Xalq qəzeti. - 2018.- 7 dekabr. - ¹ 276. - S. 2.

 

Müstəqilliyimizin böyük xilaskarı, qüdrətli Ali Baş Komandan

 

Mehman Süleymanov,

tarix üzrə elmlər doktoru,ehtiyatda olan polkovnik

 

(əvvəli qəzetimizin 6 dekabr 2018-ci il tarixli sayında)

Azərbaycan Prezidenti, Siahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin xalqa 2 noyabr 1993-cü il tarixli müraciəti müstəqil dövlətimizdə ordu quruculuğunun əsaslarını müəyyənləşdirmiş mükəmməl bir sənəddir. Bu tarixi çıxışında müdrik hərbi xadim, çevik taktikalı sərkərdə kimi ulu öndər dünya hərb quruculuğu tarixinin nəzəri-təcrübi əsaslarını həqiqi milli ordu yaradılmasının konseptual hədəfləri ilə müstəsna bir məharət və uzaqgörənliklə qovuşdurmuşdu. Burada söylənən mülahizələr dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin dərin zəkasına və zəngin təcrübəsinə əsaslanır, Azərbaycan reallıqlarını əks etdirirdi.

Strateji planda ordu quruculuğunun istiqamətlərini müəyyənləşdirəcək elə bir məsələ yox idi ki, bu müraciətdə öz əksini tapmamış olsun. Ordu və dövlət, ordu və maddi baza, ordu və mənəviyyat, ordu və xalq, ordu və milli kadrlar, ordu və nizam-intizam və s. kimi əsaslı məsələlər burada aydın və yığcam şəkildə nəzərdən keçirilmiş, zəruri vəzifələr irəli sürülmüşdü.

Müraciətin əvvəlində ölkədə yaranmış mürəkkəb vəziyyətin səbəbləri əhatəli şəkildə təhlil olunmuş, belə durumun hara aparıb çıxara biləcəyi açıqlığı ilə xalqa çatdırılmış və çıxış yolları göstərilmişdi. Heydər Əliyev Ali Baş Komandan kimi birmənalı şəkildə bəyan etmişdi ki, Azərbaycan Ordusu yenidən qurulmalıdır, bu ordu xalqın, dövlətin və müstəqilliyin müdafiəsində durmağa qadir olmalıdır. Böyük rəhbər belə bir ordunun yaradılması yollarını da göstərmiş, qarşıda dayanan vəzifələri dəqiq və konkret müəyyənləşdirmişdi. Ulu öndər bu müraciətlə xalqı, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün cəmiyyəti Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifə ətrafında birləşməyə çağırmış və böyük əks-səda doğurmuşdu.

Prezident Heydər Əliyev bu müraciətdən dərhal sonra respublika ictimaiyyətinin müxtəlif təbəqələri, müharibə veteranları, siyasi partiyaların nümayəndələri ilə görüşmüş, məsləhətləşmələr aparmışdı. Müraciətin nəticəsi olaraq yerlərdə qaldırılan vətənpərvərlik təşəbbüslərini Heydər Əliyev qətiyyətlə dəstəkləmiş, yeni ordu formalaşdırılması üçün təxirəsalınmaz təşkilati işlər görmüşdü.

Heydər Əliyevin müraciətində toxunulan nöqsanların aradan qaldırılması üçün çevik qərarlar qəbul edilmiş, orduya rəhbərliyi çətinləşdirən əhəmiyyətsiz idarəetmə strukturları buraxılmış, ayrı-ayrı şəxslərin nəzarətində olan azsaylı hissələr ləğv edilmiş, nizam- intizamı lazımi tələblərə cavab verməyən şəxslər ordudan uzaqlaşdırılmışdı. Tezliklə ordu quruculuğuna sağlam bir nəfəs gəlmiş, onun bünövrəsi möhkəmləndirilmişdi. Şəxsi heyətdə vətənpərvərlik və döyüş ruhu yüksəldilmiş, yeni hərbi hissələr formalaşdırılmış, ordu bölmələri rəhbərliyinə Vətənə sədaqətli zabitlər gətirilmişdi.

Bu müraciətdə, eləcə də Heydər Əliyevin sonrakı çıxış və görüşlərində hərbi səfərbərlik işinin yenidən qurulması, hərbi komissarlıq sistemində qanunsuzluqların aradan qaldırılması məsələləri kifayət qədər ciddi vəzifə kimi qarşıya qoyulmuşdu. Ulu öndər bu məsələlərlə bağlı həm dövlət strukturlarının, həm də ictimaiyyətin nümayəndələri ilə təkrar-təkrar görüşlər keçirmiş, orduya çağırış səfərbərlik işlərinə bir nizam, qayda-qanun gətirmiş, bu işə ümumxalq münasibəti yaratmışdı. Hərbi xidmət yerini tərk etmiş kontingentlə konkret işlər aparılmış, onların orduya qayıtmaları üçün qayğıkeş və tələbkar mühit yaradılmışdı.

Bu işlərlə paralel dövlət başçısı, Ali Baş Komandan Heydər Əliyev bir-birinin ardınca döyüş xəttində yerləşən hərbi hissələrə getmiş, cəbhə zonasında yerləşən rayonların ictimaiyyəti ilə görüşlər keçirmişdi. Silahlı Qüvvələrin yenidən formalaşdırılmaqda olan hissə və bölmələrinin vəziyyəti, cəbhə qayğıları, döyüş əhval-ruhiyyəsi yerində yoxlanılmış, görülməli olan işlərin icrası üçün konkret tapşırıqlar müəyyənləşdirilmişdi. Heydər Əliyev Azərbaycan torpaqlarının müdafiəsi üçün bütün dövlət orqanlarını hərbi-təşkilati işə səfərbər etmiş, onların əlbir və davamlı fəaliyyətinə nail olmuşdu. Ulu öndər bütün xalqı Vətənin müdafiəsinə səfərbər etmiş, arxa ilə cəbhə arasında əlaqələri gücləndirmişdi.

Bütün bunlar tezliklə öz nəticələrini göstərməyə başlamışdı. Silahlı qüvvələrimizin əvvəlcə Füzuli, sonra Ağdam--Tərtər istiqamətində apardığı uğurlu döyüşlər Azərbaycan Ordusunun simasının dəyişdiyini nümayiş etdirmiş və bu dəyişiklik düşmən qüvvələrini də təşvişə salmışdı. Heydər Əliyevin yenicə yaratdığı hərbi qüvvələr qarşısında böyük itkilər verən düşmən tərəf atəşin dayandırılmasına daha ciddi yanaşmış və bunun nəticəsi kimi 1994-cü ilin may ayında cəbhədə atəşkəs elan edilmişdi.

Atəşkəsin əldə edilməsi Azərbaycan Ordusunun formalaşmasının yeni bir dövrünün başlanğıcını qoydu. Döyüşlərin dayandırılması ordunun daha dinc şəkildə təşkilatlanması üçün münasib fürsət yaratdı. Ümummilli lider Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının dinc yoluna üstünlük verir və bütün fəaliyyəti boyu bu istiqamətdə xüsusi bir ardıcıllıq nümayiş etdirdi. Bununla belə, Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini və gücləndirilməsini dövlətin prioritetləri səviyyəsinə qaldırdı, bu sahəni daim diqqətdə ­saxladı.

Ümummilli lider Azərbaycan Ordusunu müstəqilliyin atributlarından biri kimi görürdü və bildirirdi ki, döyüşlərin gedib-getməməsindən asılı olmayaraq Silahlı Qüvvələr möhkəmləndirilməlidir. Heydər Əliyev ordunun möhkəmləndirilməsini müstəqilliyin möhkəmlən­dirilməsinin şərtlərindən biri kimi qəbul edirdi.

Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini sonralar çox böyük məmnunluqla qeyd edirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

Azərbaycan Ordusunun qısa müddət ərzində böyük inkişaf yolu keçməsinin və bölgənin ən güclü qüvvəsinə çevrilməsinin bir sıra səbəbləri var. Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, zəngin təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, müstəqil dövlətin hərbi siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi və onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyev, hər şeydən əvvəl, ordu quruculuğuna ali rəhbərliyi təmin etdi, bu prosesi dövlətin müstəsna səlahiyyətləri çərçivəsinə saldı. Böyük rəhbər ordunu siyasətdən kənarlaşdırdı, onun ölkə konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi. Orduya siyasi qüvvələrin nüfuz etməsinin qarşısı birdəfəlik alındı, onun formalaşması, təşkilatlanması və təchizatı qəbul edilmiş qanunlar əsasında həyata keçirildi. Heydər Əliyev orduya vahid komandanlığın praktiki əsaslarını yaratdı, idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi, ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvi şəkildə əlaqələndirdi.

Heydər Əliyevin gündəlik qayğısı ilə ordunun ehtiyacları vaxtlı-vaxtında aradan qaldırıldı və bununla bağlı dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Dövlət tərəfindən ölkənin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi, ordu quruculuğu qarşısında dayanan vəzifələr və onların icra yolları konkretləşdirildi, yetərli müdafiə qabiliyyətinin yaradılması üçün əməli addımlar atıldı.

Ulu öndər bildirirdi ki, güclü ordu üçün güclü iqtisadiyyat lazımdır. Bunun üçün də onun rəhbərliyi və təşkilatçılığı altında ölkə iqtisadiyyatının yenidən qurulmasına başlandı. Xalqımızın rifahının yaxşılaşmasına və ölkəmizin inkişafına xidmət edən neft strategiyası uğurla həyata keçirildi. Ölkəyə çox böyük miqdarda xarici investisiya cəlb edildi, köklü iqtisadi islahatlara start verildi. Heydər Əliyevin müstəsna fəaliyyəti ilə ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik iqtisadi inkişaf üçün əlverişli zəmin yaratdı. İqtisadiyyatın güclənməsi ilə ordunun maddi-texniki vəziyyəti yaxşılaşdı. Bu isə onun döyüş qabiliyyətini gücləndirdi, müdafiə imkanlarını daha da artırdı.

“Ordunun hörmətini qaldırmaq lazımdır. Hərbi peşə Azərbaycanda ən hörmətli peşələrdən biri olmalıdır. Hər bir vətəndaş Azərbaycan əsgərinə, zabitinə hörmət, ehtiram və qayğı göstərməlidir. Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir” – deyən Heydər Əliyev ordu quruculuğunda mənəvi əhval-ruhiyyənin və hərbi-vətənpərvərlik tərbiyəsinin qaldırılmasının xüsusi əhəmiyyətini qeyd edirdi. Heydər Əliyevin şəxsi nümunəsi bütün hərbi qulluqçularda Azərbaycan dövlətçiliyinə xidmətin sağlam hisslərini formalaşdırdı.

Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda hərbi təhsilin mükəmməl sistemi yaradıldı. Bu isə imkan verdi ki, Azərbaycan Ordusu üçün zəruri olan zabit kadrları respublika daxilində hazırlansın. Ordu quruculuğunda ardıcıllıq, elm və təcrübənin əlaqələndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi və s. məsələlər də Heydər Əliyevin rəhbərliyi altında aparılan ordu quruculuğunun uğurlarının şərtlərindən hesab oluna bilər.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı müəyyənləşdirdiyi tarixi vəzifələri, bütünlükdə, ulu öndərin mükəmməl hərbi təlimini onun siyasi irsinin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 15 ildə uğurla həyata keçirməkdədir.

Dövlət başçısı İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə sədaqət və yaradıcı münasibət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutmasını təmin etmişdir. Xalqımız inanır ki, Silahlı Qüvvələrimiz itirilmiş torpaqlarımızı geri qaytarmağa, ərazilərimizin bütövlüyünü təmin etməyə qadirdir.