Bakı Xəbər. - 2018.- 6 noyabr. - ¹ 191. - S. 12.

 

Daşnak ermənilərə qarşı yüz il əvvəl Maştağa-Kürdəxanı-Zabrat cəbhəsi...

 

Hər iki Vətənin igid oğulları və ya şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan Azərbaycan...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

1918-ci ilin avqust-sentyabr aylarında Bakı quberniyasının mərkəzi və paytaxt uğrunda  hay-daşnak, bolşevik-rus və ingilis-fransız qüvvələrinə qarşı Azərbaycan Milli Ordusu, könüllü müdafiə dəstələri və 5-ci Qafqaz İslam Ordusunun bölmələri tərəfindən aparılmış şiddətli vuruşmaların getdiyi yerlərdən biri də Maştağa-Kürdəxanı-Zabrat cəbhəsi olub. Bu dövrdə bu cəbhənin qərargahlarından biri  Mərdəkan kəndində yerləşirdi.

Döyüşlərdən sonrakı müddətdə Qazi türk əsgərlərinin bir neçəsi Azərbaycanla bağlı həyatını məhz bu kənddə keçirib ki, onlardan biri də Polad Əfəndi (1896-1967) olub. O, Türkiyənin Trabzon vilayətində Axu kəndində doğulub. Erkən yaşlarından Qara dəniz sahilindəki Hacıbəy şəhəri (indiki Odessa şəhəri) limanında atası ilə birgə liman müəssisələrində işləyib (1914-1916-cı illərdə) və burada bir sıra siyasi təşkilatların tədbirlərində iştirak edib. Nəricədə siyasi əqidəsinin formalaşmasında o dövrün siyasi-hərbi təbəddülatları və yaşadığı mühitin təsiri böyük olub. Bu siyasi dünyagörüşünün izi onun sonrakı ictimai-siyasi həyatına və sosial-fərdi davranışlarına təsirsiz ötüşməyib.

Vətənində olarkən Azərbaycanda mənfur (və əbədi) düşmənlər tərəfindən  törədilən soyqırım faciələrindən xəbər tutan Ər-Polad tərəddüd etmədən sıravi əsgər kimi 5-ci Qafqaz İslam Ordusunun tərkibində döyüşməyi qərara alıb və bu istəyini kerçəkləşdirə bilib. Bu ordunun sıralarında Gəncə, Qarabağ, Göyçay, Şamaxı qəzalarında savaş yaşantıları keçirərək, Bakı şəhəri və onun ətrafındakı (Əmircan-Bülbülə-Qaraçuxur cəbhəsində xüsusilə) döyüşlərdə iştirak edib. Müharibədən sonrakı dövrdə  əldə edilmiş dincliyin, asayişin qorunması, yerli-milli döyüşçü dəstələrinin yetişdirlməsi vəzifələrinə rəğmən, komandan Nuru paşanın tapşırığına əsasən taleyini Azərbaycana bağlayan Polad Əfəndi əvvəlcə paytaxtda, sonra isə Mərdəkan skəndində məskunlaşır. O, rus dilində mükəmməl danışırmış.

Məhz bu amili nəzərə alaraq o, 1922-ci ilin dekabr ayında Moskva şəhərində keçirilmiş Sovetlərin I qurultayının iştirakçısı olub. Oradan qayıtdıqdan sonra Azərbaycan KP MK-nın şöbələrinin birində işləyib. Və qısa müddətdən sonra Zaqatala rayonunda qəza cinayət-axtarış idarəsində məsul vəzifələri yerinə yetirib. Bu etnik-milli tərkibinə görə mürəkkəb nahiyədə o, asayişin bərpa edilməsində, yerli silahlı qruplaşmaların zərərsizləşdirilməsində var qüvvəsini sərf edir. Məsuliyyətli olduğundan və hərbi qaydalara vicdanla əməl etdiyindən, Yenidən Bakı şəhərinə qayıdaraq Mərdəkan kəndindəki Çörəkbişirmə zavodunun müdiri olub (1937-ci ildən sonra). Ağır müharibə illərində bu kəndin, eləcə də ətraf yaşayış yerlərinin çörək-ərzaq qıtlığının ödənilməsində var qüvvəsini əsirgəməyib, xeyirxahlığını hamıya edib, qapısına gələni naümid geri qaytarmayıb.

Siyasi baxışlarının təhlükəsizliyi də nəzərə alınmayaraq, Osmanlı Türkiyəsinin Ordusu tərkibində Azərbaycanın düşmənlərinə qarşı döyüşdüyü üçün 1949-cu ildə Polad Əfəndi sürgünə göndərilir – uzaq Krasnoyarsk ölkəsinə, İrkutsk vilayətinə və bu ağır, üzücü həyatı 1956-cı ilədək davam edir.

Sürgündən qayıtdıqdan sonra siyasi-hüquqi bəraət alıb Ər-Polad.

Sürgünə yola salınmazdan əvvəl daşnak-bolşevik istintaq sorğusunda Polad Əfəndi – “körpə balalarıma kim baxacaq” sorğusunu edir, cavab bu olur:

- Sənin uşaqların azərbaycanlıdır, onlara Azərbaycan baxacaq.

Ər-Polad 1937-ci ildə ailə qurmuşdu Böyükxanım Sadıq qızı Əliyeva (1924-2005) ilə. Bu izdivacdan 4 oğul (Sadəddin (1956), Vaqif (1957), Canpolad (1961), Həsən (1964) və bir qız (Aişə (1947) dünyaya göz açıb. Sürgündən qayıtdıqdan və bəraət aldıqdan sonra da əvvəlki vəzifəsində çalışıb.

1967-ci ildə vəfat edib, Mərdəkan kənd qəbiristanlığında dəfn edilib.

Mərdəkan kəndində yaşayan Qazi türk döyüşçülərindən biri də Şövqü Məhəmmədəli oğlu Qapançızadə (1894) idi. O, Türkiyənin İzmir vilayətindən olub. 5-ci Qafqaz İslam Ordusunun tərkibində gizir (bölük komandiri)  kimi döyüşüb.

Hərbi-döyüş həyatını Ər-Poladla birgə keçən Şövqü Əfəndinin sonrakı həyatı Buzovna kəndi ilə bağlı olub. Bu kənddə mühasibatlıq edib, təsərrüfat işlərində çalışıb. 1923-cü ildə mərdəkanlı Gülzar Hüseynalı qızı (1905-1960) ilə ailə quran Qazi Əfəndi 5 övlad böyüdüb – 4 oğul (Şünasib (1925-1987), Şəfi (1931-1996), Şaiq (1933-2000), Şövkət (1940-2009) və bir qız (Şadiyə (1928-1991).

Keçən əsrin 30-cu illərində Qala-Maştağa inzibati ərazisi üzrə sahə müvəkkili vəzifəsində  işləyib və 1941-ci ildə həbs olunaraq repressiya edilib. Müharibə olacağı təqdirdə həbs oluncağını ailəsinə-doğmalarına bildiribmiş, ürəyinə nəsə damıbmış... Həbsindən sonra ondan heç bir xəbər alınmayıb...

Yalnız keçən əsrin 50-ci illərinin 1-ci yarısında bəraət olunması barədə ailəsinə rəsmi bildirişlə məlumat verilib.

İzmir şəhərində yaşayan bacısı Zəkiyyə ilə yazışması məlum idi. Deyilənə görə, Şövqü Əfəndi Azərbaycana böyük qardaşının yerinə gəlibmiş.

Göyçay qəzasının Qızılağac kəndi düşmən təcavüzünə məruz qalmasa da, 5-ci Qafqaz İslam Ordusunun dəstələri bu kənddə olmuşdu. Kənd sakini Nağı Hacı Məhyəddin (1880-1993) o hadisələr barədə danışarkən türk zabitinin ona müraciətini – “İgid, buradan haylar keçibmi?- sorğusunu unutmadığını bildirir. 1918-ci ildə bu kənddə 20-25 ev olub, hay quldurlarının silahlı basqın xəbərini eşidən kənd əhalisi 2-3 km aralıdakı “Nohur yeri”ndə gizlənib bir neçə gün. Ən ağır döyüşlərin getdiyi Qaraməryəm-Bığır cəbhəsində yaralanan Türk ordusunun əsgəri  Ər-Mıhım bəy kəndin ağsaqqalı Nağı İsmayılovun evində yaşayıb, ibadətlə məşğul olub, məclislərdə “Qurani-Şərif”dən danışarmış. Cümə günləri məscidə gedərmiş Nağı Hacı Məhyəddin oğlu ilə. Bir müddət sonra, 1947-ci ildə qonşu Kürdşaban kənd sakini Nərgiz adlı xanımla evlənir, dünyaya gələn qız körpəsi erkən vəfat etdikdən sonra yoldaşından ayrılaraq tək yaşamalı olur, doğma Vətəninə qayıtmağa inadkarlıqla cəhd edir, amma Dağıstandan geri qaytarılır. Qonşuluqdakı Paşa Babakişi oğlunun (1911-1986) iki mərtəbəli evinin alt qatında yaşayır. İşləmədiyindən el yardımı ilə dolanmalı olur, deyilənə görə Türkiyədəki yaxınlarından da (orada ailəsi qalmışdı) kömək alırmış.

Qulam Nağı oğlu İsmayılovun (1935) Ər-Mıhım bəylə bir xatirəsi Böyük Vətən müharıbəsindən sonrakı illərlə bağlıdır:

- Yay vaxtı Göyçaydan kəndə gəlirdik, piyada. Atamla qazi söhbət edir, mən də kölgə tapan kimi qabağa keçirdim. Atam mənə irad tutdu. Onda iri cüssəli, hündürboylu Ər-Mıhım əfəndi atama söylədi ki, uşaqdı, könlünə dəymə, onsuz da böyüyəndə özü hər şeyi başa düşəcək, axı o, insan balasıdır. O söz hələ də “sırğa kimi” qulağımdadır.

Ər-Mıhım əfəndi rayona gedib-gələndə Cəyirli kəndində yaşayan qazi Osman bəylə görüşərdi, hal-əhvallaşardı. O, söhbətlərində Türkiyədə yaşayan oğlanlarının canlı-cüssəli olduğunu bildirərdi. O illəri xatırlayan  Qulam Nağı oğlunun dediyinə görə, Mıhım bəyin onlarda ən çox xoşladığı yemək plov idi, əllə (“şapalaqla”) yeyər, onu mis sinidə istəyərdi, yağı camla içərdi. Kəndin bütün yığıncaqlarında iştirak edərdi, hüzr məclislərində “Qurani-Kərim”i oxuyardı, xoş avazla. Kənd məscidinin axundu Molla Məhəmməd Hacı İsa oğlu (1876-1956) ilə həmsöhbət olardı, dostluq edərdi. Molla Məhəmməd o qədər sadə insan idi ki, Mıhım əfəndi həm onun sadə həyat tərzi sürdüyünə, həm də irfani biliynə-düşüncəsinə görə ona xüsusi hörmət bəsləyirdi. Molla Məhəmməd kürkünün üstündə namaz qılardı, bunu görən Nağı Hacı Məhyəddin evində saxladığı “Nisə xalçası”nı özü aparıb axundun evunə vermişdi.

Keçən əsrin 50-ci illərinin sonunda ölkə üzrə ümumi siyasi havanın “istiləşməsi” Ər-Mıhım bəyin Türkiyəyə getmək istəyinin reallaşmasına imkan verdiyindən o, Vətənə qayıtmaq qərarına gəlir yaşının 70 illiyində. Səfəröncəsi kənddə hamı ilə halallaşır, sağollaşır və Türkiyəyə yola düşür, bundan sonra ondan heç bir xəbər alınmır...

1918-ci ilin iyun ayında Gəncə yaxınlığındakı cəbhədən sentyabr ayında  Bakı şəhərində düşmən üzərində qələbə zəfərindək döyüşlərdə iştirak edən 5-ci Qafqaz İslam Osmanlı döyüşçüləri Hüseyn İsmayıl oğlu və Əli Mahmud oğlu (onlar dost olduqlarından və bir yerdə vuruşduqlarından axıradək bir yerdə olublar, Ər-Əli Gəncə yaxınlığında ağır yaralanıb) sonrakı həyatlarını da Azərbaycanla bağlayıblar. Ağır döyüşlərdən sonra Maştağa kəndində (bu kənd hay-daşnak və rus-bolşevik silahlılarının qətliamına qarşı Bakıətrafı kəndlərin milli və özünümüdafiə qüvvələrinin səfərbər edilməsində böyük rol oynayıb) Qəzənfər Qədim oğlu (1897-1942) ilə dosluq münasibətləri olan  qazilər keçən əsrin 20-ci illərinin əvvəllərində Cavad qəzasının Rüstəmli kəndində yaşayıblar. Belə ki, Qəzənfərin bacısı Əfruz xanım bu kənddə yaşadığından dostlar bu kəndə gəlib və Ər-Hüseyn burada 1923-cü ildə Güldəstə Cavad qızı ilə (1891-1946) ailə qurub. Onların 1924-cü ildə Kamil (o, 1989-cu ildə vəfat edib) adlı oğulları dünyaya gəlir. Hüseyn əfəndi Güldəstə xanımın əvvəlki ailəsindən olan qız uşaqlarına – Bənövşə Səməd qızına (1906-1985) və Gülüstan Səməd qızına (1913-1993) da atalıq edir.

Ölkədə rus-erməni siyasətinin güzlənən dalğası 20-ci illərin sonunda Azərbaycanda yaşayan  türk qazilərinə qarşı yeni bir cəbhə açdığından, Hüseyn İsmayıl oğlu zorən Türkiyəyə göndərilir və ondan sonra ondan heç bir xəbər alınmır. Ər-Hüseyn Vətənə gedəndə ailəsini də aparmaq istəyib, amma ona icazə verilməyib. Oğul nəvəsi Habil Kamil oğlu İsmayılovun (1957) dediyinə görə, babası Türkiyəyə gedəndə ağır xəstə olub.

Bu kənddə ailə quran türk qazisi Əli Mahmud oğlunun yaxınlarından heç kim qalmadığı üçün onun haqqında  hələlik məlumat toplamaq mümkün olmadı.