Xalq qəzeti. - 2018.- 24 noyabr. - ą 265. - S. 4.

 

Azərbaycan və Türkmənistan öncə Xəzərin sahillərini, sonra isə Şərqlə Qərbin iqtisadiyyatını qovuşdururlar

 

İttifaq Mirzəbəyli

 

Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Aşqabad, 22 noyabr 2018-ci il

 

Əlbəttə, biz bütün məkanlarda, BMT və ATƏT kimi nüfuzlu qurumlarda, beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı surətdə dəstəkləyirik. Mənim fikrimcə, bu da çox düzgündür. Əlbəttə, tərəfdaşlıqda elə məsələlər var ki, biz onlara da münasibət bildirməliyik. Terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, transsərhəd cinayətkarlıq kimi təhdidlər və çağırışlar bu qəbildəndir.

 

 Qurbanqulu BERDİMƏHƏMMƏDOV

Türkmənistan Prezidenti

Aşqabad, 22 noyabr 2018-ci il

 

Azərbaycanda xarici siyasətin prioritet istiqamətlərindən biri kimi həmsərhəd ölkələrlə,  Xəzəryanı və türkdilli dövlətlərlə, eləcə də Müstəqil Dövlətlər Birliyinə üzv olan  ölkələrlə əməkdaşlığa daha böyük önəm verilir. Türkmənistan dövləti həmin dörd istiqamətin  hamısında təmsil olunur və bu qədim türkdilli ölkə ilə tərəfdaşlığımız ildən-ilə genişlənməkdədir. Təbii ki, ikitərəfli münasibətlərin  möhkəmləndirilməsi bizim beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığımızın səmərəliliyinə də zəmin yaradır.

 

Dövlət başçılarımızın qeyd etdiyi kimi, Azərbaycan ilə Türkmənistanın dostluq münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.

SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra münasibətlərimiz  daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Dəfələrlə dövlət başçılarının qarşılıqlı səfərləri reallaşdırılmışdır.  Ancaq cənab Qurbanqulu Berdiməhəmmədovun ötən ilin avqust ayındakı Bakı səfəri və Prezident İlham Əliyevin bu il noyabrın 21-i və 22-də reallaşdırdığı Aşqabad səfəri tərəflər üçün daha səmərəli olmuşdur. Hətta Türkmənistan Prezidenti öz çıxışlarından birində qeyd etmişdir ki, Prezident Əliyevin Aşqabad səfəri çərçivəsində imzalanan sənədlərin sayı belə deməyə əsas verir ki, bu səfər Ginnesin Rekordlar kitabına düşə bilər. 

 Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun noyabrın 22-də geniş tərkibdə keçirilən görüşü ölkələrarası münasibətlərin bütün sferalarına aid məsələlərin müzakirəsi ilə yadda qalıb. Təbii ki, son illər bizi daha çox maraqlandıran məsələlərdən biri də Xəzərin statusunun müəyyənləşdirilməsidir ki, tərəflərin bu məsələdə əldə etdiyi razılaşma Xəzəri həqiqətən “sülh dənizi”nə çevirəcək. Qardaş ölkənin ­Prezidenti də geniş tərkibdə görüşdə bu məsələni xüsusilə vurğulayıb: “Demək istərdim ki, Xəzər dənizi də bizi birləşdirir. Bu yaxınlarda Xəzəryanı dövlətlər xəzərin hüquqi statusu barədə konvensiyanı qəbul etdilər. Buna görə bizim üçün burada da, o cümlədən mehriban qonşuluq məsələlərində çox böyük imkanlar yaranır. Başlıca məsələ odur ki, biz hamımız eyni fikirdəyik – Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir və biz bundan sonra da fəaliyyətimizi bu ruhda davam etdirəcəyik” .

Təbii ki, tərəflərin müzakirə etdiyi ən mühüm sahələrdən biri də  nəqliyyat məsələlərini, yəni, məhz tranzit nəqliyyat dəhlizlərinin inkişafı və onun logistikasının düzgünlüyünün müəyyənləşdirilməsi istiqamətləri olub. Dost ölkənin başçısı qeyd edib ki,  bizim – Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya çıxışla bağlı nümunəvi təcrübəmiz və imzalanmış razılaşmalarımız çoxdur:  “Mən xatırlatdım ki, biz bu gün TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, TİR kimi beynəlxalq qurumlarla yaxşı əlaqələrə malikik və bu, böyük əhəmiyyət kəsb edir. Sizin Bakı-Tbilisi-Qars kimi çox yaxşı infrastrukturunuz var. Görürsünüz, bizdə nümunələr çoxdur. Ona görə də biz düzgün logistikamızı həm avtomobil, dəmir yolu, həm də bərə nəqliyyatı üzrə inkişaf etdirə bilərik. Sizin dəmir yolu üçün güclü bərə nəqliyyatınız var. Bu, bizdə Ro-Ro tipli avtonəqliyyat üçün oxşar variantdır”.

Prezidentlərin geniş tərkibdə görüşündəki çıxışına “Biz Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət veririk” – sözləri ilə başlayan Azərbaycan Prezidenti İlham Əliyev həmin əhəmiyyətin təməlini də xatırlatdı: “... bizim ümumi köklərimiz, tariximiz, xalqlarımızın yaxınlığı elə bir bünövrədir ki, onun üzərində öz birgə gələcəyimizi qururuq...  Bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir”.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti də  münasibətlərimizin əsas mövzularından birinin  nəqliyyat sahəsi olduğunu xatırladıb: “Təsadüfi deyil ki, mənim nümayəndə heyətimin tərkibində Azərbaycanın bütün nəqliyyat qurumlarının rəhbərləri var. Onlar artıq türkmənistanlı həmkarları ilə fəal işləyirlər. Biz bu gün Sizinlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın bu məsələlərini də müzakirə etmişik. Yəni, biz bu sahədə bütün ölkələrə və xalqlara fayda gətirəcək çoxtərəfli regional əməkdaşlıq üçün çox yaxşı perspektivlər görürük”.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlət başçımızın Aşqabad səfəri çərçivəsində 20-dən artıq rəsmi sənəd imzalanmışdır ki, bu da tərəflər arasındakı qarşılıqlı inamın, etimadın miqyasını göstərməklə yanaşı, perspektivin də zənginliyini ifadə edir. Bu,  o deməkdir ki, Bakı ilə Aşqabadın reallaşdıracağı layihələr cəmiyyət  həyatının bütün sahələrini əhatə edir.  İmzalanmış sənədlərin hamısının olmasa da, birinin adını çəkmək zərurəti var. Belə ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun imzaladıqları Birgə Bəyanat indiyədək və noyabrın 22-də imzalanmış bütün sənədlərin icrasının təmin edilməsi baxımından xüsusi önəm kəsb edir.

Təcrübə göstərir ki, bu qəbildən olan səfərlərdən sonra dövlət başçılarının mətbuat üçün verəcəyi bəyanatlar daha maraqla gözlənilir. Qurbanqulu Berdiməhəmmədov sanki həmin marağı nəzərə alırmış kimi, öz bəyanatında dedi ki, biz bu gün çox yaxşı, konstruktiv danışıqlar apardıq: “Prinsipcə, bizim ikitərəfli münasibətlərimizin bütün aspektlərini, yəni, onların cari və perspektiv vəziyyətini, regional və beynəlxalq siyasətə dair məsələləri nəzərdən keçirdik. Mən dərhal demək istəyirəm ki, bizim – həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması məsələləridir. Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, yəni, Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiklərinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda, biz də qardaş Azərbaycanı daim dəstəkləyirik”.

Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat üçün verdiyi bəyanat  isə görülmüş işlərin qiymətləndirilməsi və görüləcək işlərin miqyasının müəyyənləşdirilməsi baxımından xüsusi önəm kəsb edirdi: “Səfər ərəfəsində bizim nümayəndə heyətlərimiz fəal işləyiblər, bir neçə raund danışıqlar aparıblar və Şərq-Qərb beynəlxalq dəhlizinin fəaliyyətinin əsas məsələlərini razılaşdırıblar. Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar. Biz əvvəlcədən razılaşmamışdıq, amma belə alındı ki, paralel yollarla getdik. Bu da təbiidir, çünki bu, ölkələrimiz və xalqlarımız üçün zəruri olan məsələdir. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda – may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Bu gün biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq, müvafiq sənəd bu gün imzalanıb”.

Dövlət başçımız xüsusilə qeyd etdi ki, Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır və biz sözsüz ki, Şərq-Qərb, Qərb-Şərq marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin artdığını görəcəyik... Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək.

Yəni ekspertlərin dediyi kimi, Bakı ilə Aşqabadın reallaşdırdığı layihələr öncə Xəzərin Şərq sahili ilə Qərb sahilinin, sonra isə dünya iqtisadiyyatının Şərq qanadı ilə Qərb qanadının bir-birinə qovuşdurulmasına xidmət edəcəkdir.