Yeni Azərbaycan. - 2018.- 31 oktyabr. - ¹ 206. - S. 3.

 

Müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail olub

 

Prezident İlham Əliyev: Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir

 

Mübariz Abdullayev

 

Müasir dünyanın reallıqları fonunda humanitar məsələlərlə bağlı müzakirələr aparılması, bu sahədə qazanılan uğurların dəyərləndirilməsi və problemlərin həlli yollarının araşdırılması mühüm çağırışlardan birinə çevrilib. Bu baxımdan Azərbaycanın öz imkanlarını təqdim edərək ölkələr və xalqlar arasında humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək səyləri təqdirəlayiqdir. Respublikamız o mövqedən çıxış edir ki, qlobal miqyasda humanitar-mədəni əməkdaşlığın əhatə dairəsinin genişlənməsi öz növbəsində dövlətlər arasında qarşılıqlı inamın yaranmasına, sabitliyə, müxtəlif sivilizasiyalara qarşı yönələn təhdidlərin aradan qaldırılmasına, ölkələrin öz potensialını qarşıdurmalara deyil, sosial-iqtisadi inkişafa yönəltmələrinə, həmçinin cəmiyyətlərin mühafizəkar meyillərdən uzaqlaşmasına, demokratik dəyərlərin həyat norması kimi qəbul edilməsinə öz müsbət təsirini göstərir. İndiyədək ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib ki, bu da Azərbaycanın niyyətini, həyata keçirdiyi siyasətin mahiyyətini bütün dünyaya nümayiş etdirir.

Ötən həftə isə respublikamızın paytaxtı humanitar əməkdaşlıq sahəsində qlobal platformaya çevrilən daha bir mühüm tədbirə - VI Bakı Beynəlxalq Humanitar Forumuna böyük uğurla ev sahibliyi edib. VI Bakı Beynəlxalq Humanitar Forumu bir sıra önəmli cəhətləri ilə yanaşı, ölkəmizin müstəqillik illərində dövlət quruculuğu, cəmiyyətin demokratikləşməsi, sosial-iqtisadi inkişaf sahəsində qazandığı nailiyyətlətin təbliği baxımından da böyük əhəmiyyət daşıyır. Forumda dərinməzmunlu nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqəti ölkəmizin müsbət reallıqlarına yönəldərək vurğulayıb ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir. Respublikamızın davamlı və hərtərəfli inkişafının təməlində ölkədəki sabitliyin, vətəndaş həmrəyliyinin dayandığını bildirən dövlət başçısı “Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir”, - deyə vurğulayıb.

VI Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığın möhkəmlənməsinə güclü dəstək verdiyini bir daha nümayiş etdirdi

Ölkəmizin paytaxtı Bakının ev sahibliyi etdiyi VI Bakı Beynəlxalq Humanitar Forumu dünyanın nəzərini yenidən Azərbaycana yönəltdi. Tədbirə dünyanın təxminən 90-dan çox ölkəsindən 400-dən artıq qonaq qatılmışdı. Bütövlükdə, VI Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanındığını bir daha təsdiqlədi.

Məlumdur ki, son 15 ildə Azərbaycan ardıcıllıqla həyata keçirdiyi çoxvektorlu xarici siyasət sayəsində daim regional və qlobal əməkdaşlığın dərinləşməsinə, sivilizasiyalar arasında etimad və dialoq mühitinin möhkəmlənməsinə öz töhfəsini verməyə çalışıb. Forumda da bildirildiyi kimi, respublikamızın xarici siyasət kursunda region ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi xüsusi yer tutur. Qonşu dövlətlər olan Azərbaycanla Gürcüstanın siyasi və iqtisadi maraqları üst-üstə düşür. Gürcüstan regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində yer alır. Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur.

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. İki qardaş ölkəni eyni zamanda müxtəlif layihələrdə fəal təmsilçilik, ortaq maraqlar birləşdirir. Cari ildə TANAP-ın istifadəyə verilməsi, “Star” neft emalı zavodu kimi nəhəng müəssisənin işə salınması iki qardaş ölkənin gücünü və bir-birinə olan böyük inamını bir daha təsdiqləyir.

Azərbaycanla İran arasında münasibətlərin möhkəmlənməsi də regional əməkdaşlığın dərinləşməsinə yaxşı nümunədir. Son illərdə Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 70 faizədək artması məmnunluq doğurur.

Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Bura həm siyasi, həm də iqtisadi və humanitar sferalar daxildir.

Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək verib. Öz növbəsində Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Prezident İlham Əliyev Azərbaycanın qonşu dövlətlərlə səmimi, mehriban dostluq münasibətləri qurmasından məmnunluğunu bildirərək deyib: “Hesab edirəm ki, xarici siyasətlə bağlı apardığımız işlər gözəl nəticələrə gətirib çıxarır. İlk növbədə, biz qonşu ölkələrlə çox səmimi, mehriban qonşuluq, dostluq münasibətləri qura bilmişik. Hər bir ölkə üçün onun qonşuları ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim münasibətlərimiz çox yüksək səviyyədədir, həm siyasi, iqtisadi, bütün başqa sahələrdə, o cümlədən humanitar əməkdaşlıq sahəsində”.

Son 15 ildə ardıcıllıqla həyata keçirilən siyasət sayəsində Cənubi Qafqaz coğrafiyasında lider dövlətə çevrilən Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. İndiyədək respublikamız Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub və müvafiq sənədlər imzalayıb.

İslam aləmi ilə sıx münasibətlər qurulması Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ildə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib.

Azərbaycanın milli maraqlara əsaslanaraq apardığı xarici siyasət öz növbəsində respublikamıza beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Bunu qürur hissi ilə nəzərə çatdıran Prezident İlham Əliyev bildirib ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycanda görülən işlərə yüksək qiymət verir, Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır.

Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, qısa müstəqillik tarixində respublikamız 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Ölkəmiz həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür.

Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib

Forum çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın demokratik cəmiyyət quruculuğu sahəsində qazandığı uğurlar xüsusi vurğulanıb. Məlum olduğu kimi, Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. O cümlədən ölkədə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Respublikamızın demokratik inkişaf sahəsində qazandığı uğurları nəzərə çatdıran Prezident İlham Əliyev “Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir”, - deyə vurğulayıb.

Son 15 ildə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda vətəndaş cəmiyyətinin fəallığı və siyasi palitranın rəngarəngliyi yüksək səviyyədə təmin edilib. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (4 mindən çox qeyri-kommersiya təşkilatı), 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları mövcuddur.

Bu gün qürur hissi ilə vurğulaya bilərik ki, Azərbaycan söz və məlumat azadlığının ən yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında yer alır. Hazırda ölkədə KİV-lərin ümumi sayı 5 mini, Az. domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 20 mini ötüb. Ölkədə 11 ümumrespublika, 4 peyk, 13 regional, 17 kabel, 25 internet (İP) televiziyası, 16 radio fəaliyyət göstərir.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan demokratik inkişaf yolunu heç də kimə isə xoş gəlmək üçün seçməyib. Ölkəmiz demokratiyaya ona görə sadiqlik nümayiş etdirir ki, respublikada siyasi islahatlar daha da dərinləşsin. Yeri gəlmişkən qeyd edək ki, son 15 ildə respublikamızda zamanın dəyişən tələbləri fonunda yaranan çağırışlara uyğun olaraq davamlı siyasi islahatlar reallaşdırılıb. Konstitusiya islahatları, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, daha çevik idarəçilik institutunun yaradılması və onun funksionallığının təmin edilməsi respublikamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməsini təmin edib. Respublikanın qarşısında geniş perspektivlər yaranıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir.

Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templəri nümayiş etdirib

Eyni zamanda, son 15 ildə respublikamızda milli inkişafın real əsaslarının yaradılması - güclü iqtisadiyyat qurulması üçün bütün şərtlər təmin edilib. Belə ki, qlobal miqyasda meydana çıxan çağırışlara və ölkənin reallıqlarına uyğun şəkildə genişmiqyaslı islahatlar aparılıb, iqtisadiyyatın ayrı-ayrı sektorlarının maliyyə təminatı möhkəmləndirilib. Hazırda respublikamızda dövlət başçısının imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin uğurla icra edilməsi ölkədə reallaşdırılan islahatların səmərəliliyini daha da artırır.

Forumda son 15 ildə Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar diqqətə çatdırılıb. Səsləndirilən statistik göstəricilər ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. Məqsədyönlü yanaşmanın nəticəsidir ki, respublikamızda bazar iqtisadiyyatına transformasiya prosesi uğurla başa çatıb. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb.

Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan ölkədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsini hədəfləyib. İqtisadi sektorda aparılan islahatlar da ilk növbədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılması, innovativ əsaslı sənaye quruculuğu, aqrar sektorda yeni yanaşmaların tətbiqi kimi mühüm məsələləri əhatə edir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı reallaşdırılan siyasi və maddi dəstək tədbirləri öz müsbət nəticəsini verir. Ötən 15 ildə respublikamızda qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişaf sahəsində qazandığı uğurları yüksək qiymətləndirib. Dövlət başçısı belə bir mühüm məqamı nəzərə çatdırıb ki, iqtisadi müstəqilliyini təmin etməsi ölkənin siyasi müstəqilliyini möhkəmləndirir: “Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib. Mən hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq”.

Hazırda Azərbaycanda makroiqtisadi sabitlik çox yüksək səviyyədədir. Ölkənin xarici borcu ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Eyni zamanda, respublikanın təxminən 45 milyard dollar həcmində olan strateji valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur. Bu, o deməkdir ki, respublikamız xarici borcunu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilər.

Azərbaycanın müsbət reallıqlarından biri də ondan ibarətdir ki, ölkəmizdə münbit sərmayə mühiti var. Bunun nəticəsidir ki, respublika iqtisadiyyatına bütün mənbələrdən investisiya qoyuluşu getdikcə artır. Milli iqtisadiyyatımıza sərmayə qoyuluşunun artmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir. Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulubdur ki, bu sərmayənin yarısı xaricdən gələn vəsaitdir”, - deyə vurğulayıb.

Bu məqamda belə bir cəhəti də vurğulamaq yerinə düşər ki, ölkəmizdə güclü iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. Azərbaycanda sosial sahəyə böyük diqqət göstərilir. Ölkəmizi fərqləndirən bu amilə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, iqtisadi sahədə aparılan köklü islahatlar, əlbəttə ki, sosial sahəyə də müsbət təsir göstərib. “Biz ardıcıl siyasət aparmaqla həm iqtisadi islahatları dərinləşdiririk, həm də sosial sahədə lazım olan addımları atırıq”, - deyə dövlət başçısı vurğulayıb.

“ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli addımdır

Müasir dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycanda innovativ tətbiqlərə daim “yaşıl işıq” yandırılır. Respublikamızda altı il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladı. İndiyədək respublikamızda 5-i Bakıda, 10-u bölgələrdə olmaqla 15 “ASAN xidmət” mərkəzi yaradılıb. Bu mərkəzlərdə bir binada vətəndaşlara 300-dən çox xidmət göstərilir. Daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev vurğulayıb ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür.

Respublikamızda “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti böyük vətəndaş məmnunluğu yaradır. Forumda vurğulandığı kimi, ölkəmizdə vətəndaşların “ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilaba çevrilib. “İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulubdur. Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olmuşdur və onların mütləq əksəriyyəti təmin edilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Əlamətdar haldır ki, bu gün “ASAN” dünyada məhz Azərbaycan brendi kimi tanınır. Özünəməxsus hüquqi strukturu olan bu model Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyni adlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” ISO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara və bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Azərbaycan dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilib

Son illərdə əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan özünü dünyaya geniş imkanlara malik tranzit ölkə kimi təqdim edir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin respublikamızın ərazisindən keçməsi, möhkəm daxili sabitlik, coğrafi üstünlüklər, həmçinin dövlətin güclü siyasi iradəsi və bu kimi digər amillər ölkəmizin regionda özünü nəqliyyat daşımaları üçün son dərəcə əlverişli məkan kimi təqdim etməsini şərtləndirir. Respublikamızın mühüm nəqliyyat mərkəzinə çevrilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib: “Biz bir neçə il bundan əvvəl nəqliyyat sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan nəinki bu bölgədə, dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilsin. Bu məqsədə doğru ardıcıl olaraq getməyə başlanmışdır və bu gün tam əminliklə deyə bilərəm ki, biz buna nail ola bilmişik”.

Azərbaycanın regionda çox önəmli tranzit məkanına çevrilməsində ötən 15 ildə yaradılan müasir nəqliyyat infrastrukturu mühüm rol oynayıb. Bəhs olunan dövrdə ölkə miqyasında 6 beynəlxalq hava limanı tikilib. Azərbaycanı bütün qonşu dövlətlərlə bağlayan və ölkəmizin əsas hissəsini əhatə edən dəmir yolları yüksək səviyyədə yenidən qurulub. Son 15 ildə respublika miqyasında 15 min kilometrdən çox avtomobil yolları çəkilib, yüzlərlə körpü, yol ötürücüləri tikilib. Bu gün Azərbaycan Xəzər dənizində 200-dən çox gəmisi olan ən böyük ticarət donanmasına malikdir. Nəhayət, cari ildə Xəzərin Azərbaycan sahilində böyük ticarət limanı istifadəyə verilib. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında daşımaları əhəmiyyətli dərəcədə asanlaşdırıb. Prezident İlham Əliyev diqqəti regionda yaradılan nəqliyyat, enerji və digər təyinatlı infrastruktur layihələrinin önəminə çəkərək bildirib: “Bizim enerji, nəqliyyat, infrastruktur layihələrimiz ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır”.

Regionda mühüm nəqliyyat, enerji və digər təyinatlı infrastrukturun yaradılmasından söhbət açarkən burada Azərbaycanın aparıcı rolunu xüsusi qeyd etmək lazımdır. Əlamətdar haldır ki, regionda reallaşdırılan bütün qlobal əhəmiyyətli layihələrin hamısında iştirak edən yeganə ölkə məhz Azərbaycandır. Respublikamız regionda bütün irimiqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində moderatorluğu öz üzərinə götürüb, layihələrə siyasi və maddi dəstək göstərib.