Respublika.-2018.-15 fevral.-35.-S.7.

 

İlk təhlükəsizlik orqanları: tarix və müasirlik

 

Cəlal Qasımov,

DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşı, filologiya elmləri doktoru, professor.

 

Azərbaycanın dövlət institutları sırasında özünəməxsus yeri və rolu olan təhlükəsizlik orqanlarımızın tarixini şərti olaraq üç dövrə - cümhuriyyət, sovet və müstəqillik illərinə bölmək olar. Bu dövrlərin içərisində ilk təhlükəsizlik orqanının təşəkkülü, formalaşması və fəaliyyəti tarixi təhlil və tədqiqat baxımından daha az öyrənilməsinə baxmayaraq, milli yaddaşın ən mühüm tərkib hissələrindəndir.

Məlum olduğu kumi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyət ili elan olunmuşdur. Bu baxımdan, cümhuriyyətin xüsusi xidmət orqanlarının fəaliyyəti və tarixinin daha geniş miqyasda tədqiqi və öyrənilməsi son dərəcə aktual məsələlərdəndir.

Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Belə ki, o vaxtlar Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş denikinçilərin, bolşeviklərin, erməni-daşnak və sair qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı ciddi maliyyə imkansızlığı, kadr çatışmazlığı, daxili siyasi yekdilliyin olmaması, hər tərəfdən göstərilən hərbi təzyiqlər və sairə bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı. Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını, təsərrüfat və təminat qayğılarını daha da gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 26-da Ərkani-hərb (Baş qərargah) təsis edildi. Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 28-də Səməd bəy Mehmandarovun və Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrdə göstərilirdi ki, mart ayının 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş İdarəsi yaradılıb. Həmin idarənin strukturuna daxil olan şöbələrdən biri General-kvartirmeyster adlanırdı. Bu şöbəyə daxil idi: Əməliyyat-səfərbərlik, Nizami-hesabat, Kəşfiyyat və əks-kəşfiyyat bölmələri və Rabitə xidməti.

Kəşfiyyat və əks-kəşfiyyatın Hərbi Nazirlikdə yalnız bir bölmə olaraq fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar mütəxəssislərin olduqca azlıq təşkil etməsi ictimai-siyasi həyatın bir çox sahələrində olduğu kimi, əks-kəşfiyyat işini də genişləndirməyə və inkişaf etdirməyə nəinki imkan vermirdi, hətta mane olurdu. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il aprel ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir. Səməd bəy Mehmandarovun məruzəsindən və bölmənin adından da aydın olur ki, bu qurum öz üzərinə həm kəşfiyyat, həm də əks-kəşfiyyatın funksiyasını götürmüş və hər iki işi paralel aparmışdır.

Azərbaycana təhdidlərin artdığı, müstəqilliyin təhlükə altında olduğu bir vaxtda kiçik bir qurumla böyük işlər görmək və ölkənin hərbi, ümumən dövlət təhlükəsizliyini təmin etmək olduqca çətin idi. Azərbaycanı işğal və ya özünə tabe etdirmək istəyən qüvvələrin, xüsusilə, keçmiş çar ordusunun generalı Anton Denikinin rəhbərlik etdiyi həmin ordunun qalıqlarından ibarət silahlı birləşmələrin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda, Azərbaycan üçün də ciddi təhlükə idi. Denikinçi zabitlər çar Rusiyası ordusuna məxsus hərbi mundirdə Bakının küçələrini dolaşır, Denikinin xeyrinə təbliğat aparır, ağqvardiyaçıları müdafiə edən könüllü silahlıların sıralarını genişləndirir, təxribat törətmək, hərbi və məxfi sirləri öyrənmək məqsədilə yenicə yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə daxil olurdular. Azərbaycanda belə şəxslərdən ibarət geniş casus şəbəkəsi qurmağa nail olan Denikin və onun əlaltıları Bakıda gizli silah-sursat bazaları da yaradırdılar. Bu isə gərginliyi daha da artırırdı.

Əks-kəşfiyyat bölməsinin qarşısında duran əsas vəzifələrdən biri də hakimiyyətə can atan bolşevizmlə mübarizə idi. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi onların Bakıda, Gəncədə və Azərbaycanın digər bölgələrində dövlət əleyhinə fəallıqlarını artırmışdı. Əks-kəşfiyyat bölməsinin vətənpərvər əməkdaşları Azərbaycan silahlı qüvvələrinə nüfuz etməyə çalışan bolşeviklərə qarşı mübarizəni gücləndirsələr də, həm kadr çatışmazlığı, həm də maddi-texniki təchizatın zəif olması bu işin öhdəsindən yetərincə gəlməyə imkan vermirdi. Bu barədə Səməd bəy Mehmandarov yazırdı: Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz.

Göründüyü kimi, ölkədə ictimai-siyasi, hərbi vəziyyətin gərgin olduğu, xarici təhdid və təzyiqlərin gücləndiyi, Denikin ordusunun, ingilislərin, eyni zamanda erməni-daşnak və bolşevik qüvvələrinin Azərbaycanın əleyhinə işlədiyi bir vaxtda müstəqil təhlükəsizlik orqanına xüsusi ehtiyac duyulurdu. Ona görə də tərkibinə Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil olmaqla 1919-cu il iyunun 9-da Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul edildi. DMK xüsusi səlahiyyətlərə malik olan bir dövlət orqanı idi. Bu Komitə ölkədə ümumi hərbi səfərbərlik keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, xüsusi könüllü dəstələr yaratmaq, ölkənin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə və müvafiq qərarlar qəbul etmək, ölkənin təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş digər vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə yeni strukturlar yaratmaq və sair hüquqlara malik idi. Azərbaycan parlamenti 1919-cu il iyun ayının 11-də DMK yanında xüsusi xidmət orqanı olan - Əksinqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar qəbul etdi.

Vaxtilə Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT) rəisi işləmiş, lakin sonradan Türkiyəyə mühacirət etməyə məcbur olan Nağı bəy Şeyxzamanlı (1883-1967) İstanbulda 1964-cü ildə çap etdirdiyi Azərbaycanın istiqlal mücadiləsinin xatirələri kitabında belə bir təşkilatın yaradılmasının səbəblərini bu cür izah edirdi: Əksinqilabla Mübarizə Təşkilatının yaradılmasına səbəb cümhuriyyətimizin ilk illərində çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, tez-tez hüquqlarımızı zorlaması və müxtəlif hadisələr törətməsi olmuşdur. Ona görə də hökumətimiz Əksinqilabla Mübarizə Təşkilatının layihəsini hazırlayıb parlamentə təqdim etdi. Layihə məclisdə böyük səs çoxluğu ilə qəbul olundu. ƏMT-nin Əsasnaməsinə uyğun olaraq bu qurum tərəfindən Azərbaycan dövlətçiliyinə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyaları keçirmək cəhdlərində, dövlət əhəmiyyətli obyektlərə, eləcə də hakimiyyətə qarşı silahlı müqavimət göstərməkdə, casusluqda və s. şübhəli bilinən şəxslərin həbsi zamanı yerli polis və əlaqədar orqanların nümayəndələri də dəvət olunurdu. ƏMT-nin başlıca vəzifələri əsasən bunlardan ibarət idi: dövlət quruluşunun devrilməsinə yönəlmiş, əhali arasında şifahi və ya mətbuat vasitəsi ilə dövlət əleyhinə təşviqat aparan şəxslərin, hökumətin fəaliyyəti və hərbi hissələrin əməliyyatlarına, milli təhlükəsizliyə dair yalan məlumat və şaiyələr yayan, əhalinin ayrı-ayrı təbəqələri arasında milli və digər zəmində münaqişələr yaradanların, hakimiyyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, siyasi xarakter daşıyan, hər cür toplantı və iclasların təşkilatçılarının, hər növ odlu silah, döyüş sursatı və partlayıcı maddələrin anbar və gizli saxlanma yerlərinin aşkar olunması, şübhəli şəxslərin ilkin həbs edilməsi və sair. ƏMT-nin kadr tərkibi müxtəlif partiya və millətlərin nümayəndələrindən ibarət idi. Yeri gəlmişkən qeyd edək ki, ƏMT-yə xidmətə qəbul zamanı namizədlər xüsusi yoxlamadan keçmədən (çox vaxt hər hansı bir şəxsin təqdimatı və ya zəmanəti kifayət edirdi) işə götürülürdü. Məsələn, işə qəbul edilməsi ilə əlaqədar Mirzəbaba Sadıqov adlı şəxs tərəfindən yazılmış xahişnamənin üzərində Nağı bəy Şeyxzamanlı belə bir dərkənar qoymuşdur: 1919-cu il sentyabrın 10-dan işə götürülsün. Maraqlıdır ki, həmin dərkənarda konkret olaraq gün göstərilir və elə həmin gün də namizədi işə götürürdülər. Əmrdə oxuyuruq: Mirzəbaba Sadıqov 10 sentyabr 1919-cu ildən Əksinqilabla Mübarizə Təşkilatının agenti təyin edilsin.

ƏMT-nin əməliyyat heyəti ştata uyğun olaraq agent və baş agent vəzifələrindən ibarət idi. Fəaliyyət göstərdiyi 1919-cu il iyunun 11-dən 1920-ci il martın 6-dək olan dövrdə bu təşkilatda yüzdən çox əməkdaş çalışmışdı. Azərbaycanın dövlət təhlükəsizliyini qoruyan bu təşkilatda 6-7 millətin nümayəndəsi işləyirdi. Amma maraqlıdır ki, bunlar arasında ermənilər yox idi.

Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəylinin əmri ilə Əksinqilabla Mübarizə Təşkilatının ilk rəisi parlamentin üzvü Məmmədbağır bəy Şeyxzamanlı (1880-1920), onun müavini isə Hümmət partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdilər. Lakin, Məmmədbağır bəy Şeyxzamanlı parlamentin üzvü olaraq, aqrar komissiyasında fəaliyyət göstərdiyindən avqustun 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdi. Həmin tarixdən isə onun yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunmuşdu.

Denikinçilərin 1919-cu ilin payızında həm şimaldan, həm də Xəzər dənizindən ehtimal olunan hücumunun qarşısını almaq, Bakının müdafiəsini təşkil etmək üçün DMK 1919-cu il sentyabrın 13-də keçirdiyi iclasda böyük əhəmiyyətə malik olan hərbi struktur - Bakı İstehkamat hissəsi (Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonu) yaradıldı. Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun rəisi vəzifəsinə general-mayor Murad Girey Tlexas təyin edildi. 1919-cu il oktyabrın 26-da ƏMT də Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonuna tabe edildi. Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonu və onun struktur bölmələri yalnız denikinçilərə deyil, eyni zamanda daşnak-bolşevik təcavüzünə qarşı da mübarizə aparırdı. General-mayor M.Tlexas 1920-ci il fevralın 28-də yazırdı ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlət və ictimaiyyət üçün təhlükə yaradan bolşeviklərin şəhərdən çıxarılması məqsədilə qətiyyətli tədbirlər görülür.

Həmin vaxtlar ƏMT-nin fəaliyyət istiqamətləri müxtəlif sahələri əhatə etmiş və bu özünün hüquqi əsasını Azərbaycan Respublikasının əks-kəşfiyyat xidmətinin məmurlarının hüquq və vəzifələri barədə Əsasnamədə tapmışdır.

Erməni radikal siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qrupları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə qarşı təxribatlar törətdiyindən xüsusi xidmət orqanları onlara qarşı fasiləsiz mübarizə aparırdı. Daşnaklar çirkin niyyətlərini həyata keçirmək və müstəqilliyini yenicə əldə etmiş gənc respublikada sabitliyi pozmaq məqsədi ilə müxtəlif yerlərdə toplantılar keçirərək daim Azərbaycan əleyhinə təxribat və təbliğat-təşviqat işi aparırdılar. Ona görə də ermənilərin bu təşkilatları ƏMT-nin nəzarət etdiyi əsas obyektlər olmuşdur. Maraqlıdır ki, Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar ƏMT tərəfindən saxlanılmış və həbs edilmiş şəxslərin əksəriyyəti ermənilər idi. Bunun üçün həbs edilənlərin siyahısına nəzər salmaq kifayətdir: Qriqori Babayants, Andrey Balayants, Danil Musaelyants, Ağacan Avakyants, Sərkis Melikyants, Georgi Melik-Qayakasov, David Abramyans, Soqomon Balayants, Sergey Arzumanyants, Petros Sarkisyants, Martiros Mirzoyants, Baqret Ohancanyan, İvan Avanesov, Mixail Ter-Zaxarov və başqaları. Tarixən olduğu kimi, bütün cəbhələrə xidmət edən ermənilər casusluq yolu ilə əldə etdiyi məlumatları həm denikinçilərə, həm bolşeviklərə, həm də ingilislərə ötürürdülər.

Lakin, qeyd olunduğu kimi, Azərbaycan milli dövlətçiliyinə qarşı ermənilərdən başqa, daha bir qorxulu qüvvə bolşeviklər idi. 1919-cu ilin sonlarından etibarən Bakıda bolşeviklərin Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyəti daha da gücləndi. Nəsib bəy Yusifbəyli bolşevik təbliğatlarının qarşısını almaq məqsədi ilə 1919-cu il noyabrın 23-də bolşevik yönümlü nəşrlərin dayandırılması haqqında bütün mətbəələrdən iltizam alınması barədə göstəriş verərək bildirirdi ki, tapşırığı yerinə yetirməyən mətbəələr müsadirə ediləcək, sahibləri isə həbs olunacaqdır.

1920-ci ilin aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı, özünün 23 aylıq ömrünə son verdi. Bununla da müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları ilə yanaşı, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin güc strukturlarını və burada fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyətini isə sovet totalitar rejimi öz repressiya məngənəsində məhv etdi.

Zaman baxımından qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yuksək qiymətləndirən ümummilli lider Heydər Əliyev bildirmişdir: Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir.

Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının şəxsi heyəti öz kökünə, keşməkeşli və mübarizələrlə dolu tarixinə ehtiramla yanaşır, sələflərinin keçdiyi çətin və şanlı mübarizə yolunu inamla davam etdirirlər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da, Azərbaycan Fövqəladə Komissiyasında, Xalq Daxili İşlər Komissarlığında, Dövlət Təhlükəsizliyi Nazirliyində və nəhayət, Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərən yeni nəslin bir sıra nümayəndələri həmin mütərəqqi ənənələri inamla davam etdirmiş, öz xalqına, vətəninə sədaqətlə xidmət etmişlər. Xalqın içərisindən çıxmış və onun ağrıları ilə yaşayan bu insanlar repressiyanın baş alıb getdiyi dövrlərdə belə imkan daxilində hər vəchlə çalışmışlar ki, xalqımızın günahsız övladlarını Sovet imperiyasının qaçılmaz ölüm və sürgün məngənəsindən xilas etsinlər.

Bu da danılmaz həqiqətdir ki, ovaxtkı sovetlər rejiminin mərkəzi hakimiyyətinin əli ilə təhlükəsizlik orqanlarında düşünülmüş surətdə yerləşdirilmiş, hər cür dona girməyə qadir olan, tarixi düşmənçiliklərini davam etdirən, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparan erməni daşnak-bolşeviklərı xalqımızın minlərlə say-seçmə övladlarına xalq düşməni, vətən xaini damğası vuraraq, görkəmli elm, sənət, mədəniyyət xadimlərini, bir sözlə, milli düşüncə və əxlaqın daşıyıcıları olan mütəfəkkir şəxsiyyətləri fiziki və mənəvi məhvə məruz qoymuşlar. Ulu öndər Heydər Əliyevin təbirincə desək, 1920-1950-ci illərin təhlükəsizlik orqanlarının fəaliyyəti bizim xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkədir.

Ötən əsrin 50-ci illərinin ortalarından etibarən stalinizmin ifşası və bununla əlaqədar repressiv aksiyalara, eləcə də siyasi terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Məhz bu dövrdən başlayaraq respublikanın təhlükəsizlik orqanlarında yeni ab-hava yaranmağa başladı. Milli kadrlara belə bir ögey münasibət olduğu dövrdə Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətinə nəzər yetirdikdə görərik ki, öz yüksək intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə həmkarlarından daim seçilən xalqımızın dahi oğlu təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər görmüşdür.

1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, azərbaycanlaşdırma siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərmişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görülmüş və gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında ulu öndərin böyük xidmətləri olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi. Məhz o illərdən başlayaraq bu strukturda ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində totalitar sovet rejiminin bilavasitə süqutuna, bu siyasi-coğrafi məkanda azadlıq mücadiləsini gücləndirərək digər respublikalara da müstəqillik və azadlıq ab-havasını gətirən Azərbaycan xalqı bədxah qonşularımız və onların havadarları tərəfindən terrora və hərbi təcavüzə məruz qaldı. Torpaqlarımız uğrunda mübarizədə millətin qeyrətli oğul və qızları ölüm-dirim döyüşünə qalxaraq əsl fədakarlıq nümayiş etdirdilər. Vətən uğrunda müharibədə öndə gedənlərin sırasında digər hüquq-mühafizə orqanlarının dəyərli və igid mübarizləri ilə yanaşı, təhlükəsizlik orqanlarının əməkdaşları da böyük şücaətlər göstərdi, qəhrəmanlıq dastanları yaratdılar. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən onlarca təhlükəsizlik orqanları əməkdaşı şəhidlik zirvəsinə yüksəlmiş, onlardan altı nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən və ölkəmizin suverenliyi dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən tanındıqdan sonra Azərbaycan Respublikasına qarşı yönəlmiş təzyiqlər, daxili və xarici təhdidlər daha da gücləndi. Bütün bunlar Azərbaycanda onsuz da mürəkkəb olan ictimai-siyasi durumu daha da ağırlaşdırdı. Ölkədəki gərgin vəziyyət milli təhlükəsizlik sisteminin yenidən qurulması, xalqın maraqlarının müdafiəçisi olmaq kimi prioritet vəzifələrin həyata keçirilməsi zərurətini doğurdu. Bu vəzifələri layiqincə yerinə yetirmək, eləcə də 70 il ərzində yalnız sovet imperiyasının mənafelərini güdən təhlükəsizlik sistemi prinsiplərindən imtina etmək, cəmiyyətdə formalaşmış mövcud stereotipləri dağıtmaq, əvəzində hər hansı bir dövlətdən idarə asılılığı olmayan, Azərbaycanın mənafelərinin təhlükəsizliyi keşiyində etibarlı dayanmaq iqtidarında olan milli təhlükəsizlik orqanını yaratmaq olduqca çox çətin, ciddi və həyati vacib bir məsələ idi.

Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. İlk növbədə bu qurumun qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti dəyişməli idi. Lakin, müəyyən obyektiv və subyektiv səbəblərdən, ilk növbədə, respublikaya səriştəsiz rəhbərlik, hökm sürən özbaşınalıq ilə əlaqədar 1991-1993-cü illərdə qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla həyata keçirmək, ölkə daxilində sabitliyi təmin etmək, eyni zamanda vaxtı ilə dağıdılmış, yararsız vəziyyətə salınmış sərhəd zolağında sərhədi qanunsuz keçən qaçaqmalçıların, təxribatçıların, pozucu qüvvələrin qarşısını yetərincə almaq mümkün olmurdu. Müstəqilliyimizin möhkəmləndirilməsinə mane olan qüvvələr Azərbaycanın milli təhlükəsizliyinin təminatına əngəl törətməyə, ölkədəki siyasi gərginliyi bir qədər də dərinləşdirməyə başladılar. Nəticədə müstəqilliyimizin taleyi artıq şübhə altına alındı.

Xalqımızın israrlı tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının qaşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.

Ulu öndərin yürütdüyü müdrik siyasət nəticəsində ölkədə sabitlik tədricən bərqərar oldu, eləcə də hüquq-mühafizə orqanlarının qarşısında ölkə rəhbərinin qoyduğu tələblər nəticəsində əhalidə və ayrı-ayrı qanunsuz dəstələrdə olan silah-sursat yığıldı. Qonşu dövlətlərlə münasibətlər tənzimləndi, daxildəki pozucu, separatçı qüvvələrlə mübarizə gücləndi və onların qanunsuz fəaliyyətlərinin qarşısı qətiyyətlə alındı. Nəticədə, milli təhlükəsizliyin təminatı prosesi artıq sistemli, uzunmüddətli və fasiləsiz xarakter almağa başladı.

Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması tam məsuliyyətlə bunu deməyə əsas verir ki, müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zamanda, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir.

Bu gün ulu öndərin siyasi xəttini inamla və uğurla davam etdirən, müstəqilliyimizi əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, etibarlı və təhlükəsiz gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradılmışdır. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. Milli təhlükəsizlik haqqında, Kəşfiyyat və əks-kəşfiyyat haqqında, Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının və sair qanunvericilik aktların, normativ-hüquqi sənədlərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.

Çağdaş dönəmdə qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.

Dövlət başçı cənab İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin, milli maraqların və qanunçuluğun qorunub saxlanılması sahəsində üzərinə mühüm vəzifələr qoyulmuş Dövlət Təhlükəsizliyi Xidməti şəxsi heyətin saflığına, Vətənə, xalqa və dövlətə sədaqətinə, eyni zamanda peşə, əməliyyat-döyüş və hərbi-fiziki hazırlığına xüsusi önəm verir. İndi yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı başlıca meyarlardır.

Ona görə də bu gün biz qürurla bəyan edirik ki, ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr etmiş Heydər Əliyev ənənələrinin, amallarının yaşadılması ən başlıca uğurumuz və hazırda fəaliyyətimizin vacib prinsipidir. Onların ən əsasları möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda sabitliyin, dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyinin qorunması, Ermənistanın işğal etdiyi ərazilərin azad olunması, Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdirilməsidir. Bizim borcumuz Heydər Əliyev ideyalarını həyata keçirib yaşatmaq, milli maraqların, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükəsizliyi keşiyində daim ayıq-sayıq dayanmaqdır. Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun - deyən ulu öndərimizin bu fikrini faəliyyətimizin əsas devizi kimi qəbul edərək, iş üslub və metodların daim təkmilləşdirilməsi, qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olunması Dövlət Təhlükəsizliyi Xidmətinin başlıca məqsədidir. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinin genişliyi, milli maraqların, eləcə də dövlətçiliyin möhkəmləndirilməsində tutduğu prinsipial mövqe və həyata keçirdiyi tədbirlər onun struktur bölmələrinin də təkmilləşdirilməsi ilə müşayiət olunur.

Ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı mübarizənin səmərəli və peşəkarlıqla aparılması, ümumən vətəndaşın, cəmiyyətin və dövlətin həyati mənafelərinin etibarlı təminatı üçün günün tələblərinə uyğun yeni fəaliyyət istiqamətlərinin və vəzifələrin müəyyən edilməsi, normativ-hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi, peşəkar kadr özəyinin formalaşdırılması və möhkəmləndirilməsi, şəxsi heyətin əməliyyat-döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi sahəsində Dövlət Təhlükəsizliyi Xidmətində bütün imkanlar səfərbər edilmiş və ciddi islahatlar həyata keçirilir. Eyni zamanda, hər bir əməkdaşın fəaliyyətinə obyektiv qiymət verilməsi günümüzün reallığıdır.

Möhtərəm Prezident cənab İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən sonuncu iclasının iştirakçılarını qəbul edərkən demişdir: Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması - bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə ki, xüsusi xidmətlərin fəaliyyətindən ötrü zəruri şərait yaratmaq üçün öz potensialından maksimum istifadə etməyə çalışır. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət yetiririk.

Dünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda olduqca həssas regionumuzda, sözün əsl mənasında, müstəqilliyinin 27-ci ilini ləyaqətlə yaşayan Azərbaycan Respublikasının başlıca təməl prinsipləri olan hüquqi, demokratik, dünyəvi, konstitusion dövlət quruluşunun qorunması üzrə vəzifələrin məsuliyyətini Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dərindən dərk edir. Bu vəzifələrin yerinə yetirilməsi, mart ayının 28-də Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 99-ci ildönümünü və peşə bayramını qeyd edəcək Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşından Vətənə Heydər Əliyev bağlılığı, yüksək peşəkarlıq, xidməti borca sədaqət, geniş dünyagörüşü kimi keyfiyyətlər tələb edir.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin göstərdiyi etimadı və etibarı layiqincə doğrultmaq, müstəqil dövlətimizin, onun hər bir vətəndaşının maraqlarının və mənafelərinin, təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələri şərəflə yerinə yetirmək əzmindədir və buna qadirdir.