Kaspi.-2018.-29 noyabr.-204.-S.15.

 

Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəsi - Məmməd xan Təkinski

 

O, milli mənafeli fəal diplomatik mövqeyinə görə, daşnakların təzyiqinə məruz qalıb

 

Rafiq Səfərov,

Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi

 

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi və tanınmış diplomatlarından biri də Məmməd Xan Təkinskidir. Tariximizin hər bir səhifəsinə dərin hörmət və ehtiramla yanaşaraq, arxiv sənəd və materialları, həmçinin həmin dövrün mətbuatı və digər mənbələr əsasında Məmməd xan Təkinski haqqında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.

Məmməd Xan Təkinski Cümhuriyyət dövründə müxtəlif vəzifələrdə Azərbaycan dövlətinə və xalqına layiqincə xidmət etmiş şəxslərdəndir. Təkinski Zaqafqaziyada azğın erməni-daşnak qüvvələrinin dinc müsəlman əhalisinə qarşı törətdikləri zorakılıq və vəhşiliklərin tədqiq edilməsi üçün Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyasının (iyul-dekabr) üzvü olmuşdur. Məmməd xan Təkinski 1919-cu il yanvarın sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistanda diplomatik nümayəndəsi təyin edilmiş, Naxçıvan mahalında erməni idarəçiliyinə son qoyulması məsələsinin zəruriliyini dəfələrlə Ermənistandakı beynəlxalq missiyaların qarşısında qaldırmış və Cümhuriyyət hökumətinin bu işə fəal müdaxilə etməsinə çalışmışdır. M.X. Təkinskinin milli mənafelərin müdafiəsinə yönəlmiş fəal diplomatik mövqeyindən narazı qalan Ermənistanın daşnak hökuməti, onun geri çağırılmasına nail olmuşdur. M.X. Təkinski geri çağırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 11 oktyabr 1919-cu il tarixli qərarı ilə 1919-cu il oktyabrın 1-dən etibarən xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilmiş və Azərbaycan sovetləşdirilənədək bu vəzifəni icra etmişdir. Lakin təəssüflər olsun ki, M.X. Təkinskinin Cümhuriyyət dövründəki fəaliyyəti bu günə qədər kifayət qədər tədqiq edilməmişdir.

1918-1920-ci illərdə azğınlaşmış erməni-daşnak qüvvələrinin İrəvan quberniyasının türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklərin qarşısının alınmasında, eləcə də qaçqınların problemlərinin həllində Məmməd Xan Təkinskinin xidmətləri danılmazdır. Məlum səbəblər ucbatından əvvəlki dövrlərdə nəşr olunmuş kütləvi ensiklopedik nəşrlərdə, həmçinin digər kütləvi nəşrlərdə Məmməd Xan Təkinski haqqında hər hansı bir məlumat dərc edilməmişdir. Hazırkı dövrdə cəmiyyətimizdə Məmməd Xan Təkinski haqqında məlumat çox azdır. M.X. Təkinskinin Cümhuriyyət dövründə fəaliyyəti haqqında qısa və natamam məlumat yalnız 2005-ci ildə nəşr olunmuş Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının II cildində dərc edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, M.X. Təkinskinin diplomatik və xarici işlər nazirinin müavini və müvəqqəti olaraq xarici işlər naziri vəzifəsinin icrası üzrə fəaliyyəti Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən işlənib hazırlanmış Azerbaydjanskaə Demokratiçeskaə Respublika(1918-1920). Vneşnəə politika. -1998; (1918-1920). . -1998 (1918-1920). . Baku -1998 adlı sənədlər məcmuələrində əks etdirilmişdir. Bu məqaləni hazırlayarkən həmin məcmuələrdə əks edilmiş arxiv sənədlərindən və digər mənbələrdən istifadə edilmişdir. Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Arxivlərində Məmməd Xan Təkinskinin şəxsi işi və yaxud onun formulyar siyahısı saxlanmadığı üçün onu aşkar etmək mümkün olmamışdır. Tədqiqatçı-alim Ataxan Paşayev Məmməd xan Təkinski kimdir? adlı məqaləsində qeyd edir...Bu günlərdə Ukraynanın Odessa şəhərində xidməti ezamiyyətdə olarkən Odessa vilayətinin dövlət arxivində də olduq. Oradan digər sənədlərlə yanaşı, vaxtilə Novorossiysk Universitetində təhsil almış azərbaycanlı tələbələrin də şəxsi işlərini aşkar edərək surətlərini gətirdik. Həmin işlər arasında Novorossiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olmuş Məmməd Xan Təkinskinin də şəxsi işi var. Bunun, Məmməd Xan Təkinskiyə aid ilk şəxsi iş olduğunu qeyd edə bilərik. Lakin təəssüflər olsun ki, onun bir surəti Dövlət Arxivlərinə ötürülmədiyindən, ondan istifadə etmək mümkün olmamışdır. Tədqiqatçı-alim A. Paşayev Məmməd Xan Təkinski kimdir? adlı məqaləsini hazırlayarkən M.X. Təkinskiyə aid bir sıra bioqrafik məlumatları məhz onun şəxsi işindən əldə etmişdir. Xatırladırıq ki, 1918-1920-ci illərdə Cümhuriyyətin hökumət kabinələrində vaxtı ilə Avropa və Rusiyanın ən yaxşı universitetlərində və texniki ali məktəblərində yüksək təhsil almış nazirlər təmsil olunmuşdular. Həmin tarixi şəxsiyyətlərin şəxsi işlərini, həmçinin Azərbaycan tarixinə aid digər qiymətli sənədləri aşkar edərək surətlərini Respublikamızın Dövlət Arxivlərinə ötürülməsinə nail olmaq lazımdır. Əgər buna nail olsaq, tariximizin, o cümlədən Cümhuriyyət tarixinin tədqiqat bazasının zənginləşdirilməsi istiqamətində mühüm addım atmış olarıq. M.X. Təkinskinin şəxsi işində olan məlumatlara əsasən, o, 1879-cu ildə Orta Asiyada Axal-Təki vadisində ruslarla türkmənlər arasında baş vermiş Göytəpə müharibəsi dövründə dünyaya gəlmişdir. M.X. Təkinski valideynlərini həmin müharibə zamanı 1879- 1881-ci illərdə itirmişdi. İki yaşında olarkən onu rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürmüş və Məmməd Xan Təkinski adını vermişdir. M.X. Təkinski 1901-ci ildə Tiflis 1-ci kişi gimnaziyasını bitirərək, həmin ilin avqustunda Novorossiysk imperator Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. 1901-1902-ci tədris ilinin I və II semestrində təhsil haqqı ödənilmədiyi üçün o, 1902-ci ilin martında universitetdən xaric edilmişdir. 1903-cü ildə təhsil haqqının ödəniləcəyinə söz verdikdən sonra M.X. Təkinski universitetin idarə heyətinin 9 sentyabr 1903-cü il tarixli qərarı ilə hüquq fakültəsinin 1-ci kursuna qəbul edilmişdir. Bir sıra problemlər ucbatından onun buradakı təhsil müddəti 1908-ci ilə qədər uzanmış və nəhayət, 1908-ci ilin iyulunda universitetin hüquq fakültəsinin məzunu olmuşdur. Lakin təəssüflər olsun ki, Novorossiysk İmperator Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Məmməd Xan Təkinskinin 1918-ci ilə qədər olan müddətdə harada işlədiyi haqqında əsaslı bir məlumat yoxdur. Belə güman edilir ki, M.X. Təkinski hüquqşünas kimi Zaqafqaziyada məhkəmə orqanlarında fəaliyyət göstərmişdir. Beləliklə, zaman ötdükcə Məhəmməd Xan Təkinski gələcəyin görkəmli dövlət xadimi kimi yetişirdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətbu orqanı olan Azərbaycan qəzetinin 31 yanvar 1919-cu il tarixli 22 -li buraxılışında M.X. Təkinskinin Azərbaycan Respublikasının, Ararat Respublikası nəzdində diplomatik nümayəndəsi təyin olunduğu haqqında məlumat dərc edilmişdir. Azərbaycan Respublikasının diplomatik missiyalarının rəhbərlərinin təyin edilməsi haqqında Xarici İşlər Nazirliyinin 15 aprel 1919-cu il tarixli 2 -li əmrində, həmçinin qeyd edilirdi ki, M.X. Təkinski 29 yanvar 1919-cu il tarixdən etibarən Ermənistan Respublikasının hökuməti nəzdində Azərbaycan Respublikasının diplomatik nümayəndəsi təyin edilir. Diplomatik nümayəndə təyin olunana qədər isə M.X. Təkinski xarici işlər naziri vəzifəsini icra etmişdir. M.X. Təkinski xarici işlər naziri vəzifəsini icra edərkən, 1918-ci il dekabrın 9-da Azərbaycanın Gürcüstandakı nümayəndəsi M. Cəfərova diplomatik məlumat göndərərək ondan xahiş edirdi ki, Qazax qəzasının Qaraqoyunlu kəndinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistanın Gürcüstandakı nümayəndəliyinə bildirsin.

1919-cu il 27 mart tarixli 64 -li Azərbaycan qəzetində Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X. Təkinskinin martın 24-də Ermənistanın xarici işlər nazirinə nota təqdim etdiyi haqqında məlumat dərc edilmişdir. Həmin notada qeyd edilirdi: Türklər İrəvan quberniyasını tərk etdikdən bir neçə gün sonra erməni zabitlərinin komandanlığı altında erməni silahlı dəstələri Naxçıvan istiqamətində hücuma keçərək Səib, Kataklı, Şalavb, Xaraba Kataklı kəndlərini tar-mar etmiş, dinc müsəlman əhalisini - qocaları, qadın və uşaqları, həmçinin bu kəndlərdə olan qaçqın müsəlmanları doğramışlar. Lakin Şərurda müqavimətlə qarşılaşan silahlı erməni dəstələri Tarovluya geriyə çəkilmişlər. Eyni vaxtda digər erməni dəstəsi Cırmanısdən Qaraxaç, Şaqanlı, Kadılı, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnaz, Şişi Dağ kəndlərinə doğru irəliləyərək, bir neçə yüz qadın və qızları əsir götürüblər. Onlar bu günə qədər də erməni əsgərlərinin əlindədir, Müsəlman nümayəndələri erməni əsgərlərinin bütün bu iyrənc hərəkətləri haqqında məlumatı vaxtında Ermənistan respublikası hökumətinin diqqətinə çatdırmışdır. Mənim hökumətimin tapşırığı ilə Ermənistan hökumətinə təklif edirəm ki, aparılmış müsəlman qadın və qızlar dərhal azad edilsin və yuxarıda adları çəkilən kəndlərin müsəlmanlarına vurulmuş ziyanın miqyasını aydınlaşdırmaq üçün ingilis, müsəlman və ermənilərdən ibarət birgə komissiya yaradılsın. Bununla yanaşı, ümid etmək istəyirəm ki, Ermənistan hökuməti həqiqətən də Azərbaycan Respublikası ilə dostluq əlaqəsi saxlamaq istəyirsə, tezliklə mənim hökumətimin haqlı tələbinə kömək edəcəkdir. Sizin hökumətin qərarı haqqında mənə məlumat verməyinizi xahiş edirəm.

1919-cu il aprelin 2-də Azərbaycan Respublikasının Ermənistandakı nümayəndəsi M.X. Təkinski teleqrafla xarici işlər naziri M.Y. Cəfərova məlumat göndərərək bildirmişdi ki, martın 18-də Eçmiadzinə gedərək katalikosla görüşmüş və katalikos Ermənistanla müsəlmanların dostluğunun vacibliyini buyurmuş və söz vermişdi ki, erməni xalqına müraciət edəcəkdir ki, müsəlmanlarla dostcasına yaşasınlar: Katalikos məni nahara saxladı və yola düşənə qədər məni tək buraxmadı. Mazut olmadığına görə, Eçmiadzin kilsəsi və katalikosun evi elektrik işığı ilə işıqlandırılmır, ona görə, mən katalikosa enerji üçün mazut söz verdim, xahiş edirəm katalikosa ötürmək üçün mənə çəlləklərdə mazut göndərəsiniz. Qaçqınların vəziyyəti ağırdır və onlara dərhal geniş yardım göstərmək lazımdır. Yalnız 200 pud mazut göndərin ki, hökumət mazutdan istifadə edə bilməsin. Mənim mazut çatdıracağım haqqında vədim katalikosa böyük təsir bağışladı... Gəlir mənbəyi olmadığı üçün Ermənistan müstəqil yaşaya bilməz. Hindli əsgərlər Naxçıvana yola düşdülər. Lazım bilirsinizsə, Qars hökuməti ilə əlaqə yaradım. 14 nəfər yuxarı sinif gimnaziya şagirdləri təhsilini davam etdirmək üçün gələcəklər. Nazirlər Şurasının sədri F.X. Xoyski tərəfindən aprelin 2-də həmin məlumata dair yazılmış dərkənarda qeyd edilirdi : Bir sistern neft buraxılsın, əlaqə yaradılsın, gimnazistlər qəbul edilsin.

Azərbaycan Respublikası Xarici işlər Nazirinin müavini A.x. Ziyadxanovun ermənilərin müsəlman əhalisi üzərində zorakılıqlar üzrə materialların toplanması haqqında 4 iyun 1919-cu il tarixdə M.X. Təkinskiyə göndərdiyi direktivdə qeyd edilirdi: Ermənilərin İrəvan quberniyasında, Qarabağda, Araz Respublikasında müsəlman əhalisi üzərində zorakılığını müzakirə etmək üçün ittifaq ölkələrinin də nümayəndələrini cəlb etməklə, fövqəladə parlament komissiyasının yaradılması nəzərdə tutulmuşdur. Parlament, komissiyanın işini təmin etmək üçün 10 milyon rubl vəsaiti ayıracaqdır. Bütün materiallar lazımdır, mümkün qədər tezliklə. İrəvan Milli şurasını da işə cəlb edərək bütün materialları hazırlayın.

Quldur erməni-daşnak silahlı dəstələrinin dinc müsəlman əhalisinə qarşı törətdikləri cinayətləri əks etdirən materialların toplanması üzrə işlər davam etdirilirdi. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X. Təkinskinin erməni qoşunlarının Naxçıvana hücumu ilə bağlı Ermənistan hökumətinə 1919-cu il mayın 3-də təqdim etdiyi notada qeyd edilirdi: Mənim hökumətimin tapşırığı ilə mən Ermənistan Respublikasının qoşunlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan rayonuna yeridilməsinə qarşı qəti etiraz edirəm. Mən ümid etmək istəyirəm ki, Ermənistan hökuməti iki qonşu respublikaların sərhədləri haqqında məsələni eyni vaxtda silah gücü və Qafqaz konfransındakı öz nümayəndələri vasitəsilə həll edə bilməyəcəkdir. Qafqaz konfransının məqsədi mübahisəli ərazi məsələlərini sülh yolu ilə həll etməkdir. Xüsusən də Ermənistan hökuməti özünün 4 aprel 1919-cu il tarixli 1075 -li notasında qeyd etmişdir ki, ərazi məsələlərinin həlli Qafqaz Konfransının həll etməli olduğu bütün məsələlərin ilkin şərti olmalıdır. Xahiş edirəm bu məsələ ilə bağlı hökumətinizin qərarını mənə bildirəsiniz.

 

(Ardı var)