Xalq qəzeti. - 2018.- 28 oktyabr. - ¹ 243. - S. 4.

 

Azərbaycan-Türkiyə: bir ananın iki övladı

 

Türkiyə Cümhuriyyəti – 95

 

Namiq Əhmədov,

 

Böyük Atatürkün dühası və qəhrəmanlıq mücadiləsi sayəsində 95 il əvvəl 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti quruldu. Qurtuluş savaşından sonra, çox mürəkkəb və ziddiyətli bir beynəlxalq vəziyyətdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən önəmli hadisələrindən idi. Möhtəşəm tarixə malik Osmanlı imperatorluğunun dövlətçilik ənənələrindən bəhrələnmiş yeni dövlət türk millətinin suverenliyini və hüquqlarının aliliyini əsas götürməklə XXI əsrdə beynəlxalq aləmin ən öndə gedən ölkələrindən birinə çevrilmişdir. Şərq ilə Qərb, İslam və xristian ölkələri arasında oynadığı körpü rolu, eyni zamanda, əlverişli coğrafi mövqeyi Türkiyəyə dünyada geostrateji önəm qazandırmışdır.

 

Əlaqələrin milli-tarixi kökləri

 

Türkiyə və Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi, ilk növbədə, tarixi təməllərə söykənir. 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həmlələrdən müdafəsində və möhkəmlənməsində o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak etmişdir. Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə aparılan ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakının “Sentrokaspi diktaturası”ndan – menşevik-eser və daşnak qoşunlarından azad olunduğu 15 Sentyabr tariximizin ən şanlı səhifələrindəndir.

100 il sonra – 2018-ci ilin 15 sentyabrında Bakının Azadlıq Meydanında düzənlənən möhtəşəm paradda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycan Xalq Cümhuriyyətinin milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafələrində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirakları və çıxışları bu mühüm tarixə verilən böyük dəyər və Azərbaycan-Türkiyə birliyinin təsdiqi idi. Paraddakı çıxışında Prezident İlham Əliyev dedi: “Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm”.

 

Müasir dövrdəki münasibətlər

 

Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir. İki dövlət arasında münasibətlərin yeni və əsas mərhələsi 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra başlanmışdır. Türkiyə Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk ölkə olmuşdur.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi. Təsadüfi deyil ki, bu birlik, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradır.

Regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan Türkiyə və Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək, beynəlxalq ictimaiyyəti ən mühüm problemimiz olan Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırır və rəsmi Ankara daim Azərbaycanın yanında olduğunu bəyan edir.

Dünyanin şahidlik etdiyi ən mötəbər tədbirlərdə bu birlik dəfələrlə təsdiq olunaraq, günümüzün reallığına çevrilmişdir. Hələ 25 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqının Praqada keçirilən “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitindəki çıxışında Ermənistan prezidentinin Türkiyəni təhdid edən çıxışına cavab olaraq deyirdi: “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam...” deyimi uzun illər nəinki Azərbaycan və Türkiyə mətbuatının, eləcə də dünya mətbuatının gündəmindən düşmədi. Yaxud Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Kızılayda mülki əhaliyə qarşı törədilən terror aktı nəticəsində təxirə salınması Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Ankarada təşkil olundu. Azərbaycan Prezidentinin bu cəsarətli addımını Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bu cür qiymətləndirdi: “ Millətimizin və ölkəmizin bu çətin günündə – Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı həqiqətən çox ciddi terror aktı –terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyiniz həmrəyliyə görə öz adımdan və millətimiz adından təşəkkür edirəm. Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm”.

Azərbaycanla Türkiyə arasında mədəni-humanitar əlaqələr də sürətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3000 nəfərdən çoxdur. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan Ordusu üçün zabit kadrlarının hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynamışdır.

 

Yeni tarixi çağırışlar

 

Azərbaycanın Türkiyənin terrorla mücadiləsini dəstəkləməsi hər iki ölkənin ortaq və strateji maraqlarından irəli gəlir. Müstəqilliyimizin yeni elan edildiyi vaxtlarda, bir az da dəqiq desək, 1993-cü ildə ABŞ, Almaniya, Kanada, Avstraliya, Yeni Zellandiya və Britaniya PKK-nı dünyada fəaliyyət göstərən terrorçu qruplar siyahısına daxil etdi. Bu, əslində, strateji baxımdan NATO-nun önəmli üzvlərindən olan Türkiyənin istəyi və təkidi əsasında baş tutdu. 1998-ci ildə Qırğız Respublikası, 2001-ci ildən isə Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıdı. Azərbaycan da rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə Türkiyə dövlətinin və xalqının yanındadır. Bu barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev deyir: “Biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir”.

Türkiyə və Azərbaycanın düşmənlərinin öz çirkin niyyətlərini həyata keçirmək üçün əlverişli ərazi kimi Ermənistanı seçməsi və burada toplaşması heç də təsadüfi deyil. Birincisi, Ermənistan PKK-nı terrorçu təşkilat kimi tanımır. İkincisi, ermənilərlə PKK-çıların mübarizəsi, məqsəd və strategiyaları da tam oxşardır. Hər ikisi Qara dəniz və Aralıq dənizi sahillərində mövqelənmək niyyətindədir. Türkiyə və Azərbaycana qarşı ərazi iddaları, milli düşmənçilik kimi hədəflər bu qüvvələri birləşdirir. Bunlar özlüyündə terrorun dövlət səviyyəsində dəstəklənməsini ortaya qoyan faktlardır. Hətta Ermənistanın dövlət rəhbərləri tərəfindən dəfələrlə səsləndirilmiş bu kimi iddialar xəstə bir təxayülün məhsulu olduğu da göz önündədir. Ermənistan prezidentinin “Qarabağı biz azad etdik, Ağrını da gələcək nəsillər geri alacaq” kimi sərsəm bəyanatları ağıllı düşüncənin məhsulu ola bilərmi?

Azərbaycanın terrora və terrorizmə qarşı mübarizəsi və tutduğu yol daim birmənalı olmuşdur. Prezident İlham Əliyev demişdir: “Terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır”.

 

Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe

 

Türkiyənin beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili standartların yaratdığı problemləri aradan qaldırmağa çalışması günümüzün reallıqlarındandır. Təəssüf ki, SSRİ-nin süqutundan sonra terrora ən çox məruz qalan respublikalardan olan Azərbaycan bu gün də dünyanın ikili standartları ilə üz-üzədir. Erməni terror təşkilatlarının bir-birinin ardınca törətdikləri terror aktları nəticəsində 2500-dən artıq soydaşımız qətlə yetirilmiş, çoxlu sayda günahsız insan ömürlük şikəst olmuşdur. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 50-dan çox terror aktı həyata keçirilmiş, uşaqlar, ahıl insanlar, hətta hamilə qadınlar belə erməni terrorunun qurbanına çevrilmişdir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması ilə Türkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur.

Amma yeni tarixin ən müxtəlif dönəmlərində də bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq salmağa çalışmışlar. “Sürix protokolları” – Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmaq, işğalçı Ermənistanın blokadadan çıxması məqsədini ortaya qoyan protokol Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı müttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı. Amma Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymamaq üçün çevik diplomatik gediş etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Ankara birmənalı şəkildə bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan, Ermənistanın işğalçı siyasətinə və əsassız ərazi iddialarına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz.

Türkiyə hökuməti terrorçu PKK təşkilatına qarşı mübarizədə müttəfiq saydığı Qərb dövlətlərindən gözlədiyi siyasi və mənəvi dəstəyi məhz Şərqdən - tarixi tellərlə bağlı olduğu türkdilli dövlətlərdən ala biləcəyini yaxşı başa düşür. Rəsmi Bakı bununla yanaşı, həm də qondarma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin “Azadlıq” donanmasına hücumu kimi məsələlərdə Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.

“Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Azərbaycanın qanayan yarasıdır” deyən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məsələnin həlli istiqamətində dünyadan konkret addımlar gözləyir. Onun sözlərinə görə, Türkiyə Qafqazın sülh və əmin-amanlıq bölgəsi olmasını istəyir: “Türkiyə olaraq bölgəmizdə və xüsusilə də qonşu ölkələrdə yaşanan münaqişə və problemlərdən kifayət qədər əziyyət çəkirik. Bu kontekstdə Qafqaz bölgəsinin bir “sülh adası” kimi bütün dünyaya nümunə olmasını istəyirik”.

 

Regional layihələr və neft strategiyasının uğurları

 

Azərbaycan-Türkiyə əlaqələrinin ən yeni dövrü ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlı olmuşdur. Məhz bu siyasət sayəsində Azərbaycan özünün neft strategiyasını müəyyən etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə deyirdi: “Heydər Əliyev tərəfindən müəyyən edilmiş neft strategiyası Azərbaycana böyük uğurlar gətiribdir. Azərbaycana böyük həcmdə sərmayə qoyulubdur, yeni infrastruktur yaradılıbdır, neft kəmərləri tikilibdir və tikilməkdədir”.

Hadisələrin sonrakı inkişaf tendensiyası da göstərdi ki, İlham Əliyevin prezidentliyi dövründə Heydər Əliyev siyasəti nəinki uğurlu davam etdirilmiş, eyni zamanda, bu siyasət daha da gücləndirilərək bütün beynəlxaq müstəvidə özünü təsdiq etmişdir. Tədqiqatçılar qeyd edir ki, “Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun xarici siyasətinə də müsbət təsir göstərmişdir. Bu, özünü Azərbaycan–Türkiyə münasibətlərində də hiss etdirmişdir”.

2000-ci illərin əvvəllərindən Rəcəb Tayyib Ərdoğanın Türkiyədə hakimiyyətə gəlməsi ilə bu əlaqələr daha da inkişaf edib. İqtisadi əlaqələrin həcmi artıb, enerji layihələri ortaya çıxıb. TANAP layihəsi də məhz Ərdoğanın hakimiyyəti dövründə imzalandı. Azərbaycan Türkiyəyə böyük yatırımlar qoydu. Böyük nəqliyyat layihəsi olan Bakı-Tiflis-Qars dəmiryolu layihəsi işə düşdü. Birmənalı şəkildə demək olar ki, bu gün Qara dəniz-Xəzərətrafı bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Bu həm də Türkiyə və Azərbaycan birliyinin bariz nümunəsinin möhtəşəm təntənəsidir.

Bu tarixi reallığı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu cür dəyərləndirirdi: “Xəzər hövzəsinin və Azərbaycanın zəngin neft və qaz məhsullarının dünya bazarlarına iki dost ölkə – Gürcüstan və Türkiyə ərazisindən nəql olunması ideyasının əsasında da Azərbaycan dövləti dayanır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu və digər transmilli nəqliyyat-kommunikasiya layihələri Türkiyə və Gürcüstanın enerji, transmilli nəqliyyat və dəhliz tələbatlarının ödənilməsi problemlərini həll etməklə yanaşı, həm də beynəlxalq enerji-nəqliyyat qovşağı kimi hər üç ölkənin dünyadakı geosiyasi və geoiqtisadi nüfuzunu artırmış, Avrasiyanın hərbi, geostrateji və təhlükəsizlik mühitindəki daimi təmsilçiliklərini təmin etmiş və rollarını artırmışdır”.

Önəmli faktdır ki, Türkiyə və Azərbaycan arasında enerji əməkdaşlığı sahəsində qarşılıqlı asılılıq mövcuddur. Cöğrafi mövqeyi boru xətlərinin Türkiyə ərazisindən keçməsini təmin etməklə, qardaş ölkənin enerji ehtiyaclarının ödənişinə təminat yaratmaqla, əlavə tranzit qazancı da verir. Digər tərəfdən, boru xətlərinin Türkiyə ərazisindən keçməsi Avropa və dünya birliyi üçün Türkiyənin strateji dəyərini artırır. Bu baxımdan enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasında müttəfiqlik hər iki dövləti üç böyük neft və qaz layihəsi – Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi ilə bir birinə daha sıx şəkildə birləşdirmişdir. Eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi “Xalq qəzeti”nin yazarı İlqar Rüstəmovun təbirincə desək, “Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, regionun nəqliyyat xəritəsini də dəyişdirəcək, Xəzər hövzəsi regionunun və Orta Asiya ölkələrinin Avropa və Çin ilə nəqliyyat əlaqələrinin qurulmasında xüsusi rol oynayacaq bir hadisə idi” (“Xalq qəzeti”, 31 oktyabr 2017).

Azərbaycanın “Petkim”də, təzəcə istifadəyə verilmiş “Star Rafinery”də, elektrik stansiyası kimi layihələrdə kapital qoyuluşu var. Bunlar az zaman içərisində gerçəkləşdirilmiş sərmayələridir. Bu gün Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir. “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni üfüqləri” adlı tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirmişdir ki, hər il iki ölkə arasında ticari-iqtisadi münasibətlər şaxələnir və yeni sahələri əhatə edir. Azərbaycanın Türkiyəyə investisiyaları 14,5 milyard dollar həcmində dəyərləndirilir, bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə öz növbəsində Azərbaycana 11,8 milyard dollar yatırıb, bunun 9,1 milyard dolları neft sektoruna yerləşdirilib. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna 2,7 milyard dollar yerləşdirib və bu sahədə liderdir”. Nazir müavini əlavə edib ki, Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir.

Göründüyü kimi qardaş ölkələrimiz reallaşdırmaq istədikləri mühüm layihələri həyata keçirmək istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdikləri layihələrdən isə təkcə ölkələrimiz deyil, butün bölgə, eləcə də, daha geniş coğrafiya faydalanmaqdadır.