525-ci qəzet. - 2018.- 27 dekabr. - 231. - S. 6.

 

Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında milli istiqlal və dövlətçilik ideyaları

 

Azərbaycan ideologiyasının rəsmi tarixi son iki əsrlə xarakterizə edilsə də, tarixi zəmini daha dərin, ideya qaynaqları daha qədimdir

 

Aynur Sabitova,

ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri,

filologiya elmləri doktoru, AMEA-nın professoru

 

Xalqımız dünyaya Zərdüştü və "Avesta" kitabını, "Kitabi-Dədə Qorqud" və qorqudçuluq məfkurəsini, "Koroğlu"nun azadlıq və birlik ideologiyasını bəxş etmişdir ki, bunlar da bir tərəfdən ümumazərbaycançılıq məfkurəsinin, birgə dəyərlərin, ümumi düşüncə, ictimai davranış tərzinin formalaşması, adət-ənənə sisteminin bərqərar olmasına təkan vermiş, digər tərəfdən isə Şərqin oxşar mənəvi dünyasının əsaslarının qoyulmasında həlledici rol oynamışdır.

Azərbaycançılıq ruhu klassik şərq ədəbiyyatı kontekstində də varlığını qoruyub saxlaya bilmiş, dahi sənətkarlarımız tərəfindən təbliğ və tərənnüm edilmişdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Tarixin bir-birinə qovuşduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairləri təravətdən düşməyən misraları ilə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək, nəsillərə bəxş etmişlər".

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəsmən elan edilməsi ilə azərbaycançılıq ideologiyası öz inkişafının keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoyur. Professor Yaşar Qarayevin qeyd etdiyi kimi, "Azərbaycan xalqı öz müdrik təlimi, klassik Şərq və dünya fəlsəfi ənənəsi üzərində yüksələn ədəbi-ideoloji irsi ilə bir daha sübut etdi: AXC ona görə qalib gəldi ki, o, belə təməl üzərində milli dövlətin bünövrəsini ideyaca hazırlayan kamil ədəbi-bədii-fəlsəfi proqram zəminində bayraq qaldırdı".

Cümhuriyyət dövrünün ədəbiyyatı, cəmiyyətin siyasi-ideoloji əsaslarının yeni zəmində formalaşmasında, onun mədəni-mənəvi inkişafında həyatın digər sahələrində görülmüş işlərin məcmusundan daha artıq nüfuzedici qüvvəyə malik idi. Müsavatın lideri Məhəmməd Əmin Rəsulzadə istiqlal ideyasının kütlələr arasında daha geniş yayılması baxımından ədəbiyyatın xüsusi yeri olduğunu vurğulayaraq yazmışdır: "Mətbuatın, ədəbiyyatın millətin qəlbinə milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur. Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər. Millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, xalqa millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz".

Tarix bizə sübut edir ki, xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşayan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar estafeti öz əllərinə almalı olurlar.

Maraqlı bir faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin demək olar ki, hamısı - başda Məhəmməd Əmin Rəsulzadə, parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Fətəli Xan Xoyski, Mirzəbala Məmmədzadə, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli və b. AXC ədəbiyatını və mədəniyyətini yaradanların özləri idilər.

Məhəmməd Hadi, Hüseyn Cavid, Hacı Kərim Sanılı, Əhməd Cavad, Abdulla Şaiq, Əmin Abid, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli bilavasitə Azərbaycan istiqlalına, milli dövlətə, bayrağa, gerbə, türklük idealına və ümumbəşəri islami dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi əsərlərini məhz bu illərdə qələmə almışlar.

Məhəmməd Hadi bir tərəfdən "Şühədayi-hürriyyətimizin əhvalinə-ithaf" şeirlərində ürək yanğısı ilə

 

"Sizin məzarınız iştə qülubi-millətdir,

Bu sözlərim ürəyimdən gələn həqiqətdir"

 

deyərək 1918-ci ildə erməni daşnaklarının törətdikləri qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən ürək yanğısı ilə bəhs edirdisə, digər bir tərəfdən "Əsgərlərimizə, könüllülərimizə" şeirində müstəqillik uğrunda mübarizədə igid vətən oğullarına üz tutur, onları vətənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağırırdı.

Vətənpərvərlik ideyaları ilə köklənmiş Abdulla Şaiqin yaradıcılığında "Yeni Ay doğarkən", "Marş", "Vətənin yanıq səsi", "Arazdan Turana" şeirlərində vətəndaş şairin Xalq Cümhuriyyətinə bəslədiyi hörmət və ehtiramın nəfəsi duyulur.

 

"Müsavata ithaf" şeirində (əslində, marş da adlandırılır) yazırdı:

 

İldırımlar gurlasın,

Bulutlarım hazırlansın tufana!

Dağım, daşım boyansın həp al qana,

Şimşəklərim parlasın...

"Ölüm" deyə, "Vətən" deyə qoşarız.

Bu torpaqlar qanımızla boyansa,

Nəfəsimiz qalınca öc alarız.

Milli ədəbiyyat tarixində "istiqlal şairi" kimi tanınan Əhməd Cavadın "Can, can Azərbaycan", "Azərbaycan ordusuna", "Azərbaycan, Azərbaycan" himnində yüksək vətənpərvərlik hissi, vətəndaş qayəsi, vətəndaş amalı ifadə olunmuşdu. Bunlarla yanaşı, "Türk ordusuna", "Şəhidlərə", "Azərbaycan bayrağına", "Elin bayrağı", "Bakı deyir ki" və s. şeirlərində ölkədə milli azadlıq uğrunda gedən mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə hörmət və ehtiram göstərilir. Bu şeirlərdə "Bir kərə yüksələn" və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın apardığı mübarizə, bu mübarizədə "müvəqqəti məğlubiyyət", beşiyində boğulmuş müstəqil Azərbaycan dövlətinin bayrağının uzun illərdən sonra yenə başımız üstündə dalğalanması həqiqəti yaşayır, xalqın mübarizə dolu həyatı, qanı-canı bahasına əldə etdiyi müstəqilliyə yenidən qovuşması, milli duyğular yaşayır. Bu gün də şairin "Azərbaycan bayrağına" şeiri, buradakı milli qürur, milli dövlətçiliyimiz atributlarından biri kimi öyülən bayraq, şeirdəki hər vaxt, hər zaman özünü qoruyub saxlayan müasirlik hissi - qan bahasına əldə edilmiş dövlətə, onun bayrağına hörmət və ehtiramdan yoğrulmuş misralar hafizələrdən silinmir.

 

Türküstan yelləri öpüb alnını,

Söylüyor dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən,

Ərmağan yollasın yara, bayrağım!

 

Cəfər Cabbarlının "Azərbaycan bayrağına", "Sevdiyim", "Sevimli ölkəm", "Salam" və s. şeirlərində Xalq Cümhuriyyətinin şirin dadını duya bilirik.

 

"Azərbaycan bayrağına" şeirində o, üç rəngi - Azərbaycan bayrağının rəmzlərini bədii şəkildə verir:

 

Bu göy boya Göy Moğoldan qalmış

bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya İslamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı!

Səkkiz uclu şu yıldız da səkkiz hərfi od yurdu,

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi

Səhərlərə uçmuşdur.

 

Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin (Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı) "Əsgər anasına", "Çəkil, dəf ol", "Bir mayıs günündə", "Yolunu bəklərdim" şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş Azərbaycan xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, qanı bir türk-Azərbaycan xalqının hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər yaşayır.

 

... Turan balasıyam, türkün özündən,

Soyuq su içdim mən pınar gözündən.

Yeni nur aldım o günəş üzündən,

Şərəfli bir dilək yaşadır məni.

 

Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsi poeziyada olduğu kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblərin yaradıcılıqlarında da əks olunmuşdur.

Azərbaycanlılığın təkcə millət olaraq deyil, həm də milli ideya, konseptual ideologiya və bir ictimai hərəkat proqramı olaraq müəyyənləşməsi görkəmli ədib Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. Bildiyimiz kimi, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanın bədii-estetik və ictimai fikrində milli oyanış, özünüdərk, istiqlal düşüncələrinin cücərməsi proseslərinin renessans dövrü hesab olunur və Mirzə Cəlilin həmin dövrdə ədəbi-ictimai mühitə gəlişi ilə bu proses daha da sürətlənmiş və milli ideya getdikcə kütləviləşərək minlərlə insanın fikir dünyasına hakim kəsilmişdir. Görkəmli ədib Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı Azərbaycançılıq ideologiyasının ideya mənbəyi olduğu kimi, istiqlal düşüncəsi və Cümhuriyyət ideyasının da ən etibarlı, mükəmməl və bitkin proqramıdır. Bütün bunlara görədir ki, bu görkəmli Azərbaycan ədibi və ictimai xadimi milli oyanış dövrü ədəbiyyatının "məfkurə və ideya atası, sərkərdəsi" kimi təqdir olunur. Ümumiyyətlə, bu böyük ideoloq və ədibin adı ilə bağlı olan "Mollanəsrəddinçilik" təliminin də əsas məğzi, məqsədi, məramı və ideya-məfkurəsini məhz azərbaycançılıq, milli istiqlal və cümhuriyyət təşkil edirdi.

Cümhuriyyət dövründə Seyid Hüseyn "Yaşıl qələm" ədəbi-elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları, sənətkarları özündə birləşdirirdi. Seyid Hüseynin Cümhuriyyət illərində qələmə aldığı "İsmailliyyə" hekayəsində xalqın istiqlal və azadlıq hərəkatı ilə bağlı duyğularını yüksək sənətkarlıq hissi ilə ifadə edə bilmişdi. Mütəxəssislərin də qeyd etdiyi kimi, bu əsərdə, əslində, İsmailliyyənin simasında yazıçının bütün ruhu ilə bağlı olduğu doğma Azərbaycan obrazı yaradılmışdır. "Bilirmisiniz İsmailliyyənin yandırıla bilmədiyini aləmə isbat edən bir həqiqət hankısıdır? Azərbaycan parlamanı üzərindəki üç rəngli və səkkiz guşə yıldızlı təmuc üçün Azərbaycan Bayrağı". İsmailliyyənin qorunub saxlanılması ilə nəticələnən həmin əsər bədii sözün düşmən üzərindəki qələbəsi idi. Bu qələbə milli özünüdərkdən, milli istiqlaliyyət, milli azadlıq duyğusundan qüvvət alan vətənpərvər yazıçıların, bədii söz sənətimizin təntənəsi idi.

Cümhuriyyətin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti Ümummilli lider Heydər Əliyev bu sözlərlə ifadə etmişdir: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu".

Qəribədir ki, qədim tarixə və zəngin mədəniyyətə malik xalqımızın keşməkeşli taleyində XX əsr fərqli məziyyətləri ilə yadda qalmışdır. Milli şüurumuzda, canımızda, qanımızda qaynayan hürriyyətimizi məhz bu əsrdə iki dəfə dada bilmişik. Biz qürurla deyə bilərik ki, Şərqin ilk Cümhuriyyəti - Müstəqil Azərbaycan bugünkü Azərbaycanın təməl daşıdırsa, müasir Azərbaycan da ulu öndər Heydər Əliyevin şah əsəridir.

Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Bu gün Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.