Xalq qəzeti. - 2018.- 2 noyabr. - 247. - S. 3.

 

Müstəqil Azərbaycanın ordu quruculuğunda əsaslı dönüşün başlanğıcı

 

Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən 25 il ötür

 

Mehman Süleymanov,

tarix üzrə elmlər doktoru, ehtiyatda olan polkovnik

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması oldu. Ulu öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu.

 

Müstəqil dövlətimizin memarı və qurucusunun rəhbərliyi altında o zaman respublikanın hərbi təhlükəsizliyinin və suverenliyinin qarantı olacaq ordu yaradılmasının dövlət səviyyəsində, mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün qısa müddətdə qəti və təxirəsalınmaz tədbirlər müəyyənləşdirildi. Prezident və Ali Baş Komandan Heydər Əliyevin müstəsna səyləri ilə xalqın və ölkənin bütün imkanları bu mühüm prosesə səfərbər edildi. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində ordu quruculuğu zərərli sapınmalardan xilas edildi. Bu proses dövlətçilik təcrübəsi və milli maraqlar əsasında aparıldı və bununla da ordu quruculuğunun keyfiyyətcə yeni bir mərhələsi başlandı. Həmin mərhələnin başlanğıcı isə dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu.

25 il əvvəl bu taleyüklü müraciət ərəfəsində Azərbaycanda hərbi siyasi şərait son dərəcə kəskinləşmiş, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazilərində apardığı işğalçılıq hücumları xeyli genişlənmişdi. Belə bir şəraitdə xalqın böyük əksəriyyətinin etimadı və iradəsi ilə müstəqil dövlətimizin yeni və həqiqi Prezidenti seçilmiş ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciət etdi və xalqı bu təcavüzə qarşı səfərbər olmağa çağırdı.

Ulu öndər Heydər Əliyev həmin müraciətində təcavüzkarın cilovlanması üçün uyğun xarici siyasət xəttinin seçildiyini və bu xəttin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bəyan etdi. Bununla belə, Ali Baş Komandan öz çağırışında konkret tarixi şəraitdə ölkənin müdafiə qüvvələrinin təşkilatlanmalı olduğunu xüsusi qabartdı və bu sahədə bütün cəmiyyət qarşısında dayanan vəzifələrdən söz açdı.

Doğrudan da, yalnız güclü müdafiə qüvvələri təcavüzkar niyyətlərdən əl çəkməyən düşmənə layiqli müqavimət göstərməklə onu geri çəkilməyə məcbur edər və baş verə biləcək yeni təcavüzlərin qarşısını ala bilərdi. Ölkə Prezidenti xalqa müraciətində Azərbaycanın müstəqilliyinin etibarlı şəkildə qorunmasını da təcili olaraq belə qüvvələrin formalaşdırılması ilə bağlayırdı. O bildirirdi ki, ölkənin xarici siyasətinin hansı səviyyədə qurulmasından asılı olmayaraq Azərbaycan xalqı güclü silahlı qüvvələrin təşkilinə nail olmalı və respublikanın ərazi bütövlüyünə etibarlı təminat yaratmalıdır.

Tarixi müraciətində Prezident Heydər Əliyev təəssüflə qeyd edirdi ki, aparılan naşı və məsuliyyətsiz siyasət nəticəsində Azərbaycanın müdafiə qüvvələri hələ də formalaşmamışdır və ölkənin keçirdiyi ağır hərbi böhranın əsas səbəblərindən biri də güclü ordunun olmamasıdır. Böyük siyasətçi və təcrübəli dövlət xadimi Heydər Əliyev öz müraciətində müxtəsər şəkildə Azərbaycanda ordunun təşkil edilməməsinin səbəblərini açıqladı, ölkənin müdafiə qüvvələrinin böhranlı vəziyyətdən çıxarılmasının yollarını göstərirdi.

Tarixi xilaskarlıq missiyasına böyük məsuliyyətlə yanaşan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qazanılmasından sonra bu sahəyə lazımi diqqət ayrılmamasını dözülməz hal kimi dəyərləndirdi. Ulu öndər bildirirdi ki, əgər SSRİ tərkibində olarkən Azərbaycanın milli hüquqlarının qorunmasında təbii maneələr mövcud idisə, respublikanın müstəqilliyinin bərpasından sonra dövlət rəhbərliyi müvafiq tədbirlər görə bilərdilər.

Ali Baş Komandan Heydər Əliyev Azərbaycan ordusunun böhranlı vəziyyətə düşməsini konkret faktlarla açıb göstərir, belə bir vəziyyətin milli və dövlət maraqlarına cavab vermədiyini vurğulayırdı.

Respublika rəhbərinin xalq qarşısında çıxışında əksini tapmış geniş təhlil göstərirdi ki, mlli müdafiə qüvvələrinin kifayət qədər zəifləməsinin səbəblərindən biri də o zamankı Müdafiə Nazirliyinin fəaliyyətində, ordu hissələrinin təşkilində, hərbi əməliyyatların aparılmasında sistemliliyin olmaması idi.

Azərbaycanda mürəkkəb hərbi-siyasi şəraitin yaranmasının səbəblərindən danışan Heydər Əliyev cəmiyyətdəki qeyri-sabitliyə də toxunur, bu vəziyyəti geniş təhlil edir və naşı, xəyanətkar qüvvələrin ölkənin müdafiə qüvvələrinin parçalanmasına göstərdiyi mənfi təsiri ictimaiyyətin diqqətinə çatdırırdı. Ulu öndər müraciətində bütün xalqı, dünyabaxışından asılı olmayaraq bütün siyasi qüvvələri yaranmış olan vəziyyəti reallıqla qiymətləndirməyə, əl-ələ verərək Azərbaycanı ağır vəziyyətdən çıxarmağa çağırırdı.

Dövlət rəhbərinin qənaəti belə idi ki, qarşılarına qoyduqları məqsəddən asılı olmayaraq respublikanın işğal olunmuş ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsi bütün siyasi qüvvələri birləşdirən ümumi vəzifə olmalıdır: Mən Prezident kimi Azərbaycan Respublikasında dünyabaxışından asılı olmayaraq bütün qüvvələri əl-ələ verib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa dəvət edirəm. İndi Azərbaycan üçün bir amal, bir məqsəd var. Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü, müdafiəsini təşkil etmək.

Dövlət rəhbəri hələ heç də hər şeyin itirilməsi fikri ilə razılaşmırdı və yaranmış vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları olduğunu inamla vurğulayırdı: Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları var. Lakin bundan ötrü gərək xalq bir məqsədə xidmət etsin. Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaş üçün, hər bir azərbaycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır. Qalan hisslər, duyğular, qalan cəhdlər hamısı bir kənara qoyulmalıdır.

Ulu öndər Heydər Əliyev yaranmış vəziyyətin tezliklə aradan qaldırılması üçün ilk növbədə xalqa müraciət edirdi, xalqı səfərbər olmağa çağırırdı. Respublika rəhbəri qeyd edirdi ki, Azərbaycanın gələcək taleyi, onun mövcud olub-olmayacağı xalqın öz əlindədir və düşmən tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azərbaycanlılardan başqa, kimsə azad etməyəcəkdir: Hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur.

Prezident xalqa müraciətində bütün ictimaiyyəti, ilk növbədə isə işğal olunmuş rayonların əhalisini bu ruhda kökləməyə, praktiki fəaliyyət göstərməyə çağıırırdı. Onun fikrincə, Laçının, Şuşanın, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın hörmətli və nüfuzlu şəxsləri öz qüvvələrini toplayaraq yerli gənclərin orduya səfərbər olunmasında dövlət orqanları ilə daha yaxından əməkdaşlıq etməli, səfərbərlik işində buraxılmış nöqsanları aradan qaldırmaqda, müdafiə qüvvələrini möhkəmləndirməkdə kömək etməli idilər.

Ölkənin bu gününün və sabahının ümidi kimi qiymətləndirdiyi gənclərin ayrı-ayrı hissələrinin Vətənin çətin günündə müftəxor həyat tərzi seçmələrini Heydər Əliyev xalqın milli tarixi köklərindən, adət və ənənələrindən uzaq düşməsi kimi xarakterizə edir və haqlı olaraq onlara bildirirdi ki, bu torpaq, Vətən hamınındır, hamı da eyni əzmkarlıqla onu qorumalı, yolunda canından keçməyə hazır olmalıdır.

Respublikanın ağır vəziyyətdən çıxarılmasında, xalqın mübariz əhval-ruhiyyəyə köklənməsində Heydər Əliyev ziyalıların da üzərinə məsuliyyətli vəzifələr düşdüyünü qeyd edirdi. Dövlət rəhbəri əminliyini bildirirdi ki, xalqın potensialının reallaşdırılmasında, onun döyüşgənlik və qəhrəmanlıq ənənələrinin özünə qaytarılmasında respublika ziyalıları məqsədyönlü iş görə bilərlər: Doğrudan da Azərbaycan xalqının potensialı, həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Biz bu potensialdan səmərəli istifadə etməliyik. Bu sahədə ziyalılarımız daha fəal çalışmalıdırlar. Prezident ordunun şəxsi heyətinin mənəvi əhval-ruhiyyəsinin formalaşdırılmasında din xadimlərinin də faydalı işlər görə biləcəyini yüksək qiymətləndirirdi.

Böyük xilaskarımız Heydər Əliyevin tarixi müraciəti Ermənistanın Azərbaycana təcavüzü başlayan gündən dövlət rəhbəri səviyyəsində Azərbaycan xalqını mübarizəyə səsləyən, Vətən müharibəsinə səfərbər olmağa çağıran ilk müraciət idi. O zaman bu qətiyyətli çağırış Azərbaycan xalqında böyük əks-səda doğurdu, cəmiyyətdə bir canlanma yaratdı və ölkə Prezidentinin səyləri cəmiyyətin əksər təbəqələri tərəfindən müdafiə olundu.

Bu müraciət həm də hərb quruculuğu sahəsində yaxın və uzaq gələcək üçün Azərbaycan xalqının qarşısında dayanan proqram sənədinə çevrildi və bu cəhətinə görə Prezident Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciəti Azərbaycanın hərb quruculuğunda böyük praktiki və tarixi əhəmiyyətə malikdir.

Bu taleyüklü müraciətin dolğun və bütöv şəkildə ifadəsini, onun mühüm dövlət sənədinə çevrilməsini şərtləndirən amillərdən birini Heydər Əliyevin hərb quruculuğunun bütün sahələrinə kifayət qədər elmi şəkildə yanaşması və onları dövlətçilik təcrübəsi baxımından dəqiq şərh etməsi idi. Həmin çıxışında xalqımızın müdrik rəhbəri Heydər Əliyev hərb quruculuğunun qanunauyğunluqlarının, bu prosesin əhatə etdiyi məsələlərin konkret Azərbaycan şəraitində təzahürünün incəliklərini əsaslı şəkildə açıqlayaraq, bu istiqamətdə mövcud nöqsanların nədən doğduğunu və onların necə aradan qaldırılmasının yollarını tutarlı, əsaslı və eyni zamanda anlaşıqlı və inandırıcı şəkildə xalqa, ictimaiyyətə çatdırmışdı.

Ali Baş Komandan uzun müddət üçün Azərbaycanın etibarlı müdafiəsi baxımından zəruri olan çoxsaylı mühüm problemlərə toxunmuşdu. Yalnız bu təxirəsalınmaz vəzifələrin vaxtında və keyfiyyətli icrası Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsini təmin edə bilərdi. Bu baxımdan Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciəti təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində tarixi önəm daşıyan proqram səciyyəli çıxışıdır.