Azərbaycan. - 2018.- 25 oktyabr. - ¹ 240. - S. 1,5.

 

Avrasiyanın yeni geoiqtisadi və sənaye mərkəzi

 

Azərbaycan müəssisələri artıq qitələrin ən böyük infrastrukturları sırasındadır

 

Rəşad Baxşəliyev

 

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə tələbatını idxal hesabına ödəyən Azərbaycan dövlətinin cəmi 25 il müddətində iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etməsi, valyuta ehtiyatlarını 46 milyard dollara yüksəltməsi hər ölkəyə nəsib olmayan tarixi zəfərdir.

Beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən aldığı yardımlara görə az qala forposta çevrilmək təhlükəsi ilə üzləşən ölkəmiz əldə etdiyi iqtisadi uğurlar hesabına tam müstəqil siyasət yürüdür.

Prezident İlham Əliyev son 15 ildə yürütdüyü müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə və beynəlxalq birliyin Cənubi Qafqazdakı ən etibarlı tərəfdaşına çevirib.

 

Beynəlxalq layihələrlə Avropanın enerji xəritəsini yenidən tərtib edən ölkə

 

İlham Əliyevin yeni inkişaf strategiyası Azərbaycana bütün istiqamətlərdə böyük dividendlər qazandırır. Ölkəmizin həyata keçirdiyi və birbaşa iştirakçısı olduğu beynəlxalq layihələr gələcək uğurların təminatçısıdır desək, yanılmarıq.

Regionun nəqliyyat-tranzit və logistik mərkəzi hesab olunan Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Açıq okeana çıxışı olmayan Azərbaycan öz logistik imkanları ilə dənizləri birləşdirir, beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayır və enerji layihələri ilə Avropanın enerji xəritəsini yenidən tərtib edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu ilə uzaq Çindən, Hindistandan cəmi 12-15 günə Avropanın şimalına yükdaşımalar həyata keçirilir. Əvvəllər bu yükdaşımalar 35-40 günə həyata keçirdisə, bu gün həmin müddət 3 dəfəyədək azalıb. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Dəmir yolu layihəsi Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edir.

Bu ilin may ayının 29-da açılışı keçirilən, dəyəri 40 milyard dollar olan "Cənub qaz dəhlizi” isə Avropaya təbii qazın çatdırılması üçün digər bir mənbə və enerji şaxələnməsi, enerji təhlükəsizliyi, Avropa bazarlarına təbii qazın davamlı çatdırılması deməkdir.

Azərbaycan həm də Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısıdır. Yəni ölkəmiz bu dəhlizlər üzərində də mühüm nəqliyyat-logistika mərkəzinə çevrilir.

Göründüyü kimi, Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən siyasət, irəli sürülən qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir.

 

6,3 milyard dollarlıq investisiya, 5 ildə 852 milyon dollar gəlir

 

Azərbaycan iqtisadiyyatına yatırılan 250 milyard dollarlıq investisiyanın yarısı xarici investisiyadır. Elə Azərbaycan da müxtəlif ölkələrin sərmayədarıdır. Dövlət daxili sərmayələrlə yanaşı, xarici ölkələrə də böyükhəcmli investisiyalar yatırır. Bunlardan biri və ən böyüyü oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə açılışını etdikləri "Star” neft emalı zavodudur.

Azərbaycanın 6,3 milyard dollar investisiya yatırdığı bu zavodun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb.

Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

"Star” neft emalı zavodu 5 ildə 852 milyon dollar gəlir gətirəcək. Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir.

 

Azərbaycanın xaricdəki ən böyük investisiyası

 

"Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə vurduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq.

Açılış mərasimində Prezident İlham Əliyevin söylədiyi kimi, bu layihənin gerçəkləşməsi onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə uğurla çatır. Belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var.

Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcəyini diqqətə çatdıran Prezident vurğuladı ki, bu, Azərbaycanın xaricə qoyduğu ən böyük yatırımdır.

Onu da əlavə edək ki, iki qardaş ölkə son illərdə bir çox önəmli layihələr həyata keçiriblər - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərləri, "Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolu. Əlbəttə ki, bunların hər biri özlüyündə nəhəng bir layihədir və Avrasiya üçün çox böyük önəm daşıyır.

Bir sözlə, dövlət başçısının söylədiyi kimi, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır və bu yeni xəritələrin altında iki ölkənin liderlərinin imzası var.

 

Ölkə iqtisadiyyatı - 9 ayda 9 milyard dollarlıq yatırım

 

Daxili investisiyalara gəldikdə isə, onu deyə bilərik ki, son zamanlarda ən çox diqqət göstərilən sahə qeyri-neft sənayesidir. Ümumiyyətlə, müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm layihələrdən biri modern sənayeləşmədir. Ölkəmizdə sənaye quruculuğu siyasəti yeni dünya trendlərinə uyğun müəyyənləşdirilib. Yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət, davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib.

Ötən 9 ay müddətində ölkə iqtisadiyyatına yatırılan 9 milyard dollarlıq investisiyanın böyük hissəsinin qeyri-neft sənayesinə qoyulması, sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə 10,8 faiz artması da bunun təsdiqidir.

Bütün bunlar bir daha sübut edir ki, son 15 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən olan sənayeləşmənin sürətləndirilməsi prioritet sahədir və bu istiqamətdə irimiqyaslı layihələrin icrası davam etdirilir.

 

Bu il sənaye parklarında 6 sənaye müəssisəsi istifadəyə veriləcək

 

İndi ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var. Bundan başqa, bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da müstəsna rol oynayır.

Bu gün Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının 40-dan çox rezidenti var və onlar tərəfindən indiyədək 2,7 milyard dollardan çox investisiya yatırılıb. Növbəti mərhələdə isə 1 milyard dollaradək investisiya qoyuluşu və 7000-dək yeni iş yerinin açılması nəzərdə tutulub.

Hazırda sənaye parklarında tikintisi davam edən 6 sənaye müəssisəsinin bu ilin sonunadək, digərlərinin isə növbəti illərdə istismara verilməsi nəzərdə tutulur.

 

"SOCAR Polymer”in polipropilen zavodu artıq ixraca başlayıb

 

17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkına 2,8 milyard dollar həcmində investisiya cəlb edilib. Bunun da 2,2 milyard dolları artıq sənaye parkında reallaşdırılan layihələrə yatırılıb.

Hazırda sənaye parkında 8 müəssisə fəaliyyət göstərir. Bu ilin sonunadək daha 4 müəssisə fəaliyyətə başlayacaq. 4 müəssisənin isə 2019-cu ildə istismara verilməsi nəzərdə tutulur. Parkın ilk rezidentlərindən olan, təməli 2015-ci ilin oktyabr ayında Prezident İlham Əliyev tərəfindən qoyulan "SOCAR Polymer” layihəsinin dəyəri 816 milyon dollarıdır. Layihənin birinci mərhələsi olan polipropilen zavodu bu ilin iyul ayının 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə keçirilmiş açılış mərasimində işə salınaraq istismara verilib.

Artıq Türkiyə şirkətləri ilə bağlanmış müqavilələr əsasında polipropilenin ixracına başlanılıb. Zavod Türkiyəyə 170 ton polipropilen satacaq. İlin sonunadək 15 min ton polipropilenin xarici ölkələrə ixracı nəzərdə tutulur.

 

İki fabrikə 80 milyon dollar sərmayə yatırılıb

 

Mingəçevir Sənaye Parkında isə 2 böyük iplik fabriki işləyir. Bu müəssisələrdə 750 insan işlə təmin olunub.

Prezident İlham Əliyev doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu müəssisələrin fəaliyyətinə də toxunub. Dövlət başçısı qeyd edib ki, bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub.

Ölkəmizdə "yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış Balaxanı Sənaye Parkının isə hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən sənaye parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Parkda ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri açılıb.

 

3 ilə 4 sənaye məhəlləsi

 

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradılıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsindədir.

Azərbaycanın ilk sənaye məhəlləsi olan və 2017-ci ildən fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb.

Məhəllədə fəaliyyətə başlayan "Xəzər” avtomobil zavodunda artıq 300-ə yaxın avtomobil istehsal olunub və böyük hissəsi, 200-dən çoxu artıq satılıb. Bu zavodun illik istehsal gücü 10 min ədəd avtomaşındır.

Sentyabrın 18-də İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Masallı Sənaye Məhəlləsinə də böyük maraq var və burada ilk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5,23 milyon manat dəyərində 10 layihə təqdim edilib. Artıq bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Hacıqabul Sənaye Məhəlləsində də tikinti işləri tamamlanmaq üzrədir və ilin sonunadək başa çatdırılacaq. Sənaye məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Bu layihələr ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materiallarının və s. avadanlıqlarının istehsalı sahələrini əhatə edir.

Sabirabad Sənaye Məhəlləsində isə tikinti işlərinə başlanılıb. Məhəllənin 2019-cu ildə sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. Burada yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələrində layihələr həyata keçiriləcək.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək. Dünya bazarına "Made in Azerbaijan” brendi ilə çıxan məhsullarımızın həm çeşidi, həcmi artacaq, həm də coğrafiyası genişlənəcək.