Kaspi. - 2018.- 20 dekabr. - ¹ 219. - S. 15.

Azərbaycan-Özbəkistan ədəbiyyatları arasında mənəvi körpü

 

Maqsud Şeyxzadə elə bir ömür yaşayıb ki...

 

Almaz Ülvi,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri,

Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru,

Filologiya elmləri doktoru,

 

(əvvəli ötən sayımızda)

Mayası, ana südü, ilk ibtidai təhsili, beş illik seminariya həyatı, şeir dünyasına ilk addımları Azərbaycanla bağlı olsa da, o, eyni məhəbbətlə özbək həyatına - şeir dünyasına, elminə, tarixinə bağlanmışdır. Bu, ilk anda maraqlı görünsə də, təbii bir axarlılıq da var. Əslində o, doğulduğu ruh üstdə, ana südü ilə kökləndiyi mənəvi aləmi ilə ucalmışdır. Azərbaycan-özbək məfhumları ayrı-ayrı sözlər olsa da, əslində bunların bir xətt, bir ruh, bir kök, eyni maya olması dərk edilir. Bu, mənəvi və təbii duyumlardır, özünün də ayıra bilmədiyin gerçəklikdir. Bu, türk qanı, türk ruhu, türk köküdür.

Maqsud Şeyxzadənin dramaturgiya yaradıcılığından ayrıca bəhs etmək mümkündür. "Cəlaləddin Mənquberdi” və "Mirzə Uluğbəy” kimi pyesləri ilə ciddi ictimai hadisələrin, dolğun insan xarakterlərinin yüksək poeziyası yaranmışdır. "Cəlaləddin Mənquberdi” və "Mirzə Uluğbəy” mənzum tarixi faciələri ilə özbək dramaturgiyasının mükəmməl əsası qoyulmuşdur. M. Şeyxzadənin dramaturgiya yaradıcılığı özbək ədəbiyyatşünaslarının da, Azərbaycan ədəbi tənqidinin də daim diqqətini cəlb etmiş, bu haqda xeyli tədqiqat əsərləri yazılmışdır. Söz yox ki, bu sırada ilk yerdə Xəlil Rza tədqiqi dayanmışdır. Onun bu mövzuya həsr etdiyi "Maqsud Şeyxzadə”, ”M.Şeyxzadə yaradıcılığının bədii xüsusiyyətləri" monoqrafiyalarını, elmi, publisistik məqalələrini göstərə bilərik.

"Cəlaləddin Mənquberdi” əsəri partiyanın tapşırığı ilə yazılmışdı. Onda müəllifin 36 yaşı vardı. Az bir vaxta tamamlanan bu əsərin ilk tamaşası çox yüksək səviyyədə keçmiş, böyük səs-səda doğurmuşdu. Müharibə illərində qəhrəmanlıq motivləri, həm də tarixə əsaslanan hadisələr ədəbiyyatın baş mövzusuna çevrilmişdi.

"Cəlaləddin Mənquberdi” də məhz bu nöqteyi-nəzərdən yazıldı və səhnəyə qoyuldu. Lakin Şeyxzadənin hörmətini birə-min artıran bu əsər onun taleyində qara səhifə açdı. O, Stalin rejiminin qəzəbinə tuş gəldi. NKVD casusları, "yan” fa-miliyalı naqislər, ustad qələm sahibini, elm fədaisini, görkəmli şəxsiyyəti Stalinə, belə deyək ki, satmışdılar. Guya ki, dramaturq əsərdəki mənfi epizodik gürcü obrazı ilə Stalinə, onun mənsub olduğu xalqa işarə etmişdir. Elə bu ittihamla suçlanan M.Şeyxzadə, 25 il həbs cəzası aldı və uzaq Sibirə - İrkutsk düşərgəsinə göndərildi. M.Şeyxzadə həbs düşərgəsinə göndərilsə də, artıq çox qısa səhnə həyatı yaşayan "Cəlaləddin Mənquberdi” dillər əzbərinə çevrilmişdi. Sadə, axıcı poetik dillə, başdan-başa qəhrəmanlıq eşqi ilə yazılan bu əsər hər kəsin qəlbində özünə yer etmişdi. Çoxları hətta bu əsəri əzbər bilirdi. Necə ki, bizdə "Vaqif’i bilirdilər. Stalin öldü. Nağıllarda söylənildiyi kimi, az sonra bütün zindanların qapısı açıldı. Şeyxzadə ikinci vətən bildiyi Özbəkistana, Daşkəndə - ailəsinə döndü. 25 illik həbs cəzasının üçdə bir hissəsini çəkdi, geri döndü və daha 13 il özbək elminə, ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələrini verdi. Ən əvvəl, hələ 1944-cü ildən üzərində çalışdığı, həbs olunduğuna görə yarımçıq qalan ikinci tarixi faciəsini "Mirzə Uluğbəy"i tamamladı. Elə bu əsərin əsasında həmin il "Uluğbəyin ulduzları" ssenarisini də hazırladı və film çəkildi.

Professor Naim Kərimovun yazdığına görə, illərlə üzərində çalışdığı "Əbu Reyhan Biruni” əsəri isə izsiz-tozsuz itmişdi. Bu, onun sayca üçüncü pyesi idi. Sibir düşərgəsindən qayıtdıqdan sonra səhhətində daim nasazlıqlar ortaya çıxan M.Şeyxzadə, xəstəxanada yatarkən də bu əsər üzərində işləyir, tamamlamağa çalışırdı. Lakin əcəl macal vermədi. Elə xəstəxanada ürəyi dayanan dramaturqun həmin pyesi də oradaca yoxa çıxmışdı. Bu da talenin növbəti acı bir səhifəsi.

"Cəlaləddin Mənquberdi” beş pərdəli səkkiz şəkilli faciədir. Əsərdəki hadisələr XIII yüzilliyin birinci yarısında Türküstanda baş verir. Cəlaləddin Mənquberdi tarixi şəxsiyyət olmuşdur. Əslində, bu əsərində müəllif türk qəhrəmanlığını, türkün əyilməz qüdrətini qələmə almışdır. Müharibə illərində qəhrəmanlıq motivli yazıçı çağırışı - vətənə məhəbbət hisslərini özündə əks etdirən əsərlər vacib idi. Lakin imperiya qurucuları-qoruyucuları əsərdəki türkçülük məfhumunun, türk obrazının yüksək sənətkarlıq qələmi ilə təsvirinə döz­mədilər. Dramaturqa tutulan iradlar isə bəhanə idi.

Azərbaycan ədəbiyyatının görkəmli ədibi, xalq yazıçısı Mirzə İbrahimov "Sözün hikməti” adlı məqaləsində Şeyxzadənin dramaturji fəaliyyəti haqqında ətraflı söz açmışdır: "Söz ustadının ilk dramında vətənpərvərlik və insaniyyət yüksək bədii ifadəsini tapmışdır”. "Cəlaləddin Mənquberdi” pyesi (1941) məhz bu ruhdan yoğrularaq qələmə alınmışdır. Maqsud Şeyxzadə "Mirzə Uluğbəy” faciəsi üzərində 19 il çalışmışdır (1940- 1959). Dünya elminə özbək xalqının bəxş etdiyi Uluğbəy, dövrünün məşhur astronomu olmuşdur.

Məşhur fateh, hökmdar Əmir Teymurun nəvəsi olan Mirzə Uluğbəy XV əsrdə dünyanın ən böyük rəsədxanasını yaratmışdır. Mirzə Uluğbəy - zəkanın və qəhrəmanlıq eşqinin vəhdətini özündə cəmləşdirən tarixi şəxsiyyət, xalq yaddaşından, xalq qəlbindən çıxmayan nəhəng insan. Belə bir obrazı qələmə gətirmək - onun poeziya dünyasında misralarla heykəlini ucaltmaq üçün sənətkar qüdrəti lazımdır.

Əsər faciə janrında işlənmiş və müvəffəqiyyət qazanmışdır. Daha doğrusu, müəllifin sənətkarlıq qüdrəti qələbə qazanmışdır. Əsərin bu janrda işlənməsi qəhrəmanın həyatından irəli gəlmişdir. Əsər Özbəkistan Dövlət Dram Teatrında səhnəyə qoyulur və böyük məhəbbətlə qarşılanır. Professor P.Xəlilovun təhlilinə görə, qəhrəmanlıq dastanı olan bu xalq dramında - "Mirzə Uluğbəy”də "Vaqifi xatırladan bir ruh vardır. Müqayisə üçün bir-iki nümunə də kifayətdir: dustaq olmuş Vaqiflə oğlu Əlibəyin Qacarın əlinə keçməsi, Vaqifin Qacarla üz-üzə gəlməsi. Qana susamış fateh, gözəlləmələr yazan humanist bir şair, ağıllı, tədbirli bir vəzir, nəhayət, günahsız övladının ölümünə şahid olan bir ata”.

Teymur Məliklə Çingiz xanın monoloqu, Vaqiflə Qacarın monoloqu - eyni səhnəni xatırladır. M. Şeyxzadə yaradıcılığının tədqiqatçısı X. R. Ulutürk də eyni qənaətə gələrək qeyd etmişdir ki, bu iki mənzum pyes arasındakı uyğun, oxşar və səsləşən cəhətlər o qədər çoxdur ki, bunlardan bəzisini xatırlatmaq yerinə düşər! Poetik ruh birliyi; hər iki əsərin şeir ilə və başlıca olaraq heca vəzninin onbirlik bölgüsündə yazılması... Vaqif bütün Azərbaycan şairlərinin ümumiləşdirilmiş surəti olduğu kimi, Cəlaləddin də özbək qəhrəmanlarının ümumiləşdirilmiş obrazıdır.

Eyni kök olaraq türk folklorundan rişələndiyindən, əvvəldə də qeyd etdiyimiz kimi, üzü Dədə Qorquddan belə xalq-qəhrəmanlıq dastanlarında- kı obraz xarakterləri ədəbiyyatlarımızın doğmalığına daha bir faktdır.

Dünya fəlsəfəsini dərinliyi ilə dərk edən, sonsuz kainatın - yerin-göyün əzəmətini duyan Mirzə Uluğbəyi, müəllif, sanki dahi Nizami qəhrəmanlarının, filosoflarının idrakına bənzədib. Eyni zamanda qəlb dünyasının hakimi - şairlərə, şair sözünə yüksək dəyər verilməsi də elə bu konteksdəndir. Şah öz fikrinə həyan, kömək, güc-qüvvə üçün şair sözünə üz tutur.

Maqsud Şeyxzadə yaradıcılığını məhəbbətlə tədqiq edən Xəlil Rza yazır ki, özbək dramaturgiyasına M.Şeyxzadənin gətirdiyi ən böyük keyfiyyət şairanəlikdir! Burada şairanəlik daha çox müəllifin həyata baxışında, varlığın qavrama və əksetdirmə bacarığında, bədii obrazlar düzümündədir. Buna görə də, hər iki pyesdə hətta remarka və nəsr ilə yazılmış parçalar da şairanədir.

Özbək ədəbiyyatşünasları Seyfulla Mirzəyev və Səid Şirməhəmmədov M.Şeyxzadənin "Mirzə Uluğbəy” faciəsi üzərində işləyərkən dahi Şekspir yaradıcılığından faydalandığını yazmışlar: "Əsərdəki bütün obrazların monoloqları, mühakimələridərin fəlsəfi məna daşıyır. Tarixdə və müasir həyatda nurlu şəxsiyyətlərə pərəstiş edən Şeyxzadə, Teymurilər sülaləsindən Şahruhun oğlu Uluğbəyi özbək elmini dünya miqyasına çıxaran bir alim, ədəbiyyat və incəsənət hamisi kimi ümumiləşdirmişdir".

Əsərdəki tarixi hadisələr xarakterlər - obraz xarakterliyinin dili ilə açılır. Uluğbəy hakimiyyəti içindən çökür. Tarix boyu belə olub. Dünya cahangirləri saray içindən çöküb, məhv olub. Müəllifin ən böyük uğuru - tarixi hadisələri qələmə gətirərək möhkəm və müxtəlif xarakterli obrazlar yaradıb. Hətta obrazların dili, xarakteri o qədər güclü işlənib ki, şeiriyyət dili ilə yazılan misralarda qafiyələrin itməsi və ya heç olmaması diqqəti çəkmir, şeiriyyətin ruhuna xələl gəlmir. Şair, alim, tarixçi, şagird obrazları humanist, ağıllı, saf qəlbli, ülvi niyyətli və sadiq insanlardır.

Bunlar, əlbəttə, elmə-mərifətə müəllifin yüksək dəyəri, dünyanın, bəşərin, xeyirxahlığın açarıdır. Hikmət dolu Uluğbəy dövrü, Uluğbəy obrazı bəşəri dəyərlidir. Bu əsər həm də böyük Uluğbəy xatirəsinə əbədi, öz ömrü, elmi qədər dəyərli xatirədir.

Maqsud Şeyxzadənin elmi yaradıcılığı, xüsusən, nəvaişünaslıq elminin inkişafındakı böyük xidmətləri haqqında tədqiqatımızın əvvəlki bölmələrində yeri gəldikcə dönə-dönə qeyd etmişdik. Ancaq onun bir ədəbiyyatşünas kimi çoxşaxəli fəaliyyətinin Azərbaycan-özbək ədəbi - elmi əlaqələrinin inkişafına birbaşa təsir edən bir məqamın üzərindən sükutla keçmək mümkün deyil. Bu da ondan ibarətdir ki, Maqsud Şeyxzadə öz elmi məqalə və tədqiqatlarında həmişə özbək elmi-ədəbi mühitinə Azərbaycan ədəbiyyatşünaslığının təsirinə ayrıca diqqət yetirmiş, onun uğurlarının Özbəkistanda təbliğinə xüsusilə maraq göstərmişdir. Məsələn, özbək ədəbiyyatşünaslığında, xüsusən Lütfi, Nəvai, Babur, Məşrəb, Agahi kimi cığatay (özbək) klassiklərinin yaradıcılığı ilə bağlı tədqiqatlarda klassik Şərq poetikasına aid istilahların ön plana çəkilməsi, qəzəlin poetik xüsusiyyətlərinin təhlilində orta əsrlər Şərq ədəbiyyatşünaslığına məxsus bədii təsvir vasitələrinə (təşbeh, istiarə, mübaliğə, eyham, təzad və s.) üstünlük verilməsi özündən sonrakı tədqiqatçılara M.Şeyxzadənin təsiri, Maqsud Şeyxzadənin özünə isə görkəmli Azərbaycan ədəbiyyatşünası və nəzəriyyəçisi, professor Mir Cəlal Paşayevin təsiri kimi diqqəti cəlb edir. Belə ki, Şərqdə qədimdən xüsusi poetika elminin mövcudluğuna və klassik şeiriyyəti bu elmin prinsip və qaydaları ilə tədqiq etməyin vacibliyinə ilk dəfə Mir Cəlal Paşayev özünün məşhur "Füzuli sənətkarlığı" adlı monoqrafiyasında diqqəti yönəltmiş, Maqsud Şeyxzadə isə Nəvai haqqında məqalələrində, o cümlədən "Ustadın icadxanasında”, "Qəzəl mülkünün sultanı” adlı tədqiqatlarında Mir Cəlal Paşayevdən sitatlar, iqtibaslar gətirərək, bu yeni elmi - nəzəri yanaşma üsulunu özbək ədəbiyyatşünaslarının diqqətinə həvalə etmişdir. Sonralar Özbəkistanda "poetik sənətlərə" maraq birdən-birə güclənib, hətta Azərbaycandan fərqli olaraq, ilk farsdilli orta əsr mənbələri özbəkcəyə tərcümə olunub. Daşkənddə nəşr olunsa da, bu sahədə ciddi uğur qazanan özbək ədəbiyyatşünasları və nəvaişünasları (Ə.Həyitmətov, Ə.Qəyyumov, Y.İshaqov, B.Rəhmanov, Ə.Əbdülqafurov, S.Qəniyeva və başqaları) bu və ya digər şəkildə (birbaşa və ya dolayısı ilə) Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığından bəhrələnmələr.

İndiyə qədər tədqiqatçıların nəzərindən təəssüf ki, kənarda qalan bu və ya buna bənzər faktlar xalqlarımız arasında ədəbi əlaqə və ədəbi təsirin yeni, özünəməxsus bir təzahür formasını üzə çıxarmağa imkan verir. Bu faktlar eyni zamanda Mir Cəlal Paşayevin XX əsr Azərbaycan-özbək ədəbi əlaqələrinin təşəkkülü və inkişafındakı özünəməxsus yerini müəyyənləşdirir. Öz çoxşaxəli yaradıcılığı ilə bu ədəbi-mədəni, tarixi-mənəvi əlaqələrin möhtəşəm körpüsü olan Maqsud Şeyxzadə isə haqlı olaraq türk dünyasının birlik, qardaşlıq və dostluq rəmzlərindən biri kimi qiymətləndirilir.

Əsərlərinin çoxu tanınmış şairlərimizin məhəbbəti ilə doğma Azərbaycan dilinə çevrildi, tədqiqat obyekti oldu. Unudulmaz Xəlil Rzanın odlu qəlblə araşdırdığı "Maqsud Şeyxzadə yaradıcılığı” ədəbiyyatşünaslığımızın dəyərli bir səhifəsidir. O, görkəmli ədibin ədəbi irsinin ən dəyərli nümunələrini ana dilimizə tərcümə etmişdir. Özbək ədəbiyyatşünasları onu dönə-dönə tədqiq ediblər və edirlər. Özbəkistanın əbədiyyatşünas alimi İbrahim Qafurov qeyd edir ki, ədəbiyyatı sevdiyim ilk günlərdən başlayaraq M.Şeyxzadə yaradıcılığının vurğunu olmuşam. Bu münasibət sonralar alimin "Yoldaş şair” adlı kitabına çevrilmişdi. Sonra isə bu məhəbbət şairin yaradıcılığına həsr edilmiş namizədlik dissertasiyası mövzusunda öz əksini tapmışdır. İ.Qafurov yazır ki, onun haqqında yenə də danışmağa sözüm var, onu kiçik bir kitabda, adi namizədlik dissertasiyasında təhlil etmək, öyrənmək azdır. Çünki o özbək klassik ədəbiyyatının davamlı sütunlarından biridir.

M.Şeyxzadə təkcə şeir, poema, pyes və məqalələrində deyil, bütün yaradıcılığında iki xalqın adından cəsarətlə danışmışdır. O, özbək klassik ədəbiyyatını öyrənmiş, tədqiq etmiş, özbək ədəbiyyatı tarixini, ədəbiyyatşünaslıq nəzəriyyəsini təkmilləşdirmiş, onu yeni-yeni elmi axtarışlarla zənginləşdirmişdir.

Özbək klassik ədəbiyyatının banisi Nəvai irsini ilk tədqiq edənlərdən biri M.Şeyxzadə olmuşdur. Nəvaişünaslar alimi özlərinə ustad hesab etmişlər. Onun elmi əsərləri dərin təhlili, sanballı olması ilə fərqlənir. M.Şeyxzadənin altıcildlik "Seçilmiş əsərləri”nin bir kitabı Nəvaiyə həsr edilmişdir.

Maqsud Şeyxzadənin mənəvi dünyasının işıqları, zaman keçdikcə cəmi türk dünyası kəhkəşanında dolaşacaqdır.