Səs. - 2018.- 24 noyabr. - ¹ 223. - S. 4.

 

Türk ölkələrinin münasibətləri qlobal layihələrə yaşıl işıqdır

 

İnam Hacıyev

 

Prezident İlham Əliyevin 21-22 noyabr tarixlərində Türkmənistana rəsmi səfəri, səfər çərçivəsində dövlət başçısının Türkmənistan prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü regional, eləcə də qlobal əhəmiyyətinə görə seçilir və bu səbəbdən diqqət mərkəzindədir. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi xüsusi əhəmiyyət kəsb edir və daha böyük perspektivlər vəd edir.

Nəzərə almaq lazımdır ki, 2017-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə” şübhəsiz ki, iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir və dövlət başçılarının son görüşü, əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi tərəfdaşlıq əlaqələrinin ruhuna uyğundur. Bu tərəfdaşlıq əlaqələrinin gələcəkdə daha böyük perspektivlərə yol açdığı sözsüs ki, şübhə doğura bilməz və bundan sonra bir çox sahələrdə, ələlxüsus siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika sahələrində daha sürətli inkişaf gözləniləndir.

 

Dövlət başçılarının imzaladığı birgə bəyanat ölkələrimizin suverenliyi üçün çox önəmlidir

 

Hər iki qardaş ölkənin, türkdilli Azərbaycan və Türkmənistanın dövlət başçıları tərəfindən birgə imzalanan bəyanat ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Əbəs yerə deyil ki, 22 noyabr 2018-ci ildə dövlət başçılarının imzaladığı birgə bəyanatda mühüm məqamlara toxunulub və bu məqamlar ölkələrimizin suverenliyi üçün çox önəmlidir. Bu bəyanat dövlət başçılarının dost ölkə olan Azərbaycan Respublikası və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqləyir.

Türkmənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb və bu qardaş ölkə bizim maraqlarımızı dəstəkləməklə beynəlxalq hüququn bütün norma və prinsplərinə həmişə sadiqliyi ilə seçilib. Prezidentlərin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd etmələri də bunu təsdiq edir.

Ölkə başçısının xarici səfərləri ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı mövqeyinə beynəlxalq birliyin dəstəyini möhkəmləndir

Şübhəsiz ki, Cənab Prezident İlham Əliyevin xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir və bu mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərdə öz əksini tapmaqdadır.

Azərbaycan və Belarus Prezidentlərinin birgə bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə bəyanatı deyilənləri təsdiq edir və bütün bunlar ölkə başçısının bu istiqamətdə uğurlu fəaliyyətinin bariz nümunəsidir. Qeyd olunan bəyanatlar həmin ölkələrin Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiyini təsdiq edən sənəddir və xüsusilə qeyd etmək lazımdır ki, bu dövlət başçısı Cənab Prezident İlham Əliyevin siyasi iradəsinin, məqsədyönlü və uğurlu siyasətinin məntiqi nəticəsidir.

Prezidentin Türkmənistana səfəri nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, əməkdaşlığın müqavilə-hüquq bazasının və operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verəcək

Səfər çərçivəsində nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dövlət başçılarının dəstəkləməsi isə Azərbaycan və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün xüsusilə əhəmiyyətlidir. Nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan edən dövlət başçıları nəqliyyat sahəsində gələcəkdə daha böyük uğurların əldə ediləcəyinə ümidləri artırmış oldular. Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini dövlət başçılarının bəyan etməsi çox müsbət addımdır və hər iki ölkənin iqtisadi cəhətdən inkişafına hesablanıb. Bir sözlə, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində ələqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, iki ölkənin maraqlarına xidmət edir, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir.

Dövlət başçılarının iştirakı ilə 20 müqavilə imzalanıb ki, bu da Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafına hesablanıb və əməkdaşlığın gələcək inkişafını şərtləndirir. Bura “Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticari sahədə əməkdaşlıq proqramı”, “Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında 2019-2022-ci illər üzrə nəqliyyat sahəsində əməkdaşlıq proqramı”, “Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında nəqliyyat, tranzit və logistika sahəsində Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması haqqında saziş”, “Azərbaycan Dəmir Yolları və Türkmənistanın transport və tranzit üzrə dəmir-yolları nazirliyi arasında saziş, Bakı Beynəlxalq dəniz portu ilə Türkmənbaşı dəniz portu arasında əməkdaşlıq haqqında saziş, ikiqat vergitutmanın aradan qaldırılması, 2019-2021-ci illər ərzində elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq, uzunmüddətli iqtisadi-ticari əməkdaşlıq, ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq Əlaqələr institutu və Türkmənistanın humanitar elmlər və inkişaf üzrə beynəlxalq universiteti arasında əməkdaşlıq haqqında sazişlər və digərləri daxildir.

Ölkə başçısı Cənab İlham Əliyevin Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verəcəyinə zərrə qədər şübhə ola bilməz. Bir sözlə, dövlətimzin başçısının Türkmənistana səfəri iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını təsdiqləyir və bu əlaqələrin bundan sonra daha geniş vüsət alacağına zəmin yaradır. Bu isə onu deməyə əsas verir ki, iki türk ölkəsinin münasibətləri regionda qlobal layihələrə yaşıl işıqdır.