525-ci qəzet. - 2018.- 21 dekabr. - ı 227. - S. 6.

 

Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə

 

Yaxud Isık göl məni nədən kövrəltdi

 

(əvvəli ötən sayımızda)

Deyəsən, Sovetlər Birliyinin dağılması mənə düşüb

 

Sovetlər Birliyi dağılandan sonra Türkiyənin Qazaxıstanda keçirdiyi bir neçə elmi simpoziuma qatıldım. Bundan istifadə edib sürgün olunanlarla da görüşdüm, topladığım materiallar əsasında iki kitab, bir neçə məqalə yazdım. O, məqalələrdən bir hissəsini "525-ci qəzet" 2013-cü ilin iyul ayında silsilə şəkilində "Sürgün olunanların sorağı ilə" başlığı altında dərc etdi. Deyəsən, oxucusu da az olmadı.

Qırğızıstana səfərim isə maddi sıxıntıdan baş tutmurdu. Uşaqlıq və yeniyetməlik illərində kəndlimiz İsbi İsmayılovun Qırğızıstan haqqında nağılabənzər söhbətlərini çox eşitmişdim. 1930-cu illərdə həbs olunan İsbi İsmayılov sonra Qırğızıstana sürgün edilmişdi. Sürgün müddətində çobanlıq edən İsbi İsmayılov oranın coşğun dağ çaylarının keçilməzliyindən, yüklü kor dəvənin sağlam gözünü də parça ilə bağlayıb gurultulu dağ çayının üzərində körpü kimi atılmış bir dirəyin üstündən necə keçirdiyindən, uca və həmişə başı qarlı olan dağlardan, yayın ortasında belə qar yağmasından, dəfələrlə ölümlə üzləşsə də, möcüzəli şəkildə sağ qalmasından həvəslə danışardı. Onun danışdıqlarına bənzər bədii təsvirlərə sonralar Çingiz Aytmatovun "Əlvida, Gülsarı" povestində rast gəldim. Povesti oxuduqca mənə elə gəlirdi ki, yazıçı, İsbi İsmayılovun danışdıqlarını qələmə alıb.

Məni isə maraqlandıran nə uca dağlar, nə buz bulaqlar, nə də Isık gölün ilıq sularında çimmək, yaşıl sahillərində dincəlmək idi. Mən sürgün olunanlarla görüşməyə, yaddaşlarında qoruyub saxladıqları folklorumuz toplamağacan atırdım.

Axısqalı Xəstə Hasan "Yüzdə bir" divanəsində deyir:

 

Ab-u çeşmə göllərində sona da bir, qaz da bir.

Süsən sünbül, mor mənəvşə, bülbül ötər yazda bir.

Vaqif dərddən xəbərdardı, Gövhərin qiyməti yox.

Qul Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə bir.

 

Qurbanı haqq aşığıdır - daima xamnan sökər,

Dəstinə alıb qələmi, xəttinə bir xət çəkər.

Çöllü İsmayıl tacıdı, cannan qəsəvvət tökər.

Kərəm ki, yandı ataşa, od da birdi, köz də bir.

 

Molla Xəlis dəlalətdə içdi eşqin badasın.

Küfdadiya da verildi onnan da ziyadasın.

Urfanı dərya-ümmandı, keçmək olmaz adasın

Aşıq Seyfi, Usta Polat, Dəli Tamo sazda bir.

 

İçmədim eşqin badasın, həm oxuyam, həm yazam.

Böylə getməz bu ürüzgar, həlbət gələr bir ayam.

Sənə min iki yüz on səkkiz, yoxdur tarixin sayam.

Çox aşıxlar gəldi, getdi, Xəstə Hasan yüzdə bir.

 

Şeirdə adı çəkilən Vaqif, Kərəm, Qurbani məşhurdur. Haqlarında bilgiyə çox rast gəlmək olur. Xəstə Hasan və İrfani (Urfani) haqqında da xeyli axtarışlar aparıb nəslindən olanlarını tapıb, şeirlərini toplayıb çap etdirmişəm. Bəs Qul Qaranı, Qara Zülal, Aşıq Ömər, Aşıq Seyfi, Usta Polat, Dəli Tamo, Çöllü İsmayıl, Molla Xəlis, Küfdadi? Onlar niyə öyrənilməsin, şeirləri toplanmasın?

Xəstə Hasanın qürurla öydüyü bu aşıqların bəzilərinin şeirlərindən nümunələr toplamışam. Ustad sənətkarlar olublar. Ancaq haqlarında bilgi yox dərəcəsindədir. Həmişə düşünmüşəm ki, necə ola bilər eyni dövrdə yaşamış aşıqlardan Xəstə Hasanın nəslindən olanlar tanınsın, o birilərininki yox?! Fikirləşirdim ki, Qırğızıstana sürgün olunmuş axısqalıların nəvə-nəticələri ilə görüşsəm, axtarışlar aparsam, bəlkə başqa aşıqların da nəslindən olanları tapa billəm.

 

Türk xalqlarının türkcə ilk yazılı əsərləri simpoziumu

 

2018-ci ilin iyulunda mənə xəbər göndərdilər ki, Türkiyədəki Hacı Bektaş Vəli Kültür Dərnəyi, Dünya Söz Akademiyası və Qırğızıstandakı Kasım Tınıstanov adına Isık göl Universitetinin Karakol şəhərində birgə keçirəcəyi "Türk xalqlarının türkcə ilk yazılı əsərləri - "Qutadqu bilik", "Divanu luğat-it-türk", "Ətabətül-həqayiq", "Dədə Qorqud" Uluslararası Simpoziumuna qatılım. Simpoziumun dəstəkçisi TİKA idi. TİKA varsa, demək xərclər haqqında narahatlıq keçirməyə dəyməz. Hər şeyi onlar yüksək səviyyədə görəcəklər. Ona görə də böyük həvəslə "Qutadqu-bilik"in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu" mövzusunda bildiri özətimi göndərdim.

Az sonra bildiri özətimin qəbul olunduğunu yazdılar. Bildirdilər ki, pasportumun surətini göndərim, bilet alsınlar. TİKA-nın Türk Hava Yolları ilə müqaviləsi olduğunu bilirdim. Onlar, adətən, biletləri THY-nın təyyarələrinə alırlar. Bakıdan da THY Bişkekə təyyarə reysi yoxdu. Ümumiyyətlə, Bakıdan Qırğızıstana birbaşa təyyarə reysi yoxdur. Demək, bileti Bakı-İstanbul-Bişkek reysinə gediş-dönüş alacaqlar. Bu da 7-8 saat havada qalmaq, 5-6 saat İstanbulda gözləmək deməkdir.

Bir neçə dəfə yazıb xahiş etdim ki, ya siz biletlərimizi Bakı-Almatı-Bişkek reysinə alın, ya da biz alaq, orada bilet pullarımızı ödəyin. Onda biz, təxminən, iki saat yarıma Almatıya, yarım saata da Bişkekə uçardıq, biletlərin qiyməti də ucuz olar. Heyif ki, bizimlə razılaşmadılar. Bileti özləri alıb göndərdilər. Baxdım ki, bizim təklif etdiyimizdən 4 dəfə çox pul xərclənib. Deməyə sözüm qalmadı. Bu da bizim günlərin anlaşılmazlığı!

Sentyabrın 29-da səhər tezdən evdən çıxsaq da, Bişkekə axşam çatdıq. Bütün günü təyyarədə və gözləmə salonunda keçirdik. İstanbul hava limanında Türkiyədən simpoziuma gedənlərlə görüşdük. Əksəriyyətini tanıyırdım. Müxtəlif toplantılarda görüşmüş, dostlaşmışdıq. Hamımız eyni reyslə gedirdik. Onlar daxili reyslərlə gələndən az sonra uçuş başladığından hal-əhval tutmamız, dərdləşməmiz 5 saatlıq uçuşa qaldı.

 

Qazaxıstan sərhəddində Qırğız paytaxtı

 

Kiçik respublika Qırğızıstan Sovet dönəmində Qələbə piki (7439), Lenin piki (7134) və Xan Tenqri  piki (6995) ilə coğrafiya həvəskarı olan məktəblilərin yaddaşına hopmuşdu. Tanrı dağları ilə əhatə olunan bölgənin vadiləri subtropik və mülayim qurşağa daxil edilir. Sahəsi 199,9 min kvadratkilometr, əhalisi 6 milyon nəfərə yaxındır. Təbii artım yüksəkdir. Hər min nəfərə 16 nəfər düşür.

 

Ölkənin başkəndi Bişkek düzənlikdə, Çuy (Türk dillərində ç-ş-s səsdəyişməsi var. Çay da adını su sözündən alıb. Biz bu çayın adını da rus qaynaqlarında yazıldığı kimi deyil, qırğızlarda olduğu şəkildə yazacağıq) vadisində yerləşir. Çayın sağ sahili Qazaxıstan, sol sahili Qırğızıstandır. Bişkek şəhərinin bəzi obyektləri Çuy çayının sahilindədir. 1924-cü il oktyabrın 14-dək qazax, qırğız ayrı-seçkiliyi yox idi. Qazaxlar da özlərini qırğız sayırdılar. Keçirdikləri toplantıları da qırğız konfransları, qurultayları adlandırırdılar.

Bütün imperialist dövlətlər kimi, Sovet Rusiyası da "Parçala, hökm sür!" siyasəti ilə hərəkət edərək 1924-cü il oktyabrın 24-də RSFSR tərkibində Qara Qırğızıstan Muxtar Vilayəti yaratdı. 1926-cı il fevralın 1-də isə onu Qırğızıstan Muxtar Respublikasına, 1936-cı il dekabrın 5-də isə müttəfiq respublikaya çevirdi. 1991-ci il avqustun 31-də isə Qırğızıstan öz müstəqilliyini elan etdi.

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkənin vətəndaşı kimi biz oraya viza almadan getsək də, xarici ölkəyə gedişin bütün şərtlərinə əməl edirdik. Hava limanı şəhərdən xeyli aralıdır. Muxtar Kazımoğlu diqqətlə ətrafı seyr etdikdən sonra "Bu yerlər mənə necə doğma gəlir. Elə bil nə vaxtsa buralarda olmuşam. Dağları da Naxçıvan dağlarına oxşayır" - deyir.

Sentyabrın 29-u axşam və 30-da gündüz Qazaxıstandan, Tacikistandan, Qırğızıstanın müxtəlif şəhərlərindən simpoziuma qatılmalı olan alimlər də gəldi. Görüşüb tanış olduq. Qazaxıstandan gələn Baktıgül Gülcahanovadan başqa, heç birisi ilə öncə görüşməmişdim. Bəzilərinin adı və əsərləri ilə tanış idim.

Qırğızıstandakı Axısqa Dərnəyinin sədri Reşat Şamiloğlu ürəyindən əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi. Onun müavini Zəkəriyyə Tahirlə telefonla danışdıq. O, mənim gələcəyimi bilirdi və görüşməyimizi öncədən planlamışdı. Həmin axşam bir çaşqınlıqdan görüşə bilmədik.

Sentyabrın 30-da Bişkek şəhərinin mədəni mərkəzlərində, tarixi yerlərində olduq. Səfər TİKA-nın maliyə dəstəyi ilə olduğundan təşkilat özünütəbliği də unutmamışdı. Bizi Alıkul Osmonov adına Respublika Milli Kitabxanasına apardılar. Kitabxananın binası sovet dövründə tikilsə də, yenidənqurma işlərini iki il öncə TİKA görmüşdü. İnsafən, gözəl iş görüblər. Bina yenidən qurulanda müasir kitabxanaya lazım olan səviyyədə avadanlıqlarla da təchiz edilib. Kitabxananı gəzərkən türkiyəli dostlarımdan biri həsədlə: "İllərimizdə (vilayət) belə 15-20 mədəni mərkəz ola, ya olmaya. Gör, Qırğızıstanda bir kitabxananın yenidənqurmasına bu qədər vəsait xərclənibsə, onda universitetlər və başqa sahələrə nə qədər pul qoyulub?!"

Uzun illər Türküstanda müxbir işləyən Ramiz Məşədihəsənlinin verdiyi bilgiyə görə, Türkiyə hökuməti təkcə Qırğızıstanla birgə qurduğu Manas Universitetinə 23 il ərzində 85 milyon ABŞ dolları xərcləyib. Dostumun gileyində bir həqiqət də ondan ibarətdir ki, Qırğızıstanın istehsal sahələrinə, yəni gəlir gətirəcək yerlərə yatırım qoyanlar Çin, Amerika, Rusiya, Kanada və başqa dövlətlər olduğu halda, Türkiyə ölkədəki mədəni-maarif təşkilatlarına, şəhərlərin abadlaşdırılmasına vəsait xərcləyir. Bunlar da gəlir gətirmir, xalqın mədəni səviyyəsinin yüksəlməsinə, maariflənməsinə xidmət edir.

Mədəni maarifdən söz düşmüşkən, onu deyim ki, bu gün Qırğızıstan universitetlər ölkəsinə çevrilib. Yalnız Bişkek şəhərində 52  universitet var. Onlardan 31-i dövlət tərəfindən maliyyələşir, 21-i özəldir. İlk baxışda təəccüblü görünür: kasıb və kiçik bir ölkədə bu qədər universitet nəyə lazımdır? Axı ölkədə bu qədər tələbə ola bilməz? Universitetlərdə Qırğız tələbələrlə yanaşı, Əfqanıstan, Pakistandan, Banqladeş, hətta Vyetnamdan və başqa kasıb ölkələrdən gəlmiş minlərlə gənc təhsil alır. Təhsil haqqı da elə ucuz deyil. Tələbələrin böyük əksəriyyətinin ailəsi o qədər pulu ödəyə bilməz. Ona görə də imkansız tələbələrin xərclərini beynəlxalq təşkilatlar ödəyir.

Xarici tələbələrlə əhalinin müəyyən təbəqəsi arasında hərdən xırda ziddiyyətlər olsa da, gəlmələrin ölkədə dinc və rahat yaşamasına normal şərait yaradılıb. Bu da kasıb ölkənin iqtisadiyyatına kömək olmaqla yanaşı, elmi potensialın güclənməsinə də təkan verir. Xarici ölkələrdən gələn tələbələr tibb universitetlərində oxumağa meyllidirlər. Onların istəyinin reallaşması üçün ölkədə tibb sahəsində çalışan alim-pedaqoqların sayı artırılıb. Bu da yaxın gələcəkdə Qırğızıstanda tibb sahəsində böyük irəliləyişlər olacağından xəbər verir.

 

Ata-Beyit memorial kompleksi

 

Azərbaycanda repressiya qurbanlarının harada güllələndiyi dəqiq bilinmir. Repressiya qurbanları haqqında ciddi muzey, ümumi bir abidə də yoxdur. Memorial təşkilatı isə repressiya illərində Moskvada kimin harada güllələndiyinin siyahısını hazırlayıb və onu da internet saytında yerləşdirib. Qırğızlar da bizim günümüzdədir. Onlar da 1930-cu illərdə kimin harada güllələndiyini dəqiq bilmirlər. Sovetlər Birliyi çökəndə yaşlı bir çoban 1930-cu illərdə şəhərdən aralıdakı köhnə kərpic zavodunda gecələr güllə səsləri eşitdiyini söyləyib. Onun dediyini yoxlamaq üçün zavodda qazıntı aparıblar. 150-dən çox insan cəsədinin qalığını aşkara çıxarıblar. Bu qənaətə gəliblər ki, repressiya qurbanlarının bir hissəsi köhnə kərpic zavodunda güllələnib.

Həmin yer Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanında təsvir etdiyi Ata Beytə uyğun olaraq "Ata-Beyt" adlandırıldı. Orada repressiya qurbanlarına xatirə abidəsi ucaldılıb və muzey yaradılıb. Çingiz Aytmatov da repressiya qurbanı olan atasına hörmət və repressiya qurbanlarına sayğı əlaməti olaraq, öləndə "Ata-Beyt"də dəfn edilməsini vəsiyyət edib. Onun istəyi yerinə yetirilib. İndi "Ata-Beyt" həm repressiya qurbanları üçün, həm də Çingiz Aytmatov üçün abidələr ucaldılıb. Ora qırğız xalqının müqəddəs ziyarətgahına çevrilib.

Xatirə kompleksindəki abidələri istedadlı heykəltaraş və memarlar yaratdığından olduqca təsirlidir. Repressiya muzeyi kiçik və sadə olsa da, təsirlidir. Köhnə kərpic zavodunda qazıntı aparılarkən tapılan, güllələnənlərin paltarları, salamat qalmış şəxsi əşyaları orada nümayiş etdirilir. Muzeyi ziyarətə gələn kövrək qəlbli insanlar göz yaşlarını saxlaya bilmirlər.

 

(Ardı var)