Xalq qəzeti. - 2018.- 25 noyabr. - ¹ 266. - S. 1.

 

Qarşılıqlı etimadın uğurlu nəticəsi

 

Vaqif Bayramov

 

Azərbaycanın beynəlxalq əlaqələrinin getdikcə genişləndirilməsi, digər dövlətlərlə qarşılıqlı ­faydalı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin ­xarici siyasətində prioritet istiqamətdir. Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi və işgüzar səfərləri, əcnəbi dövlət və hökumət başçılarını, habelə digər yüksək səviyyəli rəsmi nümayəndə heyətlərini respublikamızda qəbul etməsi də sözügedən məqsədə xidmət edir. Hazırda dünya dövlətlərinin əksəriyyəti tərəfindən Azərbaycanın Cənubi Qafqaz regionunda ən etibarlı tərəfdaş hesab olunması da məhz bunun məntiqi nəticəsidir.

Azərbaycanla strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətlərində olan dövlətlərdən biri də Türkmənistandır. Hər iki ölkənin dövlət başçıları – ­İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun qarşılıqlı inam və etimada əsaslanan münasibətləri sayəsində hazırda Azərbaycan-Türkmənistan arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdəki əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Təkcə son illər ərzində iki ölkənin ticarət dövriyyəsi ilə bağlı göstəricilərini diqqətə çatdırmaqla fikrimizi əsaslandıra bilərik. Belə ki, əgər 2014-cü ildə Azərbaycan-Türkmənistan arasında ümumi ticarət dövriyyəsi 51 milyon ABŞ dolları idisə, bu rəqəm 2017-ci ildə 164 milyon 145 min dollaradək yüksəlib. Son 4 ildə isə bu göstərici 3 dəfədən çox artıb. İllər üzrə ticarət dövriyyəsinə nəzər salanda isə məlum olur ki, hər il ticarət dövriyyəmizdə əvvəlki illərə nisbətən artım qeydə alınıb. Belə ki, ticarət dövriyyəsi 2015-ci ildə 52 milyon dollar, 2016-cı ildə 152 milyon 276 min dollar, 2017-ci ildə 164 milyon dollardan çox olub. Ticarət dövriyyəsinin artması, həm də son illər iki ölkənin münasibətlərinin, ticarət və iqtisadi əlaqələrinin inkişafının bariz ifadəsidir.

Prezident İlham Əliyevin Türkmənistan tərəfinin dəvəti ilə noyabrın 21-22-də bu ölkəyə səfəri zamanı tərəflər arasında 21 mühüm saziş bağlanıb və bununla da iki ölkə arasındakı müxtəlif istiqamətləri əhatə edən strateji sənədlərin sayı 80-ə çatıb.

Yeni sazişlərə əsasən, hökumətlər arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticari, nəqliyyat tranzit və logistika, dəniz portu, elm, təhsil, mədəniyyət və incəsənət, eləcə də uzunmüddətli iqtisadi-ticari sahələr üzrə əməkdaşlıq daha da genişləndiriləcək. Bundan başqa, tərəflər Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması, ikiqat vergitutmanın aradan qaldırılması, ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq Əlaqələr İnstitutu və Türkmənistanın Humanitar Elmlər və İnkişaf Üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlıq haqqında sazişlər də imzalayıblar.

Səfər çərçivəsində imzalanan Birgə Bəyanatda dövlət başçıları dost ölkələr olan Azərbaycan və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqləyiblər. Həmçinin Birgə Bəyanatda prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd ediblər.

Keçirilən görüşlərdə, eləcə də imzalanan sənədlərdə nəqliyyat-tranzit sahəsində iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələsi xüsusi yer tutub. Bununla bağlı diqqəti bir məqama yönəltmək istərdik. Xatırladaq ki, Prezident İlham Əliyevin bu səfərindən əvvəl Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin cari ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində nəqliyyat sahəsində fəaliyyət göstərən müvafiq qurumların iştirakı ilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə edilib. Dövlətimizin başçısının Türkmənistan tərəfinin xahişi ilə baş tutan rəsmi səfəri zamanı da imzalanan 21 sənəddən əksər hissəsi məhz nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı olub.

Yeri gəlmişkən, nəqliyyat-tranzit sahəsi üzrə imzalanmış sənədlər Türkmənistan və Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüququ rejimini tənzimləyir. Qeyd edək ki, 2018-ci ilin 9 ayında Türkmənistandan keçməklə Avropaya və əks istiqamətdə daşınan yüklərin həcmi 190 min ton olub. Gələcəkdə bu yüklərin həcminin 10 dəfə artması üçün potensial var.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı hər iki ölkənin dövlət başçıları tərəfindən nəqliyyat-tranzit sahəsinin əməkdaşlığın prioritet istiqaməti olduğu vurğulanıb. Dövlətimizin başçısı sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib: “Səfər ərəfəsində bizim nümayəndə heyətlərimiz fəal işləyiblər, bir neçə raund danışıqlar aparıblar və Şərq-Qərb beynəlxalq dəhlizinin fəaliyyətinin əsas məsələlərini razılaşdırıblar. Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar. Biz əvvəlcədən razılaşmamışdıq, amma belə alındı ki, paralel yollarla getdik. Bu da təbiidir, çünki bu, ölkələrimiz və xalqlarımız üçün zəruri olan məsələdir. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda - may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Bu gün biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq, müvafiq sənəd bu gün imzalanıb. Bu, bizim ölkələrimiz üçün əmtəə dövriyyəsini və tranzit daşımaları artırmaq imkanları yaradır. Biz qonşularımız üçün də böyük potensial yaradırıq. Bizim mühüm nəqliyyat qovşaqları kimi gələcək uğurlu inkişafımız regional vəziyyətdən də asılıdır...”.

Azərbaycan Prezidenti çıxışında, həmçinin respublikamızda yaradılan müasir infrastrukturun nəqliyyat sahəsinə böyük sərmayələrın daxil olmasına əlverişli şərait yaratdığını da diqqətə çatdırıb, eyni zamanda, Türkmənistanla ölkəmiz arasında yük axınının getdikcə artacağına əminliyini ifadə edib. Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılmasının Şərq-Qərb, Qərb-Şərq marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin yüksəlməsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Dövlət başçıları Birgə Bəyanatda digər mühüm məqamlara da toxunublar. Prezidentlər bu ilin avqust ayında “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğulayıblar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyinə, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə kömək göstərəcəyinə əminliklərini bildiriblər.

Dövlət başçıları, həmçinin nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, eləcə də Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini diqqətə çatdırıblar.

Türkmənistanda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”ə əsasən dəniz, avtomobil, dəmir və hava yolu, multimodal daşımaların gələcək inkişafına, tərəflərin tranzit və idxal-ixrac yüklərin daşınması məsələsinin operativ həllinə, aidiyyəti qurumların və operatorların fəaliyyətinin əlaqələndirilməsinə yardım edəcək.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş"ə əsasən isə viza üçün ərizələrə baxılma müddəti azaldılır. İştirakçılar sərhəd-keçid məntəqələrində birbaşa viza almaq hüququnu əldə edirlər.

Prezident İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması yönündə lazımi addımların atılmasına, eyni zamanda, Türkmənistan, Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən, habelə geniş geoiqtisadi məkanda səmərəli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edəcək “Lazurit” beynəlxalq nəqliyyat-tranzit dəhlizinin vacibliyi məsələlərinə xüsusi önəm verdiyini bildirib. Eyni zamanda, Türkmənistan prezidenti ölkəsinin TRASEKA proqramının fəal tərəfdaşı və iştirakçısı qismində çıxış etməyə hazır olduğu da xatırladıb.

Qeyd edək ki, sözügedən layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində reallaşıb. 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabadda Əfqanıstanın iqtisadi inkişafına həsr olunan VII Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən beş ölkəni birləşdirən “Lazurit” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzalanıb. Bu dəhliz vasitəsilə Əfqanıstandan yüklərin Cənubi Qafqazdan keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit qiymətli daşının rənginə (göy rəngə çalır) uyğun götürüb. Hazırda bu layihə Cənubi və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək “Yeni İpək Yolu”nun davamı kimi qiymətləndirilir.

Sonda vurğulayaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldiyini göstərdi. Bu isə zəngin tarixə malik olan qardaşlıq əlaqələrimizin bundan sonra da uğurla davam edəcəyindən xəbər verir.