Bakı Xəbər. - 2018.- 11 dekabr. - ¹ 214. - S. 10.

 

Bərgüşad çayı hövzəsinin tarixi günləri – erməni cinayətlərinin izləri...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

1918-1920-ci illərdə Azərbaycanın sərhədləri hüdudunda milli dövlətçiliymizə qarşı düşmən təhdidləri və təcavüzləri xalqımızın həm canlı, həm də milli-dini irsinin soyqırımı ilə müşayət olunmaqla bütün qəza və bolgələrini əhatə edib.

Birləşmiş düşmən qüvvələrinin əsas hədəfində Bakı quberniyasının qəzaları ilə yanaşı Naxçıvan, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının  da işğalı  “uzaqmənzilli”  həlledici məqsəd idi. Azərbaycanın qərb bölgələrinin Osmanlı Türkiyəsi ilə həmsərhəd coğrafi mövqeyinin süni halda aradan qaldırılması və yerli müsəlman-türk əhalisinin yurd-yuvalarının tarixi köklərinin, irsinin məhv edilməsi, işqal edilmiş ərazilərdə hayəsilli Cənubi Azərbaycan, Türkiyə və İraq vətəndaşlarının yerləşdirilməsi  həmin illərdə silahlı-qanlı daşnak siyasətinin məğzini təşkil etdiyindən, bu qəzalarda yaşanan faciəvi səhifələr də az olmayıb.

Bu dövrdə xalqımızın yaşantıları sırasında Qubadlı nahiyəsinin qərbində yerləşən yaşayış məntəqələrini bürüyən (yaşanan) qətliamların  (Novlu, Eyvazlı, Davudlu, Gürcülü, Məzrə, Sofulu, Qədili, Əliquluuşağı... kəndlərində)   unudulmaz səhifələri daha ağrılı olub.

1897-ci ilin ümumrusiya üzrə əhalinin siyahıyaalınmasına əsasən, 1918-ci ildə Novlu kəndində (Gorus şəhərindən 16 km, Qubadlı şəhərindən 27 km aralı yerləşir) 150 “tüstü”, Məzrədə 90-100, Gürcülüdə, Eyvazlıda (Bərgüşad çayının sol sahilidə), Davudluda, Sofuluda (Bərgüşad çayının sağ sahilində yerləşən bu kənd soyqırım faciəsindən sonra boşalmış və qurtulan bir neçə ailə Cəbrayıl qəzasında məskunlaşıb)  hərəsində  60 ev olub. Hay-daşnak quldurlarının əsas qərargahı  Gorus şəhərində yerləşdiyindən (bu nahiyədən 5-20 km aralı), əsas hücum istiqamətləri bu nahiyədə daşnak hayların yaşadığı  Kərəbinc (əhalisinin sayı 6 min nəfər),   Xot, Şner, Xınzirək və Şahverdilər (Eyvazlı kəndindən 1 km aralı, Gorus-Qafan yolu üstündə yerləşən bu kənddə 70-80 müsəlman-türk ailəsi yaşayıb, 1954-cü ildə  adı dəyişilərək  Varatan  qoyulub), Muğancıq  kəndlərindən edilib.

Qarabağ dağlıq yaylasının cənub qurtaracağında, Kəpəz dağı ətəklərində yerləşən Novlu kəndinin “Qarağac bulağı” və “İmamazadə bulağı” adlanan meşəliyində 150-dək qədim qoç formalı əski sənduqəli qəbir daşları var idi və müqəddəs ocaq kimi Gorus nahiyəsinin Ağbulaq kəndindən (başqa müsəlman-türk kəndlərindən Qurdqalağı, Şamsız, Şirnuxu... bu nahiyədə yerləşib) olan Seyid  Haşım ağa (1875-1960) tərəfindən qorunurdu.

“Çinarlı bulağı”nın ətrafı  yaşı 500 ilə çatan şərq çinarları ilə əhatələnmişdi... Məzrə kəndində minə qədər kaha-mağara, Gürcülü kəndində XV əsrə aid türbə-gümbəz, eləcə də Novlu kəndinin “İmamzadə ocağı” bölgənin qiymətli  maddi-tarixi nümunələri kimi 1918-ci ildə hay quldurları tərəfindən dağıdılaraq  məhv edilib. Novlu kəndinin tarixi yerlərindən biri də Göyqala dağının  “Aynaxlı dərəsi”ndə qaçaq Nəbi Alı oğlunun (1854-1896)  məskəni olmuş mağara yeri idi. O, bir ay bu kənddə qalıb, xəyanətkar hay dəstələri ilə vuruşub. Kəndin tarixi keçmişi 1750-ci ildə Dərələyəz mahalında hayəsilli dəstələr tərəfindən təcavüzə məruz qalaraq bu yerlərə köç edən 3 qardaş ailəsinin adı ilə bağlıdır. Onlar əvvəlcə kəndin indiki yerindən 10 km aralıda “Gölcük” deyilən (kolluq-qaratikanlıq ərazidə)  yerdə (Bəxtiyarlı və Teymur-Müskanlı kəndləri arasında, Səlk dağının ətəyində) bulaqdan novlu axınla sudan istifadə şəraitində 10-15 il binələnsələr də, ilanların çoxluğundan indiki yerə enərək burada daimi məskunlaşıb və adını da olduğu kimi saxlayıblar.

Novlu kəndində düşmənə qarşı döyüşənlər sırasında yerli müdafiə dəstələrinin üzvlərindən Təmrazlılar soyundan Alı, Hüseyn, Təmraz qardaşları, Qara İsmayıl Təmraz oğlu ( mahir atıcı idi), Təmraz Qara İsmayıl oğlu, Hüseynlilər tayfasından Murtuza Cəfər oğlu (1875-1965), Məcid Cəfər oğlu (1874-1964), Şiralı  Kərbəlayi İsa oğlu (1882-1972), Adil Kərbəlayi İsa oğlu (1890-1943), hümbətlilər dəkkəsindən  Göyüş Hümbətəliyev (1874-1953) ... fərqlənib. Bu kəndin döyüşçüsü  Bərxudar Şahbaz oğlunu (1883-1918) isə haylar Gorus nahiyəsinin Kərəvünc kəndi altında ağır işkəncələrlə qətlə yetirib. Novlu kəndinin ətrafındakı səngər yerləri keçən yüzilliyin 80-90-cı illərinədək qalırdı, döyüşlər kənddən 3 km aralıda “Ağqayanın altı”, “Məzrə suyu yeri”, “Qızıl qaya”, “Keç çuxuru”, “Xingiris düzü”, “Dağdağan yeri”, “Laçın qayası”, “Hacı yurdu”, “Çanaxçı yeri”, “Gümüş quyusu”...  deyilən yerlərdə olub, kənd qəbirstanlığında baş daşlarında güllə izləri hələ də bilinirdi. Kəndin “Daran yeri” adlanan hissəsinin qurtaracağındakı qəbirstanlığı quldurlar dağıtdığından sonralar qəbir yerləri qalırdı, yerləri bilinirdi. Kəndin imkanlı şəxsi və böyük təsərrüfat yiyəsi olan Albaba Allahverdi oğlu da (1853-1943,döyüşçü dəstələrinin təminatında səxavətini əsirgəməyib) əlində silah döyüş səngərlərində vuruşub. Camaatın qorunması üçün  kəndin içərisində  uzunluğu 20 m-ə çatan kahalar (Cavad bəy Qara İsmayıl oğlunun (1826-1906)  təbii sığınacaq yeri kimi  böyük əhəmiyyət daşıyıb. Amma düşmən də amansız və rəhimsiz idi...

 

Ümumilikdə, bu kənddən 35 iğid döyüşçü həmin illərdə şəhid olub.

 

Bununla belə, Osmanlı Türkiyəsinin Musa Kazım Qarabəkir paşanın (1882-1948) başçılığı ilə IV Qafqaz Ordusunun - I Qafqaz birləşməsinin  və yerli müdafiə dəstələrinin hücumu ilə hay quldurları layiqli cavablarını alıb. Hətta onlar  Gorus şəhərinin 4 km-dəki sıldırımlı “Dəlik daş” qayalıqlarınadək  geri oturdulub.

Davudlu kəndində məhv edilən təsərrüfat sahələri sırasında Tapdıq Xudayar oğlunun (1887-1972) su dəyirmanı da olub, lakin sonradan həmin dəyirman bərpa edilib və 1985-ci ilədək işləyib. Davudlu kəndinə hay-daşnak hücumunun 1905-1918-ci illərdə yaşatdığı  faciələr  barədə Balaxanım Xudayar qızı (1862-1966) danışaraq, həmçinin 1905-1907-ci illərdə qaniçən Q.Nijdenin silahlı dəstələrinin basqınından sonra sığınmaq üçün Cəbrayıl qəzasının Arazdöyən sahillərinə köç etdiklərini, əhalinin mal-mülkünün qarət edilib yağmalandığını (Xudayar bəyin mal-qarası sürülərək aparılıb), evlərin oda qalandığını bildirib. Davudlu kəndinin səngər yerləri  “Ağyazı” və “Qarayazı” düzləri olub ki, bu yerlər  əsasən əkin  sahələri idi (min hektara qədər). “Ağyazı” ilə haylar yuva salan Gorus şəhərinin Kərəvünc kəndi (100 evli)  arası 2 km idi. Quldur başçılar A.Ozanyanın və Q.Nijdenin dəstələri döyüş yerlərinin bu hissəsində əsir götürdükləri döyüşçülərin və dinc sakinlərin kürəyinə qaynar samovar bağlayaraq, gözlərini çıxararaq  amansızcasına ağır  işgəncələr veriblər.

Bu kəndə, həmçinin, Qafan nahiyəsinin İrsevənlik, Qılzıldaş, Çayzəmi... kəndlərinin silahlı dəstələri də basqın edib.

 

Osmanlı Türk Ordusunun əsgər və zabit heyəti Novlu və Davudlu kəndlərinin hər birində bir həftə qalıb.

 

Yuxarıda adı çəkilən Səlk dağının ətəyində salınan Teymur-Müskanlı kəndində 1918-ci ildə 60-70 ev var idi ki, bütünlüklə hay silahlıları tərfindən yandırılıb və dağıdılıb, tarixi maddi abidələrin izi tamamilə (qədim gümbəzlər, qəbir daşları, “Laləzar körpüsü”) yer üzündən silinib. Bu körpü kəndi Əliquluuşağı kəndi ilə birləşdirir. Düşmənin olmadığı açıq havada və açıq  gündə Səlk dağından baxanda doğuda Şuşa və Ağdam şəhərləri, batıda isə Üçtərə dağları (Qarakilsə nahiyəsində) aydın görünür. Həmin illərin isə qanlı aylarında Teymur-Müskanlı kəndinin 30-a qədər dinc sakini qətlə yetirilib.

Bərgüşad çayının sağ sahilindəki, “Qülləlik dağı”nın ətəyində uyuyan  Qədili kəndində 1918-1920-ci illərdə 20 ev olub.  Düşmən yuvası Gorusdan 7-8 km aralı olduğundan, ilk ağır zərbələri alan bu kəndin əhalisinin yarısı qətlə yetirilib, qədim “Mədrəsə yeri” adlanan qəbirstanlığı isə dağıdılaraq  məhv edilib.

 

Məzrə kəndində  e.ə. II-I əsrlərə aid olan qədim Alban məbədini haylar daşına kimi söküb aparmışdılar.

 

1918-1920-ci illərin ağır döyüşləri  və düşmən təcavüzü nəticəsində minlərlə günahsız sakinin soyqırımı ilə yanaşı, Qubadlı nahiyəsinin bu hissəsində bir sıra yaşayış məntəqələri  xəritədən  silinib və tarixi yer adları yox olub.  Bu sırada 40 evi olmuş Xallava kəndinin (Novludan günbatana 10 km aralıda), Qarqışlaq kəndinin (40 evi vardı), Məmmədli kəndinin (əhalisi bütünlüklə qonşu, 5-6 km aralıda  yerləşən  Bəxtiyarlı kəndinə köç etmişdir)...  yalnız əski yurd yerləri  o illərdən nişan verir.