İki sahil. - 2018.- 9 yanvar. - ¹ 3. - S. 10.

 

Azərbaycan xalqının azadlıq mübarizəsində həlledici mərhələ

 

Xuraman İsmayılqız

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sərəncama əsasən, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi 20 Yanvar faciəsi ilə bağlı keçiriləcək tədbirlərin istiqamətləri göstərilir. Sənəddə dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, diaspor təşkilatlarında müxtəlif tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, televiziya kanallarında verilişlər təşkil etməklə hadisənin səbəb və nəticələri ilə bağlı məlumatların yayılması qarşıya qoyulur.

 

20 Yanvar deyəndə ilk növbədə Azərbaycan xalqına qarşı törədilən və günahsız insanların qətli ilə nəticələnən 1990-cı ilin o müdhiş gecəsini xatırlayırıq. Faciəni yaddaşımıza qanları ilə yazan şəhidlərimiz azərbaycanlıları dünyaya qəhrəman xalq kimi tanıtdı. Məhz o tarixi anlar Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru yolunda həlledici mərhələ kimi nəsillərə örnək oldu.

O vaxt bəlkə də fərqinə varmadıq. Sonradan keçmişə nəzər yetirəndə, oxşar hadisələrin, qırğınların səbəblərini araşdıranda 20 Yanvar faciəsi də daxil olmaqla bir həqiqətə inandıq. Bir daha əmin olduq ki, tarix boyu insanların azadlıq uğrunda mübarizəsi qansız-qadasız ötüşməyib.

... Orta nəslin nümayəndələri sovet ideologiyasının pərdəarxası prinsipləri olan beynəlmiləlçilik, humanistlik ideyaları ruhunda böyüyüb, tərbiyə alıb. O vaxt heç kim inanmazdı ki, papaqlarında qırmızı ulduz olan əsgərlər dinc əhaliyə atəş açıb, tankların altında əzə bilər. Çünki mundirlərində qızıl ulduz, oraq və çəkicli nişanlar gəzdirən sovet əsgərləri oğlanların oxşamağa çalışdıqları və təsəvvürlərində qəhrəman obraz yaradaraq özləri üçün simvola çevirdikləri yenilməzlər idi. Küçədə “kolon” halında gedən əsgərlərlə addımlamağı özləri üçün “kişilik” hesab edən, əllərini alınlarına yapışdıraraq sanki “farağat” komandası ilə yeriyən azyaşlı oğlanlar üçün poqon taxmaq, silah gəzdirmək qəhrəmanlıq sayılırdı. Hərdən ürəklənib əsgərlərə yanaşaraq “soldat, nişan yes” söyləyən kiçik yaşlı oğlanlara yaşıdları həsədlə baxırdılar. 20 Yanvar hadisəsi, Azərbaycan xalqına qarşı törədilən və günahsız, silahsız insanların qətli ilə nəticələnən o midhiş gecə belə xəyalların üzərindən birdəfəlik qara, qanlı xətt çəkdi. 20 Yanvar hadisələrindən sonra vahiməli əsgər çəkməli, çiyni paqonlu “soldatlara” oxşamaq istəyən uşaqlar artıq onlara və gəzdirdikləri silahlara nifrətlə baxaraq yan keçdilər.

Ötən əsrin sonlarında Azərbaycana qarşı ikili oyunları ilə ölkəmizdə narazılıq yaradan, Ermənistanın himayədarı M. Qorbaçovun əmri ilə xüsusi təlim görmüş, əksəriyyəti ermənilərin istefada olan zabitlərindən ibarət sovet ordusu 20 Yanvar, o qanlı şənbə günündə Bakıya qəfildən hücum etdi. SSRİ DTK-nın “Alfa” qrupu 19 yanvarda Azərbaycan Televiziyasının enerji blokunu dağıtmaqla əsl həqiqətləri xalqdan, dünya ictimaiyyətindən gizlədənlər vəhşiliklərini ört-basdır etmək üçün haqqını tələb edən vətənpərvərlərə ekstremist adı verməkdən belə utanmadılar. Azərbaycana ordu yeridilməsinə bilavasitə imkan yaradan o zaman Azərbaycanın kommunist üsul-idarəsinin başçısı Ə. Vəzirov ermənilərin “müstəqillik” adı altında torpaqlarımızın Ermənistana birləşdirilməsi ilə bağlı hadisələrdən, Topxana meşəsinin dağıdılmasından, soydaşlarımızın Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan çıxarılmasından hiddətlənən Azərbaycan xalqının tələblərinə biganə qalmaqla kifayətlənmədi. Azərbaycana qoşun yeridilməsinə şərait yaratdı. Onun xahiş və tələbinə uyğun olaraq 1990-cı ilin yanvar ayının əvvəllərindən etibarən SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın böyük hərbi kontingenti Azərbaycana gətirildi və Qala, Nasosnı aerodramlarında, Salyan kazarmasında yerləşdirildi. Bakı şəhərinin ətrafında 66 mindən artıq hərbi qulluqçu yerləşdirildi.

Yəni, 20 Yanvar hadisələrinə əvvəlcədən hazırlıq görülmüş, ordu döyüş vəziyyətinə gətirilmişdi. Ermənipərəst M. Qorbaçov erməni əsilli arvadının və yaxını A. Aqanbekyanın istəyinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması planının ilk mərhələsinə başladı. Müstəqil bir dövlətə qarşı siyasi cinayətkarlıq olan yanvar hadisələri törədildi. Günahkarlar Qorbaçov başda olmaqla SSRİ müdafiə naziri D. Yazov, daxili işlər naziri B. Bakatin, Sov.İKP MK katibi Girenko, digər dövlət və hökumət rəsmiləri idilər. İnsanlar qətlə yetirildikdən sonra Qorbaçovun sərəncamı ilə Bakıda, Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət elan olundu, qadağan saatı tətbiq edildi. Hadisələr zamanı sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.

20 Yanvar faciəsinin dəhşətləri bütün dünyaya çatdırılsa da azərbaycanlıların səsinə səs verən, harayına çatan olmadı. İnsanlar biri-birinə ürək-dirək verərək ağrı-acılarını birlikdə çəkdilər, ağladılar, ovundular, amma sınmadılar. Bu amal uğrunda yüz, minlərlə insan həlak ola bilər. Lakin xalqın həmrəylik və birliyindən güc alan mübarizlik əzmi söndürülə, qarşısı alına bilməz. Azərbaycanın müstəqillik yolunun başlanğıcı olan 20 Yanvar hadisələri bu təcrübəni əyani olaraq dünya ictimaiyyətinə çatdırdı.

Özünə qarşı yönələn təzyiqlərdən çəkinməyərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev baş verən hadisələri Azərbaycanın konstitusion hüquqlarının pozulması kimi pislədi, Bakıya əsassız olaraq qoşun yeridilməsini respublikanın suverenliynin pozulması, siyasi təcavüzkarlıq adlandırdı. “Heydər Əliyev xalqımız üçün ağır anda yenə də göstərdi ki, o, xalqla bir yerdədir. Yaxşı yadımdadır, 1990-cı il yanvarın 21-də o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmişdi, - mən fəxr edirəm ki, onun yanında idim, - və orada böyük bir izdiham yaranmışdı. Oraya yığışan azərbaycanlılar öz etirazlarını hansısa formada ifadə etməyə çalışırdılar. Belə ağır məqamda xalqla bir yerdə olduğunu bildirən Ulu Öndər insanları daha ağır vəziyyətlə üzləşməmək üçün təmkinli olmağa, birlik və həmrəyliyə çağırdı, qırğını insanlığa, müstəqilliyə qarşı xəyanət adlandırdı” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verən də elə Azərbaycanın əbədi müstəqilliyinin qarantı, ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il 22 iyulda Naxçıvana gələn fərdi pensiyaçı, Naxçıvan MR Ali Məclisinin sıravi deputatı Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarıldı. Heydər Əliyevin nüfuzu sayəsində 21 noyabr 1992-ci il tarixdə qəbul olunmuş qərar 20 Yanvar hadisələrinə verilən ilk siyasi, hüquqi qiymət oldu. Beş bənddən ibarət həmin tarixi əhəmiyyətli sənəddə qeyd olunurdu ki, 1990-cı il yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycanın suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə yetirilməsi, göstərilən zorakılıq Azərbaycan xalqına açıq təcavüz kimi ittiham edilsin. Respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın. Ulu öndər Heydər Əliyev törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunmasını da tələb edirdi.

Hadisələrin baş verdiyi günlərdə Moskvada yaşasa da qəlbi daim Vətən eşqi ilə çırpınan Ulu Öndər xalqla birlik və həmrəyliyini Azərbaycan xalqına göndərdiyi teleqramı ilə də bildirdi. Çox təəssüf ki, o ağır günlərdə Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə, Azərbaycan xalqına ünvanlanan teleqram nəinki mətbuatda dərc olunmadı, həmyerlilərinə başsağlığı verən, səbir, birlik arzulayan Ulu Öndərin həmrəylik çağırışı belə xalqdan gizlədildi.

Bu gün də sual olunur? 20 Yanvarda, az qala 30 ilə yaxın davam edən Dağlıq Qarabağ müharibəsində həlak olan soydaşlarımızın günahı nə idi? Zülm və istismarın olmadığı azad bir cəmiyyətdə, ədalət və haqqın hökm sürdüyü bir quruluşda yaşamaq istəyi idi onların arzusu. Bu istək isə Tanrının onlara bəxş etdiyi ən ülvi nemət və hüquqları idi.