Xalq Cəbhəsi. - 2018.- 25 oktyabr. - ¹ 188. - S. 14.

 

“Koblandı-batır”da real tarixi hadisələr və şəxsiyyətlər

 

1-ci yazı

 

Nizami Tagısoy,

professor

 

Koblandı adı ən monumental, yenilməz batır kimi kiçik batırlar silsiləsindəki poemalarda da yaşamaqdadır. Məsələn, “Yer Sain” poemasında Sain kalmıkların üzərinə Koblandı ilə birlikdə hücuma keçən zaman Kobandının 60 yaşı olub. Sain təcrübəli hərbçi olan Koblandıya qulaq asmır, onun sözlərini eşitmir, mübarizəyə öz 40 əsgəri ilə birlikdə atılır və elə oradaca məhv olur. Və yaxud “Bozmonay” poemasında (onu həm də “tarixi nəğmə” adlandırırlar – N.T.) əsasən Sain batırın baş qəhrəman kimi bioqrafiyası, Koblandının anadan olması, uşaqlığı, gənclik dövrünün təsviri ilə olduqca oxşar məqamlara malikdir. Hekayət olunur ki, burada Bozmonayın oğlu noğaylı Sain – batır qəbiləsindəndir, o, öz tayfasını düşmənlərdən qorumağa çalışır. Qocalıb əldən düşmüş Koblandı onun haqqında eşitdikdən sonra Bozmonayın gücünü, qəhrəmanlığını yoxlamaq məqsədi və 40 əsgər ilə ona qarşı hücum çəkir. Saim belə bir hücumu qəbul edir və mübarizəyə atılır. Batırlar çox vuruşurlar və nəhayət Sain Koblandını atdan vurub yerə salır. Koblandı Sainin qəhrəmanlığına inandıqdan sonra öz gəlişinin məqsədini açıqlayır. Bununla da Sain qoca batırdan xeyir-dua aldıqdan sonra Koblandının qəhrəmanlığını davam etdirərək, düşmənlərin üzərində qələbə qazana bilir.

“Koblandı-batır” poemasının məzmununda əsasən real tarixi hadisələr və şəxsiyyətlər öz əksini tapıb. Burada nəzərdən qaçırmaq olmaz ki, epos həm də poetikləşmiş tarixdir. Onun bu və ya digər cəhətlərini tarixdə axtarmaq üçün ən mühümü odur ki, poema uzaq dövrlərdən üzü bəri süjet strukturunu saxlamış və dövrün daha taleyüklü ictimai əhəmiyyətli hadisələrini əks etdirib. Təbii ki, bütün bunların hamısı xalq yaddaşında yaşamış və xalqın uzunmüddətli qəhrəmanlıq tarixini və azadlıq uğrunda mübarizəsini əks etdirib. Müxtəlif dövrlərdə olan bu tarixi hadisə və proseslər, sonralar batırın adı ilə möhkəmlənmiş və onlar öz hərbi qəhrəmanlıqlarına görə xalq arasında daha böyük nüfuz qazanıblar.

Batırın və onun dostlarının, dəstəsinin başlıca düşməni qızılbaşların başçısı Qazan xandır. Qazan xanı bəzən hulakilər dövlətinin başçısı Qazan xan (1295-1304) ilə qarışdırırlar. O, Çingizilərdən birincisi olmaqla, islamı qəbul edib və öz torpaqlarında islam dinini rəsmi din elan edib. Lakin Qazan və Kazan adlarını Qızılbaş sözünə aid etmək bu eposda Qazan xan dövrünə tətbiqən işlətmək də düzgün olmazdı. “Qızılbaş” termini yalnız XVI əsrin əvvəllərində yaranıb. Bu isə məlum olduğu kimi, Şah İsmayıl Xətai dövrünə aiddir. O, Azərbaycanda Səfəvilər sülaləsinin başçısı olmaqla, onun əsasını qoymuş ordusunda qırmızı papaq geymiş türklərin vuruşduğu da məlumdur. Onlara “Qızılbaş”lar deyirdilər. XVI-XVII əsrlərdə Səfəvilər dövləti Orta Asiyada özbək xanları ilə mübarizələr zamanı Xorasanda türk qarnizonları yerləşdirmişdilər ki, onların da əksəriyyəti qızılbaşlar qəbiləsindən qacarlardan ibarət idi. Şərqi fars və türk mənbələrində “qızılbaş” sözü yarandığı vaxtdan səfəvilər ordusunun adında əksini tapıb. Qazan xan, hər şeydən əvvəl, epik qəhrəman olmaqla oğuz eli qəbiləsinin “Kitabi Dədə-Qorqud”da göstərildiyi kimi epik qəhrəmanla birbaşa əlaqədə olduğuna işarə edir. Bununla bağlı xeyli məlumatları biz həm də Əbülqazi Bahadır xanın “Şəcərei-tərakimə (Türkmənlərin soy kitabı)” kitabında tapırıq. Burada Salur Qazanın həyatının nə qədər dəqiq göstərildiyini söyləyə bilməsək də, onunla bağlı bu məlumat müəyyən dərəcədə maraq doğurur və Qorqud ata Salur Qazanı alp kimi öyür.

Prof. Xaliq Koroğlu qeyd etdiyi kimi, bu obraz, demək olar ki, (V-VI dastandan başqa II, IV, XI, XII- əsrlərdə) baş personaj kimi çıxış etməklə, bütün qalan dastanlarda öz əksini tapıb. “Qızılbaş” sözü (kalmık sözü kimi) qazax eposunda daim mənfi mənada işlənir və bu özgə yerli və yadelli düşmən anla¬mına uyğun gəlib, Orta Asiya və digər xalqlara məxsus olmaqla onlar tərəfindən işlədilir. Onu da qeyd edək ki, tarixi mənbələrdə qazax qəbilələrinin qızılbaşlarla qarşı-qarşıya gəlməsi faktı haqqında da heç bir söhbət yoxdur. Bununla belə biz burada yalnız Nadir şah ordusunu oradan istisna edə bilərik. Nadir şah (1736-1747) məhz bu dövrdə kiçik Cuz hökmdarı Əbül Xayr xanla Xarəzmdə üz-üzə gəlmiş və vuruşub. Eləcə də qazax epik poemalarında “qızılbaş”, “kalmık” sözü həm də düşmən adını, ayrı dindən olanların adını göstərməklə sinonim kimi işlədilib.

Batırların yürüşlərini, döyüşlərini təsvir edən bu poema tarixi kolliziyalarla, kalmıkların İtil (Volqa) üzərinə XVII əsrdə yürüşləri ilə bağlı olmaqla, qazax qəbilələrinin batırlar tərəfindən müdafiə olunmasını göstərir. Qazax batırları köçəri mal-qara saxlayanlar sırasından seçilmiş könüllülər olmaqla, daim düşmənlərə qarşı vuruşublar. Kalmıkların bir hissəsini torqoutlar təşkil edirdilər. Onlar Oyrat İttifaqındakı qəbilələrdən ibarət olub Qazaxıstan ərazilərində yeni otlaqlar ələ keçirmək uğrunda vuruşur və irəliləyirdilər.

Rus mənbələrində kalmık tayşa torqoutların başçısı Xo-Urlyuk 1604-cü ildə Oyrat İttifaqından çıxıb, İrtışın orta axınları ərazilərinə köçmüş, xeyli dərəcədə cənuba irəliləyib və 1608-ci ildə Emba çayı üzərində möhkəmlənib. Burada onlar Ural və Yaik çayları sahillərindən köçmüş noğaylarla görüşüblər. Biçurinə (İakinfə), görə 1616-1621-ci illərdə Xo-Urlyuk İşim çayının qolları Tobol və Emba çayının yuxarı hissələrində və Sibirdə yerləşmişdilər. 1619-cu ildə kalmıklar bir neçə Kiçik Cuzdan ibarət olan qazax qəbilələrinin üzərinə hücuma keçiblər ki, onlar rus salnamələrində noğaylı adı altında Noğay İttifaqında öz əksini tapıblar.

Kalmık dəstələri Qazaxıstan ərazisində İrtış sahillərindən taki Şimal-Qərb istiqamətlərinə qədər getmişlər. Kalmıklar bu rayonlarda uzun-uzadı qərar tutmadan (hazırda bu ərazilər Semipalatinsk və Pavlodar ərazilərini əhatə edir) Turqay düzlərinə, Ural vilayətinə gedib çıxıblar. 1628-ci ildə Xo-Urlyuk Yaik və Embada məskunlaşmışdı. Salnamələrdə belə məlumatlar da var ki, Qazax Ordasının şahı İşim kalmıkların üzərinə hücuma keçir və onları darmadağın edir. Eyni zamanda digər kalmık dəstələri tayşa Kuyşinin (yaxud Quşi) başçılığı altında Yesildən, Obdan, İlekdən keçərək noğay torpaqlarında Ural və İtil üzərində qərar tutublar. 1630-cu ildə kalmıklar noğayların üzərinə yenidən hücum çəkməklə, onların 21 min atını ələ keçiriblər: Astraxan atıcıları onları Astraxandan iki gün ərzində qovmuş, mal-qaralarını ələ keçirib, xeyli sayda əsgərlərini əsir götürüblər. 1633-cü ildə Xo-Urlyuk Turqay düzlərinə gedərkən İşim və Tobol arasında olub, onun oğlu Dayçin isə bu zaman Yaikin yuxarı hissələrinə köçüb. 1633-cü ildə Xo-Urlyuk yenidən Yaik üzərində görünməyə başlayıb.

Bütün bu yerdəyişmələr heç də qansız-qadasız ötüşməyib. Bununla belə, kalmıklar yerli əhalinin böyük təzyiqi ilə qarşılaşıblar. Nəticədə kalmıklar qazaxları, türkmənləri, qaraqalpaqları köçəri yaşadıqları torpaqlardan vurub kənara atmağa müvəffəq olublar. Qaraqalpaqlar bu dövrdə Emba rayonu ərazisində Uraldan qərb tərəfdə Tobolsk yaxınlığında olan ərazilərdə yaşayırdılar. XVII əsrin 20-ci illərində onlar oradan artıq cənub tərəfə vurulub atılıblar. Onların yerini dəqiqləşdirmiş Əbülqazi qeyd edir ki, bu zaman qaraqalpaqlar Sırdərya çayı və Aral dənizinin ətrafında idilər. Türkmənlərin bir hissəsi kalmıkların təsirinə məruz qalıb, Manqışlaqdan daha cənub rayonlara tərəf hərəkəti zamanı onlar kalmık tayfalarının qazax köçəriləri üzərinə hücumları ilə rastlaşırlar. Bu hücumlarda kalmıklar çoxsaylı mal-qara ələ keçirir, insanları əsir götürürlər.

“Koblandı-batır” poemasında yada salınan döyüşlər bəzən real rayonların adı və coğrafi adlar ilə üst-üstə düşür ki, burada kalmık torqoutların Qazaxıstan ərazilərinə hərəkəti də eyni dövrü əks etdirir. Qazaxlar üçün ən çətin dövrlər “Böyük bədbəxtlik” illəridir ki, qazaxlar onu “Aqtaban şubırındı” (XVIII əsr) adlandırırlar. Həmin bu dövrdə cunqar hücumu nəticəsində məhz Alatau, Qaratau poemada Qarataunun köhnə adı Qaraspan adlanır və o, ələ keçrilir. Bundan sonra qazax tayfaları Embaya, Yaikə, Uyu və Oru ərazilərinə köçməyə məcbur olurlar. Yadellilərə qarşı mübarizədə qazax dəstələri işğalçılara güclü zərbələr endirir, bəzi hallarda tutarlı qələbələr əldə edirlər. Bu döyüşlərə rəhbərlik edən batırların adları akın nəğmələrində daim yada salınır, oxunurdu. 1726-cı ildə Sarısu çayından qərbə tərəf qanjiqalı tayfasından olan Bokenbay batır kalmıklar üzərində böyük qələbə qazanır. Görünür, bu o qədər böyük bir hadisə olub ki, xalq yaddaşında, qəhrəmanlıq nəğməsi kimi qalıb və “Koblandı-batır”ın süjetində öz əksini tapıb. Onun epizodlarından birində Bokenbayın döyüş səhnəsi son dərəcə böyük ekspressivliklə təsvir olunur. O, Koblandının oğludur və məhz o, kalmıklar üzərində qələbə qazanıb. Poemada döyüşlərin getdiyi epik yer, ərazilər bir neçə dəfə göstərilir ki, bu məhz Sarısu çayı ərazisidir. Bundan başqa epik mətndə həm də yadellilərlə mübarizə öz əksini tapmışdır ki, onlar, yuxarıda qeyd etdiyimiz kimi, eposda qızılbaşlar və kalmıklar kimi adlanırlar. Qıpçaqlar, kiyatlar və noğaylar da bir yerə toplaşaraq məhz onlara qarşı mübarizə aparıblar. Məsələn, kiyat tayfasından olan batır Qaraman “Koblandı batır”a çatdırır ki, noğay tayfaları Qazan xan tərəfindən ələ keçirilib. Koblandı onlarla birlikdə düşmən üzərinə hücuma keçir. Qeyd edək ki, eposda kalmık və qızılbaş eyni – yadelli düşmən mənasını verdiyindən mətndə tez-tez eyni düşmən adı kimi çəkilməklə, onlar gah qızılbaşlar, gah da kalmık adlandırılırlar.

Poemada nəinki hərbi qəhrəmanlıq, həm də asudə həyat mənzərələri, zəngin təbiət panoramı epik səciyyədə öz əksini tapıb. Geniş təsvirlərdə feodal-patriarxal cəmiyyətinin ukladı, yaşam tərzi, köçəri maldarların həyat realiyaları olduqca relyefli təqdim olunub. Burada ailələrarası, tayfalararası münasibətlər, qəhrəmanın öz yaxınları və düşmənləri ilə münasibətləri, tayfaların köçü, qışda qışlaqlara, yayda yaylaqlara, çayların, göllərin kənarlarında qərar tutmaları, qışda küləkdən qorunduqları yerlər (Çözdi gölünün ətrafı, Qaraspan dağı) və eyni zamanda bəylərin, ordaların, heyvanların saxlandığı yer, yurtalar, tayfa başçıları, onların ailə üzvləri (məsələn, Toktarbəy, arvadı Analıq, oğlu Koblandı və arvadı Qurtqa, qızı Qarlıqaş) çoxsaylı tört-tülik - daha doğrusu, saysız-hesabsız ilxılar – dəvələri, atları, iri buynuzlu mal-qarası, qoyunu, keçisi və s., tayfa başçısnın saysız-hesabsız var-dövləti, otlaqlar, xanların qorunan, müdafiə olunan, qala – şəhərləri və s. hamısı olduqca maraqlı şəkildə əksini tapıb.