İki sahil.-2018.-9 fevral.-¹26.-S.20.

 

Cümhuriyyət dövründə imperiyaya arxalanaraq azərbaycanlıları qətlə yetirən...

 

Xuraman İsmayılqızı

Bu il müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyevin bu münasibətlə imzaladığı Sərəncam dövlətçilik ənənələrinə sadiqlik rəmzi olmaqla Cümhuriyyətin həyata keçirdiyi islahatların müasir dövrümüzdə də yaşadılmasında maraqlı olduğunu göstərir.

Sərəncamda qeyd olunduğu kimi, yoxdan bir dövlət quran qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmış, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş 'mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Maarifçilik ideyalarının yayılması, milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərən ziyalıların ictimai-siyasi fikir mərkəzinə çevrilən, müstəqilliyini İstiqlal bəyannaməsini qəbul etməklə təsdiqləyən Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin, tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət Parlamentinin ilyarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

Cümhuriyyətin ilk illərində yaranan çətinliklər biri-birindən ağır və müşkül olsa da hökumət problemlərin aradan qaldırılması üçün yollar axtarır, qonşu dövlətlərlə münasibətləri tənzimləməklə müstəqilliyini qorumağa çalışırdı.

6 dekabr 1918-ci ildə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin Məclisi-Məbusanına ilk seçkinin sabahı günü, Parlamentin birinci iclasında çıxış edən Baş nazir Fətəli Xan Xoyski həmin çətinliklərdən söz açırdı: “Hökumət sizin hüzurunuzda məsul olduğundan borcudur öz fəaliyyəti və nə kibi şərait altında işlədiyi həqqində sizə bəyanat versin. Bən bu gün ümum hökumətin fəaliyyəti haqqında sizə müfəssəl məlumat verəcəyəm. Hər vaxt istəsəniz hər nazir öz nəzarətinin fəaliyyəti haqqında məruzə təqdim edəcəkdir” sözləri ilə bildirirdi ki, Azərbaycan Hökuməti o vaxt Gürcüstan Zaqafqaziyasından ayrılaraq elani- istiqlal etdi. O vaxt xarici ən mühüm bir neçə məsələ var idi: “Qafqaz cəbhəsinin ilqası və Türkiyə ilə mübahisəli olan məsələlərin həlli, hökumətimizin təşkili, haman Türkiyə ilə sülh müzakiratı ehracı əsnasında vaqe olmuşdur” söyləyən Fətəli xan Xoyski qeyd edirdi ki, daxili vəziyyətimiz isə qayət fəna idi. Çünki bir kənddən digərinə keçməyin qorxulu, insanların həyatının təhlükədə olduğu bir zamanda hökuməti təşkil etmək çox çətin idi. Üstəlik dəmir yollan tamamilə dayanmış, poçt və teleqraf kəsilmiş, dövlətin möhtac olduğu maliyyə adında heç nəyi yox idi. Dövlət makinasını təşkil edən idarələrin hamısı dağıdılmış, xidmətçiləri qaçmış, hər kəs özü üçün bir hökumət idi. “Fəqət bununla bərabər daxili işləri o qədər pərişan olan bir zamanda hökumət daxildə qanun və asayiş bərpasında aciz idi, zira nə əsgəri qüvvəmiz vardı, nə silahımız, biltəbii daxildən düzəltmək mümkün deyildi. Binaən ileh xarici bir qüvvəyə lüzum görülərək türklərə müraciət edildi. Türkiyə-Azərbaycan sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə nə vaxt lazım olsa hüququmuz müdafiəsi üçün türklər bizə bir qədər əsgər verməli idilər. Ona görədir ki, darda qaldıqda bu çarəyə təvəccül edildi, türklər iltisamlarına əməl və vəzifələrini hücn ifa etdilər. Əlbəttə, qoşunsuz, gücsüz görülməsi pək müşkül olan işlər çox çətinlik ilə, yavaş-yavaş işləniyordu” sözləri ilə o dövrdəki vəziyyətin çıxılmaz olduğunu Parlament üzvlərinin diqqətinə çatdıran Baş nazir altı ay müddətində hökumətin gördüyü işləri də açıqlayırdı. Bildirirdi ki, məmurlarımız vəzifələrini icra edir, millətin canını, malını müdafiə edəcək təşkilatımız var. Əsas vəzifə isə dağılmış, vaqonu, xidmətçisi olmayan dəmiryolunda hərəkəti bərpa etməkdir. Maliyyəsi bərbad olan hökumətin Azərbaycanın milli pulunu buraxmaq imkanı yox idi. Ona görə bu məsələdə başqaları ilə sazişə ehtiyac vardı. “O vaxt Azərbaycanın paytaxtı və qismi-əzəmi öz əlimizdə deyildi. Binaən ileh Azərbaycan pulu buraxmaq fikri gülünc idi. Ona görə bu məsələdə başqaları ilə sazişə ehtiyac vardı. Gürcüstan ilə şərik olaraq bon buraxmağa məcbur olduq və buraxıldı da. Bə?də Bakının işğalından sonra bir qədərdə Bakı bonu buraxıldı. Eyni zamanda Azərbaycan pulu kəsmək üçün özgə məmləkətlərə adam göndərildi. Şimdi pul kəsiliyor, yaxın zamanda Azərbaycan pulu çıxar” söyləyən Fətəli xan Xoyski ermənilərin Azərbaycanda törətdikləri qırğınlar barədə də açıqlama verərək bildirirdi ki, daşnaklar Bakını əlimizdən almış, məmləkətin həqiqi sahibləri olan müsəlmanlar qətlə yetirilmiş, Dağıstana, İrana Turana dağılmışdılar. Hökumətin üzləşdiyi şəraiti təlatüm içində, qayalar arasında nazik taxta qayıqda gedən gəmiçinin vəziyyəti ilə müqayisə edən Baş nazir çıxışında bildirirdi ki, neftimizə, pambığımıza göz dikən, zəif Azərbaycanı istismar edən xaricilərin təzyiqləri müqabilində müstəqilliyimizin əbədiliyini qorumaq üçün “Azərbaycan azərbaycanlılar üçündür” sözləri hökumətin fəaliyyətinin əsas prinsipləri kimi diqqətdə saxlanılırdı.

Baş nazir çıxışını sonunda deyirdi: “Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da yol göstərən işıqlı yıldızı bu olmuşdur: Millətin hüququ, istiqlalı xəbəri.”

Tarix təkrar olunur. Baş nazirin çıxışını tam oxuyanlar də təsdiq edər ki, Cümhuriyyətin yaranması dövründə baş verən hadisələr ötən əsrin sonunda bir daha təkrarlandı. 1990-cı illərdə də müstəqilliyinə qovuşmuş Azərbaycanda vəziyyət dözülməz idi. Xarici dairələr, daxili bədxahlar tərəfindən yaradılan xaos, olunan təsir və təzyiqlər yenidən ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Qanunlar işləmir, ölkə iqtisadiyyatı böhran, tənəzzül içərisində idi. Əvvəlki müstəqillik illərində imperiyaların, İngiltərənin təsirinə məruz qalan Azərbaycan əsrin axırında həmin qüvvələrin dəstəklədiyi Ermənistanın elan olunmamış müharibəsinə cəlb edildi. Torpaqlarımız işğal olundu, azərbaycanlılar qətlə yetirildi, dədə-baba yurdu olan Qərbi Azərbaycandan qovulan soydaşlarımız məhrumiyyətlər içərisində çaş-baş qalmışdılar. Əsrin əvvəllərində çar imperiyasının caynağından qurtaran

Azərbaycan yüzilliyin sonunda sovetlər birliyini tərk etsə də, hələ də bolşevik istilasının əzab- əziyyətlərini çəkirdi. Cümhuriyyət dövründə də imperiyaya arxalanaraq azərbaycanlıları qətlə yetirən daşnaklar SSRİ zamanında bir ailənin üzvü olduqları, beynəlmiləlçilik süfrəsindən yararlandığı “azərbaycanlı qardaşlarını” daha dəhşətli, misli görünməmiş qəddarlıqla öldürür, doğma torpaqlarından çıxarırdılar. Müstəqilliyini bərpa edən Azərbaycanda baş verən qanlı-qadalı hadisələri dünya dövlətləri təbii hal kimi qarşılayır, səssizliklərini qoruyur, hətta ermənilərə dəstək olur, silah-sursatla, maddi kömək göstərirdilər. Müstəqilliyin bərpası dövründə də Azərbaycana həyan olan başda Türkiyə, Pakistan olmaqla müsəlman dövlətləri idi. Amma AXC-Müsavat iqtidarının səbatsız hakimiyyəti dövründə siyasətdə naşı olan hakimiyyətin düşünülməmiş hərəkətləri bəzi müsəlman dövlətlərini də ölkəmizdən uzaqlaşdırdı. Yelkənsiz gəmi kimi okeanın fırtınası, dalğaları arasında qalan Azərbaycanın müstəqilliyi növbəti dəfə təhlükə qarşısında idi. Ən çətin məqamda belə vəziyyətdən çıxış yolu tapan Azərbaycan xalqı bu dəfə də taleyini özü müəyyənləşdirdi. “Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləməklə xalqımızı milli mənlik zirvəsinə qaldıran, azadlıq və istiqlaliyyəti xalqın milli sərvəti kimi özünə qaytaran ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən milyonlar Ümummilli Liderin simasında xilaskarını, müstəqilliyimizin əbədi qarantını özünə bələdçi, xilaskar seçdi.

Ona göstərilən etimadı elə xilaskar kimi doğruldan Ulu Öndər “Biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə görə Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır” sözləri ilə AXC-nin qısa müddətdə həyata keçirdiyi islahatları yüksək dəyərləndirməklə, müstəqilliyimizin atributu olan gerbimizi, bayrağımızı, himnimizi bərpa etməklə də Cümhuriyyətin dövlətçilik ənənələrini yaşatdı. O dövrdə nəzərdə tutulan, lakin həyata keçirilməsi mümkün olmayan islahatları reallaşdırdı, Azərbaycanın beynəlxalq aləmdə tanınması, nüfuzunun möhkəmlənməsi üçün ölkənin mükəmməl konsepsiyaya əsaslanan xarici siyasətini müəyyənləşdirdi. İqtisadiyyatı daxili resurslar hesabına gücləndirdi. Qlobal enerji layihəsi olan “Əsrin müqaviləsi”ni gerçəkləşdirməklə bu gün dünyanın maraq mərkəzində olan qədim Odlar Diyarını enerji təhlükəsizliyinin təminatçısı kimi tanıtdırdı. Bir zamanlar xaricilərə milyonlar qazandıran neftimiz bu gün xalqa məxsus olduğunu reallaşan enerji layihələrinin timsalında ilə bildirir. Azərbaycan dünya enerji bazarında liderlik edir. İlk müstəqillik illərində dəmiryollarının işləməməsini ürək ağrısı ilə qeyd edən Fətəli xan Xoyskinin arzularını beynəlxalq səviyyədə gerçəkləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizə dünyanın nəqliyyat mərkəzi statusunu qazandırır. Azərbaycan demokratiyası inkişaf yolu keçərək bir çox dövlətlərə nümunə göstərilir. Şəxsi nüfuzu, dövlətçilik təcrübəsi, uzaqgörən siyasəti ilə dünya siyasətçiləri arasında öndərliyini qoruyan müdrik şəxsiyyət Heydər Əliyev məktəbini davam etdirən Prezident İlham Əliyev ölkəmizi dünya birliyinin güclü, aparıcı dövlətləri sırasına yüksəltdi. Qərblə Şərq arasında körpü olan Azərbaycanı sivilizasiyalararası dialoq mərkəzi kimi şöhrətləndirdi. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı isə ölkə başçımızın dövlətçilik ənənələrinə, keçmişimizə sadiqliyi, tariximizin qorunması, yaşadılması və gələcək nəslə çatdırılması naminə göstərdiyi vətəndaşlıq borcu­dur.