Respublika. - 2018.- 28 oktyabr. - 241. - S. 4.

 

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı güclənir

 

Atamoğlan Məmmədli.

 

Dünyanın siyasi xəritəsində əhəmiyyətli mövqeyə malik olan Türkiyə son illər Orta Şərqdə cərəyan edən mürəkkəb hərbi-siyasi proseslərin həllində də söz sahibi kimi çıxış edir. Ankara bir sıra mühüm problemlərin həlli yollarının axtarılıb tapılmasında Moskva və Vaşinqtonla eyni səviyyədə, bərabərhüquqlu və həm də fəal tərəf kimi masa arxasında oturur. Onun məsələlərə konstruktiv mövqedən yanaşması və yeri gələndə nümayiş etdirdiyi ədalətli, barışmaz mövqe regionda möhkəm sülhün və sabitliyin bərqərar olmasına münbit şərait yaradır. Suriyada Türkiyə silahlı qüvvələrinin nəzarət etdiyi bölgələrdə həyatın normal axarına düşməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq dinc əməklə məşğul olmağa başlaması da bunu təsdiq edir.

 

Bu gün Türkiyə dünyanın siyasi, iqtisadi və mədəni həyatında ən fəal iştirakçılardan birinə çevrilmişdir. Təsadüfi deyil ki, son illər dünya bazarında neftin qiymətlərinin aşağı düşməsinə və bəzi qlobal böhranların təsirini dəf edən Türkiyə dünyanın daha sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Türkiyə, 2017-ci ildə G20 ölkələri arasında ən sürətli böyüyən birinci iqtisadiyyata malik olmuşdur. Eyni zamanda 2018-ci ilin ilk rübündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında ən sürətli böyüyən ilk və G 20 qrupunda Hindistandan sonra ikinci iqtisadiyyata malik olmuşdur. Ölkədə adambaşına düşən milli gəlir 2017-ci ildə 10.597 dollar təşkil etmişdir.

Son illər ölkədə ümumi daxili məhsulun orta illik artımı yüksək olaraq qalır. Nüfuzlu ingilis mətbuatının yazdığına görə, bu ölkənin inkişaf sürəti, istənilən Avropa ölkəsindən daha əhəmiyyətli olacaqdır. Ümumiyyətlə, ümumi daxili məhsulun artım sürətinə görə Türkiyə dünyada Çin və Sinqapurdan sonra 3-cü yeri tutur. Milli iqtisadiyyatın bəzi bölmələri isə daha yüksək nəticələrə nail olmuşdur. Uzun zaman ərzində ölkə iqtisadiyyatının sahə strukturunun əsas xüsusiyyəti iri aqrar bölmənin mövcud olması idi. Ümumi daxili məhsulda sənayenin payı 24,7 faizə çatır. Kənd, meşə və balıqçılıq təsərrüfatı məhsulları isə 12 faiz təşkil edir.

Türkiyə iqtisadiyyatının güclü tərəfləri əlverişli demoqrafik vəziyyətə malik olmasıdır. Yəni əhali içərisində əmək qabiliyyətli adamların sayı daha çoxdur. Ölkədə təhsil sisteminin uğurlu inkişafı əmək bazarında vəziyyətin nizama salınmasına kömək edir. Belə bir cəhət diqqəti cəlb edir ki, son illər ərzində Türkiyədə demoqrafik vəziyyət Avropaya nisbətən daha əlverişli olaraq qalır. Bu amil, avropalı tərəfdaşlarını işçi qüvvəsi ilə təmin etməkdə bu ölkənin rolunu yaxın illərdə daha da artıracaqdır. Bu gün Avropa ölkələrinin müxtəlif infrastrukturlarında 4 milyondan çox türkiyəli çalışır.

Həmçinin bu əsrin əvvəllərindən etibarən Türkiyənin dünya ticarət sisteminə getdikcə daha böyük dərəcədə nüfuz etməsi, ölkənin daxili və xarici siyasətinə müsbət təsir göstərdi. Yaxın və Orta Şərq ölkələri və həmçinin Afrika ilə viza rejiminin fəal surətdə sadələşdirilməsi, adıçəkilən regionlarla ticarət əlaqələrinin həcminin sürətlə artmasına kömək edir.

Qonşu ölkələrin iqtisadiyyatına xeyli miqdarda yatırımlar qoyan türk müəssisələrinin sayı son illər durmadan artır. Belə bir cəhət Bolqarıstan, Gürcüstan, Rumıniya və Rusiyanın, həmçinin Yaxın və Orta Şərqin bəzi ölkələrinin iqtisadiyyatına olduqca müsbət təsir göstərir. Türk yatırımları adıçəkilən regionlarda yeni iş yerlərinin yaradılmasına və istehsalın həcminin artırılmasına kömək edir. Bu isə təbii olaraq bir sıra sosial problemlərin həll edilməsinə müsbət təsir göstərir. Bu cəhətdən Türkiyənin həmin ölkələrlə əməkdaşlığı təkcə ticarət sahəsi ilə məhdudlaşmır. Digər tərəfdən İran körfəzi zonası ölkələrindən gələn yatırımların da həcmi artır, ancaq onların həyata keçirilməsi prosesində qiymətli təcrübənin ötürülməsi baş vermir. Türkiyəyə gələn xarici investisiyaların müəyyən hissəsi Türkiyənin Avropa İttifaqı ilə Gömrük İttifaqının olması və onun bu ittifaqa daxil olması perspektivi ilə əlaqədardır.

Türkiyə ərazisinin nadir tarixi və mədəni abidələrlə zənginliyi, Aralıq dənizi çimərliklərinin son dərəcə gözəlliyi, əlverişli iqlim şəraiti turizm biznesi üçün geniş imkanlar açır. Hər il ölkəyə təxminən 80 ölkədən 30-40 milyon turist gəlir. Təsadüfi deyil ki, son illər ölkə iqtisadiyyatı turizm sektorundan 30 milyard dollardan çox gəlir əldə etmişdir. PKK-nın terrorçuluq fəaliyyəti və 2011-ci ildən başlanmış ərəb baharının regiona mənfi təsiri, Orta Şərqdə cərəyan edən olaylar və münaqişələr bu prosesə mənfi təsir göstərsə də, Anadolunun füsunkar gözəlliyi xarici turistləri yenidən özünə cəlb edir. Bunun nəticəsində 2017-ci ildə ölkəyə gələn turistlərin sayı 32,4 milyon nəfər olmuşdur ki, bu da ölkəyə 26,2 milyard dollar gəlir gətirmişdir.

Türkiyənin bir çox ölkələrlə xarici ticarət münasibətləri genişlənməkdə davam edir. Onun başlıca əmtəə bazarları sırasında Almaniya, Rusiya, Çin, İtaliya, ABŞ, Böyük Britaniya, İran, Fransa, İraq, İspaniyanın özünəməxsus yeri vardır. Hətta 2020-ci ildə Türkiyə ilə Çin arasında ticarət dövriyyəsinin həcminin 100 milyard dolları ötüb keçməsi gözlənilir. 2017-ci il ərzində ümumi ixracat məhsullarının həcmi 157 milyard ABŞ dolları təşkil etmişdirsə, təkcə 2018-ci ilin yanvar-iyul aylarında bu göstərici 96,2 milyard dollar olmuşdur.

Son illər ərzində Türkiyənin əsas iqtisadi göstəriciləri sübut edir ki, bu ölkənin iqtisadiyyatında sabit artım və xarici investisiyaların çoxalması müşahidə olunur. Qeyd etmək lazımdır ki, hökumət ölkəyə xarici kapitalın cəlb edilməsi üzrə məqsədyönlü siyasət həyata keçirir. Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarının əsas hissəsi Avropa İttifaqı ölkələrinin payına düşür. 2017-ci ildə birbaşa xarici yatırımların həcmi 10,83 milyard dollar təşkil etmişdir. Bu göstərici yalnız 2018-ci ilin yanvar-aprel aylarında 3,1 milyard dollar olmuşdur. Eyni zamanda Türkiyə islam dünyası və Afrika ölkələri ilə də fəal əməkdaşlıq edir və onu inkişaf etdirir. Türkiyə ixracatının ənənəvi məhsulları toxuculuq sənayesi məhsulları, polimerlər, plastmaslar, elektrik maşınları və avadanlıqları, yerüstü nəqliyyat vasitələri, qara metallurgiya məhsulları və onlardan hazırlanmış məmulatlardır. Türk məhsullarının əsas istehlakçıları Avropa İttifaqı ölkələridir.

Türkiyə idxalatının əhəmiyyətli hissəsi xammal ehtiyatlarının payına düşür. O cümlədən yanacaq, investisiya malları üzrə bəzi məmulatlar da bu sırada yer alır. Enerji xammalı idxalı üzrə Türkiyənin başlıca ticarət tərəfdaşları Rusiya Federasiyası, İran, BƏƏ və Azərbaycandır. Türkiyənin ümumi idxalının 16 faizindən çoxu onların payına düşür. 2017-ci ildə idxalat məhsullarının həcmi 233,7 milyard dollar təşkil etmiş, 2018-ci ilin yanvar-iyul ayları ərzində 143 milyard dollar olmuşdur. Son illər ərzində Avropa komissiyasının dərc etdiyi məruzədə Türkiyədə həyata keçirilmiş islahatlar nəticəsində əldə olunmuş tərəqqi qeyd olunmaqla yanaşı, həm də bildirilmişdi ki, Türkiyə iqtisadiyyatı qlobal iqtisadi sarsıntılar şəraitində duruş gətirməyə qabil olan iqtisadiyyat kimi xarakterizə olunur.

Ümumi milli məhsul baxımından, satınalma gücünə görə, Türkiyə dünyanın ən böyük 13, Avropanın 5 iqtisadiyyatından biridir. Hazırda dünyada tez-tez hallanan 10 meqalayihənin 6-sı məhz Türkiyədə həyata keçirilməkdədir. Son illər həyata keçirilən çoxsaylı və genişmiqyaslı layihələrin sayəsində əhalinin işlə təmin olunması müsbət məcrada inkişaf edir. 2008-2016-cı illər arasında 7.3 milyon yeni iş yeri açılmış, təkcə 2017-ci ildə isə bu göstərici 1 milyon 108 min yeni iş yeri olmuşdur.

Ölkənin valyuta ehtiyatları da durmadan artır. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının 2018-ci ilin sentyabrına olan məlumata görə ümumi ehtiyatları - 70,4 milyard dollar valyuta və 18,4 milyard dollar qızıl təşkil edir. Beləliklə, ümumi ehtiyatlar 88,8 milyard dollar təşkil edir. Türkiyə ikiqat vergi tutmanın qarşısını almaq və vergi ödəməkdən yayınmağa qarşı 82 ölkə ilə saziş bağlamışdır. Ankara yatırımların qarşılıqlı təşviqi və müdafiəsi haqqında 76 ölkə ilə sazişə malikdir.

Türkiyə ilə Azərbaycan arasında siyasi münasibətlərin qurulması XX əsrin 20-ci illərinə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini bəyan edən zaman Türkiyə ilə hərtərəfli əlaqələr yaradılmışdı. Həmin ilin sentyabrında Nuru Paşanın komandanlığı altında Qafqaz islam ordusu Azərbaycanı erməni-daşnak və rus-bolşevik işğalından azad etdi.

Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət oldu. Az sonra, 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında protokol imzalandı. Bununla da qarşılıqlı siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafına təkan verildi. İki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini belə bir fakt bir daha sübut edir ki, hər iki ölkənin prezidentləri ilk rəsmi səfərlərini bir-birinin ölkəsinə etmişlər. Vaxtaşırı olaraq hər il həyata keçirilən yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları ikitərəfli, regional və qlobal sahədə bir çox məsələlərə dair fikir mübadiləsi aparılmasına imkan yaratmışdır. Bu Şura həmçinin iki ölkə arasında hüquqi-müqavilə bazasını möhkəmləndirən bir çox sənədlərin imzalanmasına və əlaqələrin daha dərinləşməsinə zəmin yaratmışdır. Azərbaycan və Türkiyə arasında bu günə qədər iqtisadi sahədə 30-dan çox müqavilə imzalanmışdır. İki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2017-ci ildə 2.697 milyon dollar olmuşdur. Bu göstəricini 2023-cü ildə 15 milyard dollara çatdırmaq nəzərdə tutulmuşdur.

Qarşılıqlı iqtisadi münasibətlərdə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri Azərbaycan-Türkiyə əməkdaşlığının ən böyük uğurlarından biridir. Bu layihələrin məntiqi davamı olan və Cənub Qaz Dəhlizinin əsasını təşkil edən, XXI əsrin layihəsi olaraq dəyərləndirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) nəzərdə tutulan plana uyğun olaraq başa çatdırılmışdır. TANAP-ın açılışı bu il iyunun 12-də baş verdi. STAR neftayırma zavodunun açılışı isə bu il oktyabrın 19-da baş verdi. Əlamətdar cəhəti ondan ibarətdir ki, təntənəli açılış mərasimində iki qardaş dövlətin prezidentləri də iştirak etdilər. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.

Yaxın gələcəkdə Trans-Adriatik təbii qaz boru kəmərinin (TAP) başa çatdırılması ilə Xəzər təbii qazının Anadolu üzərindən Avropaya daşınması bir gerçəkliyə çevriləcəkdir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti də üç qonşu ölkə Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı regional əməkdaşlığa bariz nümunədir. Bu layihə nəqliyyat sahəsinə töhfə verməklə yanaşı, ticarət fəaliyyətinin və humanitar əlaqələrin də sürətlə artması ilə nəticələnəcək.

Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatına böyük yatırımlar edir. ARDNŞ-in Türkiyədəki yatırımları aşağıdakı sahələri əhatə edir: Bakı-Tiflis-Ceyhan boru xətti, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xətti, PETKİM, Petlim, STAR neftayırma zavodu və TANAP. 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracaq sərmayələrin həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları Azərbaycan Dövlət Neft Şirkətinin payına düşəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr ikitərəfli və çoxtərəfli münasibətlərə güclü təkan verəcəkdir. Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa yatırımları 2002-2017-ci illərdə 17 milyard dollar təşkil etmişdir. Bu göstərici 2017-ci ildə 265 milyon dollar, 2018-ci ilin yanvar-iyul aylarında isə 40 milyon dollar təşkil etmişdir. Əsasən telekommunikasiya, bank, sığorta, nəqliyyat, ərzaq məhsulları, toxuculuq məmulatları, mebel, inşaat avadanlıqları kimi sahələrdə fəaliyyət göstərən 2.665 türk şirkəti Azərbaycanda 25 mindən artıq insanın məşğulluğunu təmin edir. Türk podratçı şirkətləri Azərbaycanda 2003-cü ildən bu günədək 11 milyard dollar dəyərində 347 layihəni öz öhdəsinə götürmüşdür. Təsadüfi deyil ki, 2003-2017-ci illər arasında Türkiyənin tikinti şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən işlərin ümumi dəyəri 12,2 milyard dollar olmuşdur.

Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu birbaşa yatırımların həcmi 2002-2017-ci illərdə 5,9 milyard dollar təşkil etmişdir. ARDNŞ-in STAR neftayırma zavodu tam fəaliyyətə başlayandan sonra Azərbaycanın Türkiyədəki yatırımlarının həcmi 20 milyard dollara çatacağı nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan ilə Türkiyə region üçün çox böyük əhəmiyyətə malik layihələr reallaşdırır.

Azərbaycan qardaş Türkiyə ilə hərbi və müdafiə sənayesi sahələrində də sıx əməkdaşlıq edir. Hərbi sahədə 80-dən çox saziş imzalanmışdır. Azərbaycanın 7 mindən artıq gənc zabiti Türkiyə hərbi məktəblərinin məzunu olmuşdur. İki ölkə silahlı qüvvələrinin birgə təlimləri də müntəzəm hal almışdır. Bu hərbi əməkdaşlıq heç bir üçüncü dövlətə qarşı yönəlməyib və sadəcə olaraq müdafiə xarakteri daşıyır.

Mədəniyyət və təhsil sahəsində əlaqələr güclənməkdədir. Hazırda Azərbaycanın universitetlərində və digər təhsil ocaqlarında 1.900 türkiyəli tələbə təhsil alır. Ölkə ərazisində isə 15 minə yaxın türkiyəli mütəxəssislər çalışmaqdadır. Müvafiq olaraq Türkiyədə 11 min azərbaycanlı tələbə və çox sayda Azərbaycan vətəndaşı yaşayır, işləyir.

Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümləri həmişə yeni uğurlarla, ikitərəfli münasibətlərdə yaddaqalan səhifələrlə xarakterizə olunur. İnanırıq ki, Türkiyə ilə Azərbaycan arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki dövləti strateji hədəflərinə yetişdirəcəkdir. Bu münasibətlərin böyük potensialı var. Əminliklə deyə bilərik ki, iqtisadiyyat, siyasət, terrorizmə qarşı birgə mübarizə, regionda təhlükəsizlik məsələsi sahələrində sıx əməkdaşlıq edən iki qardaş ölkə birlikdə istənilən problemi həll etməyə və qarşıya qoyulmuş möhtəşəm hədəflərə yetişməyə qadirdir.