525-ci qəzet.- 2018.- 15 may.- 86.- S. 4.

 

Paytaxtımız haqqında kitab: Muhsin Kadıoğlunun Bakı sevgisi

 

Bəsirə Əzizəliyeva,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Muhsin Kadıoğlu ilə birlikdə Türkiyə türkcəsində yazdığımız "Bakı Gezi Rehberi" - "Bakı Turu bələdçisi" kitabı türkiyəli yazar, tədqiqatçı alim və kulturoloqun dünyanın çox müxtəlif ölkələrini gəzərək şəxsi görüşləri, araşdırmaları sayəsində ərsəyə gətirdiyi iyirmi üç səyahət kitabı arasında özünəməxsus, fərqli bir yer tutur.

Bu özəllik Muhsin Kadıoğlunun Azərbaycana, Bakıya olan sevgisindən, "Mənim üçün hər yeni gündə Günəş Turana doğar, Turan torpaqları yenə türkləri çağırar", "tarixdə və günümüzdə türklərin və türklərlə eyni taleyi paylaşan millətlərin ayaq izinin olduğu hər qarış torpaq bütün türklərin maraq dairəsində olmalıdır" dünyagörüşünə sahib tanınmış türkçü ideoloqun "gənclik xəyallarının şəhəri"nə duyduğu doğmalıqdan irəli gəlir. "Bakı kitabı içimdən gələn bir səsdir və mən o səsi dinlədim" deyən M.Kadıoğlu Bakını "Azərbaycanın İstanbulu", "Türk dünyasının ən önəmli kültür mərkəzlərindən biri" "Avropa türkləri ilə Asiya, Şimal və Cənub türkləri arasında körpü şəhəri kimi dəyərləndirir.

İnkişaf etmiş dünyada bu gün elektron kitabların rolu getdikcə artır. Səyahət etmək istədiyi şəhər haqqında internet üzərindən qısa zaman içində məlumat almaq dünya insanını elektron dünyaya daha çox yönəldir. M.Kadıoğlu da bu məqamı diqqətə alaraq kitaba yazdığı ön sözdə qeyd edir: "Anında, məkan sərhədi olmadan almaq və oxuya bilmək elektron kitabların üstünlüyüdür. Bu üstünlüyü Bakı üçün istifadə etmək Bakıya yaraşmaqdır". Budapeşt, Kordova, Dubrovnik, Lissabon, Krakov, Oslo, Dublin, Esterqon, əl-Cəzair, Mohaç, Edinburq və digər şəhərlər haqqında səyahət kitabları yazan, bu sahədə 20 ilə yaxın təcrübəsi olan, "modern çağın milli türk səyyahı" adlandırılan yazarın Bakı haqqındakı kitabın "Google Play Books"  üzərindən yayımlayaraq ödənişsiz təqdimi doğma şəhərimizə sevginin təzahürü kimi qiymətləndirilməlidir.

Bakı haqqında kitab son zamanlar mühüm turizm məkanlarından birinə çevrilən şəhərimizin təbliğinə, təqdiminə və öyrənilməsinə öz töfhəsini verəcək mənbə olacağı inamıyla yazılmışdır. M.Kadıoğlu kitaba yazdığı ön sözdə həmin məqamı dilə gətirmiş, məqsəd və məramımızı ifadə etmişdir: "Bakı Tur Bələdçisi"nin başda iqtisadi sahədə olmaqla şəhərin mədəni həyatına da təsiri olacağı şübhəsizdir. Son illərdə ortaya çıxan önəmli anlayışlardan biri də "imic"dir. Bu səbəbdən Bakı kitabı Azərbaycanın iradəli rəhbərlərinin əməkləriylə gözəlləşən Bakı şəhərinin imicini daha da gücləndirəcəkdir. Bu əsəri oxuyan insanlarda "ah, kaş, bir dəfə də olsa, Bakını görə bilsəm" duyğusu yarada bilərsək, işimizi uğurlu hesab edəcəyəm".

Kitabı yazmadan öncə iki il içində Bakı şəhərini qarış-qarış gəzib, tarixi və memarlıq abidələrimiz, mədəniyyət mərkəzlərimiz, muzeylər, parklar, heykəllər, şəhərimizin simvolları haqqında böyük sevgi və əzmlə bilgi toplayan, qaynaqları araşdıran, hər bir mədəni mirasımızın şəkillərini detallarına qədər çəkib şərh edən M.Kadıoğlu ilə çalışmaqdan, doğma şəhərimizin tarixi və müasir mənzərəsini elektron dünyada tanıtmaqdan qürur duydum. Bu kitab ənənəvi tur, səyahət kitablarından məlumatlarının zənginliyi, genişliyi ilə fərqlənməkdədir, burada Bakının tarixi, coğrafi, mədəni, dini, rəmzləri, mətbəxi, görməli yerləri, bayram və özəl günləri və təbiəti haqqında ətraflı məlumat almaq mümkündür. Ön söz və 17 bölmədən ibarət kitabın ilk hissəsi isə "Azərbaycan türkləri" adlanır və Azərbaycan haqqında önəmli faktların təqdim edildiyi bölümdür. Bu hissədə böyük qürur hissi ilə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik dövlət, latın əlifbasını istifadə edən ilk türk dövləti olması, Azərbaycanda ilk film çəkilişlərinin tarixinin 1898-ci ilə gedib çıxması, dünyadakı çamur vulkanlarının yarısının ölkəmizdə olması və digər bu kimi əhəmiyyətli faktların verilməsi kitabı oxuyan hər bir oxucuda ölkəmiz haqqında qısa, lakin önəmli təəssürat yaradacaqdır. Bu bölümün çox aktual məqamlarından biri də Azərbaycan türklərinin "Azəri" adlandırılmasına münasibətin ifadəsidir. Bu məqama bütün yazılarında böyük həssaslıqla yanaşan M.Kadıoğlu Bakı haqqında kitabımızda da ona xüsusi diqqət ayırıb. Azərbaycan türklərini yanlış olaraq "Azərilər", "Azəri əsilli türklər" adlandırılmasına qarşı çıxan Türkiyə aydınları, elm və mədəniyyət xadimləri arasında M.Kadıoğlunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Qardaş Azərbaycanın tarixi və mədəniyyətinə yaxından bələd olması M.Kadıoğlunun Türkiyədə və digər ölkələrdə Azərbaycanla bağlı faktların doğru-düzgün ifadə olunmasında göstərdiyi səylərdə öz reallığını tapmaqdadır. Bu kitabda da Azərbaycan türkcəsinin qədim və zəngin tarixini ədəbi örnəklərimiz, məşhur ədiblərimizin ölməz əsərləri nümunəsində əsaslandırdıq, bir çox Türkiyə və dünya oxucuları üçün mübahisəli olan məqamlara aydınlıq gətirdik: "Bu örnəklərdən də aydın şəkildə anlaşıldığı kimi, günümüzdə "Azəricə" adı ilə bir dil olaraq qəbul etdirilməyə çalışılan Azərbaycan türkcəsi çox qədim tarixə sahibdir. Azərbaycan türkcəsi ilə yazılan və dövrümüzə gəlib çatmış ilk nümunələrin XIII əsrə aid olması Azərbaycan türk dilinin bu yüzillikdə formalaşdığı mənasına gəlmir".

M.Kadıoğlu kitabda mühüm bir məsələni də unutmamağı tövsiyə edir: "Azərbaycanın Ümummilli lideri Heydər Əliyev 1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətini ziyarət etdiyi zaman Azərbaycan və Türkiyə arasındakı münasibətləri ifadə etmək üçün "Bir millət, iki dövlət" anlayışını ortaya qoyduğunda Türkiyədəki bəzi "oxumuşlara" da türk olduğunu xatırlatdı". M.Kadıoğlu Heydər Əliyevin bu kəlamı ilə Azərbaycan türklərinin türk olduqlarını unutdurmağa çalışanlara dərs verdiyini kitabda mühüm bir məqam kimi vurğulamışdır.

Kitab Bakı tarixini səhifələyir, müasir dünyasına güzgü tutur. Bakının tarixi, Bakı adının mənaları və onun tarixi və elmi mənbələrə dayanaraq şərhi sadəcə bir tur kitabının məlumat xarakterli səhifələri deyil, ciddi bir qaynağın ortaya qoyulmasından xəbər verir. Bakı adının mənasını müzakirə etdiyimiz zaman M.Kadıoğlu bütün faktlardan mühüm bir qənaətə gəldi və öz fikirlərini tarix və müasirlik arasında körpü yaradaraq yorumladı. Həmin fikirləri kitaba da daxil etdik: "Mən belə hesab edirəm ki, ən məntiqli izah Bakı yaxınlığında çox qədimdən bəri çıxan təbii qaz və neftin yandığı zaman "yanan su" kimi göründüyü üçün Bakı adının "alov şəhəri" mənasında olmasıdır. Müasir dövrümüzdə Bakıda inşa edilən göydələnlərin "Alov qüllələri" kimi adlandırılması da şəhərin "alov şəhəri" kimi qəbul edilməsinin göstəricisidir".

Məlumdur ki, gəzinti, tur, səyahət kitabları turistlərin ölkə ilə tanışlığı və potensial səyahət aktına yönəldilir. Sadə bir turist üçün tarixi faktlar maraqlı olmaya bilər, lakin məqsədimiz Bakını həm tarixi, həm mədəni, həm də müasir bir şəhər kimi təsvir etmək olduğundan M.Kadıoğlunun 20 illik təcrübəsinin nailiyyətlərindən burada da istifadə edərək tarix və müasirlik arasındakı uyğun əlaqəni yaratmağa çalışdıq. Ona görə də bu kitabda çağdaş şəhər görüntüləri ilə yanaşı, qədim və orta əsrlər, Şirvanşahlar, Səfəvilər, Osmanlılar, Qacar və sonrakı dönəm Bakısı haqqında da geniş məlumat verilmişdir. XVII əsr böyük türk səyyahı Evliya Çələbinin məşhur "Səyahətnamə"sində Bakı haqqındakı fikirlərin şərhi də kitabda önəmli yer tutur: "Evliya Çələbi "Səyahətnamə"sinin yeddinci cildində Bakı ilə bağlı bilgilər vermişdir. Evliya Çələbi şəhəri ziyarət etdikdə şəhər hakimini "Bakı Xanı" kimi xatırlatmışdır. Əsərdə on ayrı yerdə Bakı adı çəkilmişdir". Bu baxımdan da tarixi ənənələrə sadiq qalaraq Türkiyədə şəhərimizi "Bakü" adlandırmalarına baxmayaraq, M.Kadıoğlu şüurlu şəkildə "Bakı" formasında yazır.

Bakının tarixi abidələri, memarlıq özəllikləri kitabda geniş şəkildə öz əksini tapmışdır. Bakı qalası, İçərişəhər, Ağa Mikayıl hamamı, Kiçik Karvansaray, Molla Əhməd məscçidi, Hacı Bani hamamı, İkimərtəbəli karvansaray, Qasım bəy hamamı, Şeyx İbrahim məscidi, Cümə məscidi və minarəsi, Bazar meydanı, Bakı Xanları sarayı, Yeraltı hamam kimi tarixi abidə və məkanların təsvir edildiyi kitab yalnız turistlər üçün deyil, şəhərimiz haqqında qısa və konkret məlumat almaq istəyən sakinlərimiz, tur rəhbərləri üçün də faydalı ola bilər. Şirvanşahlar Sarayı, kompleksə daxil olan Keyqubad məscidi, Şirvanşahlar türbəsi, Seyid Yəhya Baküvi türbəsi, Sultan Murad qapısı, Saray hamamı müəlliflərin çəkdiyi şəkillərlə birlikdə oxuculara təqdim olunur, Bakının ən çox marağa səbəb olan abidələri haqqında əhəmiyyətli məlumatlar verilir. Qız qalasının təsviri, tarixcəsi, haqqındakı əfsanələr, fiziki özəllikləri, filmlərdəki və əsərlərdəki obrazı da Bakı kitabında xüsusi sevgi ilə ifadə olunmuşdur.

Atəşgah və Qobustan Azərbaycana və Bakıya gələn qonaqların görmək istədikləri ilk məkanlardandır. Ölkəmizin ən qədim və zəngin tarixlərindən birinə gedib çıxan bu əzəmətli abidələr Bakı haqqında kitabda tarixi, coğrafi və fiziki xüsusiyyətləri, elmi mənbələrdəki təsvirləri, fərqli özəlliklər, dünya mədəni irsinə bəxş etdikləri səciyyəvi cəhətləri ilə dolğun şəkildə təqdim edilir. Muhsin Kadıoğlu Qobustan bölümünü "Daşlara çəkilən rəsm albomu: Qobustan" şəklində adlandırmamızı istədi. Tanrının Azərbaycan torpağında bir möcüzəsi olan Qobustanın qayalarını gəzərkən qavaldaşlarını çalmağı belə böyük sevgi ilə sınaqdan keçirdiyimiz bu məkanı kitabda təsvir etmək üçün bir çox tarixi qaynaqları da nəzərdən keçirdik. Çünki Qobustan sözünün etimologiyası, coğrafi elementləri, əhalinin etnik mənşəyi, qayaüstü rəsmlər, Qavaldaşları, bitki örtüyü, faunası haqqında yazmaq tarixi qaynaqları araşdırmaq, vacib məqamları önə çəkməyi tələb edirdi. Eləcə də, kitabda Yanardağın təsviri Bakının tarixiliyini və rəmzlərini təqdim etmək baxımından əhəmiyyətlidir.

Qeyd olunduğu kimi, Bakı yalnız tarixi şəhər deyil, şəhərimiz günü-gündən müasirləşən, gözəlləşən, yeniləşən, dünya insanını özünə cəlb edən məkanlardandır. Kitabın "Turizm özəllikləri" bölümündə də yazıldığı kimi, 2016-cı ildə ən sürətli inkişaf edən səyahət və turizm iqtisadiyyatına sahib ölkələr arasında Azərbaycan birinci sıralarda olmuşdur. Buna görə də son dövrlərin yüksək səviyyədə qurulmuş və orijinal memarlıq xüsusiyyətləri ilə seçilən Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı Meydanı, Beynəlxalq Muğam Mərkəzi, Kristal Saray, Yeddi gözəl musiqili çeşməsi Bakının müasir və gözəl məkanları kimi kitabda öz əksini tapır. Kitabda Heydər Əliyev Mərkəzi Bakının simvollarından biri kimi təqdim olunur: "Beynəlxalq sahədə tanınmış bir memarlıq əsəri olan Heydər Əliyev Mərkəzi yenilikçi və üstün layihəsi ilə modern Bakının rəmzinə çevrilmişdir".

Kitabda mənəvi mədəniyyət abidələrimiz də sadəcə təsvir olunmur, onlar haqqında ən mühüm məlumatlar oxucuların diqqətinə çatdırılır: "Muğam Azərbaycan türklərinin milli-mənəvi dəyərlərini yaşadan kültürünün bir parçasıdır. 7 noyabr 2003-cü ildə Azərbaycan muğamı YUNESKO tərəfindən "Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri" elan edilmişdir. 2008-ci ildə Azərbaycan muğamı dünya mədəniyyətinin nadir örnəklərindən biri kimi YUNESKO-nun "Qeyri maddi mədəni irs" siyahısına daxil edilmişdir".

Bakı tarixinin hər bir dönəmində öz simvolları, rəmzləri ilə tanınan şəhərlərdən və mədəniyyət mərkəzlərindən olmuşdur. Müasir dövrümüzdə həm də turistik şəhər kimi sevilən Bakının rəmzləri kimi kitabda Alov qüllələri, Nizami küçəsi, Televiziya qülləsi və qədim tut ağacı göstərilmişdir. Bu seçim digər tarixi və mədəni məkanlarımızı inkar etmədən müasir Bakının inkişafının, çağdaş quruculuq işlərində millətin tarixi ənənələri və mənəvi dəyərlərinin mühafizəsinin göstəriciləri kimi ön plana çəkilmişdir. Muhsin Kadıoğlunun "rüzgarın və atəşin şəhəri" adlandırdığı Bakı haqqında kitabın üz qabığına şəhərimizin müasir rəmzinə çevrilmiş Alov qüllələrinin rəsm kimi seçilməsi də təsadüfi deyil. Odlar Yurdunun Atəşgahı da, Yanardağı da, Şəhidlər xiyabanında ucalan Əbədi Məşəli də tarixini yaşadan və gələcək nəsillərə ötürən Bakının keçmişinə sadiqliyindən irəli gəlir ki, M.Kadıoğlu da bir türk aydını kimi daim bu məqamları diqqətdə saxlamağa çalışır. Şəhidlər Xiyabanı, Türk Şəhidləri heykəli, Əbədi Məşəl, Fəxri Xiyaban və burada dəfn edilmiş şəhidlərimizin, görkəmli dövlət və mədəniyyət xadimlərimizin məzarlarını ziyarət etdiyimiz zaman milli qürur hissi keçirən M.Kadıoğlu Bakı haqqında kitabımızda da onları böyük sevgi və hörmətlə təsvir edir, Bakıya gələcək insanların ziyarət edəcəkləri ilk məkanlardan biri kimi bu müqəddəs yerlərin bədii lövhəsini yaradır.

Bakı kitabının müasir oxuculara yönəldilmiş ən mühüm tərəflərindən biri əsərin son, 17-ci bölümündə verilmiş xülasələrlə bağlıdır. Burada ümumi şəkildə Azərbaycanın və Bakının coğrafi, mədəni, turizm, dini, idman və digər özəllikləri qısa və lokonik şəkildə təsnif edilir. Çox önəmli və modern kitab strategiyasına əsaslanan bu bölüm oxucusunda, Bakıya səyahət etmək istayan istənilən dünya insanında çox qısa zamanda bu ölkəyə, şəhərə maraq oyatmağa doğru yönəldilmişdir. Bu xülasələr arasında "Azərbaycanın "Ən"ləri" adlı başlıqda ölkəmiz və şəhərimizlə bağlı ən mühüm məlumatlar öz əksini tapır. Burada Qarabağ atının dünya miqyasında məşhur olması, Bakıdakı ən qədim məscidin 1078-1079-cu illərə aid olması, Evliya Çələbinin yazdıqlarına əsasən, Bakıdan Rusiyaya ciddi miqdarda neftin ixrac olunması, Bakı ilə bağlı ən qədim rəsm əsərinin İsveç sənətçisi Engelbert Kempferə aid olması, Heydər Əliyev Mərkəzinin 2014-cü ildə "İlin Layihə Ödülü"nü qazanması, Miniatür Kitab Muzeyində dünyada analoqu olmayan 2mm x 2mm ölçüdə üç kitabın sərgilənməsi, Dənizkənarı Milli Parkın məkanının böyüklüyünə görə Parisdəki Sena nəhri sahilindəki parkdan sonra Avropada ikinci yerdə olması və bu kimi digər əhəmiyyətli faktlar yer almışdır.

Türkiyə türkcəsində yazılmış bu kitabın digər dillərə də tərcümə olunub nəşr edilməsinin Bakının təbliği və turizm sferasında əhəmiyyətli olacağı düşüncəsindəyik.

"Bakı Tur Bələdçisi" kitabı qədim tarix, zəngin mədəniyyət və füsünkar gözəlliyə sahib şəhərimizə sevginin, sayğının ifadəsidir. Muhsin Kadıoğlu türk dünyasının bir parçası, doğma vətəni kimi dəyərləndirdiyi və vəsf etdiyi Bakını "Atəşgahım" şerində də tərənnüm edir. Kitaba daxil edilən bu şeirdən örnəklər verməklə yazarın Bakı sevgisinə şahid oluruq.

 

Sən, görmədən sevdiyim şəhər,

Görüncə aşiq olduğum gözəl kimisən.

Rüzgarım, atəşim və atəşgahımsan,

Bəlkə filosofum, piri-sanimsən.

 

Bir dəfə yüksəlsə Xəzər suları,

Açılar taleyi Türk millətinin.

Sanma uzaqdır Bakı yolları,

Qovuşması yaxın qardaşlarının.