525-ci qəzet.-2018.-9 yanvar.-¹3.

 

Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti - 100

 

Qarabağın General-Qubernatoru Xosrov bəy Sultanov

 

Nəsiman Yaqublu,

tarix elmləri doktoru

 

Xosrov bəy Sultanov (1879-1943) 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində (indiki Laçın rayonu) anadan olub.

O, Odessada (Novorossiysk) Universitetinin tibb fakultəsində təhsil alıb. Bir müddət "Müsavat", sonradan isə "İttihad" partiyasının üzvü olub.

1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının üzvü seçilib. Həmin ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza edənlərdən biri də X. Sultanov olub. Mayın 28-də Baş Nazir Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumət kabinəsində X. Sultanov Hərbi nazir vəzifəsinə təyin edilib. O, bundan əvvəl Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Parlamentinin üzvü idi. Azərbaycan hökumətinin formalaşdırdığı ikinci və üçüncü kabinələrdə o, Əmək naziri vəzifəsinin yerinə yetirib. Azərbaycanın ilk Hərbi naziri vəzifəsini qısa müddətə icra etdikdən sonra X. Sultanov F. Xoyskinin başçılığı altında formalaşan Azərbaycanın ikinci və üçüncü hökumətində Torpaq naziri təyin edilmişdir. Bu da sübut edir ki, Azərbaycan Cümhuriyyəti üçün ən problemli və ağrılı sahələrə başçılıq etmək X. Sultanova tapşırılıb. Çünki o dövrdə torpaq, xüsusən aqrar məsələnin həlli Cümhuriyyət hökumətinin qarşısında duran başlıca vəzifələrdən idi. Bəylərə, mülkədarlara məxsus torpaq sahələrindən istifadə olunmasına parlamentdə toxunulsa da, bu, sonraya saxlanılmışdı.

X. Sultanov 1919-cu ilin yanvarın 15-də Bakıdakı ingilis qoşunlarının komandanı general Tomson tərəfindən Qarabağın general-qubernatoru təyin edilib. Qeyd edək ki, Qarabağ general-qubernatorluğu 1919-cu ilin yanvarın 15-də Gəncə quberniyasından ayrılaraq təşkil edilmişdi. Həmin dövrdə, 1919-cu ildə keçirilən Novruz bayramında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən may ayının 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa düşməndən geri alınmışdı.

X. Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli Şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı.

Belə məlumatlarda var ki, X. Sultanov tələbəlik illərində bir rusla duelə çıxaraq sol gözündən zədə alsa da, atəş açaraq həmin gənci məğlub etmişdir. Bu fakt isə X. Sultanovun hələ gənclik illərindən qorxmaz, cəsarətli bir insan olduğunu sübut edir.

X. Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan  Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. 1936-cı ildə Türkiyəyə qayıtmış və Trabzonda, İstanbulda  yaşamışdır.

1942-ci ildə  X. Sultanov Berlində "Adlon" otelində keçirilən konfransda iştirak edib. 1942-1943-cü illərdə Berlindəki Azərbaycan Milli Komitəsinin üzvü olub.

Sonradan İstanbula köçmüş, orada 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun "Fəriköy" qəbirstanlığındadır.

Xosrov bəy Sultanovun fəaliyyətinin ən məsuliyyətli dövrü 1918-1920-ci illərə aiddir. 1918-ci ildə onun Zaqafqaziya Seymindəki fəaliyyətindən sonra daha məsuliyyətli bir dövr başlayır. X. Sultanov yaxın ideya və məslək dostları ilə birgə Azərbaycanın müstəqilliyi mücadiləsinin əsas şəxsiyyətlərindən birinə çevrilir. M. Ə. Rəsulzadənin hazırlayıb Batumdan göndərdiyi İstiqlal bəyannaməsini imzalayan iyirmi altı nəfərdən biri də X. Sultanov olur. X. Sultanov 1918-ci ilin mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının da üzvü seçilmişdi. Azərbaycan İstiqlalını Mayın 28-də rəsmi olaraq elan edən qurum X. Sultanovun da üzv seçildiyi Azərbaycan Milli Şurası idi.

Azərbaycan İstiqlalı elan edilən gündə  mayın 28-də Fətəli Xan Xoyskinin başçılığı altında ilk hökumət kabinəsi formalaşdı. Azərbaycanın ilk Hərbi naziri vəzifəsi X. Sultanova tapşırıldı.

1918-ci ilin iyununda Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsi ilə bağlı ilkin hazırlıq işlərinin aparılması üçün Nəsib bəy Yusifbəyli və Rüstəm bəy Şəfibəyli ilə birlikdə X. Sultanov da Gəncəyə gəlmiş, burada mühüm işlərə köməklik göstərmişdir.

1918-ci ilin iyunun 17-də Gəncə şəhərində Azərbaycan Milli Şurasının növbəti toplantısında F. Xoyskinin başçılığı altında ikinci Hökumət kabinəsi formalaşır və  X. Sultanova bu dəfə Azərbaycanın Əkinçilik naziri vəzifəsi tapşırılır. 1919-cu ilin yanvarın 15-dən X. Sultanov Qarabağın general-qubernatoru təyin edilir.

1919-cu ilin 29 yanvarında Azərbaycan hökumətinin keçirdiyi iclasda "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-nin məruzəsi dinlənildi və aşağıdakı qərarlar qəbul edildi:

1. Xosrov bəy Sultanov general-qubernator təyin edilsin;

2. Nazirliyin iyirmi milyonluq fondundan general-qubernatorluğun ehtiyacları üçün beş milyon manat ayrılsın..."

Arxivlərdə X. Sultanovun Qarabağda apardığı əməliyyatlarla bağlı əhəmiyyətli məlumatlar vardır. Bu məlumatlar X. Sultanovun böyük təhlükə və çətinliklər içərisində olsa da, öz vəzifəsini icra etdiyini göstərir.

X. Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.

1919-cu ilin 11 fevralında "Azərbaycan" qəzetində çap olunan yazı belə adlanırdı: "Müvəqqəti general-qubernator X. Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti (11 fevral 1919-cu il)".

Müraciətdə yazılırdı: "Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi - 4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.

Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır".

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.

Qeyd edək ki, ermənilər X. Sultanovun general-qubernator təyin edilməsinə etiraz edirdilər. General-qubernatorluğun yaradılması ilə bağlı Tomsonun Ermənistan hökumətinin üzvləri ilə İrəvanda 1919-cu ilin martın 28-də və aprelin 6-da keçirilən müşavirələrində ermənilər narazılıqlarını bildirirdilər. İkinci müşavirədə ermənilərin etirazına (xüsusən Xatisyan) cavab olaraq Tomson demişdi: "Sultanov ingilis zabiti Mak Mossenə tabe olacaqdır".

Qeyd edək ki, X. Sultanovun Qarabağın general-qubernator təyin edilməsi və ümumiyyətlə burada belə bir qurumun formalaşmasına Ermənistan hökuməti ciddi etiraz etmişdi. Ermənistanın o dövrdə xarici işlər naziri olan S. Tiqranyan 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə teleqram göndərərək, ərazi iddialarını irəli sürmüş və X. Sultanovun təyinatına etiraz etmişdi.

Ermənistan hökumətinin Azərbaycandakı diplomatik nümayəndəsi T. Bekzadyan isə Britaniya komandanlığının nümayəndələri ilə görüşdə, həmin bölgədə ingilis general-qubernatorluğunun yaradılması fikrini irəli sürmüşdü.

Həmin dövrdə Xarici İşlər naziri vəzifəsini icra edən A. Ziyadxan 1919-cu ilin yanvarın 31-də Ermənistan hökumətinə 178 saylı teleqram göndərib, Zəngəzur və digər bölgələrin Azərbaycanın tərkib hissəsi olduğunu əsaslandırmışdı.

X. Sultanovun Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında göndərdiyi 1348 saylı məlumat. Həmin məlumatda maldarların yaylaqlara təhlükəsiz gedə bilməsini təmin etmək üçün Gorus bölgəsini tutmağın zəruriliyi bildirilir. Həmin məlumatdan: "Cənab əlahəzrətə bildirirəm ki, maldarların yaylaqlara təhlükəsiz keçməsi sxeminin surətini Sizə göndərirəm və qeyd edirəm ki, onların Şuşa və Cavanşir bölgəsindən keçməsi faydasızdır. Bundan ötrü Gorusu tutmaq lazımdır. Bu əməliyyat üçün artilleriya və pulemyotla təchiz edilmiş iki min nəfərlik piyada və atlı lazımdır. General-qubernator Sultanov".

X. Sultanovun 1919-cu ilin iyunun 5-də Ağdamdan baş nazir N. Yusifbəyliyə göndərdiyi teleqramda Şuşada ermənilərlə baş verən toqquşma tədbirləri qeyd olunur. Həmin teleqramdan: "Dünən - 4 iyunda Şuşada ermənilərlə kiçik toqquşma baş verdi:  atışma oldu. Lakin bu gün sülh yolu ilə həll etmək mümkün oldu. Bu gün Azərbaycandan Erməni Milli Şurasının fəalları olan Avetisyan, Tumanyan, İşxanyan göndəriliblər. İki nəfər özləri tez gedib, iki nəfər isə bu günlərdə göndəriləcək. Sabah, iyunun 6-da erməni tərəfdəki kazarmalar alınacaq. General-qubernator Sultanov".

X. Sultanovun 1919-cu ilin 26 iyulunda S. Mehmandarova Şuşadan göndərdiyi 3743 saylı məlumatda Zəngəzura Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunur. Həmin məlumatdan: "Zəngəzurla Naxçıvanın əlaqəsi probleminin həll edilməsi ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi ilə mümkündür. Bu haqda mən Sizinlə şəxsən danışdım və Siz də razılaşdınız. Bu məsələni indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən arxada olarkən, qan tökmədən həll etmək olar. Bazarçay yaxınlığında olan Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa hazırdır. Və bundan ötrü onlar öz nümayəndələrini Xalq milisinin rəisi Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da öz-özlüyündə həll edilir.

Odur ki, cənab əlahəzrət, hərbi hissə dəstələrinin Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini almaq üçün Sizin sərəncam verməyinizi xahiş edirəm.

Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X. Sultanov".

X. Sultanovun 1919-cu il, dekabrın 14-də Daxili İşlər nazirinin göndərdiyi məktubda Zəngilanın əhalisinin ermənilərdən müdafiəsi üçün ora kömək göndərdiyi məlumatı verilib.

X. Sultanovun və T. Novruzovun N. Yusifbəyliyə ermənilərin Zəngəzurda bütün cəbhə istiqamətində hücuma hazırlaşdıqları ilə bağlı teleqramı 1920-ci ilin martın 23-də Şuşadan göndərilib. Teleqramda bildirilir: "Zəngəzur uyezdinin rəisindən indi aldığım məlumatın məzmununu çatdırıram: "Ermənilər bütün cəbhə boyunca ciddi kəşfiyyat aparırlar. Etibarlı məlumatlara görə, bütün cəbhə istiqamətində hücuma hazırlaşırlar. Onların başlıca məqsədi Qarabağla birləşməkdir. Partizan dəstəsinin komandiri təcili olaraq əlli min türk, iki yüz min rus, əlli min lebelev, on beş min ingilis, iki yüz min Berdanoclu patron göndərməyi xahiş edir. Göndərilən patronlar ancaq bir döyüşə kifayət edəcək. Xahiş edirik, general Şıxlinskinin vəd etdiyi dağ-batareya piyada alayının göndərilməsinə sərəncam verəsiniz. General-qubernator X. Sultanov; dəstə (otryad) rəisi general Novruzov".

X. Sultanovun 1920-ci ilin martında göndərdiyi teleqramda vəziyyətin getdikcə gərginləşdiyi görünür. Onun 1920-ci ilin 24 martında Ağdamdan M. Vəkilova Xankəndi və Şuşada gedən döyüşlər haqqındakı teleqramdan: "Martın 23-də ermənilər gecə yarısı bizim Xankəndində olan döyüş hissəmizə güclü hücum etdilər. Eyni zamanda, ermənilər Şuşaya da hücuma keçdilər. Hücumun qarşısı alınıb, ətraflarda atışma gedir. Şuşa Şuşukənddən bombalanır. Ağdam-Şuşa arasında olan teleqraf kəsilib. Ekstremistlərin uzaqlaşdırılması üçün bütün tədbirlər görülür. Qəzəblənmiş əhali vıxodit iz povinoveniya. Dəstə rəisi tərəfindən Hərbi-səhra məhkəməsi yaradılıb. Xahiş edirəm, təcili olaraq adamlarla, başlıcası patronla kömək edin. General-qubernator  X. Sultanov".

Xosrov bəy Sultanov Qarabağda hadisələrin təhlükəli inkişafı ilə bağlı partizan dəstələrinin yaradılması elanı haqqında Parlamentin sədri M. Y. Cəfərova belə bir teleqram vurmuşdu: "Ermənilər bu gün Xankəndinə hücum etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Mənim agentlərdən alıb dəfələrlə Sizə çatdırdığım məlumatlar teleqrafla da özünü doğruldur. Xankəndinə hücumun nəticələri haqqında hələ məlumatım olmadan yazıram. Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib. General-qubernator Sultanov".

1920-ci ilin martın 31-də X. Sultanovun və K. Əliverdiyevin M. Vəkilova Şuşada, Xankəndində, Əsgəranda ağır vəziyyət və təcili köməklə bağlı göndərdiyi teleqram: "Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əsgərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə, hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əsgəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əsgərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o, artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm.

Bundan əlavə, bizdə bütün patronlar qurtarıb. Partizanlar üçün patron yoxdur. Xankəndi anbarından 150 min üçxətli və 50 min mauzerin ayrılması ilə bağlı təcili sərəncam verməyinizi xahiş edirəm. General-qubernator Sultanov. Parlament üzvü Əliverdiyev".

X. Sultanovun Qarabağın General-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Təkinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: "Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının General-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb".

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Təkinskinin Yerevandan 1919-cu ilin 26 iyununda Azərbaycanın Xarici İşlər naziri M. Y. Cəfərova göndərdiyi 1874 saylı məlumatda qeyd olunur: "1919-cu ilin 25 iyununda mən Ermənistan Respublikasının Xarici İşlərinə 224 saylı nota təqdim etdim: "Hökumətimin tapşırığı ilə Sizə bildirirəm ki, Sultanov Azərbaycan Respublikasının 15 yanvar 1919-cu il qərarı ilə Azərbaycan Respublikasının mübahisəsiz və ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və aprelin 3-də rəsmi tanınıb. Odur ki, Sultanovun fəaliyyəti, yaxud Azərbaycan qoşunlarının qeyd etdiyimiz bölgələrdə yerləşməsinə erməni respublikasının hər formada etirazı Azərbaycan respublikasının daxili işlərinə qarışmaq kimi qəbul edilir. Qarabağın General-qubernatoru Sultanov enerjili tədbirləri ilə Şuşa rayonunda qayda yaratmış və həyat öz axarı ilə davam edir. Xahiş edirəm, mənim inamım və Sizə olan hörmətimi qəbul edəsiniz. Diplomatik nümayəndə Təkinski".

1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Bu işğaldan sonra X.Sultanovun həyatında ağır dövr başladı.

Bolşeviklərin Azərbaycanı işğalından az sonra 1920-ci ilin mayın 1-də X. Sultanov Qarabağ Hərbi İnqilabi Komitəsini yaradır və sədri olur. Komitə Şuşa şəhərində yerləşirdi. İnqilabi Komitənin tərkibi aşağıdakılardan ibarət idi: Bahadur Vəlibəyov (sədr müavini), Məmməd Həsən Mirzəcanov (katib), üzvlər: Ocaqqulu Musayev, Məmməd Əli Qayıbov, Fərhad Ağayev. Hətta İnqilab Komitəsinin qərarında qeyd edilirdi ki, bu dövrə qədər mövcud olan partizanlar bu gündən Qırmızı kəndli qvardiyası adlansın, qəza rəisləri və pristav vəzifələri ləğv edilərək qəza və sahə komissarları ilə əvəz olunsun.

Lakin bu qərardan 11 gün sonra, mayın 12-də 519 saylı həbs kağızı əsasında X. Sultanov azadlıqdan məhrum edilir. Onun XI Ordunun Hərbi Tribunalının rəisi Pankratovun göstərişi əsasında həbsi qeyd olunur. X. Sultanovun istintaqı ilə bağlı məlumatlardan aydın olur ki, o, həbs edilənə qədər ailəli olmayıb. Odessada Universitetin tibb fakultəsində oxuyub, inqilabi hadisələrin başlanmasına qədər Bibiheybət xəstəxanasında həkim işləyib. Həbs edildiyi sonuncu ildə Şuşada yaşayıb.

Bolşeviklər X. Sultanovu ağır cəzaya məhkum etməyə hazırlaşırdılar. Odur ki, 1920-ci ilin avqust ayının 9-da X. Sultanovun işi Ali Tribunalın məhkəməsinə verilir.

Bu mərhələdə X. Sultanova ciddi köməklik göstərilir və o, həbsdən azad olunur. Bu köməyin də ona N. Nərimanov və Ç. İldırım tərəfindən göstərilməsi ehtimalı vardır.

X. Sultanov həbsdən azad olduqdan dərhal sonra Azərbaycanı tərk edir. Bir məlumata görə isə X. Sultanov həbsxanadan çıxdıqdan, yaxud təşkil edilib çıxarıldıqdan sonra Qarabağa getmiş, 1920-ci ilin iyun ayında bu bölgədə sovet rejimi əleyhinə baş verən üsyana Nuru Paşa ilə birgə başçılıq etmişdir. Lakin Qızıl Ordu hissələri üsyanı yatırdıqdan sonra Xosrov bəy, Nuru Paşa və Fərhad bəy (o da "İttihad"ın rəhbərlərindən idi) İrana keçməyə məcbur oldular.

1920-ci illərdə, xüsusən Qarabağ bölgəsində "İttihad" partiyasının çoxlu tərəfdarları var idi. Bu da hər şeydən əvvəl Xosrov bəy Sultanovun təbliğatı nəticəsində mümkün olmuşdu. Sovet məmurları isə "İttihad"ı bəy-xan partiyası olaraq xalq arasında nüfuzdan salmağa çalışırdılar.

Belə faktlara da rast gəlinir ki, X. Sultanov İrana keçdikdən sonra Azərbaycanın Qarabağa yaxın olan sərhəd bölgələrinə ciddi təsirlər göstərmişdir. 1925-ci ilin sonunda o, Zəngilan rayonu ərazisində İranla sərhəddə yerləşən Mincivan bəylərinə Qarabağda Qızıl Ordu hissələrinin əsgərlərinin və zabitlərinin sayı, kommunistlərin, milislərin sayı, ərzaq və dövlət anbarları barədə məlumat toplamaq üçün göstəriş vermişdi.

Bundan sonra onun Türkiyədə, Almaniyada, Fransada, Polşada ağır mühacirət həyatı başlayır. Həmin ölkələrdən (xüsusən Türkiyədən) onun İrana keçməsi, burada sovet rejiminə qarşı mücadilə əzmində olan əqidə dostları ilə görüşməsi haqqında məlumatlar vardır.

X. Sultanovun fəaliyyətinin mühüm bir dövrünü də mühacirət illəri təşkil edir. Onun mühacirət həyatı müxtəlif ölkələrdə keçmişdir: İranda, Türkiyədə, Fransada, Almaniyada, Polşada. X. Sultanov ciddi siyasi mübarizə aparmışdır. Bəzi təsdiqlənmiş məlumatlara görə, o, Almaniyada Tibb universitetində professor vəzifəsində çalışmışdır.

X. Sultanov mühacirət həyatının ağır şərtləri daxilində yaşamağa məcbur olmuşdur. Bu ağır şərtlərə aşağıdakı məqamlar daxil idi: vətənsizlik, pulsuzluq, sovet casus şəbəkəsinin təqibləri, Sovet Azərbaycanında qalan qohum-əqrəbanın həbsi, incidilməsi və s.

Bu və digər səbəblərdən yaranan digər problemi də buraya əlavə etmək mümkündür: müxtəlif ölkələrdən və Azərbaycandan olan mühacirlər arasında ziddiyyətlər və çəkişmələr.

X. Sultanovun mühacirət həyatının Türkiyə dövrünə aid məlumatlara G. Mamiliya və R. Abutalıbovun 2014-cü ildə Bakıda nəşr etdikləri "Odlar yurdu Azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945-ci illər" kitabında rast gəlirik.

Məlum olur ki, 1924-cü ilin payızında İstanbulda X.Sultanovun rəhbərliyi altında Müsavat partiyasını tərk etmiş müəyyən sayda insanlardan bir qrup yaradılır. Mühacirlərin Mərkəzi orqanı olan İstiqlal Komitəsini tanımaq istəməyən bu qrup Azərbaycan Milli-Demokratik Respublika partiyasını yaratdıqlarını elan etmişlər. X. Sultanovun qardaşı İsgəndər bəy Sultanovun Azərbaycan-İran sərhəddində üsyançı dəstəyə başçılıq etməsi və tez-tez Qarabağa hücum edib işğalçı Sovet hökumətinə problemlər yaratması mühacir dairələrdə X.Sultanovun mövqeyini möhkəmləndirirdi.

Bunun nəticəsi idi ki, Polşanın Türkiyədəki rəsmisi Roman Knoll 1924-cü ilin oktyabrında ilk olaraq onunla görüşmüşdü. Bu görüşdə R.Knoll X. Sultanova birləşmək tərəfdarı olan Qafqaz təmsilçilərindən ibarət qrup yaratması təklif etmişdi. X. Sultanov bu təklifə uyğun olaraq Azərbaycan və Şimali Qafqaz nümayəndələrindən ibarət böyük birlik yaratmaq istəyirdi. Hətta bu danışıqlara Qafqaz İslam Ordusunun keçmiş komandanı Nuru Paşa da qoşulmuşdu. Lakin bu prosesə müdaxilə edən Polşanın Türkiyədəki Hərbi attaşesi polkovnik T. Şetsel gizli əməliyyatların keçirilməsi üçün çox sayda olmayan müvafiq adamlardan ibarət komitənin yaradılmasını vacib saymışdı. Bunun nəticəsində İstanbulda Qafqaz Konfederasiyaları Birliyinin Komitəsini yaratmaq qərara alınmışdı.

Həmin Komitədə Azərbaycanı Xosrov bəy Sultanov, Əbdüləli bəy Əmircanov və Əkbər ağa Şeyxülislamov təmsil edirdi. 1924-cü ilin avqustunda Polşa rəsmisi Knoll X. Sultanova fəaliyyət üçün üç min Türk lirəsi maliyyə də vermiş və o, bu vəsaiti aldıqdan sonra Trapezunddan İran Azərbaycanına daxil olmuşdu.