsələ ilə əlaqədar xeyir-duasını başbilənləri A. Aqanbekyan vasitəsilə alsalar da istəklərini gerçəkləşdirmək üçün stimul, təkan da lazım idi.

Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdunu tərk etməsi ilə nəticələndi.

SSRİ-nin dağıdılması üçün xarici dövlətlər tərəfindən hazırlanan məkrli planların reallaşmasında “Qarabağ kartı”ndan istifadə nəticəsində həlak olan minlərlə şəhidimiz də erməni soyqırımının qurbanları siyasına daxil edilsə iki əsrdə qətlə yetirilən soydaşlarımızın sayı 2 milyondan artıq olar. Qeyd olunduğu kimi, ermənilərin soyqırımlarının tarixi müxətlif dövrə təsadüf etsə də tətbiqi istiqamətləri fərqli idi: günahsız insanların öldürülməsi, ekoloji tarazlığın pozulması, tarixi yerlərin adlarının dəyişdirilməsi, abidələrimizin dağıdılması və s.

Əsrlərdən bəri davam edən soyqırımlar 20 Yanvar 1990-cı ildə bir daha təkrarlandı. Azərbaycanın demokratiya və milli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya tarixi vərdişlərini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandı. Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrində hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri yenə də qətliamlar törətdilər. Həmin hadisələrdə 130-dan artıq həmyerlimiz azadlıq uğrunda mübarizlər kimi şəhidlik zirvəsinə yüksəldi.

Artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. 26 fevral 1992-ci ildə yer üzündən silinən bu şəhərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilmiş, 487 nəfər şikəst olunmuş, 1275 nəfər ermənilər tərəfindən əsir götürülmüş, təhqirlərə məruz qalmışdır. Onların 150 nəfərinin taleyi barədə bu günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynini itirmiş, 130 körpə isə bir valideynindən məhrum olmuşdur. Soyqırım qurbanlarından 56 nəfəri amansız vəhşiliklə qətlə yetirilmişlər.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı quldur dəstələrinin ərazimizdə apardıqları hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılmışdır.

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ötən illərdə xalqa müraciət edən Prezident İlham Əliyevin vurğuladığı kimi, indi hamının bir məqsədi olmalıdır: iki yüz ildən artıq müddətdə erməni millətçilərinin apardıqları mənfur siyasətin bütün dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınması, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliam və soyqırımların ümumi mənzərəsinin tam mənada, bütün dəhşətləri ilə açıqlanması

... Bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırımlar çox olub. Xatın, Xirosima, Naqasaki, Uqanda.... Siyahını artırmaq da olar. Amma onların içərisində Xocalı soyqırımı xarakter etibari və qəddarlığı ilə fərqlənir. Çünki sovet imperiyasının dağıdılması üçün həlqə kimi seçilən millətlərarası ziddiyyətlərin gündəmə gətirilməsi ideyası yarananda ilk növbədə ermənilərin başqa millətlərlə daha sıx yaşadığı, təmasda olduğu bölgələr nəzərdə tutulurdu. Çünki tarixən imperiyanın nökəri olduğunu bu gün də satqınlığı ilə təsdiqləyən ermənilərin azacıq payla ən qanlı planların muzdlu nökərləri rolunu oynaması dəfələrlə sübut olunmuş həqiqətdir. Erməni ideoloqları Aqanbekyan, Silva Kaputikyan, Zori Balayan kimi daşnak tör-töküntülərinin icraçılar kimi nəzərdə tutulması hadisələri tezləşdirdiyi kimi ünvanlar da bəlli oldu.

...27-28 fevral 1988-ci ildə ermənilərin törətdikləri Sumqayıt hadisələrini ciddi araşdırmağa ehtiyac yoxdur. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün Kremlin, SSRİ DTK-nın xeyir-duasını alan ermənilərin ssenarisi əsasında Azərbaycanın ikinci sənaye şəhəri olan Sumqayıtda baş verənlərdə azərbaycanlılar günahkar hesab olunsa da əslində hadisələr ermənilərin təxribatlarına, planlarına uyğun həyata keçirildi.

Xocalı faciəsini “Sumqayıt hadisələrinə cavab” adlandıran ermənilər əslində illərdən bəri hazırladıqları planlarını reallaşdırmaq, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün əsrlərdən bəri ssenarilər üzərində çalışır, mənfur planlarını həyata keçirmək üçün vəsait ayırırdılar.

Zaman keçdikcə tarixlər, hadisələr araşdırıldıqca bəlli oldu ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı təkcə Xocalı ilə bitmir. Xocalı da daxil olmaqla əgər söhbət bir xalqın, millətin soyqırımından gedirsə Əsgəranda, Ağdamda, Sumqayıtda...Dağlıq Qarabağ münaqişəsi başlanandan erməni vəhşiliyinin qurbanı olan bütün soydaşlarımızın xatirəsi eyni dərəcədə ehtiramla yad olunmalı, dünya ictimaiyyəti hadisələrə siyasi-hüquqi qiymət verməli, Ermənistanın təcavüzkar siyasəti pislənməlidir.

Dəhşətli soyqırımlara imza atan ermənilər və keçmiş SSRİ-nin 366-cı alayındakı havadarları Xocalıda qətlə yetirilən azərbaycanlıları soyqırımı qurbanı kimi görmək istəmirlər. Amma bir əsr bundan əvvəl satqınlıqlarının və xəyanətlərinin qurbanı olan daşnak tör-töküntülərinin “soyqırım qurbanı” kimi tanınması üçün dəridən-qabıqdan çıxırlar.

Erməni lobbisinin təşəbbüsü ilə bəzi dövlətlərdə 1915-ci ildə Osmanlı dövründə satqınlığı və dövlətçiliyə qarşı göstərdiyi xəyanətləri üzündən öldürülən ermənilərinin guya soyqırımı qurbanları adlandırmaq cəhdləri baş versə də qəbul olunan qətnamələrin məhz həmin ölkə rəsmiləri, parlamentariləri tərəfindən təəssüflə qarşılanması, dövlətlərin mövqeyini əks etdirməməsi barədə səslənən bəyanatlar ermənilərin məkrli niyyətlərini ifşa edir. Əsasını etnik təmizləmə, deportasiya , insanlığa qarşı bəşəri cinayət adlandırılan SOYQIRIMI.

Bu qorxunc kabusun bəşəriyyət tarixində tanınmış ən qaniçən müəlliflərindən olan Ermənistan, daşnak ideoloqları, əllər qanlı, uşaq qatili Ermənistanın sabiq və hazırkı prezidentləri R. Koçaryan, S. Sarkisyan və onların qaniçən komandalarıdır.