Xalq qəzeti. - 2018.- 23 noyabr. - ¹ 264. - S. 8.

 

Azərbaycan – Türkmənistan əməkdaşlığı yüksələn xətlə inkişaf edir

 

Tahir Aydınoğlu

 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən iki gündə Türkmənistanda rəsmi səfərdə oldu. Azərbaycanın dövlət başçısının Xəzəryanı dost ölkəyə səfəri iki qardaş xalq arasında əsrlərin dərinliyindən gələn, dil və din ortaqlığına, tale eyniliyinə əsaslanan münasibətlərin yeni mərhələsinin başlanğıcını qoydu.

Xatırladaq ki. bundan əvvəl Türkmənistanın xarici işlər naziri və baş naziri Azərbaycanda olmuş, Azərbaycan rəhbərinin indiki səfəri isə qarşı tərəfin dəvəti ilə baş tutmuşdur. Bu tarixi səfər bir daha göstərdi ki, keçmiş sovet imperiyasının süqutu ilə dövlət müstəqilliyini bərpa etmiş iki ölkənin son 27 ildə hüquq bərabərliyinə, qarşılıqlı dostluğa və səmərəli əməkdaşlığa əsaslanan münasibətləri yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan rəhbərinin qardaş ölkənin paytaxtı Aşqabadda ən yüksək səviyyədə qarşılanması, səfərin möhtəşəm təntənə ilə müşayiət olunması, keçirilən müxtəlif formatlı görüşlər, aparılan müzakirələr, imzalanan mühüm sənədlər iki dövlətin gələcək münasibətlərinin yeni inkişaf yoluna çıxdığını bir daha sübut etdi.

Prezident İlham Əliyevin və ­Prezident Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan rəhbərinin şərəfinə ziyafətdə və birgə mətbuat konfransında çıxışlarında xalqlarımızın tarixi dostluğa sədaqəti və dövlətlərimizin qarşılıqlı-faydalı əməkdaşlığı bundan sonra daha yüksək səviyyəyə qaldırmaq əzmi bir daha dünyaya bəyan edildi. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Görüş və müzakirələrin yekunu olaraq dövlət başçılarının birgə bəyanatı qəbul olundu, müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalandı.

Prezidentlər İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun  imzaladıqları və səfərin başlıca məramını əks etdirən birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və münaqişənin məhz bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Bundan əlavə, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bildirildi, bu xəttin iki ölkənin maraqlarına xidmət etdiyi, regionda və bütöv Avrasiyada Şərq–Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına dəstək olduğu qeyd olundu.

Bəyanatda göstərildi ki, dövlət başçıları dost ölkə olan Azərbaycanın və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqləyirlər. Prezidentlər bundan əlavə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini diqqətə çatdırdılar.

Hər iki dövlət başçısı 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə kömək göstərəcəyini bəyan etdilər.

Dövlət başçıları tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması ideyasını da dəstəklədilər. Birgə bəyanatda nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələrin, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələrin bundan sonra da dəstəklənəcəyi də öz əksini tapdı.

Dövlət başçılarının iştirakı ilə Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair imzalanan sənədlər səfərin tarixi önəmini və perspektivlərini aydın göstərir: Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticari sahədə əməkdaşlıq proqramı, Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında 2019-2022-ci illər üzrə nəqliyyat sahəsində əməkdaşlıq proqramı, Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında nəqliyyat, tranzit və logistika sahəsində Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması haqqında saziş, Azərbaycan Dəmir Yolları və Türkmənistanın transport və tranzit üzrə dəmir yolları nazirliyi arasında saziş, Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı dəniz limanı arasında əməkdaşlıq haqqında saziş, ikiqat vergitutmanın aradan qaldırılması, 2019-2021-ci illər ərzində elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq, uzunmüddətli iqtisadi-ticari əməkdaşlıq, ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq Əlaqələr İnstitutu və Türkmənistanın humanitar elmlər və inkişaf üzrə beynəlxalq universiteti arasında əməkdaşlıq haqqında sazişlər və s.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Bu bəyannamə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir. Tarixən formalaşmış baza əsasında müstəqillik illərində Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılmışdır. Bu baxımdan Azərbaycanın dövlət başçısının Türkmənistana uğurlu səfərinin gözlənilən nəticələri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və ahəngdarlaşdırılması, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verəcək.

Səfərin xronikası və yekunları  göstərdi ki, qardaş ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı açılan yeni istiqamətlər Azərbaycanla Türkmənistanın dostluğunu   möhkəmləndirəcək, beynəlxalq aləmdə dövlətlərimizin mövqelərini daha da gücləndirəcək.