İki sahil. - 2018.- 28 noyabr. - ¹ 225. - S. 13.

 

Türk birliyi: Bölgədə sülh və sabitliyin qorunmasında başlıca amil

 

Xuraman İsmayılqızı

 

Türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən zirvə görüşlərində dəfələrlə vurğulanmışdır ki, bir çox amillərlə sıx bağlı olan İslam ölkələrini birləşdirən birlik və həmrəylik beynəlxalq siyasətdə də möhkəmlənir, iqtisadi, mədəni əməkdaşlığın genişlənməsi imkanlarını artırır.

Təkcə türk dünyasında deyil, beynəlxalq aləmdə baş verən proseslərə təsir imkanları artan bu əlaqələri birgə yaşayış qaydalarına hörmət və sədaqətin inamı kimi dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi müştərək tarixi, milli-mədəni kökləri eyni olan türkdilli xalqların mövqeyinin, birliyinin regional əməkdaşlıqdan da artıq səviyyədə, dünya birliyində vacib amilə çevrilməsi aramızda olan iqtisadi , siyasi əlaqələrin inkişafının göstəricisidir. 2009-cu ildə İslam Mədəniyətinin Paytaxtı elan olunan Bakıdan sonra 2018-ci ildə Naxçıvan şəhərinin bu ada layiq görülməsi müsəlman aləminin ölkəmizə olan hörmətinin təzahürüdür. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi

İslam dəyərlərini dünyaya çatdırmaq baxımından önəmli tarixi hadisə oldu. Göründüyü kimi, multikultural, tolerant məkan kimi tanınan Azərbaycanın sabitlik, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş səyləri İslam aləmində, Avropada yüksək qiymətləndirilir, gözəl nəticələr verir.

Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirak edən Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan dövlət və hökumət rəhbərlərinin ümumi rəyi bu olmuşdur ki, mənəvi dəyərlərə arxalanaraq və keçmişin zəngin ənənələrindən bəhrələnərək daha da təkmilləşən türk birliyinin bölgədə stabilliyin qorunması üçün başlıca amilə çevrilməsində Türkiyə- Azərbaycan əlaqələrinin daha önəmli rolu vardır. Türkdilli ölkələr arasında əməkdaşlığın belə intensiv xarakter alması, siyasi iqtisadi əlaqələrin genişlənməsi, bu dövlətlərin beynəlxalq təşkilatlardakı fəaliyyətini istiqamətləndirir, hədəfləri yaxınlaşdırır. Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan tranzit ölkə, enerji təhlükəsizliyinin təminatçısı kimi dünyada və Avropada mövqelərini möhkəmləndirirlər.

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V toplatısında “Xəzər dənizinin hüquqi statusu haqqında Konsensiya”nın, ticari, iqtisadi, nəqliyyat, sərhəd xidməti ilə bağlı protokolların imzalanması türk birliyinin sarsılmazlığını göstərdi. İllərdən bəri müzakirə olunan məsələ ilə bağlı qəbul olunan tarixi sənəddə, Konvensiyada Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Xəzəryanı beş ölkənin uzun danışıqlardan sonra razılığa gəlməsi bu bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi baxımından Konvensiya çox ciddi hüquqi sənəddir.

“Xəzər beşliyi” ölkələrinin iştirakı ilə keçirilən Zirvə toplantısında qeyd olundu ki, ilk növbədə Azərbaycanın iradəsi, mehriban qonşuluq siyasətinə sədaqəti və xoş məramı illərdən bəri mübahisə mövzusu olan problemin həlli qarşılıqlı razılıq əsasında reallaşdı. O, da vurğulandı ki, sənəd Xəzərin təhlükəsizlik və sabitlik dənizinə çevrilməsi üçün hüquqi baza yaratmaqla bədnam qüvvələrin istəyinin əksinə olaraq, bu bölgədə mehriban qonşuluq, faydalı əməkdaşlıq üçün etibarlı zəmin yaratdı.

Cari ilin avqust ayında Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri zamanı keçirilən maraqlı görüşlər, imzalanan sənədlər dövlətlərarası qarşılıqlı etimad, hörmət nümunəsi olmaqla göstərdi ki, Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin əsas hədəfi dövlətlərarası münasiətləri şaxələndirilmə prinsipinə uyğun genişləndirməkdir. “Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır” söyləyən dövlət başçımız İlham Əliyevin xarici siyasətlə bağlı səyləri göstərir ki, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının üzvü kimi ölkəmiz islami və bəşəri dəyərlərə eyni dərəcədə hörmətlə yanaşır. “Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar” söyləyən cənab İlham Əliyevin Qırğızıstan səfəri də yaddaqalan olub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ölkədə keçirilən Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, xüsusilə indiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməli, ölkələrarası ticarət dövriyyəsini, qarşılıqlı investisiya layihələrinin işlənməsi mexanizmlərini tərəflərin maraqları əsasında həll etməliyik.

Göründüyü kimi Azərbaycan bütün türkdilli dövlətlərlə siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələr üzrə sıx əlaqə saxlayır və bu əməkdaşlıq səmərəli nəticələr verir. “Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir” söyləyən Prezident İlham Əliyevin Türkmənistana səfəri də türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Cənab İlham Əliyevin Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovla tətbətək və geniş tərkibli görüşlərdə hər iki dövləti birləşdirən ümümi maraqlar, enerji, iqtisadi, siyasi əməkdaşlığın perspektivləri barədə müzakirə aparıldı. Azərbaycan-Türkmənistan birliyini möhkəmləndirən Bəyanatın, sənədlərin imzalanması ilə hər iki dövlətin iqtisadi inkişafının yeni mərhələsinin hədəfləri müəyyənləşdirildi. Dövlət başçılarının birgə keçirdikləri mətbuat konfransında qeyd olunduğu kimi əsrlərlə davam edən Azərbaycan-Türkmənistan dostluğu türk birliyinə önəmli töhfələr vermiş və bu missiya bundan sonra da uğurla davam edəcəkdir.