Yeni Azərbaycan. - 2018.- 24 noyabr. - ¹ 223. - S. 2.

 

Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-Türkmənistan münasibətləri uğurla inkişaf edir

 

Prezident İlham Əliyev: Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir

 

Nurlan Qələndərli

 

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirir. Bunun qanunauyğun nəticəsi kimi, respublikamızın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti dinamik və praqmatik xarakter daşıyır, ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər. Bir sözlə, uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı mütəmadi olaraq artır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda Türkmənistan Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Təsadüfi deyil ki, strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər müxtəlif sahələri əhatə edir və uğurla inkişaf edir. Bu gün iki ölkə arasında qarşılıqlı maraqlara xidmət edən münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir.

Ümumiyyətlə, Azərbaycan ilə Türkmənistanı tarix, mədəniyyət, ümumi köklər, ənənələr birləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun mətbuata birgə bəyanatla çıxışları zamanı dövlətimizin başçısı qeyd edib: “Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir”.

Dövlət başçılarının Birgə Bəyanatının və müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilənin imzalanması ikitərəfli münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir

Ekspertlərin də qeyd etdikləri kimi, Prezident İlham Əliyevin 21-22 noyabr tarixlərində Türkmənistana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edir. Xatırladaq ki, Türkmənistan tərəfinin xahişi ilə baş tutmuş bu səfərdən öncə Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana səfər ediblər. Qeyd edək ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində dövlətimizin başçısının Türkmənistan Prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü olub. Səfər zamanı Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Ən əsası, səfər çərçivəsində dövlət başçılarının Birgə Bəyanatı, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb.

Şübhəsiz ki, səfər çərçivəsində dövlət başçılarının Birgə Bəyanatının və müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilənin imzalanması ikitərəfli münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun mətbuata birgə bəyanatla çıxışları zamanı dövlətimizin başçısı bu məqamlara toxunaraq qeyd edib: “Bu gün 20-dən çox sənəd imzalanıb və onların hər birinin olduqca konkret xarakteri var. Bu, bizim münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür”.

Ümumiyyətlə, Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən işlər görülür. Başqa sözlə, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, hər iki ölkə regionda əməkdaşlıq və təhlükəsizliyə müstəsna töhfələr verir. Ekspertlər bu kontekstdə “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanmasına xüsusi diqqət yetirirlər. Yeri gəlmişkən, səfər zamanı imzalanmış dövlət başçılarının Birgə Bəyanatında da bu məsələ öz əksini tapıb. Birgə Bəyanatda qeyd edilib ki, prezidentlər 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd etdilər.

Dövlət başçılarının Birgə Bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə olunub

Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun imzaladıqları Birgə Bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə olunub. Bu, olduqca mühüm önəm daşıyır. Yəni Birgə Bəyanata əsasən, Türkmənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir.

Ümumiyyətlə, dövlətimizin başçısının xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının imzaladıqları Birgə Bəyanat bunun növbəti bariz nümunəsidir.

Azərbaycan ilə Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir

Qeyd etmək lazımdır ki, səfər çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində olub. Bəllidir ki, Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Yəni Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar. Bununla yanaşı, hər iki ölkədə cari ildə beynəlxalq ticarət limanları açılıb. Hazırda ölkələrin ticarət limanlarının tam inteqrasiyası diqqət mərkəzindədir və bəhs olunan səfər çərçivəsində bu barədə müvafiq sənəd imzalanıb. Şübhəsiz ki, bu, eyni zamanda, tərəflər arasında əmtəə dövriyyəsini və tranzit daşımalarını artırmaq imkanları yaradır. Bütövlükdə isə, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm strateji əhəmiyyətə malikdir. Bu, hər iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun mətbuata birgə bəyanatla çıxışları zamanı dövlətimizin başçısı diqqətə çatdırıb ki, Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar: “Biz əvvəlcədən razılaşmamışdıq, amma belə alındı ki, paralel yollarla getdik. Bu da təbiidir, çünki bu, ölkələrimiz və xalqlarımız üçün zəruri olan məsələdir. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda - may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Bu gün biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq, müvafiq sənəd bu gün imzalanıb. Bu, bizim ölkələrimiz üçün əmtəə dövriyyəsini və tranzit daşımaları artırmaq imkanları yaradır. Biz qonşularımız üçün də böyük potensial yaradırıq. Bizim mühüm nəqliyyat qovşaqları kimi gələcək uğurlu inkişafımız regional vəziyyətdən də asılıdır. Buna görə də bizim qonşularımızla yaxşı münasibətlərimiz regionda təhlükəsizliyi, sabitliyi möhkəmləndirir, eləcə də Azərbaycanla Türkmənistanı mühüm nəqliyyat qovşaqlarına çevirir”.

Nəticə etibarilə, dövlətimizin başçısının Türkmənistana rəsmi səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib. Təsadüfi deyil ki, imzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir. Prezidentlərin imzaladığı Birgə Bəyanatda da bu məsələlər öz əksini tapıb. Birgə Bəyanatda diqqətə çatdırılıb ki, dövlət başçıları Azərbaycan Respublikasının və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. Bəyanatda həmçinin vurğulanıb ki, dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər.

Beləliklə, bütün bunlar səfərin səmərəli nəticələrini göstərməklə yanaşı, onun regional təhlükəsizlik və əməkdaşlıq kontekstində strateji əhəmiyyətə malik olduğunu nümayiş etdirir. Yeri gəlmişkən, noyabrın 22-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı dövlətimizin başçısı deyib: “Bu gün mən səfərimin yekunlarını təhlil edərək görürəm ki, səfər dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək. Avropa ilə Asiyanın nəqliyyat dəhlizlərinin birləşdirilməsi artıq reallıqdır. Bu reallığı biz yaradırıq. Əgər həm Türkmənistanda, həm də Azərbaycanda quruculuq, inkişaf yolları üzrə addımlar atılmasaydı, onda bu barədə söhbət aparmaq da ümumiyyətlə mümkün olmazdı. Əgər ölkələrimizin iqtisadi potensialına vaxtında yönəldilən sərmayələr olmasaydı, onda bu gün coğrafi vəziyyətimizin böyük əhəmiyyəti olmazdı. Biz öz coğrafiyamızı ölkələrimiz və qonşularımız üçün böyük potensiala çevirmişik. Buna görə düşünürəm ki, bizim razılaşdığımız məsələlərin əhəmiyyəti onilliklər boyu özünü göstərəcək”.

Bütövlükdə, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına, eyni zamanda, regional əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun mətbuata birgə bəyanatla çıxışları zamanı dövlətimizin başçısı bu məqamlara toxunaraq vurğulayıb: “Biz bu gün ikitərəfli münasibətlərin ən mühüm konkret məsələlərini, regional əməkdaşlıq üçün yeni şərait yaradan məsələləri həll etdik. Buna görə də hesab edirəm ki, səfər bizim gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq”.

Türkmənistan-Azərbaycan münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən biri də iki ölkənin bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun mətbuata birgə bəyanatla çıxışları zamanı dövlətimizin başçısı bu barədə deyib: “Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu, artıq adi hala çevrilib. Amma bu, bizim münasibətlərimizin səmimiliyini göstərir”.

İkitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etməsindən bəhs edərkən bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Bəllidir ki, 2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu bəyannamə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, o cümlədən müxtəlif sahələrdə əməkdaşlığa dair müqavilələrin imzalanması münasibətlərin strateji xarakterini təsdiq etdi, tərəflər arasında əlaqələrin uğurla inkişaf etdiyini göstərdi. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı dövlətimizin başçısı qeyd edib: “Ən başlıcası, biz bu gün münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Hörmətli Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Bu gün biz öz işimizlə münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Dostlar, qardaşlar arasında belə də olmalıdır. Bu gün biz münasibətlərimizi ən yüksək zirvəyə qaldırırıq”.

Nəticə etibarilə, səfərin nəticələri Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiq edir.