Kaspi. - 2018.- 19 dekabr. - ą 218. - S. 15.

 

Azərbaycan-Özbəkistan ədəbiyyatları arasında mənəvi körpü

 

Maqsud Şeyxzadə elə bir ömür yaşamışdır ki...

 

Almaz Ülvi,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri,

Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru,

Filologiya elmləri doktoru,

 

Özbək ədəbiyyatşünaslığında, xüsusən Lütfi, Nəvai, Babur, Məşrəb, Agahi kimi özbək klassiklərinin yaradıcılığı ilə bağlı tədqiqatlarda klassik Şərq poetikasına aid istilahların ön plana çəkilməsi, qəzəlin poetik xüsusiyyətlərinin təhlilində orta əsrlər Şərq ədəbiyyatşünaslığına məxsus bədii təsvir vasitələrinə (təşbeh, istiarə, mübaliğə, təzad və s.) üstünlük verilməsi özündən sonrakı tədqiqatçılara Maqsud Şeyxzadənin təsiri, Maqsud Şeyxzadənin özünə isə görkəmli Azərbaycan ədəbiyyatşünası və nəzəriyyəçisi, professor Mir Cəlal Paşayevin təsiri kimi diqqəti cəlb edir.

 

Belə ki, Şərqdə qədimdən xüsusi poetika elminin ("ilmi-bədae”, ”ilmi - sənsa”, ”ilmi- əruz” və s.) mövcudluğuna və klassik şeiriyyəti bu elmin prinsip və qaydaları ilə tədqiq etməyin vacibliyinə ilk dəfə Mir Cəlal Paşayev özünün məşhur "Füzuli sənətkarlığıı” adlı monoqrafiyasında diqqəti yönəltmiş, Maqsud Şeyxzadə isə Əlişir Nəvai haqqında məqalələrində, o cümlədən, "Ustadın icadxanasında”, "Qəzəl mülkünün sultanı" adlı tədqiqatlarında Mir Cəlal Paşayevdən sitatlar, iqtibaslar gətirərək, bu yeni elmi-nəzəri yanaşma üsulunu özbək ədəbiyyatşünaslarının diqqətinə həvalə etmişdi.

Azərbaycan torpağının işıqlı oğlu Maqsud Şeyxzadə Özbəkistan ədəbiyyatının, elminin məşhur filosof şairi, dramaturqu, ustad tərcüməçisi, böyük alimi, görkəmli pedaqoqu,dilçisi, tənqidçisi, folklorşünası və ədəbiyyatşünasıdır. Özbək xalqı, özbək torpağı onu öz balası kimi bağrına basmış, şöhrətləndirmişdir. Maqsud Şeyxzadə elə bir həyat - elə bir ömür yaşamışdır ki, bu tale iki qardaş-iki qandaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olmuşdur.

Maqsud Şeyxzadə soy kökü ilə Qazaxın Salahlı kəndindəndir - Səməd Vurğun yurdundan. Özü isə Ağdaş rayonunda doğulmuşdur. Vaxtilə atası Məsim Şeyxzadə Tbilisidə tibb məktəbini bitirib Ağdaş rayonunda işləməyi qərarlaşdırır (və ya göndərilir). Anası Fatma xanım da qadın gimnaziyasında təhsil almış ziyalı idi. Bu rayonda təzə yurd salan gənc ailədə beş uşaq doğulub boya-başa çatır.

1908-ci il noyabrın 7-də doğulan Maqsud, ailənin ilk övladı olur. O, ilk təhsilini Ağdaşda -məşhur ziyalı Muxtar Əfəndinin açdığı "Rüşdiy-yə” məktəbində alır. Sonra isə Bakı seminariyasını bitirir (1920-25). O seminariyanı ki, orada Abdulla Şaiq, Hüseyn Cavid, Cabbar Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, xalq müəllimi Cə-mo bəy Cəbrayılbəyli kimi tanınmış ziyalılar dərs deyirdilər. Maqsud Şeyxzadə də məhz həmin müəllimlərdən dərs almışdı.

Seminariyanı bitirdikdən sonra isə gənc Maqsud iki il Dağıstanda (1925-27) müəllim kimi işləməyə göndərilir, əslində sürgün olunur. 1928-ci ildə - gəncliyin coşub-çağlayan, milli hisslərinin cilovlanmadığı vədədə imperiya ideoloqlarının əmri ilə üç illiyə Qafqazdan sürgün olunmuşdur. SSRİ-nin istənilən şəhərində yaşamaq şansını özü seçməli olanda, o, bu məcburiyyətlə əlaqədar Özbəkistanı - Daşkənd şəhərini seçmiş və bütün ömrünü ora bağlamışdır.

Onun yaradıcı fəaliyyətinə nəzər saldıqda, görürsən ki, vətən sıxıntısı gənc Maqsudun qəlbində sirli bir guşəyə çəkilmiş və yazıb-yaratmaq eşqi ilə yeni həyata başlamışdır. Tanınmış nə-vaişünas alim, Daşkənd Dövlət Universitetinin professoru Suyima Qəniyeva tədqiqatlarında göstərir ki, Maqsud Şeyxzadə özbək ədəbiyyatı tarixini öyrənmək üçün Nəvaidən başlamışdır. Maraqlı nüans odur ki, gənc pedaqoq Nəvai poeziyası inciləri içərisindən vətən məhəbbətli, vətən dərdli şeirləri seçib tərcümə etmişdir. Bu tarix 1928-ci - Özbəkistana gəldiyi ilə təsadüf edir. XX əsrdə - özbək ədəbiyyatşünaslığında Nəvai haqqında ilk sanballı tədqiqat məqaləsi də məhz Maqsud Şeyxzadəyə məxsusdur.

Tədqiqatlardan məlum olur ki, M.Şeyxzadə hələ orta məktəb illərindən qəlbən ədəbiyyata -poeziyaya bağlı olmuşdur. Ara-sıra yazdığı şeirlərini məktəb tədbirlərində oxuyarmış. İik mətbu şeiri 13 yaşında "Kommunist" qəzetində çap olunur. Şeirə könül bağlayan gəncin bəxti onda gətirir ki, Bakı seminariyasında böyük şəxsiyyətlərin - görkəmli ziyalıların məktəbindən keçir. Yaşdaşları - Mehdi Hüseynlə, Sabit Rəhmanla, Mikayıl Müşfiqlə, Məhəmmədhüseyn Təhmasiblə, Səid Rüstəmovla... eyni vaxtda təhsil alması, şübhəsiz, onun gələcək həyatında silinməz, möhkəm cığırlar açır, ilk dövr poetik yaradıcılığının - Azərbaycan dilində olan əsərlərinin mühüm bir qismini o, "Şeyxzadə dəftəri”ndə toplamışdır.

Tale yazısı ilə 20 yaşında Özbəkistana gələn Maqsud Şeyxzadə yeni mühitdə, yeni məkanda, yeni insanlar arasında yeni həyata başlayır. Bu istedadlı, milli hissləri coşqun, türk qanı qaynar gənc bir il ötməmiş, elə 1928-ci ildən mütəmadi olaraq özbək dilində yazdığı şeirlə, məqalələrlə mətbuatda göründü.

Azərbaycan yurdunun həssas qəlbli oğlu özbək torpağında da istedadlı yaradıcı gənclərlə -

Qafur Qulam, Aybek, Abdulla Qədiri, Abdulla Qəhhar kimi şəxslərlə dostluq - yoldaşlıq münasibətləri yaradır. XX əsr özbək ədəbiyyatının klassiklərinə çevriləcək sənətkarlarla bir sırada çalışır və öz layiqli yerini tutur.

Şeir, qəlbinin çağlar bulağı olsa da, o, fəaliyyətində elm sahəsinə daha çox üstünlük verir. Bütün həyatını elmə bağlayan gənc M.Şeyxzadə, burada təhsilini davam etdirərək alimlik dərəcəsinədək yüksəlmiş, 1938-ci ildən ömrünün axırı-nacan Nizami adına Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən tələbələrə dərs demişdir. Çalışdığı fakültənin dekanı və özbək ədəbiyyatı kafedrasının müdiri vəzifəsində olmuşdur. Nəhayət, Özbəkistan elmi tarixində tanınmış alim və pedaqoq kimi ad çıxarmışdır.

Görkəmli, özbək ədəbiyyatşünası və ədibi Azad Şərafiddinov müstəqillik illərində qələmə aldığı ədəbi qeydlərini və elmi mülahizələrini -məqalələrini ölümündən bir il əvvəl - 2004-cü ildə nəşr etdirdiyi ”İjodni anqlaş baxti” adlı 600 səhifəlik kitabına toplamışdı. Bu məqalələr həcm etibarilə fərqlidir. 1956-cı ildə bəraət alsalar da, 1991 -ci il - milli müstəqillik illərinəcən adlarının belə çəkilməsi yasaq olan Əbdülhəmid Çolpana, Əbdürrauf Fitrətə, 20-30-cu illər cədid ədəbiyyatına - hər birinə 90-100 səhifə həsr etmişdir. Bu sırada müəllif M.Şeyxzadəyə də xüsusi səhifələr ayırmışdır - kitabda Sovet ideologiyası ilə fikirləri uyğun gəlməyən görkəmli ədiblərin yaradıcı talelərindən yazılır. Yeri gəlmişkən, Ə.Çolpan, Ə.Fitrət, A.Qədiri 1991 -ci ildə Özbəkistan Prezidenti islam Kərimovun fərmanı ilə Özbəkistanın ən ali mükafatına - Nəvai adına Dövlət mükafatına layiq görülmüşdülər. İslam Kərimovun fərmanı ilə M.Şeyxzadənin yubileyi günlərində "Böyük xidmətlərə görə” ordeni ilə təltif olunması, onun əsərlərinə və şəxsiyyətinə verilən böyük qiymətdir (amma onun da Ə.Çolpanla, Ə.Fitrətlə bir sırada təqdimata haqqı çatırdı). A.Şərafəddinov adını çəkdiyimiz kitabında M.Şeyxzadəyə həsr etdiyi "Ədəbiyyatımızın fədaisi" (2003) adlı məqaləsini həzin və kövrək notlarla başlayır: ”Orta boylu, dolu bədənli, qıvrım saçlı, şairanə görkəmli, özbəkcə danışığına şirin Azərbaycan ləhcəsi qatan bu adamı - Maqsud Şeyxzadəni ilk dəfə auditoriyada - dərs dediyi Nizami adına Özbəkistan Pedaqoji İnstitutunda görmüşdüm.

Onun şirin, sadə ifadələrlə dərin elmi əsaslara söykənən mühazirələri artıq çoxdan idi ki, institutun hüdudlarından çıxıb bütün Özbəkistan boyunca yayılmışdı. Hətta tələbələr arasında onun məruzələri əsasında maraqlı rəvayətlər də dolaşırdı. O, ömrünün sonunacan eyni şövqlə, eyni məhəbbətlə söylədiyi mühazirələri ilə institutun da şöhrətini hər yana çatdırmışdı. O, şair və dramaturq, ədəbiyyatşünas və tərcüməçi, tarixçi və mütəfəkkir, natiq və pedaqoq idi. Maqsud Şeyxzadə qeyd etdiyim bütün sənətlərin ustadı, ağası idi” - bu sözlər də A.Şərafəddinova aiddir.

M.Şeyxzadənin gənclik illərini izlədikcə, görünməz bir qaynarlıq duyursan: bu, onun içində çağlayan, süzülüb axmağa can atan şeir - poeziya bulağı idi. Amma o, yeni aləmə qatıldığından, bu bulağı - içindəki poetik düşüncələrini istiqamətləndirməyə yollar aramalı olmuşdu. Şübhəsiz, bu məqamda o, özü də qeyd etdiyi kimi, tərcümə yaradıcılığına üstünlük verir. 40 ildən çox yaradıcılıq ömrü yaşayan şairin tərcüməçilik fəaliyyətinə nəzər yetirək: dünya klassiklərini özbək dilinə çevirərək tərcüməçi kimi özbək ədəbi tarixində xüsusi yer tutmuşdur. Əgər onun tərcümə əsərlərinin siyahısına nəzər salsaq, bu, onun özbək ədəbi dünyasında ən uca pillədə dayanmasına kifayət edər. Bunlardan başqa, müasir Azərbaycan və xarici ədəbi nümunələr də onun tərcüməsində özbək oxucularına çatdırılmışdır. Bu siyahıya başqa bir nöqtədən nəzər yetirsək görərik ki, M. Şeyxzadə dünya poeziya incilərinə dərindən, xalqların poetik dünyalarına yaxından bələd olmuşdur. Bəli, bunlar onun qəlbindəki şeir bulağının təbii, özünəməxsus çağlamasına güc vermişdir.

Maqsud Şeyxzadə poeziyası ülvi məhəbbət, insani münasibətlər, dostluq telləri, nəsihətamiz duyğular, ali hisslər üstdə yaranmışdır. Bunlar ilıq duyğulartək insan qəlbinə dolur, orada nura dönür.

Günlərin bir günü bulaq başında, Mən bir gözəl gördüm bahar yaşında. Qaşları binadan vəsməli bir qız, Üstündə yarpaq tək əsməli bir qız. Əyilib səhənginə su doldururdu, Uzun hörüyünü dəstələyən qız.

"Simlər, qaranquşlar və qızlar”, "Bahar yağışı”, "Bənövşə”, "İlk sevgi”, "Sınaq”, ”Xəta”, "Atmaca” - sevgi duyğulu nəğmələrdir.

Tədqiqatçılar bir gerçəkliyi təsdiq edərlər ki, hər hansı yaradıcı şəxs ilk qələm təcrübələrində həmişə folklora söykənir, söz və fikir, məna və məntiq ehtiyatlarını məhz xalq yaradıcılığından qaynaqlandırır. Öz ana dilində də, başqa dildə də yazanda bu fakt öz aktuallığında qalır. M.Şeyxza-də yaradıcılıq həyatının yeni vərəqini açanda məhz folklor qaynaqlarına üz tutmuş, özbək folklor mənbələrinə istinad etmiş və buradakı yeni yaradıcılıq uğurlarına folklorla başlamışdır. Özbəkistana gəldiyi ilk illərdə daha çox özbək folkloruna dair tədqiqat və məqalələr yazır. "Bir tərəfdən folklorçu alim kimi "Alpamış", "Qərib və Şahsənəm”, "Şirin-Şəkər" kimi eposları tədqiq edir, xalq yaradıcılığını yaşadan Fazil Yoldaşoğlu və başqaları haqqında dəyərli elmi məqalələr yazır, digər tərəfdən öz yaradıcılığında folklor qaynaqlarından istifadədən çəkinmir”.

M.Şeyxzadə yaradıcılığının bütün mərhələlərində bu təsir aydın görünür. "Birlik təranəsi”, "Özbək-türkmən bir ananın cüt oğlu”, "Ay ilə söhbət”, "Yeddilik balladası" və s. şeirlərin söykəndiyi yaşantılarda folklora aid motivlər xüsusi yer tutur. Burada qədim türk mifologiyasında müqəddəs rəqəm kimi tanınan 7 (yeddi) rəqəmindən bədii oynatmalarla yeni poetik obraz yaratması şairin fitri istedadının məhsuludur. Başdan-başa xalq əfsanə və əsatirlərə söykənən bu şeir hikmətli sözlər, aforizmlər dəryasıdır, desək yanılmarıq. Folklora bağlılıq onun məşhur pyeslərində də aydın görünür. "Daşkəndnamə”sində (lirik poema) xalq deyimləri, xalq şeiri formaları, atalar sözləri, hikmətlər və aforizmlərlə bağlı sətirlərə istənilən qədər rast gələ bilərik. Bəli, M.Şeyxzadə poeziyasının xalq ürəyinə yaxın olması, onun folklora bağlılığından irəli gəlir. Daha doğrusu, şeirlərini xalq qəlbindən süzülən incilərdən mayalan-dırması, onun yaradıcılıq uğurlarındandır. O, sevilən şair olmuşdur. Eyni zamanda lirik qəzəllər də yazırdı, siyasi şeirlər də: özü də sənətkar ustalığı ilə.

Yuxarıda qeyd etdiyimiz kimi, M.Şeyxzadə gənc yaşlarından - 30-cu illərdə artıq tənqidçi, alim, publisist, pedaqoq kimi tanınmışdır. Klassik və müasir özbək ədəbiyyatını, eləcə də Azərbaycan, rus və dünya ədəbiyyatını tədqiq edərək elmi kontekstdə təhlil etmiş, tənqidi və publisist məqalələri ilə fikrini, münasibətini bildirmişdir. Dünya poeziyasının fəlsəfi nöqtələrinə toxunmuş, onları maraqlı və dərin məzmunda şərh etmişdir. M.Şeyxzadənin yaradıcılıq toplusunda bu sıradan 200-dən artıq elmi məqalələri vardır. Dünya klassiklərinin, XX əsr dünyasının məşhur poeziya nümunələrini, gənc qələm sahiblərinin yaradıcılığını əhatə edən bu məqalələr özbək ədəbiyyatşünaslığının inkişafında xüsusi rol oynamışdır. Bu ardıcıllıq təsdiq edir ki, o, ömrünün hər anını ədəbiyyatla yaşamış, həyatını bağladığı Özbəkistan elm-ədəbiyyat aləmindən bir göz qırpımında da kənarda qalmamışdır.

Onun qələmə aldığı vətən sevgili, vətən məhəbbətli poemaları təkcə məzmunca yox, həm də məna və məntiqcə, ruhu ilə unudulmaz əsərlərdir. M.Şeyxzadənin müharibə dövr əsərlərində qəhrəmanlıq, psixoloji nikbinlik kimi poetik təsirlər yaradıcılığının əsas qayəsini təşkil etmişdir.

M.Şeyxzadə həbsdən qayıtdıqdan bir il sonra - 1957-ci ildə yazdığı "Daşkəndnamə” poemasını nəşr etdirdi. Bu əsərində o, yaşadığı ömrünün poetik cizgilərini təsvir etmişdir. Bütün həyatı boyu vətəninə, xalqına - vicdanı, qəlbi ilə sadiq olmuş, saf olmuşdur. Bəlkə də ona həbs damğası vurduranlara vicdan hesabatı idi. O, Qafqazdan sürgün olunanda da, Stalin repressiyasına uğrayaraq 25 illik həbs cəzası alanda da, günahsız olmuşdur. Ən böyük günahı vətənə övlad məhəbbəti, türkçülük əqidəsi olmuşdur. Daşkəndlə bağlı 30 illik həyatını, eşqini, həyəcanını, qəlbinin vətən duyğularını misralamışdır. Ondan bir il sonra nəşr etdirdiyi 437 səhifəlik "Çərək əsr divanı” ("25 ilin divanı”) kitabında da lirik yaradıcılıq nümunələri sayrışır. Əsərin azərbaycancaya ilk tərcüməsi xalq şairi N.Həsənzadəyə aiddir. Lakin M.Şeyxzadə ədəbi irsinin tədqiqatçısı, xalq şairi X.Rza bu əsəri öz tərcüməsində yenidən Azərbaycan ədəbi tarixinə daxil etmişdir.

 

(Ardı növbəti sayımızda)