Xalq qəzeti. - 2018.- 1 noyabr. - ¹ 246. - S. 1-2.

 

Azərbaycanın dinamik inkişafının yeni mərhələsi 15 il əvvəl – oktyabrın 31-dən başlamışdır

 

Elçin Əhmədov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına  söz verirəm ki,  bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan  dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm.

 

Prezident İlham ƏLİYEVİN andiçmə mərasimindəki nitqindən

 

2003-cü ildən keçən on beş il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafının, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır.

 

Yeni inkişaf mərhələsi

 

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına bu müddətdə 250 milyard dollardan çox sərmayə qoyulmuşdur. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, “qara qızıl” insan kapitalına çevrilmişdir.

Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olmuş və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilmişdir.

2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin – “Azerspace 1”in orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün olmaqla yanaşı respublikamızı kosmik ölkələr sırasına daxil etmişdir. 2014-cü ildə Azərbaycan ikinci müşahidə peykinə sahib olmuşdur.  “Azersky” peyki Yer səthini yüksək dəqiqliklə müşahidə edir. Dünyada cəmi 20 ölkə belə peyklərə malikdir ki, bu da çox böyük uğur olmaqla yanaşı, ölkəmizin sürətli inkişafının göstəricisidir. Bu il sentyabrın 26-da isə daha bir telekommunikasiya peyki – “Azerspace 2” orbitə çıxarılmışdır.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlanmışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün mühüm vasitə olacaqdır.

Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənilməsinə imkan verəcək. Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, "Şahdəniz- 2" enerji layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. Azərbaycan 20 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdırsa, "Şahdəniz- 2" XXI əsrin ən iri enerji layihəsidir.

 

Xarici siyasət, mədəni-humanitar və idman sahələrində qazanılan uğurlar

 

Ölkəmiz Avropa təhlükəsizlik  arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa Qonşuluq Siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında  enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə Aİ-nin “Şərq tərəfdaşlığı” proqramına qoşulmuşdur.

Bununla yanaşı, 2011-ci il oktyabrın 24-də  Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini alaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması  Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan, son  illər ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla yanaşı, 2011-ci ilin may ayında 120 dövlətin daxil olduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir. 2015-ci il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində “G-20” sammitində Azərbaycanın “Böyük iyirmilik” tədbirlərində iştirakı mühüm əhəmiyyət kəsb edir. “Böyük iyirmiliy”in hər il keçirilən Zirvə toplantısı ilin əsas iqtisadi hadisəsi hesab olunur və dünyanın aparıcı iqtisadi, hərbi, siyasi gücə malik dövlətləri bu toplantıda təmsil olunurlar. Azərbaycanın dövlət başçısının G-20 Liderlərinin Sammitində iştirakı və diqqəti cəlb edən çıxışı artıq ölkəmizin regionda, eləcə də dünyada əsas aktorlardan birinə çevrildiyini göstərir.

Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. 2011-ci, 2013-cü, 2015, eləcə də 2017-ci illərdə 4 dəfə ümumdünya mədəniyyətlərarası dialoq forumları yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılmışdır.

Ölkəmizdə keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda, V Qlobal Bakı Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər.

2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də təsadüfi olmamışdır. Belə ki, “Bakı-2015” ilk Avropa Oyunları idman tarixində yeni maraqlı səhifə açmışdır. Həmçinin dörd ildən sonra keçiriləcək növbəti Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdirilmişdir. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olmuşdur.

Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etmişdir. İki il ərzində hər iki mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir.

 

“Regionda strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”

 

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ərazilərimizin işğalı faktını nəzərə alaraq, ordu quruculuğu prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Bu gün Azərbaycan Ordusu maddi-texniki, silah-sursat təchizatı, döyüş qabiliyyəti göstəricilərinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Yəni, bu, onu göstərir ki, ordu quruculuğu Azərbaycan dövlətinin prioritet məsələsidir. Bununla yanaşı, 2005-ci ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi təsis olunmuş, hərbi təyinatlı müəssisələr işə salınmışdır. Həmin müəssisələrdə bu gün 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. Hazırda 20-dən çox ölkənin müvafiq qurumlarına Azərbaycan istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin xarici siyasətinin əsas prioritetlərindəni biri olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Ölkəmizin  artan siyasi fəallığının nəticəsi kimi, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, işğal edilmiş ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olundu.

Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.  Son zamanlar isə, NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının vacibliyi bildirilir.

Dövlət başçısı  Ermənistanın sülh istəmədiyini, status-kvonu nə qədər çox mümkündürsə, saxlamaq istədiyini, işğal olunmuş torpaqlardan çəkilmək fikri olmadığını vurğulayaraq, təcavüzkar dövlətin yalnız vaxt uzatmaqla məşğul olduğunu və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istədiyini bildirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamasının əsas səbəbinin təkcə təcavüzkar Ermənistan deyil, eləcə də onun himayədarlarının da rolunun böyük olduğunu bildirmişdir:

“...Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi...Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır”.

Prezident İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü  təmin olunmaqla münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri dahada artırmışdır: “Biz isə öz siyasətimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”. Eyni zamanda, dövlət başçısı bəyan  etmişdir ki, Dağlıq Qarabağa heç vaxt  müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.

2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək, işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında 2 min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırmışdır. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürülmüşdür.

Dövlət başçımız 2016-cı ilin aprel döyüşlərini  tariximizin şanlı səhifəsi adlandıraraq demişdir:

“...Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik...Əgər aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu son 15 ildə Prezident İlham Əliyevin dinamik şəkildə və novatorcasına inkişaf etdirməsi nəticəsində Azərbaycan çox böyük uğurlara imza atmış ölkəmizin dünya birliyində mövqeləri yüksələmişdir. Həmin siyasət dövlətimiz və xalqımız üçün çox vacib olan problem –  işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə və ərazi bütövlüyünün bərpa olunacağına  olan ümidləri daha da artırmış perspektivdə Azərbaycanın ən qüdrətli dövlətlər sırasında duracağını  şərtləndirmişdir.