Üç nöqtə. - 2018.- 18 dekabr. - ¹ 222. - S. 9.

 

Hüquqi dövlətdə hakimiyyət qanuna əsaslanır

 

Prezident Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısıdır

 

Azərbaycan dövləti hüquqi dövlətdir.  Bu konstitusiyanın 7-ci maddəsinin 1-ci hissəsində öz əksini tapıb. Hüquqi dövlətdə hakimiyyət qanuna əsaslanır, qanunla məhdudlaşır və qanun vasitəsilə həyata keçirilir. Göründüyü kimi hüquqi dövlətin birinci əlaməti qanunun aiiliyindən ibarətdir. Bu o deməkdir ki, dövlət qanunlara əsaslanmalı və onun tələblərini rəhbər tutmalıdır. Qanunlar vətəndaşlar üçün məcburi olduğu qədər də dövlət üçün məcburidir.

Hakimiyyətin bölgüsü prinsipi hüquqi dövlətin ikinci əlaməti sayılır. Bu əlamət hüquqi dövlətin atributudur. Hakimiyyətin bölgüsü prinsipi hakimiyyətdən sui-istifadənin qarşısına sipər çəkir, vəzifəli şəxslərin özbaşınalığından vətəndaşları müdafiə edir, dövlət strukturlarının səmərəli fəaliyyət göstərmələri üçün şərait yaradır. Konstitusiyanın III hissəsinə görə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Bildirilir ki,  qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Bu maddənin IV hissəsində isə qeyd edilib ki,  qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Qanunvericilik hakimiyyəti qanunları qəbul edir, icra hakimiyyəti onların icrasını təşkil edir, məhkəmə hakimiyyəti isə qanunvericilik orqanı tərəfindən qəbul edilən qanunlar əsasında yaranmış mübahisəni həll edir. Professor S. Abdullayev bildirib ki, hakimiyyətin bölgüsü prinsipi hakimiyyətin bir əldə cəmləşməsinin qarşısını alır. “Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri bir-birlərinin işiərinə qarışmır. Onların hər biri öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə yetirir.

Konstitusiyanın 8-ci maddəsinə görə, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

Prezident ölkənin müdafiəsi və təhlükəsizliyi sahəsində geniş səlahiyyətlərə malikdir. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. O, Təhlükəsizlik Şurası yaradır. Prezident ölkə ərazisi işğal olunduqda və digər hallarda hərbi vəziyyət, təbil fəlakət, böyük ekoloji qəzalar və digər hallar baş verdikdə isə fövqəladə vəziyyət elan edir, habelə ümumi və qismən səfərbərlik edir. Dövlətin yüksək vəzifəli şəxslərini vəzifəyə təyin etmək prezidentin səlahiyyətinə aid olan məsələdir. Prezident Baş prokuroru (Milli Məclisin razılığı ilə), Silahlı Qüvvələrin ali komanda heyətini vəzifəyə təyin edir. Prezident məhkəmələr tərəfindən cinayətə görə məhkum olunmuş şəxsləri əfv etmək hüququna malikdir. Əfv amnistiyadan fərqli olaraq həmişə konkret şəxsə aid olur. Prezident siyasi rəhbərlik sahəsində geniş səlahiyyətlərə malikdir. O, dövlətin daxili və xarici siyasətinin ən mühüm məsələlərini həll edir. Prezident xarici dövlətlərlə danışıqlar aparır, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır və bu müqavilələri təsdiq olunmaq üçün parlamentə təqdim edir

Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi mübahisələrdə Konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir. Məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur.

 Dövlət hakimiyyətinin bir qolu olmaq etibarilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin bütün əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək olar: a) dövlət hakimiyyətinin universallığı, yəni qərarların hamıya şamil olunması; b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi; c) dövlət hakimiyyətinin cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması; ç) dövlət hakimiyyətinin suverenliyi. Bütün bunlarla yanaşı məhkəmə hakimiyyəti müəyyən spesifik əlamətlərlə digər hakimiyyət qollarından fərqlənir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə görə məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.  Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidi

Göründüyü kimi  Konstitusiya icraatı ədalət mühakiməsinin bir forması kimi qəbul edilir və Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir. Hüquq ədəbiyyatında ədalət mühakiməsinə verilən anlayış əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ədalət mühakiməsini həyata keçirməsini təsdiqləmək olar: 1. Ədalət mühakiməsi məhkəmələr tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası məhkəmə sisteminə daxil olan ali instansiyadır. 2. Ədalət mühakiməsi məhkəmə iclaslarında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də onun səlahiyyətinə aid edilmiş işlərə məhkəmə iclaslarında baxır. 3. Ədalət mühakiməsi Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında müəyyən edilmiş demokratik prinsiplər əsasında həyata keçirilir. 4. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş prosessual qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də Konstitusiya icraatını «Konstitusiya Məhkəməsi haqqında» qanunda müəyyən edilmiş prosessual qaydada həyata keçirir.

Bu qanunun 1-ci maddəsində bilditrilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra - «Konstitusiya Məhkəməsi») Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. 4-cü maddə ilə Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsas prinsipləri tənzimlənir. Bu maddəyə görə, Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.