Bizim Yol. - 2018.- 6 noyabr. - ¹ 196. - S. 11.

 

Azərbaycan – Fələstin münasibətləri

 

Nəzakət Məmmədova,

politoloq

 

Azərbaycan Prezidenti 4 noyabrda Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib.

Prezident İlham Əliyev: “Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsidir”. – Prezident İlham Əliyev 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmiş və çıxış etmişdir; – Prezident İlham Əliyevin bu tədbirdə iştirakı, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi və islam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. – 2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Bu Fələstin Prezidentinin Azərbaycana ilk səfəri olmuşdur. – 1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir. – 2013-cü ilin 21 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər etmişdir. – 5 noyabr tarixində Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilmişdir. Tədbirdə iştirak üçün Fələstin Dövlətinin Xarici İşlər naziri Riad Əl-Maliki, Fələstin Xarici İşlər Nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər etmişdir. – Fələstin məsələsi uzun müddətdir beynəlxalq gündəlikdə duran ən aktual problemlərdən biridir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörmətin nümunəsidir. – Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəkləyir.

Əvvəlki illərdə də Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi etmişdir. 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda keçirilmişdir. 2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi etmişdir. Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzv dövlətlərindən biridir. 2017 ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə İslam həmrəyliyi ili elan edilmişdir. Həmin ildə ölkəmizin İslam Oyunlarına ev sahibliyi etmişdir. Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olmuş və islam həmrəyliyinə sadiq qalmışdır. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım etmişdir. 29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülmüşdür. 2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq nazirlər toplantısı keçirilmişdir. Nazirlər toplantısı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər komitəsinin iclası keçirilmişdir. Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəkdir.

Bildiyimiz kimi Azərbaycanla Fələstin arasında münasibətlərin yüksəlməsinə təsir edən amillərdən biri İstanbul sammitində ölkəmizin Fələstinə dəstəyini ifadə etməsidir. 2017-ci il dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas, İordaniya Kralı II Abdullah, İran Prezidenti Həsən Ruhaninin də qatıldığı sammitdə Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, ABŞ Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarına Ağ ev yenidən baxmalıdır. Türkiyənin sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı elə bu ölkənin çağırışı ilə toplandı və İstanbul sammitində çox mühüm qərarlar qəbul olundu. İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyada ən nüfuzlu təşkilatlardan biri sayılır, üzv ölkələrin əhalisinin sayına görə və ümumiyyətlə islam aləminin iradəsinin ifadəsinə görə ön sıradadır. Doğrudur, nəinki islam dininə etiqad edən, hətta bir sıra ərəb ölkələri tədbirə qatılmadı, yaxud yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunmadı və bununla da islam dünyasının problemlərinə biganəliklərini nümayiş etdirdilər. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etdi və çox parlaq çıxışı ilə yadda qaldı. Onun bu sammitdə iştirakı və cəsarətli çıxışı bir daha sübut etdi ki, Azərbaycan heç bir qüvvənin iradəsinə tabe olmayan azad, müstəqil siyasət yeridən bir dövlətdir, haqq-ədalət, beynəlxalq hüququn həyata keçməsi yolunda əzmlə çalışır, öz mənəvi dəyərlərinə, bağlı olduğu sivilizasiyaya, dəyərlər sisteminə ehtiramla yanaşır, sədaqət göstərir. Prezident Əliyev çıxışında həm Qüds məsələsinə toxundu, problemin sülh, ədalət və beynəlxalq hüquq prinsipləri çərçivəsində həll edilməsinin zəruriliyinə dair bir sıra əhəmiyyətli çağırışlar etdi, eyni zamanda da Qarabağ münaqişəsi ilə bağlı mühüm məsələlərə toxundu. Prezident vurğulayıb ki, “Dünya müsəlmanları bilməlidirlər ki, məscidlərimizi dağıdan Ermənistan dünya müsəlmanlarının dostu ola bilməz! Ermənistan məscidlər və islam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən boyük riyakarlıqdır!”

Azərbaycanın da imzası olan Qüds sammiti mühüm qərarlar qəbul etdi ki, onların sırasında Fələstinin dövlət, Şərqi Qüdsün isə onun paytaxtı kimi tanınması mühüm hadisə oldu. Türkiyə artıq Fələstindəki daimi nümayəndəliyini səfirliyə çevirəcəyini bəyan edib. Türkiyə bununla 624 il mövcudluğu dövründə tam 400 il islam aləminin liderinin Osmanlı olduğu kimi bu gün də Türkiyə olduğunu göstərdi. Qüds sammitində Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin mövqeyi təəssüf doğurdu. Lakin proseslərə nəzər saldıqda görürük ki, artıq Qüdsün tanınmasına hazırlıq xeyli müddət əvvəl aparılmışdı və bu ölkələr neytrallaşdırılmışdı. Məsələn, Səudiyyə Ərəbistanında amerikapərəst şahzadənin vəliəhd elan olunması, mülayim islama keçidin elan edilməsi, sülalədaxili həbslərin aparılması bu dediklərimizə əyani misallardır. Yaxud Sisi rejiminin hakimiyyətdə olduğu Misirlə ABŞ-ın yaxınlığı, Sisiyə qarşı müxalifətdə olan “Müsəlman Qardaşları” təşkilatı ilə Türkiyənin yaxınlığının ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında radikal islama dəstək kimi göstərilməsi, təşkilatın ABŞ tərəfindən terror təşkilatı kimi tanınmasına hazırlıq və s.

Doğrudur, Qüdsün paytaxt kimi tanınması ABŞ-ın suveren hüququdur, lakin hər bir dövlətin suverenliyi beynəlxalq təşkilatlar, o cümlədən BMT qarşısında götürdüyü öhdəliklərlə məhdudlaşır və dövlətlər bu hüquqlarından sui-istifadə etməməlidirlər. Çünki BMT 1947-ci ildən başlayaraq artıq 70 ildir ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı bir çox qətnamələr qəbul edib. Ələlxüsus, ABŞ Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və İsrail-Fələstin münaqişəsində vasitəçi dövlətdir. Bu addım ilk növbədə ABŞ-ın dünyada və islam dünyasında nüfuzuna xələl gətirib ona etimadın zəifləməsinə səbəb olmaqla yanaşı, Fələstin münaqişəsindəki neytral, tərəfsiz, qərəzsiz vasitəçi statusuna da xələl gətirdi. Bunun nəticəsidir ki, Fələstin artıq ABŞ-ın vasitəçiliyindən imtina edib.