Xalq qəzeti. - 2018.- 16 noyabr. - ¹ 258. - S. 8.

 

Dövlət müstəqilliyinin hüquqi təminatının aparıcı qurumu

 

Azərbaycan ədliyyəsi – 100

 

Mərdan Həsənzadə,

Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu

 

Azərbaycan ədliyyəsinin tarixi xalqımızın müstəqillik uğrunda mübarizəsi, istiqlal mücadiləsi və dövlətçilik funksiyalarının bərpası prosesi ilə sıx bağlıdır. Bu tarixin ilk və önəmli səhifələri 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və dövlətçilik ənənələrinin bərpa edilməsi dönəmində yazılmışdır. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik funksiyalarının nizama salınması və hüquqi sistemin formalaşdırılmasında ədliyyə işinin müstəsna rolunu nəzərə alaraq bu fəaliyyəti həyata keçirəcək ayrıca icra qurumunu 1918-ci il may ayının ­28-də – cümhuriyyətin elan edildiyi gün yaratmışdır.

Ədliyyə Nazirliyinin AXC-nin yaradıldığı gün təsis edilməsi milli dövlət quruculuğunun bu hüquqi sistemsiz mümkün olmadığının göstəricisidir. Müstəqil dövlətin əsas funksiyalarından olan qanunçuluğun formalaşdırılmasını təmin etmək üçün o zaman təcrübəli məmur və millətsevər ziyalı Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Ədliyyə Nazirliyinin ilk aylardakı gərgin fəaliyyəti gedişində onun funksiya və səlahiyyətlərini müəyyən edən əsasnamə hazırlanmış və həmin il noyabr ayının 22-də təsdiq edilmişdir.

Azərbaycanın bolşevik işğalından və qanlı sovetləşdirilməsindən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyini bu yabançı hakimiyyətə uyğunlaşdırmaq üçün dəfələrlə ləğv edərək yenidən yaratmış, ayrı-ayrı funksiya və səlahiyyətlərini müxtəlif dövlət orqanlarına həvalə etmişlər. 1920-ci il aprel ayının 28-də Rusiyanın XI Qızıl Ordusu Azərbaycan Xalq Cümhuriyyətini devirəndən sonra onun yerində fəaliyyətə başlayan yerli İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə ədliyyə sistemi ləğv edilərək yeni əsaslarla Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. 1930-cu ildə isə milli müstəqilliyin əsaslarını yox etmək üçün bu komissarlıq da ləğv edilmiş, onun funksiyaları Prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və s. orqanlara verilmişdir.

1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilsə də, onun əvvəlki funksiyaları məhdudlaşdırılmış, fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkilindən, onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv olunmuş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət Ali Məhkəməyə həvalə olunmuşdur. Bundan sonra Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunmuş və Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

Göründüyü kimi, keçmiş SSRİ-də illər keçdikcə icra hakimiyyətinin də hədsiz mərkəzləşdirilməsi, ayrı-ayrı dövrlərdə ədliyyə orqanının repressiya alətinə çevrilməsi bu qurumun dəfələrlə ləğv edilib yenidən yaradılması ilə nəticələnmiş, ədliyyə sisteminin sabit strukturunun formalaşmasına, ahəngdar işinin təşkilinə maneçilik törətmişdir.

Sovet zamanında respublikamızda Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən təsis edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Şərəfli və mürəkkəb inkişaf yolu keçən Ədliyyə Nazirliyi ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə mühüm dövlət orqanı kimi təşəkkül tapmışdır. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Bundan sonra Ədliyyə Nazirliyi kommunist hakimiyyətinin sonunadək sabit fəaliyyət göstərmiş, məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətini və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdir. Ümumiyyətlə, bu dövrdə ədliyyə işi təkmilləşdirilərək ölkəmizdə onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

1991-ci ildə Azərbaycanın müstəqilliyi yenidən bərpa ediləndə də yeni hökumətin tərkibində fəaliyyətini davam etdirən əvvəlki icra qurumlarından biri də Ədliyyə Nazirliyi olmuşdur. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkədə köklü məhkəmə-hüquq islahatının aparılmasının əsasını qoymuşdur. Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi islahatların aparılması məqsədilə ölkə Prezidenti Heydər Əliyevin sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradılmışdır. Bu komissiyanın rəhbərliyi iə qısa müddətdə ölkənin bütün hüquq sistemində, eləcə də ədliyyə orqanlarında əsaslı islahatlar aparılmış, onun fəaliyyət dairəsi genişləndirilmişdir.

Ötən dövrdə ölkədə ədalət mühakiməsinin beynəlxalq standartlara uyğun həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinin tərkibinə məhkəmə nəzarətçiləri və icraçıları xidməti təsis edilmişdir. Cəzaçəkmə yerləri və istintaq təcridxanaları nazirliyin tabeliyinə verilmiş, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan bir sıra cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Yeni yaradılmış bələdiyyələrlə işin aparılması və onlara metodoloji yardım göstərilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatının aparılması və s. məsələlər də Ədliyyə Nazirliyinə tapşırılmışdır.

Məhkəmələrin maddi-texniki təchizatı üzrə də müəyyən işlər görülmüşdür. Bunlardan əlavə, bir sıra xarici dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında müqavilə və sazişlər imzalanaraq nazirliyin beynəlxaq əlaqələri genişləndirilmişdir. Yüzlərlə qanun və digər normativ hüquqi aktların layihələri hazırlanmış, ekspertizalar keçirilərək müvafiq rəylər verilmişdir. Əhaliyə hüquqi yardım yaxşılaşdırılmış, geniş dövlət qeydiyyatı fəaliyyəti həyata keçirilmişdir.

Müstəqillik illərində “Məhkəmələr və hakimlər haqqında“ Qanuna müvafiq olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəldilmiş yeni 3 pilləli məhkəmə sisteminin formalaşdırılması və məhkəmələrin fəaliyyətinə kömək göstərilməsi, hakim vəzifələrinə ən layiqli namizədlərin seçilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Respublikamızın tarixində ilk dəfə olaraq hakimlər beynəlxalq standartlara uyğun, şəffaf prosedur əsasında test üsulu və şifahi müsahibə yolu ilə seçilmiş, yeni hakim korpusu formalaşdırılmış, müstəqil məhkəmə hakimiyyətinin bərqərar olunması istiqamətində mühüm addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyevin hüquqi quruculuğu siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuş, ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilmişdir.

2006-cı ildə ölkə Prezidenti İlham Əliyev nazirliyin yeni əsasnaməsini təsdiq etmiş, bununla qurumun cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Ölkə Prezidentinin 2006-cı ildə “Ədliyyə orqanlarının inkişafı haqqında”, “Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi” barədə proqram xarakterli fərmanlar imzalaması, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.

Ədliyyə sahəsində həyata keçirilən islahatlara uyğun olaraq nazirliyin strukturunda ciddi dəyişikliklər edilmiş, bir sıra qurumların funksiyaları dəqiqləşdirilmiş və statusları genişləndirilmiş, yerlərdə ədliyyə işinin təşkili, bu orqanların fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi məqsədilə regional ədliyyə şöbələri yaradılmışdır. Qeyd edilən sənədlərdən irəli gələn məsələlərin həlli ilə bağlı ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə də çoxsaylı normativ aktlar qəbul edilmiş, nazirlik üzrə təşkilati xarakterli əmrlər verilmişdir.

Ötən illərdə ədliyyə fəaliyyətinin ənənəvi sahələrindən olan notariat orqanlarının da cəmiyyətdə rolu artmışdır. Ölkədə xüsusi notariat institutu təsbit olunaraq əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə yeni iş metodlarının, elm və texnikanın müasir nailiyyətlərinin tətbiqinə xüsusi diqqət yetirilmişdir. “Elektron notariat” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi yaradılmış, notariat kontorları vahid elektron şəbəkəyə birləşdirilmişdir. Sistemin təkmilləşdirilməsi nəticəsində fiziki və hüquqi şəxslərin notariat hərəkətlərinin rəsmiləşdirilməsi ilə əlaqədar müxtəlif qurumlara əlavə müraciət etmək zərurəti aradan qaldırılmışdır.

Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların və digər normativ hüquqi aktların layihələrini hazırlayır, qanunvericilik aktları layihələrinin hüquqi ekspertizasını keçirir, normativ hüquqi aktların uçotunu və qeydiyyatını aparır. Nazirlik əhalinin hüquqi maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin dövlət reyestrini aparır, penitensiar sistemə, notariat orqanlarının və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyətinə rəhbərlik edir. Müstəqil ölkənin ədliyyə qurumu sənədlərin leqallaşdırılmasını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmənin fəaliyyətinin təşkili təminatını, məhkəmə statistikasını, bələdiyyələrə metodoloji yardım və inzibati nəzarəti, ölkə əhalisinin, habelə qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılmasını, bütün növ qeyri-tibb məhkəmə ekspertizalarının keçirilməsini də həyata keçirir.

Nazirlik habelə Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini, o cümlədən cinayət törətmiş şəxslərin və məhkumların verilməsini təmin edir.

Ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək və eyni zamanda, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən şəxslərdən təmizləmək, əməkdaşların peşəkarlığını artırmaq, zəruri kadr ehtiyatı formalaşdırmaq üzrə məqsədyönlü tədbirlər görülür.

Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə hər il Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün – 22 noyabrın ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunması ölkəmizdə hüquq siyasətinin həyata keçirilməsində önəmli yeri olan, insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli rol oynayan ədliyyə işçilərinin əməyinə verilən yüksək qiymətdir.

Ümummilli lider Heydər Əliyevin ədliyyə işçilərinə göstərdiyi dövlət qayğısını son 15 ildə Prezident İlham Əliyev geniş miqyasda davam etdirir. Nazirliyin əməkdaşlarının rifahı getdikcə yaxşılaşdırılır, onlara dövlət mükafatları, fəxri adlar, ali xüsusi rütbələr verilir. Bu diqqət və qayğı ədliyyə işçilərinin məsuliyyət hissini daha da artırır, onları yeni nailiyyətlərə ruhlandırır.

Prezident İlham Əliyevin 19 noyabr 2004-cü il tarixli “Ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsində, milli dövlət quruculuğuna aid mühüm layihələrin hazırlanmasında və xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusi fərqləndiklərinə görə” sərəncamı ilə təltif olunan əməkdaşlar sırasında mənim də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməyimi Azərbaycan ədliyyəsinin 100 illiyinin təntənə ilə qeyd edildiyi günlərdə böyük məmnunluqla yad edirəm və minnətdarlıqla dəyərləndirirəm.

Əlamətdar yubiley ilində ədliyyə orqanlarında islahatlar yeni mərhələdə davam etdirilir. Qarşıdakı illərdə bu islahatların daha sürətlə və keyfiyyətlə aparılması üçün ötən dövrdə zəruri əsaslar yaradılmışdır. Biz notariat işçiləri də bu islahatlarda bilik və bacarığımızı əsirgəməyəcək, ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etməsi, ideyalarının gerçəkləşməsi üçün səylə çalışacaq, həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətə dəstəkləyəcəyik.